NATO Parlament Assambleyasının 62-ci sessiyası
başa çatıb
Sessiyanın qətnaməsində suveren dövlətlərin
ərazi bütövlüyünün
qorunması və sərhəd toxunulmazlığına
dair müddəa yer alıb
Türkiyə Böyük Millət
Məclisinin ev
sahibliyi ilə İstanbulda keçirilən
NATO Parlament Assambleyasının
(PA) 62-ci sessiyası noyabrın
21-də işini başa
çatdırıb.
Sessiyada ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinin rəhbəri
Ziyafət Əsgərovun
başçılığı ilə nümayəndə
heyəti təmsil edib. Nümayəndə heyətinə
Milli Məclisin ictimai birliklər və dini qurumlar
komitəsinin sədri
Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət
İbrahimqızı və
Kamran Bayramov daxil olublar.
Sessiyanın sonuncu günü
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan, NATO-nun baş
katibi Yens Stoltenberq,
NATO PA-nın prezidenti
Maykl Turner, ATƏT PA-nın
prezidenti xanım
Kristin Muttonen və digərləri çıxış
ediblər. Sonra Yens Stoltenberq iştirakçıların
suallarını cavablandırıb.
Nümayəndə heyətimizin üzvü
Siyavuş Novruzov Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi,
ərazimizin 20 faizinin
Ermənistan tərəfindən
işğal edilməsi,
təcavüzkar ölkənin
qonşu dövlətlərə
qarşı əsassız
ərazi iddiaları və mövzuya dair digər məqamlarla bağlı geniş məlumat verib, NATO baş katibinə müvafiq suallar ünvanlayıb.
Dörd gün davam edən sessiyada müzakirələr Parlament
Assambleyasının siyasət,
müdafiə və təhlükəsizlik, iqtisadiyyat
və təhlükəsizlik,
təhlükəsizliyin mülki
sahələri, elm və
texnologiyalar komitələrində
aparılıb. Müzakirələr
“Terrorçuluğa qarşı
mübarizədə Avratlantik
imkanların və əməkdaşlığın gücləndirilməsi”, “NATO və
hərbi dəniz qüvvələrinin gələcəyi”,
“Hücumların qarşısının
alınmasında NATO-nun yeni
vəzifələri”, “Transatlantik
təhlükəsizliyə büdcə təsirlərindən
doğan yeni çağırışlar”,
“İŞİD-ə qarşı beynəlxalq hərbi kampaniyalar”, “NATO-nun qətiyyətli
dəstək missiyası”,
“Əfqanıstanda NATO-nun qətiyyətli
dəstək missiyası”,
“Kimyəvi, bioloji, radioloji və nüvə terrorçuluğu”
və s. mövzuları
əhatə edib.
Məruzələr ətrafında çıxışlarda
ölkələrin ərazi
bütövlüyünün qorunması, sərhədlərin
toxunulmazlığı, münaqişələrin
qarşısının alınması,
qaçqın və məcburi köçkünlərin
zəruri ehtiyaclarının
ödənilməsi, onların
müvəqqəti yaşayış
yerləri ilə təmin edilməsi, bu qəbildən olan insanların hüquqlarının qorunması,
ayrı-seçkilik hallarına,
həmçinin terrorçuluğun
bütün növlərinə
qarşı mübarizədə
ikili standartlara yol verilməməsi, bütün bu proseslərə NATO-nun təsir
imkanlarının genişləndirilməsi
yolları müzakirə
olunub.
Müzakirələrdə fəal iştirak edən deputatlarımız Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin səbəb
və nəticələri,
BMT Təhlükəsizlik Şurasının,
o cümlədən digər
beynəlxalq təşkilatların
münaqişənin həlli
və ölkəmizin
ərazi bütövlüyünün
tanınması ilə
bağlı qərar və qətnamələrinin
indiyədək yerinə
yetirilməməsi, erməni
terror təşkilatlarının Azərbaycan xalqına qarşı törətdikləri
çoxsaylı terror aktlarının
acı nəticələri
və digər məsələlər barədə
ətraflı məlumat
veriblər. İclaslarda dəfələrlə vurğulanıb ki, müasir dövrdə beynəlxalq məsələlərlə
bağlı ədalətsizliklərin
əsasını dünyadakı
ikili standartlar təşkil edir.
Sessiyada təşkilati məsələlərə
da baxılıb.
Türkiyə Böyük Millət Məclisinin deputatı,
NATO Parlament Assambleyasında
Türkiyə nümayəndə
heyətinin üzvü
Mətin Lütfi Baydar assambleya prezidentinin müavini seçilib.
NATO Parlament Assambleyasının
62-ci sessiyasının qətnaməsində
bütün suveren dövlətlərin ərazi
bütövlüyünün qorunması və sərhəd toxunulmazlığına
dair müddəa daxil edilib.
Azərbaycan.- 2016.- 22 noyabr.- S. 2.