Azərbaycanda “Olimpiya hərəkatı” idman
proqramının yeni mövsümünə
start verilib
Noyabrın
21-də Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya
Oyunlarının ümumdünya tərəfdaşı olan
“Coca-Cola” şirkətinin, Azərbaycan Milli Olimpiya Komitəsinin
(MOK), Təhsil, habelə Gənclər və İdman nazirliklərinin
birgə tərəfdaşlığı ilə icra olunan
“Olimpiya hərəkatı” məktəblilərin kütləvi
idman proqramının yeni mövsümünün təqdimat mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, MOK-un inzibati binasında keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə “Olimpiya hərəkatı” proqramının ötən il uğurlu icrası nəticəsində qazanılan nailiyyətlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
MOK-un vitse-prezidenti
Çingiz Hüseynzadə tədbirdə
çıxış edərək cari
mövsümdə proqramda nəzərdə
tutulan yeniliklər barədə məlumat
verib. Vitse-prezident bildirib ki, bu il Azərbaycan idmanı üçün
çox uğurlu olub. İdmançılarımız “Rio-2016” Yay Olimpiya
Oyunlarında 18 medal qazanıblar.
On idmançımız isə ilk beşliyə daxil olub. Bu mühüm nəticələri
qoruyub saxlamaq üçün Azərbaycan
idmanında gənc nəsil formalaşdırmaq
lazımdır. Buna isə
məhz idmanın kütləviliyinin artırılması
ilə nail olmaq mümkündür. Ötənilki proqram çox uğurlu alındı.
Layihədə 52 mindən çox
şəxs, o cümlədən
Bakının bütün
məktəblərindən olan şagirdlər fəal iştirak etdilər.
Proqramın icrasında MOK-a dəstək
verən Təhsil, həmçinin Gənclər
və İdman nazirliklərinə, “Coca-Cola” şirkətinə
minnətdarlığını bildirən Ç.Hüseynov
imzalanacaq yeni memorandumun sayəsində
“Olimpiya hərəkatı”
proqramının daha yüksək səviyyədə
keçiriləcəyinə əminliyini ifadə edib. Diqqətə çatdırıb ki, proqramın ötən il icrasından
sonra mindən artıq uşaq idmanın həmin növləri üzrə məşqlərə yazılıb.
Təhsil naziri Mikayıl Cabbarov proqramın ölkəmizdə Olimpiya
dəyərlərinin, həmçinin
fəal və sağlam həyat tərzinin təşviqi istiqamətində əhəmiyyətini
vurğulayıb. Nazir məktəblilərin sağlamlığının qorunmasında
“Olimpiya hərəkatı”
proqramının müstəsna
rolunu xüsusi qeyd edib. Ölkəmizdə idman sahəsində bir neçə Dövlət
Proqramının qəbul
edildiyini qeyd edən M.Cabbarov yeni mövsümdən Bakı ilə yanaşı, Gəncə,
Göygöl, Sumqayıt
məktəblilərinin də
“Olimpiya hərəkatı”
proqramına qoşulacaqlarını
bildirərək deyib:
“İlk mövsümdə
şagirdlər idmanın
dörd növü – atletika, basketbol, badminton və velosiped üzrə yarışlarda
güclərini sınayıblar.
Gələn ildən bu proqrama voleybol də əlavə olunacaq. Bütün bunlar ölkəmizdə
gənc nəslin sağlam yetişməsinə,
onlara idman rəqabəti ruhunun aşılanmasına və
gənclərimizin Olimpiya
dəyərlərini qavramalarına
yönəlib.
“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin
baş direktoru Erdinc Güzel sağlam həyat tərzinin cəmiyyətin
inkişafı üçün
önəmini vurğulayaraq,
“Olimpiya hərəkatı”
proqramının bu baxımdan mühüm rolunu diqqətə çatdırıb. Bildirib ki, 200-dən çox
ölkədə fəaliyyət
göstərən “Coca-Cola” cəmiyyətin inkişafı
naminə müxtəlif
proqramlara dəstək
verir. “Olimpiya
hərəkatı” da
belə proqramlardan biridir. Proqramın məqsədi məktəblilər
arasında Olimpiya dəyərlərinin təbliği,
uşaqları idmana cəlb etməkdir. Məktəb
şəraitində idmanla
məşğul olmaq
uşaqların təhsilinə
müsbət təsir
edir.
Sonra proqramın
yeni mövsümü
ilə bağlı videoçarxın təqdimatı
olub.
Təqdimatda MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov AZƏRTAC-ın
“Olimpiya hərəkatı”
proqramı çərçivəsində
keçirilən yarışları
yüksək səviyyədə
işıqlandırdığını xüsusi vurğulayaraq, agentliyin kollektivinə minnətdarlığını bildirib.
Daha sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə,
təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov və “Azerbaijan
Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel “Olimpiya hərəkatı”
proqramı ilə bağlı əməkdaşlıq
haqqında memorandum imzalayıblar.
Memorandumda proqram çərçivəsində məktəblilər üçün
münbit idman mühitinin yaradılması,
“Bakı-2015” ilk Avropa Oyunlarının
idman irsini davam etdirməklə Olimpiya İdman komplekslərindən, o cümlədən
idman bazalarından səmərəli istifadə
üçün birgə
fəaliyyətin təşkili
və s. məsələlər
əksini tapıb.
“Olimpiya hərəkatı”
idman proqramının əsası
2003-cü ildə “Coca-Cola” və Beynəlxalq
Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram
uşaqların daim hərəkətli
olmasını təbliğ edir ki, bu da
“Coca-Cola”nın daha sağlam,
xoşbəxt və fəal cəmiyyət prinsipini
özündə təcəssüm etdirir.
“Olimpiya hərəkatı” proqramı məktəblilərin
daha fəal və sağlam
həyat tərzinə cəlb olunmasına yardım edir və Azərbaycanda idmanın
inkişafına töhfə verir.
Azərbaycan.- 2016.- 22 noyabr.- S. 6.