Azərbaycanda aparılan islahatlar
beynəlxalq miqyasda təqdir olunur
Dünya Bankı respublikamızı
əlverişli biznes üçün ən yaxşı ölkələr
siyahısına daxil edib
Azərbaycan qlobal böhranın təsirlərinin qabarıq
duyulduğu bir şəraitdə böyük
infrastruktur layihələri,
regional proqramlar həyata
keçirir, Avropanın
enerji təhlükəsizliyində
sözünü deyir. Cəmiyyətin bütün sahələrində
dirçəliş, intibah
meyilləri sosial-mədəni
sferada da özünü göstərir.
Milli iqtisadiyyatın müxtəlif
sahələrinə yönələn
investisiyaların qeyri-neft
sektoruna, regionların
inkişafına doğru
istiqamətləndirilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir.
Qlobal maliyyə böhranının
yeni fazaya keçməsinə baxmayaraq,
qeyri-neft sektorunda artım 3,6 faiz
təşkil edir. Sosial layihələr uğurla icra edilir və ötən müddətdə
29 məktəb tikilib,
485 məktəbdə təmir
işləri aparılıb,
33 səhiyyə obyekti
inşa olunub, 154 min iş yeri açılıb
ki, onlardan da 121 mini daimi iş yerləridir. İqtisadi siyasətin sosialyönümlü
səciyyə daşıması
bir tərəfdən
insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə,
digər tərəfdən
bazar iqtisadiyyatı yolu ilə inkişaf
etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin
təcrübəsinə əsaslanır.
Son illər ərzində
Azərbaycanda sənaye,
kənd təsərrüfatı
sürətlə inkişaf
edir. Dünyada maliyyə-iqtisadi böhranın davam etdiyi bir şəraitdə
bu istiqamətdə də çox ciddi addımlar atılır. Bu gün Azərbaycanda iqtisadiyyatın təxminən
70 faizi qeyri-neft sektorunda formalaşır.
İxracın şaxələndirilməsi istiqamətində aparılan
uğurlu islahatlar müsbət nəticələr
verməkdədir. Sahibkarlığın
inkişafına böyük
diqqət göstərilməsi, iş adamlarının
beynəlxalq bazarlara çıxması üçün
əlverişli imkanların
yaradılması aparılan
siyasətin məqsədyönlüyündən
xəbər verir. Qlobal böhranın səngimədiyi
bir şəraitdə
daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan bütün məsələlərin
həllinə imkan yaradacaq. Əhalinin ərzaq təminatını
yerli istehsal hesabına daha da yaxşılaşdırmaq
məqsədilə artıq
respublikanın 20 rayonunda
44 min hektardan çox
sahədə 22 sahibkarlıq
subyekti tərəfindən
32 iri fermer təsərrüfatı yaradılıb.
Ümumi dəyəri
181 milyon manat olan bu təsərrüfatların
yaradılmasına 72,4
milyon manat güzəştli kreditlər
verilib.
Azərbaycanda həyata keçirilən
iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin
edilməsi, dayanıqlı
iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək
verən siyasətin dərinləşdirilməsi, qeyri-neft
sektorunun sürətlə
inkişaf etdirilməsi
əldə edilən müsbət nəticələrdir. Prezident
İlham Əliyev ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması
istiqamətində növbəti
ildə də davamlı işlərin görüləcəyini bildirib:
“Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması
istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki,
sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal
və sənaye sektorlarında. Bakıda, böyük
şəhərlərdə, bütün şəhər
və rayonlarımızda
çox böyük fəallıq müşahidə
olunur. Bu da, əlbəttə ki, həm bizim
siyasətimizin təzahürüdür,
- çünki özəl
sektor sahibkarlığının
inkişafı üçün
çox ciddi addımlar atılıb, -
eyni zamanda, bizim sahibkarlarımızın
da məsuliyyətini göstərir. Sahibkar qazandığı
vəsaiti ölkə
iqtisadiyyatına qoymalıdır.
Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq”.
Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində
aparılan islahatlar beynəlxalq təşkilatların
hesabatlarında da öz əksini tapır. Dünya Bankı bu günlərdə biznesin qeydiyyatdan keçirilməsinin
sadə olmasını,
kreditlərin əlverişliliyini
və digər bir sıra amilləri
nəzərə alaraq
sahibkarlıq üçün
planetin ən yaxşı və pis ölkələrinin reytinq siyahısını
tərtib edib. “Business Insider” portalı biznesə başlamaq və onu inkişaf
etdirməyin çox asan olduğu 17 ölkədən ibarət
siyahını dərc
edib.
Sorğuda 139 ölkədən 130 min şirkət
iştirak edib. Məlumatda
bildirilir ki, “0”dan başlayaraq biznes qurmaq həmişə çətin olub, lakin dünyada elə yerlər və ölkələr var ki, orada
şirkət yaratmaq digərləri ilə müqayisədə asandır:
“Azərbaycanda şirkətin
qurulması zamanı sizin, çox güman ki, onu kommunal şəbəkələrə
qoşmaqla bağlı
probleminiz yaranmayacaq”.
Siyahıya, həmçinin Belçika,
Böyük Britaniya, İsveç, Estoniya,
Kosovo, Yamayka, Cənubi
Koreya, İrlandiya, Ermənistan, Gürcüstan,
Avstraliya, Sinqapur, Makedoniya, Honkonq (Çin), Kanada və Yeni Zelandiya
daxildir.
Bu yaxınlarda Davos
Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət
qabiliyyətliliyinə görə
dünyada 37-ci yerə
layiq görüb. Dünyada iqtisadi-maliyyə
böhranının davam
etdiyi bir şəraitdə Azərbaycan
iqtisadiyyatı yüksək
qiymət alıb.
Dünya
Bankının 190 ölkənin
biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında isə Azərbaycan 65-ci pillədə
qərarlaşıb.
Azərbaycan dünyada üç və daha çox
islahat aparan 29 ölkədən biridir. Belə
ki, “Xarici ticarətin aparılması”
göstəricisi üzrə
beynəlxalq ticarət
zamanı idxal və ixrac bəyannamələrinin
elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi”
göstəricisi üzrə
nəqliyyat vasitələrinə
tutulan vergi üzrə sadələşdirilmənin
aparılması və
“Elektrik təchizatı
şəbəkələrinə qoşulma” meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma
nöqtələrinin müəyyən
edilməsi üçün
sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması
hesabatda mühüm islahatlar kimi vurğulanıb.
Azərbaycan Respublikası Prezidentinin
rəhbərliyi ilə
ötən il
ərzində həyata
keçirilən uğurlu
islahatlar nəticəsində
Azərbaycan hesabatda bir sıra göstəricilər
üzrə mövqeyini
daha da yaxşılaşdırıb.
Belə ki, ölkəmiz “Biznesə başlama” göstəricisi
üzrə 5-ci (əvvəlki
hesabatda 7-ci), “Kiçik
investorların maraqlarının
qorunması” göstəricisi
üzrə 32-ci (əvvəlki
hesabatda 36-cı), “Xarici
ticarətin aparılması”
göstəricisi üzrə
83-cü (əvvəlki hesabatda
94-cü) və “Elektrik
təchizatı şəbəkələrinə
qoşulma” göstəricisi
üzrə 105-ci (əvvəlki
hesabatda 110-cu) pilləyə yüksəlib.
Bundan başqa, “Doing
Business 2017” hesabatının “Biznesə başlama” göstəricisi üzrə
Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə
dünyada ilk beşliyə
daxil olub və ən yaxşı təcrübəyə
malik ölkələrdən
biri kimi qeyd edilib. “Əmlakın qeydiyyatı”
(22), “Kiçik investorların
maraqlarının qorunması”
(32), “Vergilərin ödənilməsi”
(40), “Müqavilələrin icrasının təmin edilməsi” (44) göstəriciləri
üzrə Azərbaycan
öz mövqelərini
yaxşılaşdıraraq 190 ölkə arasında ilk əllilikdə qərarlaşıb.
MDB məkanında da
ölkəmiz liderliyini
qoruyub saxlayır. Bu yaxınlarda Qırğızıstanın
“ca-news” portalı MDB Statistika
Komitəsinin saytına
istinadən birlik dövlətləri üzrə
son 20 ilin makroiqtisadi göstəriciləri ilə
bağlı material yayıb.
Ölkələr üzrə göstəricilər
bir qrafikə yığılıb ki, oxucu son 20 ilin nəticələrini görə
bilsin. Siyahıya iqtisadiyyatı son 20 ildə 5 dəfədən
çox artan, neftlə zəngin Azərbaycan mütləq liderlik edir.
Qlobal maliyyə böhranı şəraitində ümumi daxili məhsulda, eləcə də qeyri-neft sektorunda irəliləyişə nail olunması respublikanın iqtisadi siyasətinin qlobal miqyasda cərəyan edən neqativ təsirlərə müqavimət gücünü nümayiş etdirir. Bir çox dövlətlərdən fərqli olaraq ölkəmizdə böyük infrastruktur layihələrinin icrası davam etdirilir, vətəndaşların sosial mənafeyinə xidmət edən kompleks tədbirlər sistemi həyata keçirilir, bütün bunların da əsasında məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanır. Regional əməkdaşlıq məsələlərinin həllində Azərbaycan çox önəmli bir ölkəyə çevrilib. Ölkəmizin bilavasitə təşəbbüsü ilə icra edilən böyük enerji layihələri son illər ərzində daha da geniş miqyasa çıxıb. Artıq bu, qitələrarası enerji layihələridir. Xüsusilə “Cənub qaz dəhlizi “ bu baxımdan diqqəti cəlb edir. Bu enerji dəhlizi 2006 və 2007-ci illərdə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əsasında yaradılır.
Bu gün dünyanın ən böyük enerji layihələrindən biri olan “Cənub qaz dəhlizi” uğurla icra edilir. “Şahdəniz-2” layihəsinin icrası 83 faiz təşkil edir. TANAP layihəsinin də icrası təqribən 40 faizə yaxındır. Bu nəhəng enerji, iqtisadi layihələr gələcəkdə ölkəmizə çox böyük iqtisadi dividendlər gətirəcəkdir. Biz zəngin qaz ehtiyatlarımızı etibarlı yollarla dünyanın ən böyük, bizim üçün ən yaxın bazarlarından biri olan Avropa bazarına çıxarırıq. Bizim enerji siyasətimiz dünya tərəfindən yüksək qiymətləndirilir. Biz beynəlxalq əməkdaşlıq formatını yaratmışıq və bu formatı genişləndiririk.
Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən inkişaf modeli formalaşıb. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. 2008-ci ildən başlamış və daha çox inkişaf etmiş ölkələrin iqtisadi və maliyyə-bank sistemlərini sarsıdan qlobal maliyyə-iqtisadi böhranın mənfi fəsadlarının beynəlxalq miqyasda əlaqələndirilmiş səylərə baxmayaraq, tam aradan qaldırılmasına nail olunmayıb. Qlobal maliyyə-iqtisadi böhranın ciddi təsirlərinin müşahidə olunduğu bir şəraitdə Azərbaycanda xalqın rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi siyasət öz müsbət nəticələrini verib. Respublikanın əldə etdiyi nailiyyətlərin dünyanın ən nəhəng reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında əksini tapması ölkəmizdə aparılan islahatların uğurlarından xəbər verir.
Elnur HACALIYEV,
Azərbaycan.- 2016.- 23
noyabr.- S. 1, 6.