Bolqarıstanın Azərbaycandakı səfiri Bilik Fondunda olub

 

Bolqarıstan Respublikasının Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Maya Xristova Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olub.

Qonağı salamlayan fondun icraçı direktoru Oktay Səmədov bu qurumun strukturu, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

Ölkələrimiz arasında 1992-ci ildən diplomatik münasibətlərin qurulduğunu xatırladan O.Səmədov dövlət müstəqilliyinin bərpasından sonra əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini deyib. Azərbaycanla Bolqarıstan arasında siyasi, iqtisadi, təhsil və digər sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu diqqətə çatdıran icraçı direktor maarifləndirmə sahəsində Bilik Fondu ilə səfirliyin birgə layihələr həyata keçirməsini işbirliyinə töhfə kimi dəyərləndirib.

Səmimi dəvətə görə təşəkkürünü bildirən xanım Maya Xristova ölkəmizdə elmə, biliyə verilən önəmi yüksək dəyərləndirib, Azərbaycanda hökm sürən multikultural mühitdən və tolerantlıq ənənələrindən məmnun qaldığını bildirib. Fondun həyata keçirdiyi maarifləndirici layihələrin, xüsusilə gənclərin dünyagörüşünün inkişafina səmərəli təsirinə toxunan səfir “Qardaşlaşmış məktəblər” layihəsinə Bolqarıstan məktəblilərinin də cəlb olunmasını, mədəni və elmi əlaqələrin inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsini arzulayıb.

Bilik Fondu ilə Bolqarıstanın Azərbaycandakı səfirliyi arasında əməkdaşlığın daha da faydalı nəticələr verməsi üçün birgə fəaliyyət planının hazırlanması qərara alınıb. Sonda səfir Bilik Fondunun Xatirə kitabına ürək sözlərini yazıb.

 

Azərbaycan.- 2016.- 23 noyabr.- S. 8.