Azərbaycan Cənubi Qafqazın ən
azad internet ölkəsidir
Fikir və mətbuat azadlığının təmin
edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti
və inkişafı üçün münbit şəraitin
yaradılması demokratik inkişafın əsas
meyarlarından biridir. Təsadüfi deyil ki, Azərbaycanda
demokratikləşmə istiqamətində həyata
keçirilən dövlət siyasətinin mühüm tərkib
hissəsi kimi söz, fikir və mətbuat azadlığı
tam bərqərar edilib. Kütləvi
informasiya vasitələrinin sərbəst fəaliyyəti və
inkişafı üçün münbit şərait
yaradılıb.
Ölkəmizin demokratik
inkişafı söz və mətbuat azadlığını
təmin edir
Təsadüfi deyil ki, bu gün ölkəmizdə 40-dan
artıq gündəlik, 200-dən artıq həftəlik və
aylıq qəzet işıq üzü görür. Ölkə ərazisində
10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası
yayımlanır. Azərbaycanda internet
azadlığı tam təmin olunub və ölkə vətəndaşlarının
75 faizindən çoxu fəal internet istifadəçisidir.
2 milyon vətəndaşımız isə
sosial şəbəkələrdən istifadə edir. Bu
mənada ötən 25 ildə Azərbaycanın nail olduğu
demokratik inkişafın mühüm bir istiqaməti söz və
mətbuat azadlığının təmin edilməsidir.
Onu da qeyd edək ki, bu günlərdə Beynəlxalq
Telekommunikasiya İttifaqının hesabatı
yayımlanıb. Hesabata əsasən Azərbaycan
informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində
qlobal reytinqində 175 ölkə arasında 58-ci yeri tutub.
Siyahıya əsasən Moldova sıralamada 68-ci,
Ermənistan 71-ci, Gürcüstan 72-ci, Ukrayna isə 76-cı
sırada qərarlaşıb.
Bu hesabat Azərbaycanda İKT-nin inkişafı ilə
yanaşı, həm də internet azadlığını
sübut edən faktordur. Çünki İKT-nin inkişafı
interneti insanlar üçün daha da əlçatan edir,
informasiya əldə etmək imkanlarını artırır.
Bu mənada hesabat göstərir ki, Azərbaycan Cənubi
Qafqazın ən azad internet ölkəsidir
Kütləvi informasiya vasitələri cəmiyyət həyatının
bütün sahələrinə təsir göstərən əsas
vasitələrdən biri olaraq ictimai rəyin
formalaşmasında, habelə ictimai-siyasi proseslərin
inkişaf istiqamətlərinin müəyyənləşməsində
mühüm rol oynayır. Amma təəssüflə
qeyd etməliyik ki, mətbuatın ümdə prinsiplərindən
uzaq düşən, antiazərbaycançı dairələrin
nəzarətində olan və ya təsir altına
düşməklə ölkəmizdəki söz
azadlığı ilə bağlı əsassız iddialarla
çıxış edən bəzi KİV-lərin fəaliyyəti
ancaq Azərbaycan rəhbərliyinin və hakimiyyətinin fəaliyyətinə
kölgə salınması üzərində qurulub. Ölkədə gedən inkişafı,
quruculuğu, insanların sosial rifahında baş verən dəyişiklikləri
görməzliyə vuran bu KİV-lər tənqid yox, təhqiri
özləri üçün meyar seçiblər. Onlar tamamilə siyasiləşərək nəinki
jurnalistikanın əsas prinsiplərindən, hətta peşə
etikasından uzaqlaşıblar.
Bütün bunlara rəğmən Azərbaycan hakimiyyəti
həmişə həmin KİV-lərin yazdıqlarına
dözümlülük nümayiş etdirib. İndiyədək
Azərbaycan hakimiyyətinin ünvanına söylənmiş
hər hansı fikrə görə bir qəzet
bağlanmayıb, məhkəməyə verilməyib və ya
başqa bir təzyiqə məruz qalmayıb. Əksinə, ölkədə söz və mətbuat
azadlığının təmin olunması istiqamətində
həyata keçirilən dövlət siyasəti onların
daha sərbəst fəaliyyəti üçün geniş
imkanlar yaradıb.
KİV-ə dəstək dövlət
siyasətidir
Bu gün istənilən jurnalist onu maraqlandıran məsələ
ilə bağlı sərbəst informasiya toplamaq və yaymaq
imkanına malikdir. Ölkəmizdəki çoxsaylı informasiya
vasitələri hər gün heç bir maneə ilə
rastlaşmadan dövlət və qeyri-dövlət
orqanlarının fəaliyyətini araşdırır, əgər
əsasları varsa, tənqid də edirlər. Vəzifəli şəxslərin, məmurların tənqidi
mətbuat üçün demək olar ki, adi normadır.
Mətbuatda tənqid olmalıdır və Azərbaycanda
da digər demokratik cəmiyyətlərdə olduğu kimi,
bu, normal qəbul olunur.
Sırf peşə etikasını gözləməklə
həyata keçirilən fəaliyyətə görə hələ
indiyədək heç bir media mənsubu hansısa təqibə
məruz qalmayıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində
AXC-Müsavat cütlüyünün iqtidarı zamanı
baş verənləri nəzərə almasaq, indiyədək
Azərbaycanda peşə qanunvericiliyinə əməl edən
heç bir jurnalistə təzyiq göstərilməyib.
Azərbaycanda söz və mətbuat
azadlığının guya boğulduğunu, azad fikrin
olmadığını iddia edən bəzi dairələr cəmiyyətimizdə
insanların sərbəst şəkildə fikirlərini ifadə
etmək imkanlarının məhdudlaşdırıldığını
iddia etsələr də, heç vaxt ortaya fakt qoya bilməyiblər.
Çünki əsl reallıq tamamilə
başqa mənzərədən xəbər verir.
Bu
günlərdə Dünya Xəbər Agentliklərinin V
Konqresinin iştirakçılarının bir qrupunu qəbul
edən Prezident İlham Əliyev bununla bağlı deyib: “Azərbaycanda
mətbuat azadlığı tam şəkildə təmin
olunub. Bu məsələnin mahiyyətinə
diqqət yetirmək kifayət edir. Ölkəmizdə
əgər azad internet fəaliyyət göstərirsə,
senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə
mətbuat azadlığının məhdudlaşdırılmasından
necə danışmaq olar?! Əgər
sosial şəbəkədə - “Feysbuk”da və “Tvitter”də
2 milyon insanımız varsa, mətbuat azadlığını
necə məhdudlaşdırmaq olar?!”
Odur ki, Azərbaycanla
bağlı bəzi təşkilatların hesabatlarında
müxtəlif zamanlarda yer alan iddialar,
insanların azad şəkildə informasiya almaq
imkanlarının olmaması barədə deyilənlər cəfəngiyyatdır.
Belə faktlar olmadığına görə onların
hesabatları, bəyanatları, yaydıqları məlumatlar
da subyektiv, qeyri-obyektiv mülahizələrdən ibarətdir.
İnsan hüquqlarına ikili
standartlardan yanaşma qəbuledilməzdir
Jurnalistika fəaliyyəti ilə məşğul olmaq
heç kimə müstəsna hüquqlar və digər vətəndaşlarla
müqayisədə üstün səlahiyyətlər vermir. Digər sahələrdə
olduğu kimi, mətbuatda da çalışan hər kəs
fəaliyyət göstərdiyi ölkənin qanunlarına
riayət etməyə borcludur.
Lakin onu
da təəssüflə qeyd etməliyik ki, bu gün
özünü jurnalist hesab edən bəziləri mətbuatda
yol verdikləri etik pozuntuları, vergidən yayınmanı,
xuliqanlığı, hətta adi məişət səviyyəsində
üzləşdikləri məsələləri söz
azadlığının boğulması kimi qələmə
verməyə çalışır, hüquqazidd əməllərini
mətbuata təzyiq kimi pərdələməyə cəhd
göstərirlər.
Azərbaycan hüquq dövlətidir. Xalqın iradəsi
ilə Konstitusiyamızda təsbit olunmuş bu müddəa
respublikamızın demokratik inkişafının əsas
prinsiplərindən biridir. Ölkəmizdə
hər bir məsələ məhz hüquq və
qanunçuluq prinsiplərinə əsaslanır. O
cümlədən mətbuatda qanunçuluğun
pozulmasına, cinayət və ya inzibati məsuliyyət yaradan
hərəkətlərə qarşı da qanunvericiliyə
uyğun müvafiq ölçü götürülür. Qəzet və ya jurnalistin məhkəməyə verilməsi
tamamilə demokratik normadır və bu, mətbuata təzyiq
kimi qiymətləndirilə bilməz. Danılmaz
faktdır ki, bir sıra hallarda mətbuatda etik tələblərin
pozulması, təhqir və şantaj, məqsədyönlü
şəkildə yalan məlumatların yayılması kimi
hallar baş verir. Amma buna görə
ötən əsrin 90-cı illərinin əvvəllərində
olduğu kimi, heç bir jurnalist döyülmür və ya
heç bir redaksiyaya basqın edilmir.
İndiyədək heç bir jurnalist peşə fəaliyyətinə
görə həbs olunmayıb. Hansısa jurnalist
qanunu pozduğuna görə həbs olunubsa da, onun
çalışdığı media orqanı fəaliyyətini
dayandırmayıb. Antiazərbaycançı
şəbəkə bu cür hadisələri siyasiləşdirməyə
çalışsa da, onu heç nə ilə əsaslandıra
bilməyib. Çünki hər kəsin əməlləri
göz önündədir. Qanunsuz
sahibkarlıq fəaliyyətini, vergi ödəməkdən
yayınmağı inkar etmək mümkün deyil. Belələrini Qərb ölkələrində daha
sərt şəkildə cəzalandırırlar. Belə olduğu halda bəzi Qərb dairələrinin
hansısa məsələni siyasiləşdirməyə cəhd
etməsi riyakarlıqdan başqa bir şey deyil. Prezident
İlham Əliyev Dünya Xəbər Agentliklərinin V
Konqresinin iştirakçıları ilə görüşdə
bununla bağlı deyib: “Ayrı-ayrı jurnalistlərlə
bağlı olan məsələlərə kontekstdən kənar
baxılmamalıdır. Ölkələrin
çoxunda jurnalistlərin cinayət törətməsi
halları baş verir və onlar istintaqa cəlb olunurlar.
Biz bu məsələdə obyektiv
olmalıyıq, məsələlərə obyektivlik
mövqeyindən yanaşmalıyıq. Mən də sizə
belə bir sual vermək istərdim: Azərbaycanı qeyd
etdiyim məsələlərlə bağlı tez-tez tənqid
edirlər, bəs siz mənə deyə bilərsinizmi ki, nəyə
görə Culian Asanj hələ də Ekvadorun Londondakı səfirliyindədir?
Culian Asanj bir neçə il bundan qabaq
hansısa qadınla hansısa əlaqələrə görə
ekstradisiya və ölüm cəzası təhlükəsi
ilə üzləşib. O, iki ildən artıqdır ki, səfirlikdədir
və çölə çıxmaqdan qorxur. Bunu
necə izah edə bilərsiniz? Jurnalistlə
bu cür rəftar etmək demokratikdirmi? Bu
rəftara nə ad vermək olar?”
Azərbaycandakı demokratik mühit, söz və mətbuat
azadlığının təmin edilməsi sərbəst
şəkildə media qurumu yaradıb fəaliyyət göstərməyə
imkan verir. Həmçinin ölkəmizdə ötən əsrin
90-cı illərinin əvvəllərində tətbiq
olunmuş senzura da aradan qaldırılıb. Hər bir media orqanı və jurnalist sərbəst
informasiya toplaya və yaya bilər. Odur ki,
Azərbaycanda medianın vəziyyəti ilə bağlı bəzi
dairələrin reallıqla səsləşməyən
iddiaları qərəzdən başqa bir şey deyil.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.- 2016.- 24 noyabr.- S. 1, 2.