Sankt-Peterburqda Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələrin
inkişaf perspektivləri müzakirə olunub
Sankt-Peterburqda səfərdə
olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov noyabrın 23-də Rusiya Federasiyası Dövlət
Dumasının sədri
Vyaçeslav Volodin ilə görüşüb.
Rusiya və Azərbaycan parlamentlərinə
seçkilər keçirildiyini
qeyd edən Dövlət Dumasının
sədri beynəlxalq müşahidəçilər missiyasında fəal iştirakına görə
azərbaycanlı tərəfdaşlara
minnətdarlığını bildirib. Ölkələrimizin parlamentləri arasında münasibətlərə toxunan
V.Volodin Rusiya və Azərbaycan qanunvericilik hakimiyyətlərinin
nümayəndələrinin intensiv dialoqunu qeyd edərək deyib: “Noyabrın 24-də
MDB Parlamentlərarası Assambleya
Şurasının sessiyası
çərçivəsində dialoq davam edəcək.
Ölkələrimizin sıx münasibətləri
var, müxtəlif səviyyələrdə əlaqələr
inkişaf edir. Biz konstruktiv münasibətlərin
inkişafı istiqamətində
səylərimizi davam
etdirəcəyik”.
Azərbaycan Milli Məclisinin sədri O.Əsədov Rusiya Dövlət Dumasının sədri vəzifəsinə seçilməsi
münasibətilə V.Volodini
təbrik edib və onun böyük
təcrübəsinin ölkə
parlamentinə yeni töhfə, yeni ruh verəcəyinə əminliyini bildirib.
Azərbaycan ilə Rusiya arasında münasibətlərin
çox yüksək
səviyyədə olduğunu
vurğulayan Oqtay Əsədov deyib: “Əlaqələrimizin inkişafında
dövlətlərimizin başçılarının
qarşılıqlı rəsmi
səfərlərinin böyük
rolu olub. Prezidentlərin siyasi dialoqu
sayəsində əlaqələrimiz
strateji xarakter alıb. Ölkələrimizin parlament nümayəndə
heyətləri bütün
beynəlxalq təşkilatlar
çərçivəsində sıx əməkdaşlıq
edirlər. Biz vahid xətt yürüdürük, bir-birimizi
dəstəkləyirik. Parlamentlərimizdə dostluq qrupları
fəaliyyət göstərir.
Rusiya Federasiyasının yeni parlamentində yeni qrup təşkil ediləcək. Əminəm ki, bu qrup
ilə də səmərəli əməkdaşlıq
davam edəcək”.
Ölkələrimiz arasında 200-dən
çox ikitərəfli
sənədin imzalandığını
xatırladan Milli Məclisin sədri deyib: “Bu onu göstərir ki, güclü hüquqi bazalarımız var. İqtisadi
münasibətlərimiz sürətlə
inkişaf edir. Azərbaycanda Rusiya kapitalı
ilə 600-dən çox
şirkət fəaliyyət
göstərir. Rusiya Azərbaycan
iqtisadiyyatına 3 milyard
dollardan çox sərmayə yatırıb.
Azərbaycanın Rusiyadakı investisiyaları
1 milyard dollardan artıqdır”.
Oqtay Əsədov
hər iki ölkə xalqlarının
rifahı naminə Rusiya parlamentinin yeni heyəti ilə əlaqələrin
daha sürətlə
inkişaf edəcəyinə
əminliyini bildirib.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, MDB Parlamentlərarası
Assambleya Şurasının
baş katibinin müavini Aydın Cəfərov, Dövlət
Dumasının beynəlxalq
məsələlər komitəsinin
sədri Leonid Slutski, Dövlət Dumasının
MDB, Avrasiya inteqrasiyası
və həmvətənlərin
işləri üzrə
komitəsinin sədri
Leonid Kalaşnikov və
başqaları iştirak
ediblər.
Qeyd edək ki, Milli
Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti
MDB PA-nın Şura,
45-ci plenar və təşkilatın daimi komissiyalarının iclaslarında
iştirak etmək üçün noyabrın
23-də Rusiya Federasiyasının
Sankt-Peterburq şəhərinə
səfərə gəlib.
Nümayəndə heyətinin tərkibinə
parlament komitələrinin
rəhbərləri və
deputatlar daxildir.
MDB PA Şurasının iclasında
qurumun 25 illiyinə hazırlıq tədbirləri,
təşkilata üzv
ölkələrdə seçkilərin
müşahidəsinin təşkili,
Azərbaycanda və Tacikistanda Konstitusiyaya dəyişikliklərlə bağlı
keçirilmiş referendumlarda
qurumun nümayəndələrinin
iştirakı, Belarus parlamentinə
və Rusiya Dövlət Dumasına seçkilərin monitorinqi,
Moldovada prezident seçkiləri barədə
məsələlərə baxılacaq, təşkilatın
gələn il üçün iş planı nəzərdən
keçiriləcək.
AZƏRTAC
Azərbaycan.- 2016.- 24 noyabr.- S. 3.