Müasir Azərbaycan
Ordusu qısa müddətdə Qarabağı işğaldan
azad etməyə qadirdir
General-leytenant Yaşar Aydəmirov: “Ali
Baş Komandan İlham Əliyevin hərbi islahatları
Silahlı Qüvvələrimizi dünyanın ən təminatlı,
hazırlıqlı, güclü orduları sırasına
çıxarıb”
Aprel zəfəri həm ordumuzda, həm də ictimaiyyətdə
böyük ruh yüksəkliyi yaratdı. Ermənistanı,
onun rəhbərliyini daim beynəlxalq miqyasda haqsız və
nüfuzsuz duruma salan, bölgənin iqtisadi xəritəsindən
silən, bütün qlobal layihələrdən təcrid edən
Prezident İlham Əliyev bu zəfərlə təcavüzkarı
döyüş meydanında Ali Baş Komandan kimi də məğlubiyyətə
uğratdı. Noyabrın 12-də isə
Ali Baş Komandanın cəbhə xəttinin ən öndə
yerləşən Lələtəpə şücaət zirvəsindən
işğalçı Ermənistana və onun havadarlarına
ünvanladığı hərbi mesajlar hər kəsi bir daha
qələbəyə köklədi. İlham
Əliyevin “Əgər erməni silahlı qüvvələri
aprel döyüşlərindən düzgün nəticə
çıxarmasalar, gələcəkdə Lələtəpə
əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar
olacaqdır” mesajı Azərbaycan Ordusunun döyüş əzmini
daha da artırdı.
Son illər
uğurla aparılan hərbi islahatların real nəticələri,
ordumuzun mövcud maddi-texniki təminatı, döyüş
hazırlığı, psixoloji durumu barədə tam təsəvvür
formalaşdırmaq üçün ehtiyatda olan
general-leytenant, keçmiş korpus komandiri, indi Silahlı
Qüvvələrimizdə zabit hazırlığı üzrə
peşəkar məşğul olan Yaşar Aydəmirovla həmsöhbət
olduq.
Peşəkar zabitlər də
90-cı illərin əvvəlində Heydər Əliyevə yeganə
xilaskar kimi baxırdılar
- Cənab general, əvvəlcə
özünüz, döyüş yolunuz barədə “Azərbaycan”ın
oxucularına qısa məlumat verərdiniz.
-
1972-76-cı illərdə Bakı Ali Ümumqoşun
Komandanlıq Məktəbində təhsil almışam. Həmin dövrdə ölkənin müxtəlif
rayon və kəndlərindən bu məktəbə oxumaq həvəsi
ilə gələn gənclərin rus dilini zəif bilməsi
ciddi problemlər yaradırdı. Digər
fənlərdən yüksək qiymət alsan da, rus dili
imtahanından kəsildikdə oxumağa icazə verilmirdi.
Mən də imtahan verərkən bu problemlə
qarşılaşdım. Ancaq ulu öndər
Heydər Əliyevin (o zaman Azərbaycan KP MK-nın birinci
katibi idi) həmin dövrdə məktəb rəhbərliyinə
verdiyi tapşırığa əsasən 130 nəfər gənci
hərbi məktəbə qəbul etdilər. Hətta bu durum sovet imperiyasının rəhbərliyini
də narahat etmişdi və ulu öndərdən siyasi
büroda “bu qədər milli kadrları neynirsiniz” sualı ilə
məsələnin səbəbini soruşmuşdular.
Dahi şəxsiyyət isə bunu belə əsaslandırmışdı
ki, “Hərbi Piyada Məktəbində təhsil alan
azərbaycanlı kursantlar olsa da, digər ixtisaslar üzrə
bizim zabit kadrlarımız yoxdur. Ona görə
də belə bir qərar vermişik”.
Biz təhsil
alarkən də ümummilli liderin diqqət və
qayğısını daim hiss edirdik. Heydər
Əliyev mütəmadi olaraq məktəbin fəaliyyəti
ilə maraqlanırdı və buraxılış günlərində
şəxsən iştirak edirdi. Bu, bizi
çox sevindirirdi və daha da həvəsləndirirdi. Beləcə orduda azərbaycanlı zabit
kadrlarının artmasında ulu öndərin çox
böyük rolu oldu.
Hərbi məktəbi bitirdikdən sonra məni
Gürcüstana göndərdilər. 3 il tank taqım
komandiri kimi xidmət etdim. Həmin zaman
Əfqanıstana göndərmək üçün Sovet
ordusunda xüsusi briqadalar yaratmaqla bağlı qərar
verilmişdi. Sonra əhaliddə xüsusi
təyinatlı desant taboru da yaratdılar. Mən də o
taborda 4 il xidmət etdim. 4 il
sonra - 1984-cü ildə bizi Əfqanıstanın Qəndəhar
şəhərinə apardılar. Mənim
bölüyümdə 21 nəfər azərbaycanlı
vardı. Hər biri də sağ-salamat Vətənə
qayıtdı. 2 il yarım orada xidmət
etdik və ilk dəfə müharibə şəraitində
Azərbaycan əsgərinin əsl məharətini,
şücaətini mən orada gördüm.
Əfqanıstandan qayıtdıqdan sonra məni
Zaqafqaziya Hərbi Dairəsinin IV ordu qərargahına göndərdilər. Bir müddət
Cəlilabad rayonunun Göytəpə, Neftçala rayonunun Bankə
qəsəbələrindəki N saylı hərbi hissələrində
xidmət etdim. 1989-cu ildə Ordu Qərargahına
çağırıldım. Həmin zaman
Milli Ordumuz yaranma ərəfəsində idi. 1991-ci ilin əvvəlində ərizə yazaraq xidmətimi
Milli Orduda davam etdirmək istədiyimi bildirdim. Razılıq verildi, amma təəssüf ki, məni
Azərbaycanda yeni yaranmış ordumuza qəbul etmədilər.
Dedilər ki, hələlik lazım deyilsiniz,
lazım olanda cağırarıq. Üz
tutdum hərbi məktəbə və atəş
kafedrasında müəllim kimi, bir müddətdən sonra
baş müəllim kimi çalışmağa
başladım.
Dağlıq Qarabağda mürahibə şiddətlənirdi. Milli Ordumuza
lazım olmadığımı bildirənlər məni gənc
kursantlarla Ağdam istiqamətində ön xəttə
göndərmək barədə qərar verdilər. Birinci kursa qəbul olunmuş, cəmi 3 ay
hazırlıq keçmiş gənc kursantları, yəni
silahla necə davranmağı hələ lazımınca bilməyən
uşaqlarla ön xəttə yollandım. Çox şükür ki, itki vermədən geri
döndük.
Sonradan Milli Orduda xidmətə başladım, cəbhənin
müxtəlif istiqamətlərində döyüşlərdə
iştirak etdim, yüksək vəzifələrdə
çalışdım. 1994-cü ildə ulu öndər Heydər Əliyevin fərmanı
ilə general-mayor, 2002-ci il tarixli fərmanı
ilə isə general-leytenant hərbi rütbəsi aldım. Korpus komandiri, Müdafiə Nazirliyinin Təşkilat
və Səfərbərlik İdarəsinin rəisi vəzifəsində
çalışdım. Sonra 6 il Azərbaycanın
Çindəki hərbi attaşesi kimi fəaliyyət göstərdim.
Oradan qayıtdıqdan sonra yenidən Təşkilat
və Səfərbərlik İdarəsinin rəisi təyin
edildim. Qanunvericiliyə uyğun olaraq 59
yaşımda Silahlı Qüvvələrdən təxris
olundum. Hazırda Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Məktəbində müharibə və
hərb məharəti tarixi fənni üzrə gələcəyin
generallarına dərs keçirəm.
- Qarabağ müharibəsinin
iştirakçısı kimi deyə bilərsinizmi ki, birinci
mərhələdəki uğursuzluqların əsas səbəbləri
nə idi?
- Hər
kəsə bəllidir ki, həmin zaman da Azərbaycan gənclərində
vətənpərvərlik hissi çox güclü idi. Torpaq, yurd, Vətən sevgisi ilə
alışıb yanan gənclərimizin sayı həddən
artıq çox idi. Ancaq Azərbaycanda bəzi
yerlərdə qəribə bir deyim vardı. Sovet
ordusunda xidmət edib gələn zabitlərə “imperiya zabitləri”
deyirdilər, mənim özümə də... Hərbi
Tank Məktəbini bitirib ön xəttə gələn
leytenantı ələ salaraq tanka minməyə imkan verməyən
insanlar vardı. Deyirdilər ki, bu tank
imperiya tankıdır, həm də işləmir. Amma gənc leytenant tanka minib onu işə salanda
şoka düşürdülər. Bu, bizə
çox pis təsir edirdi. Bununla bərabər
vahid komandanlıq yox idi. Özünümüdafiə
taborlarında həddindən artıq vətənpərvər
gənclər var idi. Amma kimə tabe
olduqlarını bilmirdilər. Kimsə
başqasının əmrinə əməl etmək istəmirdi.
Dəstələr və taborlar arasında
koordinasiya yox idi, vahid komandanlıq olmadan döyüş
aparmaq qeyri-mümkündür. Bununla bərabər
həmin zaman 5 diviziyamız, istənilən qədər
silahımız, mərmimiz vardı. Ağdamda,
Qazaxda sovet dövründən qalma silah anbarlarımız
boş yerə istifadə olundu. Toplar,
minamyotlar ön xəttə qoyulurdu və ermənilər
onları vurub sıradan çıxarırdılar. Rabitəçilər aldıqları komandaları
bir-birilərinə Azərbaycan dilində
çatdırırdılar. Ermənilər
də asanlıqla qulaq asıb əks həmlələr edirdilər.
Ona görə də müharibənin birinci mərhələsində
neçə-neçə mərd oğullarımızı
itirdik.
Həmin
vaxt ali hərbi məktəbi bitirmiş
bütün zabitlər deyirdilər ki, ulu öndər Heydər
Əliyev gəlməsə, bu vəziyyət düzələn
deyil, ona yeganə nicat kimi baxırdıq. Həqiqətən
də belə idi! Ali rəhbər, vahid komandanlıq olmadan
heç bir döyüşdə qalib gəlmək
mümkün deyil! Nə yaxşı ki, Azərbaycanın
Heydər Əliyev kimi uzaqgörən dahi şəxsiyyəti
var idi və ordumuzdakı arzuolunmaz durumu ulu öndər tam
qaydasına sala bildi. Bu gün Azərbaycanın qüdrətli
və nizami orduya malik olması məhz Heydər Əliyevin gərgin
zəhmətinin bəhrəsidir!
Heydər Əliyevin bir gündə
22 kəndi azad
etməsi savaşın gedişində əsaslı
dönüş yaratdı
- Ümummilli lider Heydər
Əliyevin qayıdışı Dağlıq Qarabağ
münaqişəsinin gedişində hansı dəyişiklikləri
yaratdı?
-
Çox kritik vəziyyət yaranmışdı. Sözsüz ki, ermənilərin qazandıqları
nailiyyətlərin arxasında başqa səbəblər də
var idi. Sovet ordusu ermənilərə istənilən
şəkildə kömək edirdi. Artilleriya
hazırlığı lazım olanda sovet ordusunun professional
zabitləri atəş açırdılar. Hansısa əraziyə hücum etmək istəyəndə
sovet taboru bizimkilərin qarşısını kəsirdi.
Bir dəfə komandirə yaxınlaşıb dedim ki, əmr
almışınız, nədən irəli getmədiniz?
Komandirin cavabı belə oldu: “Hücuma keçmək istədik,
amma sovet ordusunun zabitləri qarşımıza
çıxıb “uşaqlar yaxşısı budur geri çəkilin”
dedilər”.
Ancaq bu o demək deyil ki, bizim özünümüdafiə
dəstələrinin gücü zəif olub. Əminliklə
söyləyirəm, Azərbaycanın ön xəttə olan
elə bir hərbi birləşməsi yoxdur ki, onun uğurlu əməliyyatları
olmasın. Uğurlu Horadiz əməliyyatını kim həyata keçirdi? Həmin
vaxt düşmənin çoxlu sayda canlı qüvvəsi məhv
edildi, silah-sursatı ələ keçirildi. Sadəcə olaraq onu deyim ki, o zamanlar daxilimizdə
“ermənilər” var idi. Taborlarımız
hücuma keçib xeyli irəlilədikdə arxadakı
bölüklərə qeyri-müəyyən komandalar verilməklə
əlaqələri kəsirdilər və öndəki
bölüklər mühasirəyə düşürdü.
Daxildəki xainlərin əli ilə ordumuza
böyük zərbələr dəyirdi. Ancaq
xalqın haqlı tələbi ilə ümummilli lider ölkə
rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanda ordu
quruculuğu prosesi başlandı. Dahi
şəxsiyyət yerli özünümüdafiə və
könüllü batalyonlar adı altında fəaliyyət
göstərən silahlı birləşmələri ləğv
edərək vahid komandanlıq sistemində təşkil olunan
nizami ordu yaratdı. Demək olar ki, ordu
“daxili satqınlar”dan təmizləndi və zəruri olan
nizam-intizamı, yenilikləri təmkinlə həyata
keçirməyə başladı. Eyni zamanda, Ali Baş
Komandanın ön xəttə səfər edərək
döyüşçülərimizlə səngərdə
görüşməsi, onları döyüşə
ruhlandırması öz real bəhrəsini verdi.
Bununla bərabər ümummilli lider respublikamızın
təhlükəsizlik problemlərini, xüsusilə regionda
sülhün bərqərar olması üçün
nüfuzlu beynəlxalq təşkilatların təsirini
artırmağa çalışdı.
- Ordumuzun uğurlu Horadiz əməliyyatına
toxundunuz. Bəllidir ki, bu əməliyyat zamanı Azərbaycan
ilk dəfə ermənilərdən zəbt etdikləri
torpaqların bir qismini geri aldı. Bu
döyüşlər barədə nə deyə bilərsiniz?
- Birinci Qarabağ müharibəsində Azərbaycan
Ordusunun uğurla reallaşdırdığı ən
böyük əməliyyatlardan biri Horadiz əməliyyatıdır. Ordumuz bu əməliyyat
zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsini
erməni işğalından azad etdi. Həmin vaxt ərazidə
yerləşən N saylı hərbi hissənin uğuru ondan
ibarət oldu ki, böyük sayda şəxsi heyəti, kəşfiyyatçıları
Araz çayı vasitəsilə düşmənin
arxasına keçirib həm arxadan, həm də öndən
düşmənə ağır zərbələr endirdilər.
Bəllidir ki, artilleriya ön xətdən xeyli
arxada yerləşdirilir. Kəşfiyyatçılarımız
düz həmin əraziyə qədər irəliləmişdilər.
Səhər ermənilər ayılanda
topların yanında Azərbaycan əsgərlərini
görüb çaşqın vəziyyətə
düşüblər. Qaçmağa yer
tapmayıblar. Bir gün ərzində 22 kəndin azad
olunması böyük qələbə idi və bu uğurun
müəllifi ulu öndər Heydər Əliyev idi! Əməliyyat
zamanı misilsiz qəhrəmanlıq göstərdiklərinə
görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görüldü.
Bu
uğurlu döyüşdən sonra Ermənistana bəlli oldu
ki, hərb sənətini çox gözəl bilən Heydər
Əliyev ali hərbi məktəbləri
bitirmiş zabitləri orduya cəlb edərək
döyüş tapşırıqları verir. Ermənistana
aydın oldu ki, Azərbaycan Ordusu qısa zamanda çox
güclənib və böyük əməliyyatlar keçirməyə
qadirdi. Bu, təkcə Ermənistanı
yox, işğalçı ölkənin havadarlarını da
narahat etməyə başladı. Yəni
ulu öndərin qayıdışı həmin qüvvələr
üçün böyük problemə çevrildi. Söhbət təkcə Dağlıq
Qarabağdakı döyüşlərdən getmirdi. Dahi şəxsiyyət bütün dünyaya Azərbaycan
həqiqətlərini bəyan etdi. Ermənistanın
etnik təmizləmə, işğalçılıq siyasətini
bütün beynəlxalq toplantılarda, görüşlərdə
faktlara əsaslanaraq dünya ictimaiyyətinə
çatdırırdı. Məhz onun gərgin
əməyi sayəsində 1994-cü ilin 12 mayında atəşkəslə
bağlı saziş imzalandı.
- Sizcə, atəşkəs nəyə
görə zəruri idi və Azərbaycan bununla nəyə
nail oldu?
-
1994-cü il mayın 12-də atəşkəsin
imzalanması ilə ordu quruculuğunda böyük islahatlar
aparıldı. Orduya
çağırış, fərarilik halları ilə
bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər
şeydən uca tutan, hərbçi olmağı şərəf
bilən zabitlər hərbi hissələrin rəhbərliyinə
cəlb olundu. Şəxsi heyətin mənəvi-psixoloji
hazırlığına, döyüş ruhunun yüksəldilməsinə
diqqət artırıldı, hərbi vətənpərvərlik
tərbiyəsi gücləndirildi. Ordu
quruculuğunun müxtəlif sahələri ilə
bağlı zəruri qanunlar qəbul edildi.
Silahlı Qüvvələrin döyüş
hazırlığının səviyyəsi tək hərbi
texnikanın sayı ilə deyil, bu texnikanı idarə edə
biləcək savadlı zabit korpusundan da əhəmiyyətli
dərəcədə asılıdır. Bu baxımdan
Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil
sisteminin formalaşdırılması diqqətdə saxlanıldı.
Ordu quruculuğu prosesində səfərbərlik
sistemi yeniləndi. Azərbaycan Ordusu modern
silahlarla təchiz olundu. Döyüş təminatı
üzrə bütün problemlər həll edildi. Ölkəmizə gətirilmiş köhnə
zirehli texnika yenisi ilə əvəzləndi. Arxa cəbhə təminatı həll edildi. Hərbi pilotlarımız mükəmməl təlimlər
keçməyə başladılar.
Digər tərəfdən Azərbaycan iqtisadiyyatı
inkişaf etməyə başladı. Böyük neft-qaz
müqavilələri imzalandı. Ulu
öndər böyük dövlətlərin, məşhur
şirkətlərin diqqətini Azərbaycana yönəltdi.
Ölkəmizə investisiya axını
başlandı. Beləcə, Azərbaycan
qısa zaman ərzində dahi şəxsiyyətin gərgin əməyi
sayəsində gücləndi. Eyni zamanda,
Heydər Əliyevin gərgin əməyi və diplomatik
istedadı sayəsində ATƏT və BMT kimi nüfuzlu təşkilatlar
münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini
müəyyənləşdirən xüsusi sənədlər,
qətnamələr qəbul etdilər. BMT-nin
4 məlum qətnaməsində Ermənistan ordusunun Azərbaycanın
işğal olunmuş torpaqlarını qeyd-şərtsiz tərk
etmələri göstərilsə də, təəssüf
ki, bu günə kimi kağız üzərində qalır.
Çünki Ermənistanın havadarları
buna imkan vermir. Yoxsa, Ermənistan
çoxdan Azərbaycana təslim olmuşdu. Erməni xalqı da bunu istəyir. Ancaq öz xalqını rəzil vəziyyətə
salan Ermənistan rəhbərliyi, hərbi xunta bu problemdən
istədiyi kimi istifadə edir. Xalqı
aldatmaqla bu problemi uzadır. Ancaq əminliklə deyə
bilərəm ki, bu gün Azərbaycan Silahlı Qüvvələri
erməni ordusunu qısa zaman kəsiyində bütün
işğal olunmuş torpaqlarımızdan təmizləyə
bilər!
Aprel döyüşlərində
arxa eşelondakı erməni hərbçiləri geri
qaçan əsgərləri güllələdilər, sonra
isə özləri də silahlarını atıb
qaçdılar
- Sizcə, bu təmizləmə əməliyyatı
neçə gün çəkər?
- İnanıram ki, Ali Baş Komandan İlham Əliyevin
döyüş tapşırığını ordumuz 2-3
gün ərzində yerinə yetirə bilər. Yəni erməni
ordusu Azərbaycan sərhədlərini bu müddətdə
tamamilə tərk edər. Ordumuzun aprel zəfəri
bunun əyani sübutu deyilmi? Ermənilərin
təxribatına qarşı Füzuli, Cəbrayıl və
Ağdərə rayonlarının ərazilərində
işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum
əməliyyatı nəticəsində
işğalçılardan azad edildi. Minlərlə
hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət
edir.
- Hərbçi kimi aprel
döyüşünün nəticələrini necə qiymətləndirirsiniz?
- Bu bir həqiqətdir
ki, Azərbaycan xalqında vətənpərvərlik,
torpağa bağlılıq hissi daim yüksək olub. Xalq ümummlilli məsələlərdə birlik
nümayiş etdirib. Aprel döyüşləri
bunu bir daha sübut etdi. Hərbçilərimizin ön
xətdəki şücaəti arxa cəbhədəki sadə
vətəndaşlarımızı ayağa qaldırdı! Qələbə
ruhu bizi millət olaraq bir yumruq kimi birləşdirdi!
Bu döyüşün başlanma səbəbləri nədir? Ermənistanda
yanvar ayından başlayaraq xalqın hakimiyyətə
qarşı ciddi etirazları başlanmışdı.
Bu proses get-gedə öz məcrasından çıxaraq
böyüyürdü. Serj Sarkisyan yenə də
avantüraya baş vuraraq diqqəti yayındırmaq məqsədi
ilə cəbhədə təxribatların həyata
keçirilməsini tapşırdı. Erməni
ordusunun kəşfiyyat diversiya dəstələri bu planı
həyata keçirməyə başladı. Lakin bu dəstələr təmas xəttini keçə
bilmədilər. Sonra mütəmadi olaraq
atəşkəsi pozdular. Gördülər
ki, bundan bir nəticə çıxmır və qərar
verdilər ki, ön xəttə yaxın kəndlərə,
evlərə artilleriya zərbələri endirsinlər. Bu zaman cəbhəyanı ərazilərdə xeyli
insana ziyan dəydi. Bunun ardınca ön xəttə
hücuma cəhd etdilər. Vəziyyət
Ali Baş Komandana məruzə edildi və cənab Prezident erməni
ordusuna cavab verməyin vaxtı çatdığını
söylədi. Həmişə bir fikir söyləmişəm
- Azərbaycan Ordusunun “əyləc sistemi” çox zəifdir,
yerindən tərpəndi, saxlamaq qeyri-mümkündür!
Və əks-hücum əməliyyatı
başlandı.
Bu əməliyyatda ordumuzun həmin ön xətdə
yerləşən qüvvələrinin bir qisminin 2 eşelonu
heç bir xüsusi hazırlıq olmadan iki istiqamətdə
əks-hücum həyata keçirdi. Düşmənin digər
qüvvələrinin hərəkət etməsinə
heç bir imkan verilmədi. Erməni hərbçilərinin
silahı atıb qaçması xəbəri Şuşada
yaşayan əhaliyə qədər gedib çatdı. İnsanlar Azərbaycan Ordusunun müharibəyə
başladığını zənn edib qaçmağa
başlamışdılar. Arxa eşelonda
dayanan erməni hərçiləri öncə geri
qaçanları güllələyirdilər. Sonra özləri də silahları atıb
qaçmışdılar.
Aprel döyüşü erməni ordusunun zəifliyini
tam çılpaqlığı ilə üzə
çıxardı. Erməni hərbi rəhbərliyinin illərlə təriflədiyi,
şöhrətini göylərə qaldırdığı
“möhkəmləndirilmiş mövqeləri” yarmağa və
irəliləməyə Azərbaycan əsgərinə bir
neçə saat kifayət etdi! Ordumuzun aprel zəfərinə
ən dəqiq qiyməti Ali Baş Komandan İlham Əliyev verdi. Prezident dedi ki, aprel döyüşləri
dövlətimizin, ordumuzun gücünü,
xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini
nümayiş etdirdi və Lələtəpə əməliyyatı
bizim qəhrəmanlıq rəmzimizdir.
Dövlət başçısı özü şəxsən
Lələtəpəyə gedərək
işğalçı ölkəyə hərbi mesaj
yolladı.
Bir daha xatırlatdı ki, əgər erməni silahlı
qüvvələri aprel döyüşlərindən
düzgün nəticə çıxarmasalar, gələcəkdə
Lələtəpə əməliyyatı kimi bir çox
uğurlu əməliyyatlar təkrar olacaq! Mən
şəxsən buna əminəm.
Bu hadisələrlə bağlı fikir səsləndirərkən
cənab Prezident vaxtilə döyüşlərdə
iştirak etmiş müharibə veteranlarının ona
müraciətini də xüsusi vurğuladı. Veteranlar deyiblər
ki, əgər lazım olarsa, onların imkanlarından da
müharibə zonasında istifadə edə bilərik. Yəni yaşlarının çoxluğuna
baxmayaraq, Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsində onlar bu
gün döyüşə getməyə hazırdırlar.
Düzdür, buna Azərbaycan Ordusunun
ehtiyacı yoxdur. Ancaq bu gün heç bir veteran və
yaxud ordu generalı, bütün hərbçilər bu
münaqişəni öz övladlarına miras qoyub getmək
istəmir!
Aprel döyüşlərində Azərbaycan Ordusunun
işğal altında olan torpaqların daha böyük hissəsini
azad etməyə imkanı və gücü var idi. Ancaq beynəlxalq
ictimaiyyətin təklifi ilə cəbhədə atəşkəs
elan edildi. Ali Baş Komandan bəyan etdi ki,
Azərbaycan birtərəfli qaydada bütün
döyüş əməliyyatlarını dayandırır,
amma bir şərtlə ki, qarşı tərəf bundan
sui-istifadə etməsin. Onlar da
dayandırsınlar, oturduğu yerlərdə də qalsınlar,
tərpənməsinlər. Eyni zamanda,
Prezident bir neçə dəfə vurğulayıb ki,
böyük dövlətlər Azərbaycanın müharibə
etməsinə imkan vermir. Əgər imkan yaransa, təkcə
Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi
birləşmələrimiz Ermənistan ordusuna qalib gəlməyə
qadirdir!
Azərbaycan Ordusunun raket sistemi düşmən
artilleriyasını heç hərəkətə keçmədən
yerində məhv etmək iqtidarındadır
- Bu gün Azərbaycan əsgər və
zabitləri, ümumilikdə ordumuz düşmənlə
müqayisədə hansı üstünlüklərə
malikdir?
-
Maraqlı bir fakt deyim. Müharibənin
qızğın vaxtı idi. Rabitəçi dəstəyi
mənə uzadıb dedi ki, kimsə rus dilində
danışır. Dəstəyi alıb cavab
verdim. Rus zabiti idi. Təəccüblü
halda məndən soruşdu ki, siz əsgərləri necə
ruhlandırıb komanda verirsiniz ki, bunlar hücuma keçəndə
bir dəfə də geri baxmırlar. Yalnız
irəli getmək barədə düşünürlər.
Bu, rus zabitinin azərbaycanlılarla bağlı
söylədiyi həqiqət idi. Həqiqətən
bütün zamanlarda Azərbaycan oğullarında vətənpərvərlik
ruhu, döyüş əzmi ən yüksək səviyyədə
olub və bu gün də belədir. Bu, bizim
qanımızda, canımızdadır!
Bu gün güclü ordular sırasında olan
Silahlı Qüvvələrimiz dünyanın bir çox
ordularının bacara bilmədiyi tapşırıqları
yerinə yetirməyə qadir professional ordudur. Çünki
əksər ordularda döyüş qabiliyyətini təyin edən
vəzifələrin icrasını əsgərlər həyata
keçirir. Əsgər bir müddət xidmət edib təlim
keçdikdən sonra sürücü mexanik və ya tank
komandiri təyin edilir. Bir neçə aydan sonra
isə müddəti çatır və ordu
sıralarından təxris olunur. Azərbaycan
Silahlı Qüvvələrində isə ön xətdə
yerləşən hərbi hissələrdəki tank komandirləri,
operatorlar, sürücü mexaniklər əsgərlər
deyil. Onların hamısı gizir və
müddətdən artıq xidmət edənlərdir. Bu hərbçiləri öyrətmək
üçün vaxt sərf olunmur. Onlar
artıq öz işlərinin peşəkarlarıdırlar.
Yəni Azərbaycan Ordusunda bu gün
döyüş qabiliyyətini təyin edən vəzifələrdə
professional hərbçilər xidmət edir. Bir çox ordular bu sistemə keçmək istəsələr
də, ölkənin iqtisadi durumu buna imkan vermədi. Çünki bu vəzifələrdə xidmət edənlər
də zabitlər kimi evlə təmin olunmalı və maddi təminatları
ödənməlidir. Azərbaycan dövləti həmin
hərbçilərə yüksək maaş
verir.
Ermənistanda isə vəziyyət
acınacaqlıdır. Bu gün erməni postlarında dayanan hərbçilər
həftəlik, aylıq qulluqçulardır. Yəni hərbi forma geyinib müvəqqəti olaraq
postlarda dayanırlar. Əsgərlər
arxa eşelondadırlar. Çünki
canlı hərbi qüvvə çatışmır. Ermənistan ordusu dövlətin yox, erməni
diasporunun topladığı ianə hesabına dolanır.
Ermənistan ordusunda baş verən cinayətlərin
sayı-hesabı yoxdur. Artıq cəmiyyət,
əsgər valideynləri bu faktları bütün dünya
mediasına söyləyirlər.
Maraq üçün bir faktı diqqətinizə
çatdırım. Mənim komandir olduğum dövrlərdə
də, indi də postlarda duran yüzlərlə erməni bizim
əsgərlərə “Ölkə rəhbərliyinizə
deyin, müharibəni qurtarın, bizi də xilas edin” kimi
xahişlər ediblər və bu hallar indi də təkrarlanır.
Ağıllı ermənilər çoxdan
ölkədən qaçıblar. Zor və məcburiyyət
olmasa, bu gün heç bir erməni nə Ermənistanda, nə
də işğal olunmuş Qarabağ ərazisində
yaşayar!
- Artıq hər iki tərəfdə
silahlanma yarışının getdiyi
açıq-aşkardır. Sizcə, prosesin
sonu necə olacaq?
- İlk olaraq Ermənistanın durumuna toxunum. Ölkə rəhbərliyi
panikada olan, ordan qaçmağa yollar axtaran erməni əhalisini
qismən də olsa sakitləşdirməyə və boş
ümidlər verməyə hesablanmış təbliğat
hiyləsindən yararlanır. Ölkə
mətbuatında “İsgəndər” raketlərinin
alınması ilə bağlı xəbərlər yayaraq Azərbaycanda
guya qorxu hissi yaratmaq istəyirlər. Ermənistan o
imkanlara malik ölkə deyil ki, Azərbaycanı narahat edə
biləcək silah texnologiyası istehsalına nail ola bilsin. Bu gün də bu proses davam edir. SSRİ-nin süqutu zamanı hər hansı təhlükəli
silahın Ermənistanda qalması kimi fikirlər isə
xülyadır. Bu, praktik olaraq
mümkünsüzdür. Mənə bəllidir
ki, hətta Sovet ordusunun belə Ermənistan ərazisində
radioaktiv, bioloji və ya kimyəvi silah bazası olmayıb.
Belə bir silahın sonradan ora gətirilməsi
isə mümkünsüzdür.
“İsgəndər” raketlərinə gəlincə isə,
onu deyə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələrində
mövcud olan müasir raket sistemləri ermənilərin
öyünərək adını çəkdiyi həmin
raketin heç hərəkətə gəlməsinə imkan
verməz.
Çünki həmin raket ən azı start nöqtəsinə
çıxdıqda Azərbayanın bundan xəbəri olacaq.
Əgər müasir silahları var idisə,
onda aprel döyüşlərində niyə istifadə etmədilər?
Məşhur “Ohanyan” müdafiə sistemləri
var idi və 15 ildir bu müdafiə sistemi ilə
öyünürdülər. Azərbaycan Ordusunun
kiçik bir hissəsi bu mifi darmadağın etdi! Aprel döyüşlərindən sonra təlaş
içində olan Ermənistan siyasi rəhbərliyi
döyüş təminatının əsas qüvvəsi
olan kəşfiyyat və rabitə rəisini vəzifəsindən
uzaqlaşdırdı. Çünki orduda
rabitə sistemi yoxdur, kəşfiyyat heç bir nəticə
vermir. 20 ildə yeganə olaraq pilotsuz
uçuş aparatı düzəldib böyük təmtəraqla
nümayiş etdirdilər. Həmin
aparatı bizim orta məktəbdə təşəbbüskar
uşaqlar da hazırlaya bilərlər. Silah
yaratma sahəsindəki primitiv bacarıqları bu mənada
göz qabağındadır.
Ancaq 20 ildə Azərbaycanın bu sahədəki fəaliyyətinə
nəzər yetirsək görərik ki, bəzi böyük
dövlətlərin əldə edə bilmədikləri
silahlara sahibik.
Azərbaycanın müdafiə sənayesi
sektoru daxili imkanları hesabına ciddi nailiyyətlər əldə
edir. Bu gün Azərbaycan “Zərbə” pilotsuz
uçuş aparatı istehsal edir! İstənilən
silahı almağa qadir ölkəyik! Ordumuzun maddi-texniki təminatı
ən yüksək səviyyədədir! Son illər
ərzində milyardlarla dollar dəyərində ən
müasir silah-sursat, hərbi texnika almışıq. O
texnikalar ən son texnologiyaya malikdir!
Ali
Baş Komandan İlham Əliyevin dediyi kimi, Dağlıq
Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün
biz onu məhv edə bilməyək! Azərbaycanın
sərəncamında olan, sınaqdan çıxmış zərbə
və məhvetmə vasitələri Ermənistandakından
qat-qat üstündür. Onları yerində oturtmaq,
düşmənə sarsıdıcı zərbələr
endirmək və sağalmaz yara vurmaq üçün həmin
texnika hədəfə tuşlanaraq hazır vəziyyətdədir!
Yəni Azərbaycanın Ermənistana çox
“sürprizləri” var və bu ölkənin rəhbərliyi
yaxşı bilir ki, bu silahlanma yalnız onun özünə
baha başa gələcək. Elə bunu
bildikləri üçün ordularının tabeliyini indi
başqa dövlətə həvalə etmək qərarına
gəliblər.
Ermənistan təlimlərə 60 min
şəxsi heyət toplamaq istəsə, gərək ölkənin
80 faizi boşalsın
- Hərbçilər siyasətçilərin
fəaliyyətini necə qiymətləndirirlər? ATƏT-in
Minsk qrupunun və həmsədr dövlətlərin fəaliyyəti,
çoxsaylı görüş və müzakirələr...
Bu istiqamətdəki səylərdə ədalətli
sülh üçün nə çatmır?
-
ATƏT-in Minsk qrupu ikiüzlü siyasət aparır! Əllərindən gələni edirlər ki,
münaqişə uzansın. Mən
onların heç birinə inanmıram. Prezidentin
bu istiqamətdə yürütdüyü siyasət doğru
siyasətdir. Biz sadəcə bir şans
istəyirik. Nədən 20 faiz
torpağımızı xəyanət nəticəsində
itirmişik? Onu almağa qeyrətimiz, gücümüz
var!
Ali Baş Komandan bunu dəfələrlə söyləyib. Lələtəpəyə
səfəri zamanı isə “Ermənistan
başqasının gücünə güvənməsin”
fikri ilə dövlət başçısı
işğalçının havadarlarına da mesaj
ünvanladı. Bu o demək idi ki, Azərbaycan öz
torpaqlarının davamlı işğalı ilə,
status-kvonun süni şəkildə uzadılması ilə
barışmaq niyyətində deyil! Hətta Azərbaycan
Prezidenti münaqişənin yeganə həlli variantı və
mümkün güzəşt limitini də
açıqlayıb. Bəyan edib ki, biz
heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsi
ilə razılaşa bilmərik və erməni tərəfi
bunu gözəl bilir. Lakin məqbul güzəşt
mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin,
həyat və fəaliyyətinin, özünü idarəetməsinin
təmin olunması, Azərbaycan tərəfindən müxtəlif
investisiya layihələrinin həyata keçirilməsi. İki xalqın sülh şəraitində birgəyaşayışı
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı
ərazilərin azad edilməsi şərti ilə
mümkündür. Ermənistan buna da razı olmasa,
müharibə qaçılmaz olacaq! Hesab edirəm
ki, bu, ən doğru yoldur.
- Azərbaycan Silahlı
Qüvvələri vaxtaşırı təlimlər
keçir. Noyabrın
12-18-də isə ən möhtəşəm təlim baş
tutdu. Siz də bu prosesi müşahidə
etmisiniz. Əvvəla, təlimlərin məqsədi
və vəzifəsi nədir? İkincisi,
Ermənistan tərəfi də işğal etdiyi ərazilərdə
təlimlər keçir. Bunların
arasında fərq varmı?
- Şübhəsiz, hər bir təlimin məqsədi və
vəzifəsi olur. Azərbaycan Silahlı Qüvvələri
mütəmadi olaraq böyük təlimlər keçir.
İlin sonu olduğu üçün Ali Baş
Komandanın təsdiq etdiyi plana əsasən daha böyük
miqyasda təlimlər keçirildi. Belə
bir deyim var ki, hərbi təlimlər döyüşlərdən
ağırdır. Belə təlimlərdən
sonra yalnız döyüş tapşırıqları
verilir. Azərbaycan Konstitusiya Günündə
müstəqilliyimiz tarixində ən irimiqyaslı hərbi təlimini
keçirdi. 60 mindən artıq şəxsi
heyət, 60-dan çox təyyarə və helikopter, 150-dən
artıq tank və zirehli texnika, eləcə də raket və
artilleriya qoşunlarının 700-dək sistemi cəlb edildi.
Ermənistanın isə yalnız bir-iki briqadanın
iştirakı ilə təlim keçirmək imkanı ola bilər. Təkcə 60 min
şəxsi heyət toplamaq istəsələr, gərək
ölkənin 80 faizini təlimlərə cəlb etsinlər.
Azərbaycan bu təlimə 60 min şəxsi heyət
çıxardı. Ancaq ön cəbhədəki, digər
güc strukturundakı minlərlə şəxsi heyət
yerindən tərpənmədi. Bunu təsəvvür
etmək yetər ki, Azərbaycan Silahlı Qüvvələrinin
erməni ordusu ilə güc nisbəti nə qədərdir! Eyni zamanda təlimlərdə istifadə edilən
silah-sursat milyonlarla vəsait deməkdir. Azərbaycanın
gücü çatır ki, istənilən qədər silah
istehsal etsin və ya xaricdən alsın. Ermənistan
heç öz əhalisini dolandıra bilmir. Xalq acınacaqlı vəziyyətdə
yaşayır. Orduda
özbaşınalıq baş alıb gedir. Aprel
müharibəsində Azərbaycan Ordusunun gücünü və
imkanlarını görəndən sonra torpaqları daha
saxlaya bilməyəcəklərini də aydın dərk edirlər!
Müharibə təqdirində Ermənistanın
kriminal rejimi təkcə Dağlıq Qarabağı itirəcəklərini
deyil, forpost dövlətlərini də məhv edəcəklərini
gözəl anlayır. Ermənistan
prezidenti öz xalqını uçuruma aparır və bunu
görən erməni vətənpərvərlər pənah
yeri kimi Azərbaycanı seçirlər. Onlar
Bakıya gələrək bütün erməni
xalqının Serj Sarkisyan kimi düşünmədiyini
söyləyir, Xocalı soyqırımına görə ermənilər
adından üzr istəyirlər.
Əgər biz Dağlıq Qarabağ probleminə hələ
də səbir, təmkinlə yanaşırıqsa,
şübhəsiz ki, bu, öz qərarlarında beynəlxalq
hüququn normalarına və prinsiplərinə, BMT-nın
münaqişəyə dair qətnamələrinin tələblərinə
hörmətlə yanaşan Prezidentimizin alicənablığının,
müdrikliyinin və xalqımızın sülhsevərliyinin
nəticəsidir.
Orta məktəblərdə Azərbaycan
tarixinin bir qolu kimi hərb tariximiz də tədris
olunmalıdır
- Azərbaycan mətbuatında
müharibə mövzusunda yazılan məqalələr,
araşdırmalar Sizi qane edirmi? Fikrinizcə,
müsbət və çatışmayan cəhətlər
hansılardır?
-
Çox yaxşı haldır ki, son dövrlər mətbuatda
Azərbaycan zabitləri, hərbi hissələri ilə
bağlı xoşagəlməz yazıların, xəbərlərin
sayı xeyli dərəcədə azalıb. Əvvəllər
hərbi hissələrin dislokasiyası, hərbçilərin
vəzifələri barədə açıq məlumatlar
yayırdılar. Ermənistan bundan
yaxşıca yararlanırdı. Müharibə şəraitində
olan dövlətdə belə hallara yol vermək düşmənə
xidmət sayılır!
Digər tərəfdən, çox istərdim ki,
kütləvi informasiya vasitələrində Azərbaycanın
hərb tarixi ilə bağlı yazılar yazılsın,
filmlər çəkilsin. Çünki bunun çox
böyük əhəmiyyəti var! Kitab
mağazalarında Azərbaycan hərb tarixində izi olan
generalların döyüş yolundan, onların ordu
quruculuğundan bəhs edən kitablar yoxdur və yaxud
çap mətbuatında bu barədə məqalələr
yazılmır.
Televiziyalarda, radiolarda bütün günü eyni sahənin
mütəxəssisləri çıxış edirlər. Düzdür,
bizə həkim də, müğənni də,
idmançı da lazımdır. Ancaq bir dəfə
də hərbçini verilişə dəvət edib hərb
tariximizlə bağlı biliklər əldə etmək olmazmı?
Onu deyim ki, hərbçilərə həsr
olunan verilişlər, keçirilən tədbirlər Milli
Ordumuzda xidmət edən əsgər və zabitlərdə
ruh yüksəkliyini və qələbəyə inam hissini
xeyli artırır.
- Gənclərin vətənpərvərlik
tərbiyəsini gücləndirmək üçün daha nə
etməyi, hansı məqamlara diqqəti artırmağı məqsədəmüvafiq
sayırsınız?
- Fikrimcə,
bütün orta məktəblərdə Azərbaycan tarixinin
bir qolu kimi hərb tariximiz də tədris olunmalıdır. Azərbaycan məşhur xanəndələr,
şairlər, yazıçılar, aşıqlar diyarı
olduğu ilə bərabər Babəklər, Xətailər,
Nadir şahların vətənidir. Qəhrəmanlığına,
sərkərdəlik məharətinə və hərbi
bacarığına görə bir çox görkəmli
şəxslərin adları Azərbaycanın hərb tarixinə
düşüb. Onların
döyüş yollarının təbliği gənclərdə
vətənpərvərlik və vətəndaşlıq
hisslərinin gücləndirilməsi sahəsində
böyük rol oynayar. İstərdim ki,
orta ümumtəhsil müəssisələrində müharibə
iştirakçıları ilə sagirdlərin
görüşləri tez-tez keçirilsin.
Vətənpərvərlik
tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət
hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin müdafiəsinə
qalxmağa hazırlığın formalaşması
üçün olduqca vacibdir. Bu baxımdan təhsil
müəssisələrində təlim-tərbiyə
işinin düzgün təşkili mühüm əhəmiyyətə
malikdir. Hesab edirəm ki, Azərbaycan xalqının
şanlı keçmişini, qədim dövlətçilik ənənələrini,
milli rəmzlərini təbliğ etmək, gəncləri Azərbaycan
xalqına və dövlətinə sədaqətlə xidmət
etməyə, daima vətən qarşısında borcunu yerinə
yetirməyə hazır vəziyyətə gətirmək, gənclərdə
vətənə və dövlətə münasibətdə
qürur hissi formalaşdırmaq, onlarda vətənpərvərlik
və vətəndaşlıq hisslərinin gücləndirilməsi
istiqamətində kompleks tədbirlər həyata
keçirilməlidir.
Əsgərimizin ən böyük
qüruru Ali Baş Komandanın qətiyyəti və mətinliyidir
- Necə
bilirsiniz, Dağlıq Qarabağ münaqişəsi sülh
yolu ilə bitəcək, yoxsa məhz müharibədən
sonra sülh olacaq?
- Hərbçi ancaq müharibə haqqında düşünməlidir! Çünki sülh barədə düşündükdə onda biganəlik, ruh düşkünlüyü yaranır. Hərbçi yalnız əmr gözləməli və bu əmrə hazır olmalıdır! Siyasətlə isə ancaq siyasətçilər məşğul olmalıdır!
Ali Baş Komandan İlham Əliyevin ordumuza göstərdiyi diqqət nəticəsində ölkəmiz öz müdafiə qüdrətini hər gün artırır, Silahlı Qüvvələrin arsenalını yeni, müasir tələblərə cavab verən silah və hərbi texnika ilə gücləndirir. Ordumuz bu gün istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə tam hazırdır! Bu, təkcə son zamanlar alınmış silahlar hesabına deyil, eyni zamanda Silahlı Qüvvələrimizin şəxsi heyətinin aprel hadisələrindən sonrakı döyüş ruhunun və mənəvi-psixoloji durumunun olduqca yüksək olması ilə mümkündür. Həm dövlət başçısının, həm də müdafiə nazirinin mütəmadi olaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrə səfərləri hərbçilərdə böyük ruh yüksəkliyi yaradır. Ali Baş Komandan bu səfərləri ilə hərbçilərə çatdırır ki, mən də yeri gəldikdə həyatımı riskə qoya bilirəm, sizlə bir cəbhədə vuruşaram və vuruşuram! Bunu Ermənistan əhalisi də görür, eşidir. Ermənilər görürlər ki, Azərbaycan Prezidenti tez-tez cəbhə bölgəsinə səfər edərək hərbçilərlə və mülki əhali ilə görüşüb onların problemlərini dinləyir, aradan qaldırılması üçün tapşırıqlar verir. İlham Əliyevin hərbi islahatları Silahlı Qüvvələrimizi dünyanın ən təminatlı, hazırlıqlı, güclü orduları sırasına çıxarıb! Əsgərimizin ən böyük qüruru Ali Baş Komandanın qətiyyəti və mətinliyidir! Bütün bunlar bir daha bizi əmin edir ki, bu birlik qələbəmizi təmin edəcəkdir!
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2016.- 24 noyabr.- S.4, 6.