Bakıda “TürkPA-ya üzv ölkələr
son 25 ildə” mövzusunda
konfrans keçirilib
Noyabrın
24-də Milli Məclisdə “Türkdilli Ölkələrin
Parlament Assambleyasına üzv ölkələr son 25 ildə”
mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda türkdilli dövlətlər arasındakı sosial, iqtisadi və mədəni sahələri əhatə edən əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycanın TürkPA-dakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov konfransın Assambleyanın ətraf mühit və təbii ehtiyatlar komissiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunduğunu bildirib. O, ölkəmizdə ötən 25 ildə elm, təhsil sahələrində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.
Konfransda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanın müstəqillik tarixi barədə ətraflı məlumat verib, ölkəmizin bu illər ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.
Bildirilib ki, bu konfrans 25 il əvvəl müstəqillik qazanmış türkdilli ölkələrin, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstanın müstəqillik dövründə keçdikləri tarixi və keşməkeşli yola nəzər salmaq üçün önəmli bir tədbirdir. Konfransda aparılan fikir mübadilələri və müzakirələr türk dünyasında inteqrasiya proseslərinə parlament dəstəyinin bundan sonra təmin olunmasına kömək edəcək.
Z.Əsgərov deyib ki, Sovetlər İttifaqının dağılmasından sonra beş yeni türkdilli dövlətin, o cümlədən Azərbaycan, Qazaxıstan və Qırğızıstanın yaranması xalqlarımızın həyatında çox mühüm bir hadisə oldu. Azərbaycan xalqı 20-ci yüzillikdə ikinci dəfə istiqlal bayrağını qaldırdı. Lakin müstəqilliyinin ilk illərində Azərbaycan ağır sınaqlarla, məhv olmaq təhlükəsi ilə üzləşib. Azərbaycanın bir müstəqil dövlət kimi varlığı məhz ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyulunda yenidən hakimiyyətə qayıdışı ilə qorunub saxlanılıb.
Ziyafət Əsgərov vurğulayıb ki, türk dünyasının nəhəng simalarından biri Heydər Əliyev türkdilli xalqlar arasında əlaqələrin inkişaf etdirilməsi məsələsinə müstəsna əhəmiyyət verib. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycanda həyata keçirilən genişmiqyaslı mühüm islahatların, uğurlu daxili və xarici siyasətin nəticəsində bu gün ölkəmiz sürətlə inkişaf edir. Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilib.
Xalqımızın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünə inkişaf yolu seçdiyini bildirən Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, Azərbaycanda demokratik təsisatların qorunması, vətəndaş cəmiyyəti quruculuğu, insan haqlarının qorunması istiqamətində ciddi tədbirlər görülüb.
Son bir neçə ildə baş vermiş iqtisadi böhran şəraitində ölkəmizin yüksək iqtisadi artım sürətini saxlamağa nail olduğunu deyən Ziyafət Əsgərov bildirib ki, Azərbaycan böhranın sosial fəsadlarını uğurla dəf edib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türkdilli dövlətlər arasında əlaqələrin inkişafı məsələlərindən danışıb. Qeyd edib ki, bu ölkələr arasında qardaşlıq münasibətləri daha da möhkəmlənir. Günay Əfəndiyeva türk xalqlarının sahib olduğu mədəni irsin təbliği sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, 25 il əvvəl müstəqilliyinə qovuşan türk dövlətləri bu illər ərzində böyük inkişaf yolu keçərək hazırda dünyanın siyasi-iqtisadi həyatında mühüm rol oynayırlar. Tarixən eyni kökə malik olan türk dövlətlərinin müxtəlif sahələrdə əməkdaşlığının genişlənməsində parlamentlərarası əlaqələr böyük rol oynayır.
Səfir qeyd edib ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
hazırda regionun ən ağrılı problemidir. O, problemin tezliklə
həllinin region üçün
vacib amil olduğunu bildirib.
Qazaxıstanın və Qırğızıstanın
Azərbaycandakı səfirləri
Beybit İsabayev və Aycigit Buranov, Qazaxıstan parlamentinin nümayəndəsi
Aliyə Saparova, Qırğızıstan parlamentinin
təmsilçisi Müzeffer
İsakov, Türkiyənin
TürkPA-dakı nümayəndə
heyətinin üzvü
Feyzullah Kıyıklık,
Milli Məclisin deputatları Nizami Cəfərov, Sədaqət
Vəliyeva və digər çıxış
edənlər türk
dünyası qarşısında
duran vəzifələrdən,
görüləcək işlərdən
danışıblar.
Konfransda, həmçinin bölgədə
həyata keçirilən
enerji, nəqliyyat layihələrinin önəmi
xüsusi vurğulanıb. Reallaşdırılan Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TAP,
TANAP kimi layihələrin
iqtisadi önəm daşıması ilə yanaşı, ölkələri
bir-birinə yaxınlaşdırdığı
qeyd olunub.
Konfransdan sonra azərbaycanlı gənc rəssam Rəşad Nuriyevin türkdilli xalqların tarixini, adət-ənənələrini
əks etdirən əsərlərindən ibarət
rəsm sərgisi təqdim olunub.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva
deyib ki, türkdilli xalqlara həsr
olunan belə bir sərginin
təşkili mühüm əhəmiyyətə
malikdir. Bu möhtəşəm
əsərlər türkdilli xalqların
sadəcə adət-ənənələrini, mədəniyyətini
deyil, ümumilikdə türk
dünyasının milli köklərini əks
etdirir.
Azərbaycan.- 2016.- 25 noyabr.- S. 3.