Belarus və Azərbaycan
arasında strateji əməkdaşlıq etimad, dostluq və
qarşılıqlı yardıma əsaslanır
Belarus Respublikasının Prezidenti
Aleksandr Lukaşenkonun Azərbaycana səfəri ərəfəsində
Trend-ə müsahibəsi
- Azərbaycan və Belarus arasında
əməkdaşlığın cari səviyyəsini necə
qiymətləndirirsiniz?
- Azərbaycan Belarusun mühüm və etibarlı siyasi
və iqtisadi tərəfdaşlarından biridir. Bizim ikitərəfli
münasibətlərimiz zamanın sınağından
keçib və strateji əməkdaşlıq səviyyəsinə
yüksəlib. Bu əməkdaşlıq
səmimiyyət, etimad, dostluq və qarşılıqlı
yardıma əsaslanır. Belarus çətin vəziyyətlə
qarşılaşdıqda Azərbaycan rəhbərliyinin
düz vaxtında dost yardımı etdiyini çox
yaxşı xatırlayırıq.
Belarus-Azərbaycan əməkdaşlığının
inkişafına Heydər Əliyev əhəmiyyətli
töhfə verib. Biz Heydər Əliyevlə birgə ikitərəfli
əməkdaşlığın möhkəm əsasını
qoymuşuq.
Azərbaycanın
hazırkı Prezidenti İlham Əliyevin müvafiq diqqəti
olmadan ölkələrimiz arasında münasibətlərin
cari səviyyəsi belə yüksək ola
bilməzdi. Vaxtilə biz ikitərəfli əməkdaşlığın
prioritetlərini düzgün müəyyən etdik və
öz praktiki nəticəsini verən razılaşmaları
indi əlaqələndirilmiş şəkildə həyata
keçiririk.
Bilirsiniz
ki, bizim Azərbaycan Prezidenti ilə etibarlı, dost münasibətlərimiz
var. Bu, təbii olaraq bütün dövlətlərarası əlaqələr
sisteminə sirayət edib. Yüksək səviyyələrdə
mütəmadi görüşlər üzrə yaxşı
təcrübə formalaşıb, hökumətlər, parlamentlər,
əsas nazirlik və qurumlar, işgüzar dairələr
arasında ən əlverişli əməkdaşlıq əlaqələri
yaradılıb.
Belarus və Azərbaycan beynəlxalq arenada yaxın
mövqeyə malikdirlər, xalqlarımızın
marağına uyğun müstəqil xarici siyasət
yürüdürlər.
Ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan
hökumətlərarası komissiyası aktiv fəaliyyət
göstərir. Qarşılıqlı ticarətdə hər
iki tərəfdən 270-dən çox müəssisə
iştirak edir və onlar yüzlərlə növ məhsulun
tədarükünü həyata keçirirlər. Azərbaycanın 45-ə yaxın şirkəti
ölkənizdə Belarus müəssisələrinin diler və
distribüteridir.
İki ölkə arasında istehsalat və xidmət sahələrində
əməkdaşlıq genişlənir. Xüsusilə
investisiya sahəsində ikitərəfli əməkdaşlığın
fəallaşdığını qeyd etmək xoşdur.
Azərbaycan biznesi bizə logistika və iş mərkəzlərinin,
mehmanxana biznesi və ictimai iaşə obyektlərinin,
infrastrukturun yaradılması ilə bağlı layihələrlə
təşrif buyurur. Tikinti, qida sənayesi,
maşınqayırma, nəqliyyat, turizm, bank və
sığorta xidmətləri kimi sahələr investorlarda
maraq oyadır.
Daimi əsasda innovasiya layihələri üzrə
işçi qruplarının iclasları, eləcə də
hər iki ölkənin Rabitə nazirliklərinin xətti ilə
biznes-forumlar keçirilir. Bu istiqamətdə
daimi əməkdaşlıq innovasiyaların irəliləyişi
sistemini – onların layihə işləmələrindən
tutmuş praktiki tətbiqinə kimi – yaratmağa imkan verib.
Digər sahərlərdə də əməkdaşlıq
tam sürətlə inkişaf edir. Hər iki ölkənin
elm adamları arasında uzunmüddətli əlaqələr
qurulub. Onlar birgə elmi layihələri
icra edirlər.
Hər il Belarus və Azərbaycan artistləri daim
uğurla keçən qarşılıqlı qastrol səfərləri
edirlər.
Əminəm ki, ölkələrimiz arasında siyasi,
ticari-iqtisadi, təhsil, mədəni və digər münasibətlərin
hazırkı sistemi ikitərəfli strateji tərəfdaşlığın
dinamik inkişafının mühüm amilidir.
Mən
bir daha Azərbaycanla əməkdaşlıq haqqında dəfələrlə
dediyim ifadəni təkrar etmək istərdim: “Kaş hər
dövlətlə belə münasibətlərimiz olsun”.
- İki ölkə
arasındakı cari əməkdaşlıq forması real
imkanları nə dərəcədə əks etdirir?
- Belarus və
Azərbaycan güclü intellektual, təhsil, elmi, iqtisadi,
texnoloji və istehsalat potensialına malikdirlər. Bu gün Minsk və Bakı məhz
qarşılıqlı səmərəli layihələrin
axtarışına və reallaşdırılmasına
istiqamətləniblər. Buna ilk növbədə
hər iki prezidentin səyləri yönəlib.
Yaxşı nəticələr var. Məsələn, 2007-ci
ildən Gəncə avtomobil zavodunda təqribən 8 min ədəd
"Belarus" traktoru və 3500 ədəddən çox
"MAZ" markalı texnika yığılıb. 2015-ci ildə Azərbaycanın bu müəssisəsi
Avrasiya İqtisadi Birliyi xaricində Belarus traktorlarının
yığılması ilə məşğul olan ən
böyük istehsalat sahəsi olub.
Ölkələrimiz
üçün faydalı olan belə nümunələr daha
çox ola bilər və olmalıdır.
Biz adi ticarət çərçivəsindən
kənara çıxan layihələrdə fəal iştirak
etməyə hazırıq. Bu, iqtisadiyyatın
müxtəlif sahələrində innovasiya ideyalarına əsaslanan
birgə istehsalatın yaradılması və kənd təsərrüfatı,
istehlak mallarının istehsalı, nəqliyyat, informasiya
texnologiyalarının inkişafı sahələrində əməkdaşlığın
intensivləşdirilməsidir.
Standartlaşdırma, rəqəmsal televiziyanın
inkişafı, elektrik rabitəsi şəbəkələrinin
və telekommunikasiya avadanlıqlarının modernləşdirilməsi,
informasiya təhlükəsizliyi, trafik mübadiləsi sahələrində
birgə işə qarşılıqlı maraq mövcuddur.
Belarus tərəfinin nüvə tədqiqatları sahəsində
mövcud təcrübəsini nəzərə alaraq, Azərbaycanın
mənimsəməyə başladığı atom enerjisinin
inkişafı üzrə birgə fəaliyyət perspektivləri
var.
Bizim əməkdaşlığımızın əsas
hədəflərindən biri də birgə səylərlə
istehsal olunan məhsulların üçüncü ölkələrə
satışıdır. Yeri gəlmişkən, Azərbaycan bu məhsulların
həm Qafqaz regionu, həm də Yaxın Şərq
bazarlarında irəliləməsində əhəmiyyətli
rol oynaya bilər.
- Azərbaycan hökuməti ölkədə
bir sıra sənaye parkları və məhəllələri
yaradır. Belarus sahibkarları belə layihələrə
maraq göstərə və bu layihələrdə iştirak
edə bilərlərmi?
- Şübhəsiz ki, Belarus tərəfi bu planların
reallaşdırılmasında iştirak etməkdə
maraqlıdır. Biz xarici bazarda infrastruktur layihələrinin
müşayiəti sahəsində əhəmiyyətli iş
təcrübəsinə malikik. Bu həm tikinti
xidmətləri, həm “tam hazır” obyektlərin təhvil verilməsi,
həm də maşın və avadanlıqların tədarüküdür.
Fikrimcə, bizim sahibkarlar azərbaycanlı
sifarişçilərlə ümumi dil tapa biləcək.
Çünki Belarus qarşılıqlı
maraq kəsb edən bütün sahələrdə əməkdaşlığa
açıqdır və dövlətlərimizin möhkəmlənməsinə
və vətəndaşlarımızın həyat səviyyəsinin
yüksəlməsinə xidmət edən istənilən
ideyanın həyata keçirilməsinə hazırdır.
- Avrasiya İqtisadi Birliyinin
yaradılması azərbaycanlı investorların Belarusa gəlişini
nə dərəcədə stimullaşdırdı? Onlar hansı imtiyazları əldə etdilər?
- Bu
gün iki il əvvəl fəaliyyətə
başlayan Avrasiya İqtisadi Birliyinin azərbaycanlı
investorların Belarusa gəlişinə necə təsir
etdiyini birmənalı şəkildə ifadə etmək
olmaz. Bu cür rəqəmləri misal çəkə bilərəm:
2015-ci ildə Belarusa azərbaycanlı tərəfdaşlardan
daxil olan investisiyaların həcmi təqribən 5,5 milyon ABŞ dolları təşkil edib. Bu, Birliyin olmadığı 2014-cü ilin göstəricisinin
80 faizindən bir qədər çoxdur. 2016-cı
ilin yanvar-iyun aylarında belə daxilolmaların həcmi 4
milyon dolları ötüb, bu isə ötən ilin
müvafiq dövrünün göstəricisindən təxminən
50 faiz çoxdur. Özünüz qiymət
verin. Lakin şübhəsiz ki, Avrasiya İqtisadi Birliyi
haqqında müqavilənin qüvvəyə minməsindən
sonra Belarus iqtisadiyyatına investisiya qoyan azərbaycanlı
iş adamları özlərinin bütün məhsul
çeşidləri ilə Birlik ölkələrinin
bazarlarına birbaşa çıxış imkanına
malikdirlər. Bəs bu bazarın xüsusiyyəti
nədən ibarətdir? Bu birləşmənin
əsas məqsədlərindən biri mal, xidmət, kapital və
işçi qüvvəsinin Birlik daxilində sərbəst hərəkətini
təmin etmək olub. Bundan başqa, bu,
müvafiq tarif siyasəti olan vahid gömrük ərazisidir.
Burada təşkilat üzvləri
üçün bərabər təsərrüfat şərtləri,
eləcə də vahid texniki nizamlama qaydaları, sanitar,
baytarlıq və fitosanitar normaları mövcuddur.
Həmçinin qeyd etmək lazımdır ki, Belarusda
kifayət qədər cəlbedici investisiya və vergi
mühiti yaradılıb. Burada bir sıra preferensial rejimlər
var ki, bunlar da beynəlxalq şirkətlər
üçün, o cümlədən vergi
planlaşdırılması və
optimallaşdırılması baxımından çox
faydalı ola bilər. Mən azad iqtisadi
zonalarda, Yüksək Texnologiyalar Parkında və Çinlə
birgə yaratmaqda olduğumuz “Böyük daş” sənaye
parkında biznesin təşkili zamanı güzəştli təsərrüfatçılıq
şərtlərini nəzərdə tuturam. İstənilən
şirkət Belarusun kiçik və orta şəhərlərinin
ərazilərində fəaliyyətə başlayaraq
investisiya xərclərinin və vergi yükünün maksimum
azaldılması kimi əlavə mənfəət əldə
edə bilər.
- Uzun fasilədən sonra, oktyabrda
Belarus Azərbaycan neftinin alışını bərpa etdi. Azərbaycan və Belarus arasında energetika sahəsində
daha hansı əməkdaşlıq istiqamətlərinə
baxmaq olar?
- Bu,
Belarus üçün ikitərəfli əməkdaşlığın,
o cümlədən enerji resursları mənbələrinin
diversifikasiyası kontekstində prioritet istiqamətlərindən
biridir. Artıq bu sahədə müsbət birgə iş təcrübəsinə
sahibik. Respublikamız hələ SSRİ
vaxtından inkişaf etmiş neft-kimya kompleksinə malikdir.
Bu müəssisələr dünya
standartlarına cavab verən yüksək texnoloji səviyyə
ilə, neft emalının dərinliyi və neft məhsullarının
keyfiyyəti ilə xarakterizə olunur. Belarus
neft-kimya məhsullarının 70 faizdən çoxu xarici
bazarlarda satılır. Ona görə də
Azərbaycan neftinin Belarus zavodlarında emalı bizim
üçün böyük maraq kəsb edir. Biz bu işi təşkil edərək kimya sahəsində
qarşılıqlı fəaliyyəti əhəmiyyətli
dərəcədə genişləndirə bilərik.
Bu, xüsusilə xammalın qarşılıqlı tədarükü
və Belarus və Azərbaycan kimya müəssisələri
arasında sıx əməkdaşlığın
qurulması ola bilər.
Bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində
əməkdaşlıq da perspektivlidir. Bu sahədə
qarşılıqlı fəaliyyətin diapazonu çox
geniş ola bilər – birgə elmi tədqiqatların
aparılmasından müasir yüksək effektli enerji
qurğularının yaradılmasınadək.
- Belarus Azərbaycanın təşəbbüs
göstərdiyi, Avropa və Asiya arasında yüklərin
daşınması vaxtına əhəmiyyətli dərəcədə
qənaət etməyi nəzərdə tutan beynəlxalq
Transxəzər nəqliyyat dəhlizi layihəsinə maraq
göstərirmi?
- Bəli,
bu bizə maraqlıdır. Müasir şərtlərdə
malların dövlətlər arasında hərəkəti
iştirakçılara geniş xidmətlərin göstərilməsini
nəzərdə tutan çox mürəkkəb prosesdir.
Bu planda Belarusun Transxəzər nəqliyyat
marşrutunun bir hissəsinə çevrilməsi məntiqli
olardı. Axı bizim ölkəmiz əlverişli
coğrafi mövqeyi, inkişaf etmiş logistika infrastrukturu,
ixtisaslaşmış kadrların mövcudluğu sayəsində
yüksək tranzit potensiala malikdir.
- Ölkənizin son illərdə
sülhməramlı meydançaya çevrildiyini nəzərə
alsaq, Belarus Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasına öz töhfəsini verəcəkmi?
- Əslində, Belarus həm milli maraqlara, həm də
Avropa regionunda sabitliyin möhkəmləndirilməsinə
tamamilə xidmət edən məsuliyyətli siyasətinə
görə sülhməramlı statusunu əldə edib,
sülhməramlıya "çevrilməyib". Bu gün bu
danılmaz faktı bizim opponentlərimiz də qəbul edir.
Minsk dünya ictimaiyyəti tərəfindən
haqlı olaraq Ukraynanın şərqindəki vəziyyətin
nizamlanması üzrə daha rahat platforma kimi tanınır.
Tam məsuliyyətlə
bəyan edirəm: biz bundan sonra da Belarusun paytaxtında
müxtəlif formatlarda, müxtəlif səviyyələrdə
istənilən münaqişə tərəflərinin
barışığı üzrə görüşlərin
keçirilməsini təmin etməyə hazırıq. Bu şərtlə ki, münaqişə tərəfləri
bizdən müvafiq xahişi etsinlər.
Bu, Dağlıq Qarabağ probleminə də aiddir. Sizə açıq şəkildə
deyirəm: belaruslular Donbassdakı hadisələrə laqeyd
qalmadıqları kimi, Qarabağdakı hadisələrə də
ürək ağrısı ilə yanaşırlar. Bu da təsadüfi deyil. Axı
biz hamımız – ukraynalılar, ruslar, belaruslular, azərbaycanlılar,
ermənilər və digər xalqların nümayəndələri
– böyük bir dövlətin tərkibindən, Sovet
İttifaqı adlı mehriban ailədən
çıxmışıq. Buna görə
də biz harada olmasından asılı olmayaraq, sülhün,
normal həyatın və əmin-amanlığın bərqərar
olması üçün əlimizdən gələni edəcəyik.
Dağlıq
Qarabağla bağlı mövqeyimiz dəyişməz olaraq
qalır: problem yalnız danışıqlar masası
arxasında və beynəlxalq hüquq prinsiplərinə
uyğun olaraq həll oluna bilər. ATƏT-in
Minsk qrupunun üzvü olaraq Belarus tərəflərə bu
münaqişənin sülh yolu ilə həll olunmasında
lazımi yardımı göstərməyə
hazırdır. Biz bu mövqedən
çıxış edirik ki, insanlar üçün öz
doğma torpaqlarında sülh və əmin-amanlıqdan daha
qiymətli bir şey yoxdur.
Azərbaycan.- 2016.- 26 noyabr.- S. 4.