Azərbaycan
yazıçılarının kitabları Batumi
Dövlət Universitetinə təqdim olunub
Azərbaycan yazıçılarının gürcü dilinə tərcümə olunmuş kitabları Şota Rustaveli adına Batumi Dövlət Universitetinə təqdim olunub. Ölkəmizin Batumidəki baş konsulluğunun dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və gürcü xalqlarının qədim dostluq əlaqələrindən, oxşar mədəniyyətindən, elm və təhsil sahəsində yaranmış münasibətlərdən söz açılıb.
Universitetin rektoru, professor Merab Xalvaşi rəhbərlik etdiyi ali təhsil ocağında Heydər Əliyev guşəsinin yaradıldığını, Naxçıvan Muxtar Respublikasındakı universitetlərlə yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb. Bildirib ki, bu kitablar Heydər Əliyev guşəsinə təqdim olunacaq.
Tərcüməçi jurnalist Nəriman Əliyev bildirib ki, Azərbaycan və gürcü yazıçılarının əsərlərinin, xalq bayatı və nağıllarının qarşılıqlı olaraq tərcümə olunması, hər iki ölkənin ali və orta ixtisas məktəblərində təbliğ edilməsi mədəni əlaqələrimizin inkişafına təkan verəcək.
Qeyd edək ki, universitetə Nəriman
Əliyevin tərcümə etdiyi çağdaş gürcü
ədəbiyyatından seçmələr, “Bir
pyes, on yeddi hekayə”, “Varlıq” Mədəniyyət
Mərkəzinin tərcümə və nəşr etdirdiyi “Uşaq hekayələri
və nağılları”, “Koroğlu eposu”, “Min bir
Azərbaycan bayatıları”, “Müasir
Azərbaycan Poeziyası” və Əjdər Olun
“Səhra komandirinin meymunu”
kitabları hədiyyə olunub.
Azərbaycan.- 2016.- 26 noyabr.- S. 6.