Azərbaycanda
dayanıqlı və şaxələndirilmiş iqtisadiyyat inkişaf edir
Qlobal məqsəd və hədəflərə
uyğun milli prioritetlər
müəyyənləşib
Qlobal böhran dövrünün çağırışlarına adekvat cavab verən çevik islahatların aparılması iqtisadi dayanıqlığın təmin olunmasına şərait yaradıb. Ölkə rəhbərliyi tərəfindən vaxtında qəbul edilən qərarlar sayəsində Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında böhran vəziyyətindən ən az itkilərlə çıxan respublikadır. Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlığının təmin olunmasında ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti var.
İqtisadi inkişafın əsas hədəfi, rəqabətqabiliyyətliyin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiya yolu ilə uzunmüddətli perspektivdə ölkədə sosial-iqtisadi inkişafın davamlığını təmin etməkdir. Prezident İlham Əliyev son illər imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirib. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun potensialından tam və səmərəli istifadə, onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.
Ümumdünya İqtisadi Forumu Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Azərbaycan BMT-nin üzvü olan dövlətlərin Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə də qoşulub. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.
Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı fərman imzalaması da həmin məqsəddən irəli gəlir. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyənləşdirməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.
Bu gün qarşıda duran ümdə vəzifələrdən biri ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir. Bu məqsədlə “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin bir hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi və ixracyönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiqi məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi istiqamətində işlər aparılır. Bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verilib ki, həmin vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına həyata keçirilib. Kreditlərin 74 faizi regionların payına düşür. Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə 18 yanvar 2016-cı il tarixində “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Azərbaycan məhsullarının yeni bazarlara çıxış imkanlarını genişləndirmək üçün Aktau şəhərində logistika mərkəzi artıq sahibkarların istifadəsinə verilmişdir. Növbəti belə mərkəzin Rusiya Federasiyasının Yekaterinburq şəhərində inşası nəzərdə tutulur. İxrac-idxal əməliyyatları zamanı elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün beynəlxalq təcrübədə mövcud buraxılış sisteminin tətbiqi istiqamətində uğurlu işlər həyata keçirilir. Dövlət başçısının 21 may 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” artıq tətbiq olunur. Bu, gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsinə, məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişafına imkan verməklə qeyri-neft ixracının artmasına, xarici ticarətin coğrafiyasının genişlənməsinə, Azərbaycan məhsullarının yeni bazarlara çıxarılmasına geniş imkanlar yaradır. Həyata keçirilən tədbirlər ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə, iqtisadiyyatın ixrac və rəqabətqabiliyyətliyinin, idxalı əvəz edən məhsul istehsalının, məşğulluğun səviyyəsinin artırılmasına və sənaye sahələrinin şaxələndirilməsinə xidmət edir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar istisna olmaqla, sahibkarlıq sahəsində aparılan digər yoxlamalar 2 il müddətinə dayandırılıb. Sahibkarlığın inkişafı, bu istiqamətdə əlverişli şəraitin yaradılması məqsədilə ölkə başçısının müvafiq fərmanlarına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyədək verilmiş və qüvvədə olan lisenziyalar müddətsiz elan olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir. Eyni zamanda bu ilin martında “Lisenziyalar və icazələr haqqında” qanun qəbul edilmişdir ki, həmin qanuna əsasən sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilib.
Azərbaycan bu gün qeyri-neft
sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkəmizdə qeyri-neft sektorunun
inkişafı, sənaye
müəssisələrinin yaradılması, Azərbaycanın
xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına,
münbit turizm məkanına çevrilməsi
üçün bütün
imkanlar səfərbərliyə
alınmışdır. Xüsusən də regionların
sosial-iqtisadi inkişafı
tədbirlərinin genişlənməsi
ölkəmizin sənaye
potensialının gücləndirilməsi
zərurətini də
ön plana çıxarmış və
bu istiqamətdə müəyyən addımlar
atılmışdır. Hazırda Sumqayıt kimya sənaye, Balaxanı, Mingəçevir
və Qaradağ sənaye parklarında, Pirallahı və Mingəçevir yüksək
texnologiyalar parklarında,
Neftçala Sənaye
Məhəlləsində müvafiq
işlərin görülməsi
davam etdirilir. Yerli potensial nəzərə alınmaqla digər regionlarda da sənaye parkları və məhəllələrinin
yaradılması imkanları
araşdırılır.
Ölkədə sahibkarlıq fəaliyyətinə
geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun
yeniləşdirilməsi, regionların
tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin
həyata keçirilməsinin
mümkünsüzlüyünü özünəməxsus rasional
yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev özəl sektorun inkişafına xüsusi diqqət yetirir. Sahibkarlığın inkişafına diqqət göstərilməsi, iş adamlarının
beynəlxalq bazarlara çıxması üçün
əlverişli imkanların
yaradılması aparılan
siyasətin məqsədyönlüyündən
xəbər verir. Əlverişli biznes mühitinin
yaradılması istiqamətində
ölkəmizdə həyata
keçirilən tədbirlər
beynəlxalq maliyyə
qurumları tərəfindən
də təqdir edilir.
Dünya Bankı bu günlərdə
biznesin qeydiyyatdan keçirilməsinin sadə
olmasını, kreditlərin
əlverişliyini və
digər bir sıra amilləri nəzərə alaraq sahibkarlıq üçün
planetin ən yaxşı və pis ölkələrinin reytinq siyahısını
tərtib edib. “Business
Insider” portalı biznesə
başlamaq və onu inkişaf etdirməyin çox asan olduğu 17 ölkədən ibarət
siyahını dərc
edib. Sorğuda 139 ölkədən 130 min şirkət iştirak edib.
Məlumatda bildirilir ki,
0-dan başlayaraq biznes
qurmaq həmişə
çətin olub, lakin dünyada elə yerlər və ölkələr var ki, orada
şirkət yaratmaq digərləri ilə müqayisədə asandır:
“Azərbaycanda şirkətin
qurulması zamanı sizin, çox güman ki, onu kommunal şəbəkələrə
qoşmaqla bağlı
probleminiz yaranmayacaq”.
İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına
yönəldilməsi, ölkədə
əlverişli sahibkarlıq
və biznes mühitinin formalaşdırılması
kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri
sırasında xüsusi
vurğulanmalıdır. Qeyri-neft sektorunun
ümumi daxili məhsuldakı çəkisinin
artırılması, regionların
tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin
açılması, işsizlik
probleminin aradan qaldırılması, əhalinin
sosial rifahının gücləndirilməsi istiqamətində
mühüm addımlar
atılır. Azərbaycanda yerli və xarici
sahibkarların qüdrətli
hamisinə çevrilmiş
dövlət başçısının
həyata keçirdiyi
məqsədyönlü siyasət
hesabına ölkəmizdə
özəl sektor yeni inkişaf dönəminə qədəm
qoyub. Sahibkarlığın inkişafına diqqətin
daha da artırılması
növbəti ildə
də mühüm nəticələrin əldə
olunacağına əminlik
yaradır.
Elnur HACALIYEV,
Azərbaycan.- 2016.- 27 noyabr.- S. 1.