“Qaval daşı”ndan başlanan tarix

 

Qədim musiqi alətləri Azərbaycan mədəniyyətinin zənginliyini göstərir

 

Azərbaycanın xalq musiqi alətlərinin çox qədim və zəngin tarixi var. Xalqımıza məxsus hər bir alət özündə tarixin silinməz izini saxlayır. Azərbaycan ərazisində ən qədim zamanlarda musiqi alətləri mövcud olub. Qobustandakı “Qaval daşı”, Mingəçevirdə tapılmış balabana oxşar musiqi aləti bunu bir daha təsdiq edir.

Qobustandakı qayanı əl və yaxud hər hansı bir cisimlə döyəclədikdə qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qaya parçası əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunduğundan bu günümüzə “Qaval daşı” adı ilə gəlib çatmışdır.

Qədim musiqi alətləri haqqında məlumatlar Azərbaycan klassiklərinin əsərlərində, ədəbiyyatda, xalq dastanlarında, eləcə də musiqişünasların əsərlərində cəmləşib. Nizaminin, Füzulinin, Nəsiminin, Xaqaninin poemalarında, qəzəllərində xalq çalğı alətlərinin adları çəkilib, miniatür rəssamların əsərlərində isə təsvirləri verilib. Sonrakı dövrlərdə onların bəziləri tədricən sıradan çıxmış, digərləri isə təkmilləşərək daha geniş yayılmışdır. Şübhə yoxdur ki, müasir dövrdə bəzi qədim xalq musiqi alətləri artıq sıradan çıxıb, bəziləri isə yox olmaq üzrədir. Amma sevindirici haldır ki, həmin qədim alətlərin əsasında yeni milli çalğı alətləri yaranmaqdadır. Bunlar hansılardır və necə yaranır?

Bu suala cavab tapmaq üçün Milli Konservatoriyanın Azərbaycan Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi Elmi-tədqiqat Laboratoriyasında olduq. Əvvəlcə onu deyək ki, xalq musiqi alətləri səsləndirmə və quruluşuna görə simli, nəfəsli və zərb alətlərinə bölünür. Bu laboratoriyada da musiqi alətlərinin hər üç növü üzrə bərpa və təkmilləşdirmə işləri aparılır. Eyni zamanda qədim musiqi alətlərinin tarixi tədqiq olunur, öyrənilir, onların ölçüləri, materialların növü, hazırlanma və quraşdırılma texnologiyası araşdırılır.

 

Milli musiqi alətlərinin standart ölçülərini əks etdirən kitab hazırlanır

 

Laboratoriyanın rəhbəri Məmmədəli Məmmədovun otağının divar və döşəməsində başdan-ayağa milli musiqi alətləri sərgilənir. Buranı kiçik muzey də adlandırmaq olar. Hər biri tarixi əsər sayılan bu alətlərin hamısı Məmmədəli müəllimin ölçü-biçisindən və barmaqlarından keçib. Gəlişimizin məqsədini bilər-bilməz “Azərbaycan milli musiqi alətləri bu gün ibtidai icma dövrünü yaşayır” - deyə sözə başladı. Açığı bu sözlər bizə bir az təəccüblü gəldi. Amma bir azdan laboratoriya rəhbərinin bu ifadəsi ilə razılaşmalı olduq. Çünki musiqi alətlərimiz nə qədər zəngin və qədim olsa da, çatışmayan cəhətlər bir o qədər də çoxdur.

M.Məmmədov durumu belə izah etdi: “Azərbaycan tarı, sazı, kamançası bu gün ölkədə populyar olan milli musiqi alətləridir. Amma mənə iki və ya üç ədəd elə bir tar gətirsinlər ki, onların bütün ölçü sistemləri üst-üstə düşsün. Yəni çanaq uzunluğunun qola olan nisbət əmsalı, çanaq uzunluğunun böyük çanağa olan nisbət əmsalı, çanaq uzunluğunun kiçik çanağa olan nisbət əmsalı, çanaq uzunluğunun böyük çanağın ağız eninə və korpus eninə olan nisbəti bərabər olsun. Mümkün deyil, çünki bunun standartı hələ ki, yoxdur. Hər bir ustanın qarşısında özünə məxsus bir şablonu var və onlar bu şablonla hərəkət edirlər. Amma hazırda Konservatoriyanın rektoru Siyavuş Kəriminin və mənim müəllifliyim ilə Azərbaycan milli musiqi alətlərinin elmi əsaslarla təkmilləşdirilməsi kitabı hazırlanmaqdadır, yaxın günlərdə işıq üzü görəcək. Musiqi alətlərimizi təkmilləşdirmək üçün hansı elmi əsaslara söykənməliyik, onların ölçü sistemləri və digər vacib məsələlər kitabda əks olunub. Bu kitab akustika elminə, həndəsə, fizika və sapramat elmlərinə əsaslanaraq Azərbaycan musiqi alətlərinin təkmilləşdirilməsinədə çox önəmli iş sayılır. Kitabda musiqi alətlərinin menzura ölçüləri, əmsallaşdırma siyasəti və alətin hissələrinin adları verilir. Həndəsədə çevrənin uzunluğunun əmsalı P=3.14-dür. Çevrənin diametri nə qədər olursa-olsun P-nin qiyməti sabitdir. Bu mənada, çanaq uzunluğunun böyük çanağa olan, çanaq uzunluğunun qola olan nisbət əmsalını tapırıq və bu əmsalları yerinə qoyaraq tarın proporsional qaydada böyüməsini və kiçilməsini əldə etmiş oluruq. Bu, sistem nəinki tarda, həmçinin kamançada, sazda və digər musiqi alətlərində tətbiq edilir. Beləliklə, kitabda musiqi alətlərinin standart şəklini, ölçü sistemini və layihəsini veririk”.

Mütəxəssis bundan əvvəlki kitablarda belə sistemli, musiqi alətlərinin fəlsəfəsini açan heç bir faktın olmadığını dedi. Bu vəsaitlərdə yalnız nəzəri məlumatlarla kifayətlənib ki, bu da yetərli deyil. Sevindirici hallardan biri də odur ki, artıq təkmilləşdirilmiş Azərbaycan Xalq Çalğı Alətləri Orkestri yaradılır. Əminliklə deyə bilərik ki, Simfonik orkestrlə çiyin-çiyinə dayana bilən yeni bir Azərbaycan xalq çalğı alətləri orkestri də olacaq. Məmmədəli müəllim bunu Azərbaycan musiqi tarixində böyük bir inqilab kimi qiymətləndirir: “Bu gün ola bilsin ki, həmin inqilabi prosesin başlanğıcıdır. Gözlənilir ki, bu iş ilin axırında və ya bir az gec tamamlansın. İstənilən səs effektinin müəyyənləşməsi, nə qədər musiqi alətinin iştirak etməsi, səs diapazonu və digər nəticələr əldə etdikdən sonra orkestr tamamən qurulacaq. Xalq çalğı alətləri orkestri tam yaradıldıqdan sonra qədim musiqi alətlərinin hər biri mütəşəkkil qaydada qrupda yer alacaq və möhtəşəm bir səs effekti alınacaq. Artıq kontur tar, bass tar, kontur kamança (kontrabası əvəz edir), bass kamança (violanı əvəz edir) kimi yeni alətlərimiz işə düşəcək”.

 

“Sevgililər”ə çevrilən ud

 

Laboratoriyanın rəhbəri digər maraqlı məqama da toxundu: “Mağazada satılan bir ət maşınında onun təyinatı, buraxılış ili, yeri və ya iş strukturu üzərində yazılır. Yəni adi bir ət maşınının belə pasportu var. Azərbaycan xalqının şah əsəri olan tarın isə pasportu yoxdur. Bu, ürək ağrıdan məsələdir. Bu gün Avropanın, Rusiyanın, hətta Özbəkistanın 7 oktavada xalq çalğı orkestri var. İstəyirik ki, “Sarı gəlin”i bütün registrlərdə xalq alətlərində dinləyək. Bizim xalq mahnılarının hər biri bir əsərdir. Fikirləşin, bunlar böyük diapazonlu xalq çalğı alətləri orkestrində necə səslənər”.

“İbtidai icma dövrü” ifadəsi yavaş-yavaş yerinə düşürdü. Təbii ki, bunu bütünlüklə musiqi alətləri tariximizə şamil etmək olmaz. Çünki Azərbaycan xalq çalğı alətləri bir dünyadır. Bu dünyanı elə bu balca “muzey”dəcə görmək, duymaq mümkündür. Burada qədim misiqi alətləri əsasında təkmilləşdirilmiş, yaxud yeni yaradılmış onlarla musiqi aləti növü mövcuddur. “Uşaq tarı”ndan tutmuş “Kontrabas” tar, “Elektro tar”dan tutmuş “Kontur tar”, “Bas kamança”dan tutmuş “Bəm kamança”yadək, eləcə də sazın müxtəlif növləri laboratoriyanın məhsullarındandır. Burada “Yaylı qopuz”, təkmilləşmiş “Çəng”, “Yaylı rübab”, təkmilləşmiş “Zil-bəm kaman”, “Dəf kaman”, “Qarabağ kamanı”, “İki kameralı kamança”, “Santur”, “Ay-ulduz”, “Dördkünc tenor balaban”, “Üç oktavalı xromatik qanun”, “İki oktavalı dəmir lövhəli zərb aləti”, “Meydan nağara” “Dəmir korpuslu davul”, eləcə də hərbi orkestr üçün nəzərdə tutulmuş “Dördkünc davul” kimi təkmilləşdirilmiş və ya yeni növlər xüsusi diqqət çəkir.

Bu alətlərin 18-nə artıq Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən patent verilib. Patenləşdirilən alətlərin içərisində xüsusilə seçilən “Sevgililər” adlı qoşa qol udun maraqlı fəlsəfəsi var. Məmmədəli müəllimin yeni ixtiralarından olan bu alət Azərbaycan milli musiqi alətlərinə olan böyük bir sevginin təcəssümüdür. İki qoldan ibarət olan udun bir qolu zil, digər qolu bəmdir. Həmçinin onlardan biri qadın, digəri kişidir. Çünki qadınlar hər zaman zil, kişilər isə bəm səslə danışır. Bu iki cavan sevgililər sanki dırnaqlarının üstündə rəqs edirlər. Onların bir ağzı var, yəni sözləri birdir. İki gözləri var, yəni baxışları da eynidir. İnsanda iki məhsuldar hissə var, biri beyin, baş hissə, ikincisi isə qurşaqdan aşağı, məhsuldar hissədir. Bu alətdə həmin hissələr çox aydın şəkildə əks olunur. Bu mənada onun adı sevgililər (qoşa qol ud) adlanır.

 

Pianonun əcdadı santurdur

 

Adıçəkilən musiqi alətləri yaradılarkən əsasən onların səs diapazonuna xüsusi diqqət yetirilib. Çünki insanların professionallığı artdıqca onlar daha böyük səs diapazonuna malik musiqi alətlərini əldə etmək istəyiblər. Bu baxımdan bütün səs diapozonlarını özündə birləşdirən pianonun yaranması maraqlıdır. Sən demə, əslində, bu alətin əcdadı santurdur.

Həmsöhbətimiz M.Məmmədov məsələni belə izah etdi: “Santurun simlərini çubuqla döydükdə mükəmməl bir səs alınır. Avropalılar həmin santuru təkmilləşdirərək mükəmməl bir iş gördülər. Santur 3 oktavadan ibarətdir, hər oktavada 12 səs olsa, 3 oktavada 36 ədəd dörd-dörd sim var. Amma bunların hamısını döyən iki çubuqdur. Pianoya baxanda aşağı, orta və böyük registrləri görmək mümkündür. Avropalı piano üçün orta registr 3 oktava, kiçik registr 2 oktava üç səs, böyük registr üçün isə 2 oktava yarım tətbiq etdi. Bunları ümumilikdə bir çanağın içərisinə yığdı və hər bir nota, hər bir səsə bir ədəd dil (çubuq) qoydu. Beləliklə, daha möhtəşəm, professional ifaçılar və orkestrlər üçün piano yaratdılar. Bu mənada bizim laboratoriyada da diapazonu artırmaq üçün çox ciddi işlər görülür”.

Sonra laboratoriyanın emalatxanasına baş çəkdik. Məmmədəli usta müxtəlif alətlər üzərində öz köməkçisi ilə məhz burada işləyir. Emalatxananın divarlarında bir-birindən fərqli maketlər asılmışdı. Burada eyni zamanda müxtəlif dəri növlərinə də rastlaşmaq olar. İş prosesini bir az müşahidə etdikdən sonra onlara uğurlar arzuladıq.

Laboratoriyadan ayrılarkən bir daha yəqin etdik ki, musiqi alətləri xalqın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir. Unudulmuş abidələri bərpa etmək, yenidən həyata qaytarmaq, onları həm tarixi, həm ifa məziyyətləri baxımından tədqiq etmək mənəviyyatımızı və mədəniyyətimizi zənginləşdirmək üçün çox vacibdir.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2016.- 27 noyabr.- S. 4.