Beynəlxalq təşkilatlarda
Azərbaycan və Belarus həmişə
bir-birini dəstəkləyir və bundan sonra da
dəstəkləyəcək
Noyabrın
28-də təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti
Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə
görüşü olub.
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
-Hörmətli Aleksandr Qriqoryeviç.
Hörmətli qonaqlar.
Sizi Azərbaycanda
bir daha ürəkdən salamlayıram.
Bu gün biz ikitərəfli
gündəliyin bir sıra mühüm məsələləri - regional problemlər, regional təhlükəsizliklə,
əməkdaşlıqla bağlı
məsələlər barədə
fikir mübadiləsi apardıq. İndi biz diskussiyaları geniş tərkibdə davam etdirəcəyik.
Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlamaq istərdim. Sizin səfəriniz, böyük
nümayəndə heyəti
ilə ölkəmizə
gəlməyiniz bizi çox sevindirir. Əminəm
ki, nümayəndə
heyətinin üzvləri
də öz istiqamətləri üzrə
işləmək imkanına
malik olacaqlar. Çünki bu gün bu masa arxasında
bir sıra nazirliklərin, şirkətlərin,
idarələrin rəhbərləri
təmsil olunub. Onların öz aralarında münasibətləri var və əməkdaşlıq
potensialını artırmaq
niyyətindədirlər.
Ölkələrimiz arasında çox yaxın, etimada əsaslanan münasibətlər
formalaşıb. Biz həmişə
bir-birimizi dəstəkləyirik,
bizi maraqlandıran, narahat edən məsələləri səmimi
müzakirə edirik.
Biz bir-birimizi, necə deyərlər, dəfələrlə sınamışıq.
Biz bir-birimiz, həmçinin bütün
ölkələr üçün
də etibarlı tərəfdaşlarıq. Zənnimcə, bu da Belarusu və Azərbaycanı yaxınlaşdırır.
Çünki ölkələrimiz prinsipial siyasətə və sağlam münasibətlərə görə
beynəlxalq aləmdə
haqlı olaraq nüfuz qazanıblar.
Əlbəttə, münasibətlərimizin böyük bir bloku iqtisadi məsələlərlə bağlıdır. Münasibətlərin formalaşması, xüsusən Azərbaycanda yaradılmış birgə istehsalatlar bizi sevindirir. Lakin qarşılıqlı ticarətin səviyyəsi, əlbəttə, bizi sevindirə bilməz. Bu gün biz əməkdaşlığın diapazonunu, nomenklaturunu necə genişləndirmək, əmtəə dövriyyəsini necə artırmaq barədə Sizinlə fikir mübadiləsi apardıq. Bunun üçün çox yaxşı potensial var. Biz işi düzgün təşkil etməklə çox qısa müddətdə qarşılıqlı ixracı artıra bilərik. Biz həm də hərbi-texniki komplekslə bağlı məsələlərdə əməkdaşlıq edirik, burada da çox yaxşı təcrübə, nəticələr və gələcək planlar var.
Beynəlxalq təşkilatlarda biz həmişə bir-birimizi dəstəkləyirik və əminəm ki, bundan sonra da dəstəkləyəcəyik. Belarusun timsalında bizim çox etibarlı tərəfdaşımız və dostumuz var. Sizin uğurlarınıza həmişə sevinirik, Sizi görməyə həmişə şadıq.
Mən bu görüşə
hazırlaşarkən bir qədər
tarixə nəzər saldım və gördüm
ki, bu Sizin
ölkəmizə dördüncü rəsmi
səfərinizdir. Mən də Belarusda dörd dəfə rəsmi səfərdə olmuşam, əlbəttə, işgüzar
səfərləri saymasaq. Bu, özü bir göstəricidir və çox
şeydən xəbər verir. Hər görüşümüz bizim
münasibətlərə yeni təkan verir. Əminəm ki, Sizin budəfəki səfəriniz də səmərəli
olacaq və imzalanacaq
sənədlər, əldə edəcəyimiz
razılaşmalar praktikada
reallaşacaqdır. Bir daha xoş gəlmisiniz.
X X
X
Belarus Prezidenti Aleksandr
LUKAŞENKO dedi:
- İlham Heydər oğlu, dəvətə və indicə dediyiniz sözlərə görə çox sağ olun. Mən artıq Sizi cəsarətli
siyasi qərarlarınız münasibətilə
təbrik etmişəm. Sizin Azərbaycan
xalqından aldığınız dəstəyə hər kəs
qibtə edə bilər. Sizə afərin deyirəm. Bu mürəkkəb dövrdə ölkənizdə
bu cür birlik nümayiş etdirirsiniz. Bu, bizim üçün də
yaxşıdır. Çünki sənin
dostların həmrəy olanda, onlar sıx birləşməyi, istənilən
anda, ən mürəkkəb vaxtlarda toplaşmağı bacaranda
sənin bu cür
dostlarının olması yaxşıdır. Odur
ki, Sizi bu münasibətlə, Azərbaycanda gördüyünüz işlərə
görə bir daha təbrik
etmək istəyirəm.
Azərbaycan.- 2016.- 29 noyabr.- S. 2.