Böyük Britaniya Azərbaycanla
tərəfdaşlığın miqyasını genişləndirmək
niyyətindədir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş nazirinin Azərbaycan üzrə
ticarət elçisi Baronessa Nikolsonun başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə
ticarət elçisi Baronessa Nikolson ilə sonuncu
görüşünü məmnunluqla xatırladı.
Ölkələrimiz arasında əməkdaşlığın
genişləndiyini razılıqla qeyd edən Prezident
İlham Əliyev iqtisadi əməkdaşlığımızın
enerji sektorundan tutmuş iqtisadiyyatın digər müxtəlif
sahələrinədək şaxələndirilməsinin
önəmini vurğuladı. İqtisadiyyatın şaxələndirilməsini
ölkəmizin əsas məqsədlərindən biri kimi dəyərləndirən
dövlətimizin başçısı xüsusilə neftin
qiyməti ilə bağlı yaranmış vəziyyətlə
əlaqədar bunun mühüm əhəmiyyət
daşıdığını bildirdi. Prezident İlham
Əliyev gələcəkdə dayanıqlı inkişafa
yardım edə biləcək sahələrdə ənənəvi
tərəfdaşlarımızla daha möhkəm əlaqələrin
qurulmasının önəmini qeyd etdi.
Böyük
Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət
elçisi Baronessa Nikolson öz növbəsində Prezident
İlham Əliyev ilə son görüşünün
uğurlu keçdiyini vurğuladı. Azərbaycan ilə əməkdaşlığa
toxunan qonaq ölkəmizin müvafiq maliyyə qurumları, o
cümlədən bankları və fond birjası ilə əlaqələrin
qurulduğunu məmnunluqla qeyd edərək, London Fond
Birjasının Azərbaycan ilə tam tərəfdaşlıq
əlaqələrinin qurulmasında maraqlı olduğunu
bildirdi. Baronessa Nikolson gələn ilin yazında Londonda Azərbaycanın
maliyyə strukturları ilə birgə konfransın
keçirilməsini təklif edərək, dövlətimizin
başçısının orada iştirakının əhəmiyyətli
ola biləcəyini dedi. Dünya şöhrətli memar Zaha
Hadidin ölkəmizdə həyata keçirdiyi layihənin
uğurlu olduğunu məmnunluqla xatırlayan qonaq gələcəkdə
digər layihələrlə bağlı bu əməkdaşlığın
davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan.- 2016.- 29 noyabr.- S. 4.