Azərbaycanın məqsədi
İKT sektorunda qabaqcıl yer tutmaqdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də
CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanserin rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC
xəbər verir ki, CISCO şirkətinin prezidenti Con
Çembers ilə Bakıda və Davosda keçirdiyi
görüşləri məmnunluqla xatırlayan dövlətimizin
başçısı bu şirkətin ölkəmizdə fəal
işləməsinin önəmini vurğuladı və Azərbaycanda
həyata keçirdikləri fəaliyyəti yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı ölkəmizin
inkişaf etdiyini, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin
keçirildiyini qeyd edərək, CISCO şirkəti ilə
reallaşdırılan uzunmüddətli əməkdaşlığın
davam etdirilməsinin zəruriliyini vurğuladı. Prezident
İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları
sektorunun ölkə iqtisadiyyatının həmişə
prioritet sahələrindən biri olduğunu diqqətə
çatdıraraq, bu sahədə yaxşı nəticələr
əldə edildiyini dedi və bildirdi ki, məqsədimiz bu
sektorda regionda qabaqcıl yer tutmaqdır.
CISCO
şirkətinin baş vitse-prezidenti Maykl Qanser XXII Bakutel sərgisində
iştirak etmək üçün ölkəmizə səfərə
gəldiyini bildirərək, təmsil etdiyi şirkətin Azərbaycan
nümayəndəliyinin fəaliyyət göstərdiyini məmnunluqla
qeyd etdi. Maykl Qanser tərəfdaşlıq əlaqələrinə
verdiyi dəstəyə görə Prezident İlham Əliyevə
minnətdarlığını bildirdi. O, Bakıda
keçirilmiş birinci Avropa Oyunları və “Formula-1”
yarışları, eləcə də ölkəmizin
müvafiq qurumları ilə bəzi nüfuzlu layihələrdə
uğurla iştirak etdiklərini, o cümlədən Qafqaz
regionunda ilk Tier-III səviyyəli data mərkəzin Azərbaycanda
tikintisi ilə bağlı avadanlıq, proqram təminatı,
texniki həll yolları məsələlərinin CISCO
şirkətinə də həvalə olunmasını məmnunluqla
qeyd etdi.
CISCO
şirkətinin baş vitse-prezidenti Maykl Qanser
iqtisadiyyatların, sənaye sahələrinin rəqəmsal
sistemə keçdiyini vurğulayaraq, bu baxımdan ölkəmizin
həmin sahədə əldə etdiyi nəticələrin
onda dərin təəssürat yaratdığını dedi.
Azərbaycan.- 2016.- 29 noyabr.- S. 4.