Uğurlu diplomatiya real nəticələr
verir
Rəsmi Bakı
işğalçı Ermənistan üzərində hərbi-siyasi,
psixoloji üstünlüyünü davamlı nümayiş
etdirir
Dünyada baş verən
mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi
Qafqazdakı münaqişə ocaqlarının
söndürülməmiş qalması da ümumi siyasi mənzərəyə
mənfi təsir göstərir. Münaqişənin həlli
məsələsinin regional müstəvidən
çıxaraq beynəlxalq səciyyə daşıması
da məhz bu amillə şərtlənir. Ermənistanın
dünya miqyasında təcavüzkar dövlət kimi
tanınmasına nail olmaq və Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək dövlət
başçısı İlham Əliyevin xarici siyasətinin
prioritet məqsədləri sırasında xüsusi
vurğulana bilər.
İşğalçı
Ermənistanı destruktiv mövqedən çıxış
etməyə şirnikləndirən başlıca səbəblərdən
biri məhz danışıqlarda vasitəçilik edən
ATƏT-in Minsk qrupu həmsədrlərinin təcavüzkar
dövlətə təsir göstərmək
üçün zəruri təzyiq vasitələrindən
istifadə etməməsidir. Ermənistan 2014-cü il Paris danışıqlarından sonra
ATƏT-in Minsk qrupu çərçivəsində davam
etdirilən sülh müzakirələrini pozub, hər dəfə
danışıqlarda irəliləyişə ümid yarananda
cəbhə xəttində təxribatlara əl atıb. Almaniya federal kanslerinin təşəbbüsü ilə
cari ilin fevral ayında Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı
aparılmış müzakirələrdən sonra da aprelin əvvəllərində
Ermənistan yenidən təxribat törətdi.
Cari il aprelin əvvəllərində
cəbhə bölgəsində dördgünlük
müharibənin ermənilər üçün
sarsıdıcı nəticələri rəsmi Bakının
son illər faktiki dalana dirənmiş danışıqlar
prosesindəki hərbi-siyasi, psixoloji mövqeyinin təmin edilməsi,
ATƏT-in Minsk qrupu həmsədrlərinin, habelə
dünyanın əsas güc mərkəzlərinin
münaqişə ilə bağlı səylərinin gücləndirilməsi
baxımından əhəmiyyətli sayıla bilər. Azərbaycan
qısamüddətli hərbi əməliyyatlarda
qazandığı real zəfərlərlə münaqişənin
həllini süni şəkildə uzatmaq yolu tutmuş
qüvvələrə ciddi və sərt mesaj verdi:
danışıqlar prosesi sonsuz və mənasız şəkildə
uzadıla bilməz və Azərbaycan beynəlxalq hüquq
normalarına söykənərək ən qısa müddətdə
öz torpaqlarını azad etmək, ərazi
bütövlüyünü və suverenliyini təmin etmək
əzmindədir.
Tarixi təcrübə təsdiqləyir
ki, hər bir münaqişə son nəticədə
danışıqlar masası arxasında, sülh yolu ilə həllini
tapmalıdır. Ancaq bu yanaşmanın özü də
şərtidir. Heç bir danışıq prosesi
müddətsiz, nəticəsiz ola bilməz.
Hər bir danışıqlar prosesində
qarşılıqlı güzəştlər də beynəlxalq
hüquqla müəyyən olunur. Təcavüzkarla
təcavüzə məruz qalan dövlətdən eyni dərəcədə
güzəşt tələb etmək isə beynəlxalq
hüquq normalarını ayaq altına atmaqdır. Həmsədrlərin indiyə qədər
münaqişə tərəflərinə “Ermənistan və
Azərbaycan rəhbərliyi öz aralarında dil tapsın,
istənilən razılaşmanı qəbul edəcəyik” təklifi
isə Azərbaycanı açıq-aşkar hərbi yola məcbur
etməkdir.
Təəssüf doğuran
haldır ki, sözdə münaqişənin tez bir zamanda həllini
arzulayan hegemon dövlətlər təcavüzkar Ermənistanı
BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 məlum
qətnamənin icrasına məcbur etmirlər. Lakin son hadisələr
göstərir ki, müasir dünyada ikili standartların nəticəsi
olan “dondurulmuş münaqişələr” həmin
aparıcı dövlətlərin öz maraqları
üçün də böyük təhdidlər doğurur.
Eyni zamanda, BMT-nin üzvü olan dövlətin ərazi
bütövlüyünün pozulmasına biganə münasibət
göstərmək, işğal faktının aradan
qaldırılması istiqamətində təxirəsalınmaz
tədbirlər görməmək ilk növbədə beynəlxalq
hüquqa qarşı da açıq qəsddir.
Azərbaycan öz qətiyyətli
addımları, uğurlu hərbi əməliyyatları ilə
ədalətsiz yanaşmaya üstünlük verənləri
bərk silkələdi. İndi ATƏT-in Minsk qrupu həmsədrləri
anlayırlar ki, Azərbaycanın iqtisadi cəhətdən
qüdrətlənməsi, hərbi büdcəsinin əhəmiyyətli
dərəcədə artması fonunda danışıqlar
prosesində dönüşün baş verməsi
qaçılmazdır.
Ölkəmiz hərbi əməliyyatlar
zamanı üstünlüyü və təşəbbüsü
ələ alaraq haqlı mövqeyini qətiyyətlə ortaya
qoydu. Ermənistan,
eləcə də ATƏT-in Minsk qrupunun üzvü olan
dövlətlər də başa düşdülər ki,
mövcud status-kvonun zamanı artıq bitib, vaxt uzatmaqla Azərbaycan
dövlətini işğal faktı ilə
barışmağa məcbur etmək mümkün deyil, bundan
sonra da münaqişə dondurulmuş vəziyyətdə
saxlana bilməz. Azərbaycan dövləti,
xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla
yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq
hüquq çərçivəsində güc yolu ilə həllinə
qadirdir. Aşkar göründü ki, tənzimləmə
prosesində beynəlxalq hüquq normalarına istinad
imkanları tamamilə daralan işğalçı dövlət,
ideoloji, siyasi, hüquqi, iqtisadi və hərbi müstəvilərdə
Azərbaycana məğlub olur.
Vyanada bir müddət əvvəl
Prezident İlham Əliyevin, Ermənistan prezidenti Serj
Sarkisyanın, ATƏT-in Minsk qrupu həmsədrlərinin
iştirakı ilə baş tutan görüşün
yekunları da bir sıra maraqlı nüansları üzə
çıxardı. Vyana görüşü göstərdi ki, Ermənistanın
ciddi səylərinə və müqavimətinə baxmayaraq,
Azərbaycan Ordusunun aprelin əvvəllərində 2 min hektar
ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən
qəbul olundu. Ən qısa zamanda düşmən
təxribatının qarşısının qətiyyətlə
alınması və müzəffər Azərbaycan Ordusunun
sürətlə irəliləməsi Ermənistan başda
olmaqla onun himayədarlarını da təşvişə
saldı. Azərbaycan Ordusunun aprel zəfəri
həm Ermənistanı danışıqlar masası ətrafına
oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistana
konstruktiv danışıqlar məcrasına qayıtması
üçün rəsmi İrəvana təzyiq göstərməyə
vadar etdi.
Azərbaycan
danışıqlar prosesində ədalətli, prinsipial və
beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş
etdirir. Bu dəyişməz mövqeyi Prezident İlham
Əliyev xarici ölkələrə səfərlərində,
eləcə də ölkəmizə gələn nüfuzlu beynəlxalq
təşkilatların və dövlətlərin rəhbərlərinin
diqqətinə dəfələrlə çatdırır.
Rəsmi Bakı istənilən beynəlxalq gərginlik
və münaqişənin ayrı-ayrı dövlətlərin
siyasi iddiaları, “ikili standartlar” əsasında deyil, məhz
aparıcı beynəlxalq təşkilatların qərar və
qətnamələri əsasında həllinin tərəfdarı
kimi çıxış edir. Azərbaycan
tərəfi dəfələrlə bəyan edib ki, sülh
danışıqlarına sadiqdir. Ancaq
işğalçı Ermənistan danışıqlar
prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ölkə rəhbərliyi birmənalı şəkildə
bildirib ki, sülh danışıqları nəticə verməzsə,
hərbi vasitələrlə işğal edilmiş
bütün torpaqlar azad olunacaq.
Ermənistan prezidenti Serj Sarkisyan bu
yaxınlarda “Sputnik” informasiya agentliyinə müsahibəsində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə
toxunaraq beynəlxalq hüquqa, BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələrinə, Helsinki
Yekun Aktına, digər beynəlxalq təşkilatların
müvafiq sənədlərinə zidd olan fikirlər səsləndirib.
Müsahibədə Ermənistan prezidenti yenə
də öz ampluasında qalaraq iddialarla və şikayətlərlə
çıxış etdi.
Ermənistan Azərbaycanın
ərazi bütövlüyünə və suverenliyinə
qarşı güc tətbiq edərək onun ərazilərinin
işğalını və törədilmiş etnik təmizləmənin
nəticələrini “öz müqəddəratını təyinetmə”
kimi təqdim etmək cəhdləri göstərir. Bu, sadəcə
olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar
siyasətini və ölkəmizin ərazilərinin
ilhaqını pərdələmək cəhdindən
başqa bir şey deyil. Xalqların öz
müqəddəratını təyin etməsi hüququnun
ifadəsi hər hansı dövlətin ərazi
bütövlüyü və ya siyasi müstəqilliyinə
qarşı fəaliyyətin həyata keçirilməsinə
imkan verən hal kimi təfsir oluna bilməz. Helsinki Yekun
Aktının 8-ci bəndində deyilir:
“İştirakçı dövlətlər xalqların bərabər
hüquqları və öz müqəddəratını təyin
etmək hüququna hörmət edərək bütün hallarda
BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və
beynəlxalq hüququn müvafiq normalarına, eləcə də
dövlətlərin ərazi bütövlüyünə
uyğun şəkildə fəaliyyət göstərəcəklər”.
Prezident İlham Əliyev
münaqişənin həlli ilə bağlı Azərbaycanın
prinsipial mövqeyini belə ifadə edib: “Biz münaqişənin
həllini necə görürük: əlbəttə, Azərbaycanın
ərazi bütövlüyü diskussiya mövzusu deyil və ola da bilməz. Biz Dağlıq
Qarabağa müstəqillik verilməsinə heç vaxt
razı olmayacağıq və erməni tərəfi bunu
çox gözəl bilir. Lakin ağlabatan kompromis
mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin
təmin edilməsi, Azərbaycan tərəfindən investisiya
layihələrinin həyata keçirilməsi, keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı
ərazilərin azad edilməsi şərti ilə iki xalq
arasında dinc qarşılıqlı fəaliyyət - biz
münaqişənin nizamlanmasını belə
görürük. Bu, bizim hazırda üzərində
işlədiyimiz və vasitəçilərin irəli
sürdüyü təkliflərlə həmahəngdir.
Lakin münaqişənin nəyə görə
nizamlanmamasının əsas səbəbi odur ki, Ermənistan
artıq 24 ildir, Minsk qrupu yaradıldığı andan
danışıqlar prosesinin azacıq da olsa irəliləməsinə
müxtəlif yollarla mane olur. Bizim
mövqeyimiz belədir ki, insanlar harada yaşayırdısa,
orada da yaşamalıdırlar.
Çünki onlar həmin yerlərdə
çoxdan yaşayırdılar - erməni əhalisi 200 il, azərbaycanlı əhali isə
çox-çox əvvəl. Lakin məsələ
hətta bunda da deyil. Məsələn,
Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi. Onların hamısı oradan qovulub. Onların evləri ya zəbt edilib, ya da
dağıdılıb. İndi onların
evlərində başqaları yaşayırlar. Buna son qoymaq lazımdır. Dağlıq
Qarabağın erməni əhalisi orada necə
yaşayırdısa, qoy yaşasın, biz bunun əleyhinə
deyilik. Bəs Ermənistan bu münaqişədən
nə qazanıb? Bəli, bir milyon azərbaycanlıya
əzab-əziyyət verilib. Lakin məgər
onlar özləri buna görə daha da xoşbəxt
olublarmı? Məgər orada vəziyyət
daha təhlükəsiz, daha firavan olub? Əlbəttə,
yox. Azərbaycanla münasibətlər
normallaşdırılmadan bu regionda inkişaf ola
bilməz, onlar daim müəyyən təzyiq altında
yaşayacaqlar, fikirləşəcəklər ki, birdən nə
isə ola bilər. Biz regionda sülh istəyirik
və bizim mövqeyimiz kifayət qədər konstruktivdir.
Lakin biz öz ərazilərimizi istəyirik.
Ermənistan sülh istəyir, amma o, özgə
ərazilərini qaytarmaq istəmir. Fərq,
bax, bundadır”.
Azərbaycan dövləti bu
gün hərbi quruculuq prosesində müəyyən dövlətlərin
və beynəlxalq təşkilatların mütərəqqi təcrübəsini
mənimsəyir. Xüsusi vurğulamaq lazımdır ki,
müdafiə məqsədilə ayrılan hərbi xərclərin
ildən-ilə artması, eləcə də ölkədə
hərbi təyinatlı məhsulların istehsalını həyata
keçirən sənaye müəssisələrinin
yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə
malikdir. Azərbaycan müxtəlif xarici
ölkələrdən müasir hərbi texnikalar alır,
ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini
həyata keçirir. Bu gün hər bir vətəndaş
əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident
İlham Əliyevin rəhbərliyi altında üzərinə
düşən məsuliyyətli missiyanın öhdəsindən
layiqincə gəlməyə, torpaqlarımızı
düşmən işğalından azad etməyə tam qadirdir.
Azərbaycanın artan
qüdrəti qarşısında işğalçı Ermənistan
son dərəcə dərin sosial-iqtisadi böhran
keçirir. Bölgədə gerçəkləşdirilən
bütün qlobal layihələrdən kənarda qalan Ermənistan
əhalisinin durumu olduqca acınacaqlıdır. Azərbaycan dövləti isə bütün sahələr
üzrə davamlı inkişaf edərək dünyanın
inkişaf etmiş ölkələri sırasına
qoşulmaqdadır. Azərbaycanın qüdrəti
qarşısında xaricdən gələn dilənçi
pulunun ümidinə qalan Ermənistanın uzun müddət
tab gətirəcəyi mümkünsüzdür.
Elnur HACALIYEV,
Azərbaycan.-
2016.- 30 noyabr.- S. 1. 6.