“Əmək” ordeni təsis edildi
Azərbaycanın inkişafına və
rifahının təmin olunmasına töhfə verən
şəxslər bu ordenlə təltif olunacaqlar
Noyabrın 29-da Milli Məclisin növbəti iclası
keçirildi.
İclasın gündəliyinə 37 qanun layihəsi
daxil idi. Layihələrin müzakirəsinə
keçməzdən əvvəl Milli Məclisin Sədri Oqtay
Əsədov cari məsələlərin müzakirəsi
üçün imkan yaratdı.
Deputatlardan
Qüdrət Həsənquliyev, Fazil Mustafa, Zahid Oruc, Fərəc
Quliyev, Asim Mollazadə, Qənirə Paşayeva, Fuad Muradov,
Sahib Alıyev və Rövşən Rzayev Azərbaycanın
bölgədə artan geosiyasi əhəmiyyəti, eləcə
də Dağlıq Qarabağ problemi, Xocalı
soyqırımı barədə fikir və təkliflərini
səsləndirdilər.
Sonra iclasın gündəliyində olan “Azərbaycan
Respublikası Hökuməti ilə Almaniya Federativ
Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik
və ya konsulluq əməkdaşlarının ailə
üzvlərinin ödənişli əmək fəaliyyəti
haqqında” saziş təsdiq edildi. Sazişdə bildirilir
ki, Almaniya Federativ Respublikasında ödənişli əmək
fəaliyyəti ilə məşğul olmağa
başladıqları zaman müvafiq şəxslər
yaşama icazəsi almaq tələbindən azad edilirlər.
Azərbaycan Respublikasında isə müvafiq
yaşama icazəsi zəruri olduğu təqdirdə verilir.
İclasda
“Serbiya Respublikasında E-763 avtomobil magistralının
Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin
tikintisinin maliyyələşdirilməsi üçün
Borcverən qismində çıxış edən Azərbaycan
Respublikası Hökuməti və Borcalan qismində
çıxış edən Serbiya Respublikası Hökuməti
arasında 2012-ci il 2 fevral tarixində imzalanmış Kredit
Sazişində dəyişikliklər edilməsi haqqında”
sazişin təsdiq edilməsi barədə qanun layihəsinə
də baxıldı. Sənəddə bildirilir ki, Serbiya
Respublikası borcverəndən layihənin başa
çatdırılması və tikinti müqaviləsi
üzrə öhdəliklərə tam şəkildə əməl
və riayət edilməsinin davam etdirilməsi
üçün kreditdən istifadə müddətinin 2017-ci
il 4 may tarixinə qədər
uzadılmasını xahiş etmişdir. Tərəflər
kredit sazişi üzrə kreditdən istifadə müddətinin
bu sazişdə təsbit edildiyi şəkildə
uzadılması barədə razılığa gəlmişlər.
Saziş layihəsi təsdiq edildi.
Sonra Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki,
“Reklam haqqında” qanuna uyğunlaşdırma məqsədilə
Milli Məclisə bir neçə qanuna əlavə və dəyişikliklər
edilməsi ilə bağlı bir paketdə qanun layihələri
göndərilib. Bunlar “İnsan orqan və (və ya) toxumalarının
transplantasiyası haqqında”, “Tütün və tütün
məmulatı haqqında”, “Bələdiyyələrin statusu
haqqında”, “Körpələrin və erkən yaşlı
uşaqların qidalanması haqqında”, “Azərbaycan
Respublikasında dövlət dili haqqında”, “Poçt
haqqında”, “Çayçılıq haqqında”, “Narkotik
vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsi haqqında”, “Teatr və
teatr fəaliyyəti haqqında”, “Dərman vasitələri
haqqında”, “Bədən tərbiyəsi və idman
haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə
layihələrdir. Deputatlardan Qüdrət Həsənquliyev,
Qənirə Paşayeva, Aytən Mustafazadə, Nizami Cəfərov,
Əhliman Əmiraslanov, Fazil Mustafa, Gövhər Baxşəliyeva,
Əflatun Amaşov, Fəzail Ağamalı, Elmira Axundova və
Rafael Hüseynov müvafiq layihələr üzrə fikir və
təkliflərini bildirdilər. Sonra qanun layihələri
ayrılıqda səsə qoyularaq təsdiq edildi.
İclasda
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar
“Ailə kəndli təsərrüfatı haqqında”,
“Atçılıq haqqında”, “Xaricdə yaşayan azərbaycanlılarla
bağlı dövlət siyasəti haqqında” və “Hidrometeorologiya
fəaliyyəti haqqında” qanunlarda dəyişikliklər
edilməsi barədə qanun layihələri də qəbul
edildi.
Sonra Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli Azərbaycan
Respublikasının “Əmək” ordeninin təsis edilməsi
ilə əlaqədar “Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirdi
ki, “Əmək” ordeni ilə Azərbaycan Respublikasının
vətəndaşları, əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər istənilən fəaliyyət sahəsində
Azərbaycanın inkişafına və rifahının təmin
olunmasına yönəlmiş müstəsna əmək
nailiyyətlərinə görə, o cümlədən sənaye,
kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət,
sənətkarlıq, xidmət və digər sahədə
uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə,
mədəniyyət, bədən tərbiyəsi və idman
sahələrində fərqlənən əmək nailiyyətlərinə
görə təltif edilir. Qanun layihəsi təsdiq
edildi.
İclasda Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında qanun layihəsinə də baxıldı. Bildirildi ki, sənədə
162-1 və 162-2 maddələrinin əlavə edilməsi təklif
olunur. Dəyişikliyə görə, ərizəçiyə
dair məlumatların vahid məlumat bazasına onlayn rejimdə
elektron formada daxil edilmədən telefon nömrələrinin
(sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsinə
görə vəzifəli şəxslər iki min manat,
hüquqi şəxslər üç min manat miqdarında cərimə
edilir. Dəyişikliklər Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Rabitə müəssisələri
(operatorlar), həmçinin onların diler və
distribüterləri tərəfindən rabitə vasitələrinin
satışı və istifadəsi zamanı tələb
olunan şərtlərin təsdiq edilməsi haqqında” qərarından
irəli gələn tələblərin yerinə yetirilməsinə
görə inzibati məsuliyyət yaratmaq məqsədilə
təklif olunur. Qanun layihəsi səsə
qoyularaq qəbul edildi.
* * *
Günün ikinci yarısında Milli Məclis öz
işini davam etdirdi.
“Notariat haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi
haqqında parlamentin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat
verərək bildirdi ki, bu dəyişiklik “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” qanuna uyğunlaşdırmaq məqsədi
daşıyır. Layihə səsə qoyularaq qəbul
edildi.
“Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə”, “Azərbaycan Respublikasının 1999-cu il 8
dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq
edilmiş “Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
haqqında Əsasnamə”də dəyişikliklər edilməsi
barədə”, “Azərbaycan Respublikası vətəndaşının
yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15
yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının
fərdi identifikasiya kartının tətbiqi müddətləri
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunlarında dəyişikliklər edilməsi haqqında”,
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli
Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə
redaktə xarakterli dəyişiklik edildi.
Gündəlikdəki “Yetkinlik yaşına
çatmayanların baxımsızlığının və
hüquq pozuntularının profilaktikası haqqında” qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsi
haqqında məlumat verən Əli Hüseynli bildirdi ki,
yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili
və ya saxlanması sahəsində valideynlərin və ya
digər qanuni nümayəndələrin öz vəzifələrini
yerinə yetirməməsinin üzrlü səbəbləri
müəyyənləşib. Dəyişiklik
yetkinlik yaşına çatmayanların
baxımsızlığı ilə bağlı valideynləri
və digər qanuni nümayəndələri müxtəlif
bəhanələrdən çəkindirəcək. Layihə səsverməyə çıxarılaraq
qəbul edildi.
“Məhkəmə-Hüquq
Şurası haqqında” və “Məhkəmələr və
hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə
qanun layihələri haqqında Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin üzvü
Vüsal Hüseynov məlumat verdi. Bildirildi ki, yeni dəyişikliyə əsasən, Azərbaycanda
hakim haqqında cinayət təqibi ilə bağlı Baş
prokurorun təqdimatına baxılması müddətinin
azaldılması nəzərdə tutulur. Dəyişikliyə
əsasən, hakim haqqında cinayət təqibinin həyata
keçirilməsinə razılıq verilməsi barədə
Azərbaycan Baş prokurorunun təqdimatına daxil olduğu
gündən 72 saat müddətində baxılacaq. Hazırda bu müddət 10 gündür. Hər iki sənəd səsə qoyularaq qəbul
edildi.
Sonra iclasda Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər
edilməsi haqqında qanun layihəsi müzakirəyə
çıxarıldı. Bu sənədlə də
bağlı məlumat verən V.Hüseynov vurğuladı ki,
təklif olunan dəyişiklik məcəllənin
normalarının təkmilləşdirilməsinə xidmət
edir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin
246-cı maddəsinə (şəxsi axtarış və
götürmə) əlavə edilən yeni bənddə
göstərilir ki, şəxsi axtarış və
götürmə zamanı şəxsin soyundurulması zərurəti
yarandığı halda videoçəkilişlər
aparılmır. Bu halda şəxsi
axtarış və götürmə müstəntiqin
tapşırığı ilə barəsində həmin
istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən
olan şəxslərin iştirakı ilə aparılır.
Bundan başqa, dəyişikliklə hadisə
yerinin baxışı zamanı azı 2 hal şahidi
iştirak etmədikdə videoçəkilişdən istifadə
məcburi olacaq. Layihə səsə
qoyularaq qəbul edildi.
“Dövlət
qulluqçularının ayrı-ayrı kateqoriyaları
üçün qısaldılmış iş vaxtı
haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat
verən komitə sədri Əli Hüseynli qeyd etdi ki, dəyişikliyə
əsasən dövlət qulluğunda işləyə-işləyə
3 yaşınadək uşağını təkbaşına
böyüdən valideynlərin iş saatı azaldılacaq.
Həmin valideynlər üçün iş saatının həftədə
36 saat müəyyən edilməsi nəzərdə tutulur. Layihə səsverməyə çıxarılaraq
qəbul edildi.
Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli
isə “Turizm haqqında” və “Lisenziyalar və icazələr
haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat
verdi. Bildirdi ki, hər iki sənədə edilən
dəyişiklik Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə
uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişikliklər Azərbaycanda turizmin daha da
inkişaf etməsinə xidmət edəcək. Sənəd səsverməyə
çıxarılaraq qəbul edildi.
Sonra iclasda Cinayət Məcəlləsində və
Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər
edilməsi haqqında qanun layihələri müzakirəyə
çıxarıldı. Bildirildi ki, Cinayət
Məcəlləsinin 148 və 323-cü maddələrinə
dəyişiklik təklif olunur. Dəyişikliklərdə
internetdə yalan yayanların və böhtan atanların cəzalandırılması
nəzərdə tutulur. Eyni zamanda dəyişikliyə
görə Azərbaycan dövlətinin başçısının
- Azərbaycan Prezidentinin şərəf və ləyaqətini
internet informasiya ehtiyatında saxta istifadəçi adlar,
profil və ya hesablardan istifadə edərək kütləvi
nümayiş etdirməklə ləkələmə və ya
alçaltmaya görə min manatdan min beş
yüz manatadək miqdarda cərimə və ya üç ilədək
müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq
olunacaq.
Müzakirələr
zamanı çıxış edən deputatlar Fazil Mustafa,
Elmira Axundova, Tahir Kərimli, Əflatun Amaşov, Aqil Abbas qeyd
etdilər ki, bu dəyişikliklə heç bir mətbu
orqana məhdudiyyət qoyulmur. Avropanın əksər
böyük dövlətlərində sosial şəbəkələrdə
böhtana və təhqirə görə cinayət məsuliyyəti
müəyyən edilib. Azərbaycanda da
bunun tətbiqinin zamanı yetişib. Dəyişikliklər
səsə qoyularaq qəbul edildi.
Deputatlar
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və medallarının təsis edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə qanun layihəsinə də müsbət
münasibət bildirdilər.
Gündəliyin sonuncu məsələsi isə
“İdmanda dopinq vasitələrindən və
üsullarından istifadəyə qarşı mübarizə
haqqında” qanun layihəsi idi. Sənədi ikinci
oxunuşda müzakirəyə təqdim edən parlamentin Gənclər
və idman komitəsinin sədri Fuad Muradov bildirdi ki, ilk
oxunuşdan sonra Ümumdünya Antidopinq Agentliyinin ekspertləri
Azərbaycana gəliblər. Sənədin
müzakirəsi zamanı layihəyə bir sıra əlavələr
və dəyişikliklər edilib. Eyni
zamanda bəzi maddələrdən bir neçə müddəa
çıxarılıb və layihə Azərbaycan
idmanının inkişafına xidmət edəcək vacib sənəd
kimi müzakirə olunub.
Milli Məclisin Sədri Oqtay Əsədov mükəmməl
şəkildə hazırlanan qanun layihəsinin II və III
oxunuşda qəbul edilməsinin zəruriliyini
vurğuladı. Sənəd əvvəlcə fəsil-fəsil,
sonra isə hər iki oxunuş üçün səsə
qoyularaq qəbul edildi. Bununla da Milli Məclisin
plenar iclası başa çatdı.
Elgün MƏNSİMOV,
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2016.-30
noyabr.- S. 3.