Avropa İttifaqının nümayəndə heyəti Ədliyyə Nazirliyində olub

 

Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə Azərbaycan bərabərhüquqlu dialoq və qarşılıqlı hörmət əsasında nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli və konstruktiv əməkdaşlıq həyata keçirir. Avropa İttifaqı (Aİ) Şurası tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün mandatın müəyyən olunması ikitərəfli münasibətlərin yeni mərhələdə inkişaf etdirilməsinə təkan verib.

Əməkdaşlığın prioritetlərinə dair danışıqlar aparmaq məqsədilə ölkəmizdə səfərdə olan Aİ-nin bütün üzv dövlətlərinin təmsil olunduğu Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) geniş tərkibli nümayəndə heyəti noyabrın 29-da Ədliyyə Nazirliyində olub.

Görüşdə ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyi, bu mötəbər qurum ilə “Şərq tərəfdaşlığı” çərçivəsində görülən işlər, o cümlədən ədliyyə sahəsində birgə uğurlu layihələrin həyata keçirilməsi vurğulanıb. Bu yaxınlarda Azərbaycan-Aİ Əməkdaşlıq Komitəsi çərçivəsində Alt Komitənin keçirilmiş iclasının insan hüquqları, demokratiya və ədliyyə sahəsində əlaqələrin inkişafına töhfə verdiyi qeyd edilib.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu il dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünün qeyd olunduğunu söyləyən nazir müavini ötən dövrdə Azərbaycan ədliyyəsinin keçdiyi inkişaf yolundan bəhs edib. A.Cəfərov Ədliyyə Nazirliyinin çoxşaxəli fəaliyyət istiqamətləri, məhkəmə-hüquq sistemində aparılan köklü islahatlar barədə nümayəndə heyətinə ətraflı məlumat verib, bu sahədə əldə olunan nailiyyətlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb. Həmçinin ölkəmizdə vətəndaş məmnunluğunu təmin edən innovativ və şəffaf xidmətlərdən, korrupsiyaya qarşı mübarizə, habelə vətəndaş cəmiyyətinin inkişafı üzrə görülən işlərdən söhbət açılıb.

Avropa İttifaqının Azərbaycan ilə münasibətlərinin yeni mərhələyə keçdiyinibu əlaqələrin bərabərlik, qarşılıqlı hörmət və etimad əsasında bərpa edildiyini vurğulayan COEST-in rəhbəri xanım Karolin Vinot ikitərəfli danışıqların aparılması üçün Aİ tərəfindən yeni mandatın müəyyən edilməsinin strateji tərəfdaşlığın və əməkdaşlığın genişləndirilməsinə imkan verəcəyini vurğulayıb.

Qonaq hər bir ölkədə qanunun aliliyinin, məhkəmə sisteminin müstəqilliyinin təmin olunmasının iqtisadiyyatın inkişafına müsbət təsir göstərdiyini söyləyərək Aİ-nin Azərbaycanda insan hüquqları və məhkəmə-hüquq sahəsindəki müsbət dəyişiklikləri alqışladığını və bundan sonra da islahatlara dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Xanım K.Vinot Aİ-nin Azərbaycandakı nümayəndəliyi və Ədliyyə Nazirliyi arasındakı səmərəli qarşılıqlı fəaliyyəti təqdir edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Tədbirdə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mard da iştirak edib.

 

Azərbaycan.- 2016.- 30 noyabr.- S. 3.