Bakutel” sərgi-konfransı çərçivəsində TASİM layihəsi üzrə Nazirlər toplantısı keçirilib

 

Bakıda “Bakutel 2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə Nazirlər Toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İKT sahəsinin inkişafı istiqamətində Azərbaycanda həyata keçirilən islahatlar fonunda TASİM layihəsinin əhəmiyyətindən söz açıb. Nazir bildirib ki, dünyada dinamik inkişaf edən İKT Azərbaycanda prioritet sahədir və daim Azərbaycan Respublikası Prezidentinin diqqət mərkəzindədir. Nazir dünya ölkələri arasında informasiya mübadiləsinin artan tələbatını qarşılamaq üçün TASİM-in xüsusi rola malik olduğunu qeyd edib.

Layihəyə qlobal səviyyədə siyasi dəstək verildiyini nəzərə çatdıran nazir bildirib ki, TASİM-in həyata keçirilməsi region ölkələrinin sosial-iqtisadi inkişafına, xüsusilə də elektron hökumət, elektron səhiyyə, elektron ticarət, elektron təhsil kimi sosial-iqtisadi fəaliyyətin yeni formalarının təşkili və inkişafına öz müsbət töhfəsini verəcək.

Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan çıxışında belə bir layihəyə tərəfdaş olmaqlarından məmnunluqlarını ifadə edib, gələcəyin qlobal layihəsi hesab edilən TASİM-in reallaşdırılması üçün bütün dəstəyin göstərilməsinə hazır olduqlarını qeyd edib.

Toplantıda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Houlin Zhao çıxış edərək bildirib ki, Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi bu layihə tərəfdaş ölkələrlə yanaşı, ümumən dünya üçün böyük əhəmiyyətə malikdir. O qeyd edib ki, İKT-nin dinamik inkişafı fonunda belə layihələr gələcək perspektivlər vəd edir.

Daha sonra çıxış edən Qazaxıstan Respublikasının informasiyakommunikasiya nazirinin müavini Alan Azhibayev, Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Jin Shubo Azərbaycanın təşəbbüsü ilə formalaşan TASİM layihəsinin qlobal əhəmiyyətli olduğunu bildiriblər.

Qeyd edək ki, TASİM layihəsinin məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir.

Bu təşəbbüs 2008-ci ildə “Bakutel” sərgi və konfransı çərçivəsində Bakıda keçirilmiş nazirlər görüşü zamanı Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən irəli sürülüb. Həmin il Bakıda “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin yaradılmasına dair xüsusi Bakı bəyannaməsi qəbul edilib. 2009-cu il dekabrın 21-də isə BMT Baş Assambleyasının 64-cü sessiyasında Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə qəbul olunub. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və konsensusla qəbul edilən qətnamədə TASİM-in əlaqələndirilməsində Azərbaycan Respublikasının xüsusi rolu qeyd olunub. 2010-cu ilin aprel ayından etibarən Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi TASİM layihəsinin İdarəetmə Qrupunu yaradıb və maliyyələşdirir.

2012-ci ildə BMT-nin Baş Assambleyasında TASİM layihəsi üzrə növbəti qətnamə yekdilliklə qəbul edilib. 2013-cü ildə isə BMT Baş Assambleyasının 67-ci sessiyasının 98-ci plenar iclasında Azərbaycan Respublikasının təşəbbüsü ilə “Avrasiya Rabitə Alyansı”nın (Eurasian Connectivity Alliance - EuraCA) yaradılması ilə bağlı müzakirələrin başlanılmasına dair qətnamə yekdilliklə qəbul olunub. Bu qətnamə TASİM-in yaradılmasının dəstəklənməsini nəzərdə tutur.

Alyansın əsas məqsədi TASİM layihəsinin həyata keçirilməsi prosesini sürətləndirməkdir.

 

Azərbaycan.- 2016.- 30 noyabr.- S. 5.