Avropa Parlamenti
ilə Azərbaycan Respublikasının Milli
Məclisi arasında əməkdaşlıq məsələləri
haqqında
Azərbaycan Respublikası
Milli Məclisinin Qərarı
Avropa Parlamentinin 2015-ci il
sentyabrın 10-da Azərbaycana
dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı
ilə Azərbaycan arasında münasibətlərin
inkişafına ciddi zərbə vurmuşdur. Ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında tərəfdaşlığı
sarsıtmağa, Azərbaycanın
beynəlxalq nüfuzuna
xələl gətirməyə
yönələn bu qərəzli siyasi aksiyanın cavabında Azərbaycan Respublikasının
Milli Məclisi 2015-ci il sentyabrın
14-də qərar qəbul
etmişdir. Qərarda Avropa Parlamentində
müəyyən qüvvələr
tərəfindən Azərbaycan
barəsində sistemli
və davamlı şəkildə aparılan
qarayaxma kampaniyasına
qiymət verilmiş, bu qüvvələrin Avropa İttifaqı-Azərbaycan
münasibətlərinə qarşı pozuculuq fəaliyyətinə son qoyulması
üçün zəruri
tədbirlər müəyyənləşdirilmişdir.
Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını
və prosedur dövründə Milli Məclisin nümayəndə
heyətinin Avronest Parlament Assambleyasının
tədbirlərinə qatılmamasını
qərara almışdır.
Eyni zamanda, həmin qərarla Avropa İttifaqı-Azərbaycan
Parlament Əməkdaşlığı Komitəsinin
mövcud formatda fəaliyyətində Milli
Məclisin iştirakına
son qoyulmuşdur.
Milli Məclis
Avropa Parlamentindən tələb etmişdir ki, Azərbaycana münasibətdə obyektiv
mövqe tutsun və bu yanaşmanı
real addımlarla nümayiş
etdirsin. Bununla birlikdə, Avropa
Parlamentindəki konstruktiv
və sağlam qüvvələrə müraciət
edilmişdir ki, Avropa Parlamentinin nüfuzuna xələl gətirən bu cür fəaliyyətin qarşısını almaq
üçün səylərini
artırsınlar.
2016-cı ilin aprel
ayında Avropa Parlamentinin rəhbərliyi
Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqu bərpa etmək üçün Avronest Parlament Assambleyasının nümayəndə
heyətini Azərbaycana
ezam etmişdir. Bu istiqamətdə danışıqların
davam etdirilməsi üçün sentyabr ayının 19-21-də Avropa
Parlamentinin deputatlarından
ibarət səlahiyyətli
nümayəndə heyəti
Azərbaycana səfər
etmiş və dövlətimizin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirmişdir.
Nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev qəbul etmişdir. Dövlət başçısı Avropa
Parlamentinin göstərilən
qətnaməsi ilə
bağlı tənqidi
qeydlərini açıq
və qəti surətdə ifadə etmiş, Avropa Parlamenti ilə əlaqələrin bərpa
edilməsi və bu əlaqələrin qarşılıqlı hörmət,
bərabərlik və
anlaşma əsasında
inkişaf etdirilməsi
barədə mülahizələrini
söyləmişdir.
Səfərin yekunlarına əsasən,
qəbul olunmuş bəyanatda Avropa Parlamentinin nümayəndə
heyəti bir ildən bəri Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqun olmamasından təəssüfləndiyini bildirmiş,
qarşılıqlı münasibətlərin
qırılmasına gətirib
çıxara biləcək
hər hansı halların gələcəkdə
baş verməməsi
üçün zəruri
tədbirlər görüləcəyinə
əmin etmişdir. Nümayəndə heyəti bunu
da birmənalı olaraq bəyan etmişdir ki, Avropa Parlamenti Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini tamamilə dəstəkləyir.
Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqun və əməkdaşlığın bərpa edilməsi istiqamətində Avropa Parlamenti tərəfindən atılan addımlar Avronest Parlament Assambleyasında Milli Məclisin üzvlüyünün və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətinin bərpasına zəmin yaradır.
Yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il 14 sentyabr tarixli qərarının 10-cu və 11-ci bəndləri qüvvədən düşmüş sayılsın.
Oqtay ƏSƏDOV,
Azərbaycan
Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri,
30 sentyabr 2016-cı il
Azərbaycan.-2016.- 1 oktyabr.- S.3.