Forum çərçivəsində
keçirilən “dəyirmi masa”da multikulturalizmin Azərbaycan
modeli təqdirlə qarşılanıb
Azərbaycan çoxkonfessiyalı
ölkə kimi dünyada özünü təsdiq edib
Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “dəyirmi masa”lardan biri də “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvi, akademik Anatoli Torkunov və Link Kampus Universitetinin prezidenti Vinçenzo Skottinin həmsədrlikləri ilə keçirilən “dəyirmi masa”da mövzu ətrafında səmərəli müzakirələr aparılıb.
Kamal Abdullayev çıxışında bildirib ki, Azərbaycanın multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir: “Beşinci Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev elmi məzmunu ilə yadda qalan əhatəli, dərin məzmunlu nitq söylədi. Prezidentin dediklərindən belə ümumiləşdirmə aparmaq olar ki, dünyada iki qütb formalaşıb. Birinci qütb bədbin qütbdür. Ən qabaqcıl Avropa ölkələri multikulturalizmin iflasından danışırlar. Bunun nəticəsi kimi, insanlığa yad olan meyillər formalaşır. Amma Azərbaycan modeli göstərir ki, multikulturalizmin nikbin qütbü də var”.
Dövlət müşaviri əlavə edib ki, Azərbaycanda keçirilən tədbirlər multikulturalizmin nikbin qütbündə duran insanları öz sırasında birləşdirir. Biz multikulturalizmin bu gününə və sabahına inanırıq. Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar multikulturalizmin dönməz yolunu müəyyən edib. Azərbaycan xalqının canında-qanında olan başqa xalqlara xoş münasibət həmişə özünü göstərib. Əsrlərdən bəri ölkəmizdə müxtəlif xalqların nümayəndələri qardaş kimi yaşayıblar. Çox zaman xarici qonaqlar bizdən təəccüblə soruşurlar ki, necə olur, Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri qardaş və dost kimi yaşaya bilirlər. Biz də buna təəccüblənirik: başqa cür necə olar bilər? Azərbaycan Prezidenti öz qayğısını bütün konfessiyalara eyni səviyyədə göstərir. Azərbaycan bu gün çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib. Bu gün fəxrlə Azərbaycan modelini bütün dünyada təbliğ edirik”.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Forumun ənənəvi olaraq keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, burada müzakirə olunan məsələlər olduqca mühümdür. Multikulturalizmin bütün dünyada insanların bərabər birgəyaşayışını təmin etdiyini vurğulayan akademik ölkəsinin multikultural dəyərlərindən söz açıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2016-cı ilin “Multikulturalizm ili” elan olunması Azərbaycanın tolerant ölkə olduğunu və bu ənənənin tarixi səciyyə daşıdığını bir daha göstərdi. Bu gün Azərbaycan dünyada multikultural ənənələri özündə birləşdirən və yaşadan ölkə kimi tanınır. Tarixən Azərbaycanda müxtəlif mədəniyyətlər olsa da, burada insanlar hər zaman mehriban şəraitdə yaşayıblar və bu gün də yaşamaqdadırlar.
Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, dini dəyərlərin qorunduğu Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahiblərinin dinc və sülh şəraitində yaşaması Uca Yaradana xoş gedən məqamlardandır. Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramı dövlət səviyyəsində nümayiş etdirən nümunəvi məkan kimi tanınır. Azərbaycan sivilizasiyalar arasında mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. Ölkəmizdə din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub. Bu gün dünyada qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilən Azərbaycanda müxtəlif xalqların nümayəndələri birlikdə mehribanlıq şəraitində yaşayırlar.
ABŞ Administrasiyasının - Ağ Evin Etiqad və Qonşuluq Tərəfdaşlıqları Mərkəzinin direktor müavini Janna Skott ölkəmizdə multikulturalizmə verilən önəmi yüksək qiymətləndirib. Bildirib ki, bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi olduqca təqdirəlayiqdir. ABŞ da bu məsələlərə xüsusi önəm verir. Qonaq təmsil etdiyi qurumun fəaliyyətindən, reallaşdırdığı layihələrdən söz açıb. Bildirib ki, biz insanların birgəyaşayışı və firavanlığı üçün çalışmalıyıq.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka diqqətə çatdırıb ki, müasir dünyada mövcud ekoloji problemlər, müharibələr, insanlar arasında nifrət, ədavət, zorakılıq halları bəşəriyyəti addım-addım fəlakətə doğru sürükləyir.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bildirib ki, ölkəmizdə yaşayan müxtəlif millətlərin və konfessiyaların nümayəndələri bir-biri ilə ahəngdar rəftar edirlər. Bu gün Azərbaycan cəmiyyəti dünyanın aparıcı cəmiyyətləri sırasında qərarlaşır. Bunun nəticəsidir ki, dünya xalqları və ölkələri tərəfindən Azərbaycana diqqətcil münasibət göstərilir. Prezidentin ölkəmizdə multikulturalizmi dövlət siyasəti elan etməsi multikultural həyatın nikbin ruhunu müəyyənləşdirir.
Rus Pravoslav Kilsəsinin Sinodal Kilsə, Cəmiyyət və KİV ilə əlaqələr üzrə departamentinin sədri, “Foma” pravoslav jurnalının baş redaktoru Vladimir Leqoyda çıxışında Azərbaycanın multikulturalizmə verdiyi dəyəri xüsusi vurğulayıb və bunun digər ölkələrdə də təbliğ olunmasının vacibliyini qeyd edib.
ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin
müavini, ravvin Abraham Kuper Azərbaycanın dostu olduğunu və
dostu olaraq da qalacağını vurğulayıb. O deyib ki, Azərbaycan unikal
multikulturalizm modelini dünyaya təqdim edib. Bu,
bir daha Azərbaycan xalqının tolerantlığından xəbər
verir. Bu forumlar fikirlərimizi
bölüşməyə gözəl imkanlar yaradır.
Burada səslənən
çağırışlar bizi insanlığa xidmət etməyə
çağırır. Hamımız bir
istiqamətdə işləməliyik. Yeni
strategiyalar hazırlamalı, yetişməkdə olan gənc nəslin
qəlbinə yol tapmalıyıq. Elə
etməliyik ki, hər bir gənc məlumatı olsun. Gənclər terrorçuların, ekstremistlərin təsiri
altına düşməsinlər. Bu
istiqamətdə birgə mübarizə aparmalıyıq.
Biz insanlarımızı, gənclərimizi pis
vərdişlərdən qorumalıyıq.
Çıxışlardan
sonra tədbir “Kütləvi miqrasiyanın müasir prosesləri
və plüralist mədəni paradiqma multikulturalizm siyasətinin
əsası kimi”, “Multikulturalizmin Azərbaycan modeli müxtəlif
mədəni və dini təcrübələrin çoxəsrlik
tolerant mövcudluğunun nəticəsi kimi” və “Müxtəlif
mədəni təcrübələrin tolerant birgəyaşayış
siyasətinin formalaşmasında və multikulturalizm
ideyalarının həyata keçirilməsində dünya
dinlərinin tarixi rolu” mövzularında bölmə
iclasları ilə davam edib.
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri xidmətinin baş məsləhətçisi
Etibar Nəcəfov və UNESCO-nun İcra Şurasının
sədri Maykl Vorbsın moderatorluğu ilə keçirilən
iclasda Azərbaycan, İtaliya, Rusiya və digər ölkələri
təmsil edən alimlər çıxış ediblər.
“Multikulturalizm: problemlər və ya həllər”
mövzusunda məruzə ilə çıxış edən
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun fəaliyyəti
haqqında məlumat verib. Bildirib ki, Fond Prezident
İlham Əliyevin təşəbbüsü ilə
yaradılıb, Türkiyə, Qazaxıstan və
Qırğızıstanın dövlət
başçıları tərəfindən dəstəklənib.
Fondun məqsədi türk dünyasını,
türk xalqlarını bir-birinə daha da
yaxınlaşdırmaq, eyni zamanda, türk
dünyasının sahib olduğu mədəni irsi qorumaq,
araşdırmaq, dünyada təbliğ etmək və gələcək
nəsillərə çatdırmaqdır. Qurum
hazırda bu istiqamətdə fəal iş aparır.
Günay
Əfəndiyeva deyib: “Türk xalqları müxtəlif dinlərə
mənsubdur. Böyük hissəsi müsəlman
olmaqla yakutlar şamanizm və xristianlıq, çuvaşlar və
qaqauzlar xristianlıq, tuvalılar buddizmə sitayiş edirlər.
Bizi qədim tariximiz, dilimiz, adət-ənənələrimiz
və milli dəyərlərimiz birləşdirir. Bizim də missiyamız bu irsi, bu mədəniyyəti
gələcək nəsillərə çatdırmaqdır”.
Vurğulanıb ki, multikulturalizm Azərbaycanın siyasətidir. Çünki
bu, Azərbaycan cəmiyyətinin milli dəyərlərinə,
adət-ənənələrinə əsaslanır. Tarixi İpək Yolunun buradan keçməsi,
karvansarayların salınması, müxtəlif insanların
bir-biri ilə ünsiyyəti buna müəyyən təsir
göstərib. Azərbaycan multikulturalizm
modeli artıq dünya universitetlərində öyrənilir,
tədris olunur. Qırmızı Qəsəbə,
İvanovka, Nic, Xınalıqda yaşayan etnik azlıqların
hamısı Azərbaycan cəmiyyətinin bərabərhüquqlu
üzvləridir. Ölkəmizdə müxtəlif
dinlərə mənsub insanlar birgə sülh, tolerantlıq
şəraitində yaşayırlar. Onların
haqları Azərbaycan milli qanunvericiliyi ilə də qorunur.
Azərbaycan Respublikasının Prezidenti
bütün icmalara bayram və xüsusi əlamətdar
günlərində təbriklərini çatdırır.
Təəssüf ki, öz mədəni dəyərlərinə
bu qədər həssaslıqla yanaşan bir ölkə tam əks
davranışla, əks siyasətlə
qarşılaşıb. Dağlıq
Qarabağın Ermənistan tərəfindən işğal
edilməsi nəticəsində abidələrin
dağıdılması, işğal altında olan məscidlərdə
donuz saxlanılması faktı istər-istəməz insanda
ikrah hissi yaradır. Buna baxmayaraq
Bakının mərkəzində erməni kilsəsi toxunulmaz
olaraq qalır. Bu amil özü bir daha
xalqımızın multikultural, tolerant dəyərlərindən
xəbər verir.
İclasda
Link Kampus və Markoni Telematika Universitetinin professoru Annamariya
Kossiqanın “Köhnə diasporlar multikulturalizmin həyata
keçirilməsinə kömək edə bilərmi?”, insan
haqları üzrə müstəqil ekspert, politoloq Aleksandr
Vladiçenkonun “XXI əsrdə Avropada multikultural dialoq:
Strasburqdan baxış”, “Uşaqlar üçün aviasiya”
Dünya Xeyriyyə Fondunun hüquqi təminat şöbəsinin
müdir müavini Oleq Kuznetsovun “Mədəniyyətlərin
dialoqu Rusiya və Azərbaycan xalqlarının sivilizasiya əməkdaşlığının
təməli kimi”, AMEA-nın Fəlsəfə İnstitutunun
direktoru İlham Məmmədzadənin “Plüralist mədəni
paradiqmaya fəlsəfi yanaşma” və digər mövzularda
məruzələri dinlənilib.
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən
Qəhrəmanovanın, Portuqaliyanın humanitar elmlər və
texnologiya üzrə Lusofona Universitetinin beynəlxalq əlaqələr
departamentinin direktoru Tereza do Damasio və Rusiyanın Ural Federal
Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun
Avropa tədqiqatları kafedrasının müdiri, Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq
filialının icraçı direktoru Aleksandr Nesterovun
moderatorluğu ilə keçən ikinci iclasda da səmərəli
diskussiyalar aparılıb.
İclasda
Rusiya Federasiyası Dövlət Dumasının Rusiya-Azərbaycan
Dostluq Mərkəzinin direktoru, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin Moskva filialının
icraçı direktoru Nataliya Krasovskayanın “Müasir
dünyada multikulturalizm modelləri”, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı
Südabə Zeynalovanın “Azərbaycanda multikulturalizm: tarixi
prizma və müasir inkişaf”, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin Drezden filialının
icraçı direktoru Birgit Vaysgerberin “Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi Drezdendə (Almaniya): təcrübə
və iş istiqaməti” mövzularında məruzələri
dinlənilib.
Məruzələrdə Azərbaycandakı müxtəlif
etnik icmalardan, onlar üçün yaradılan münbit şəraitdən
geniş söz açılıb. Xüsusilə də
son illər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
reallaşdırdığı layihələr və onların
əhatə etdiyi coğrafiya geniş şəkildə
müzakirə olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlının moderatorluğu ilə
reallaşan son iclas da maraqlı müzakirələrlə
yadda qalıb.
Dünyada
böyük gərginliyin müşahidə edildiyi vaxtda
Bakıda Humanitar Forumun keçirilməsinin böyük əhəmiyyət
daşıdığını söyləyən Mübariz
Qurbanlı bildirib ki, hazırda planetimizdə 80-ə yaxın
münaqişə ocağı var. Həmin münaqişələrin
30-da hər gün insanlar həlak olur. Statistik məlumatlara
görə, bu münaqişələrdə həlak
olanların sayı 2,5 milyon nəfəri
ötüb. Bu münaqişələrin
çoxu dini məzhəblər arasında olan toqquşmalar nəticəsində
yaranır. Bu cür münaqişələrə yol verməmək,
onları aradan qaldırmaq üçün dünyanın
müxtəlif ölkələrindən alimlərin, din
adamlarının bir araya gələrək bu problemdən necə
çıxmaq haqqında fikir mübadiləsi aparmalarına
böyük ehtiyac var. Ona görə ki, lokal toqquşmalar
dünyanı böyük fəlakətə gətirib
çıxara bilər.
İclasda Bakı Avropa Yəhudilərinin sinaqoqunun ravvini Şneor Seqalın “İdentikliyini itirmədən tolerantlıq və birgəyaşayış”, ABŞ-ın Kaliforniya ştatının Xristian Lüteran Kilsəsinin yepiskopu Xuan Karlos Mendezin “Fərdi təcrübənin model kimi istifadə olunması”, Dransi Məscidinin imamı və Fransanın İmamları Konfransının sədri Hassen Şalqumin “İslam və digər dinlərə qarşı tolerantlıq”, Moskva Patriarxlarının xarici kilsə əlaqələri şöbəsinin dinlərarası məsələlər üzrə katibi Dmitri Safonovun “Keçmiş Sovet İttifaqı ərazisində ənənəvi dinlərin sülhməramlı rolu: tarixdə və bu gün”, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin “Müasir dünyada Azərbaycan multikulturalizmi modeli”, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Feketenin “Azərbaycan katolik kilsəsinin gündəlik həyatı: multikulturalizm nəzəriyyəsi təcrübədə”, Azərbaycandakı Gürcü Yəhudiləri dini icmasının sədri Abiq Çaruxçevin “Gürcü yəhudiləri və Azərbaycan multikulturalizmi”, Hindistan İslam Mədəniyyəti Mərkəzinin direktoru Zikrur Rəhmanın “Hindistan: Multikulturalizm beşiyi”, San Paulo Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Pedro Bohomoletz de Abreunun “Siyasi cəhətdən parçalanmış dünyada hüququn inteqrasiyası”, Filippin İslam və Demokratiya Mərkəzinin prezidenti xanım Amina Zalmia Rəsul Bernardonun “Filippində islam dini və həyat təcrübəsi” mövzularında məruzələri dinlənilib.
Tədbirdə çıxış edən görkəmli yazıçı və ictimai xadim Oljas Süleymenov Forumun işini yüksək qiymətləndirib. Bildirib ki, iki gün ərzində Azərbaycanda müasir dünyamızı düşündürən məsələlər müzakirə olundu. Bu müzakirələr gələcək əməkdaşlığa mühüm töhfələr verəcək. Belə forumlar bizim dünyada sülh yaratmaq uğrunda məqsəd və fikirlərimizi dəstəkləyir.
“Dəyirmi masa”ya yekun vuran Kamal Abdullayev müzakirə olunan məsələlərin mühüm aktuallıq kəsb etdiyini vurğulayıb.
Sonda V Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi
səsə qoyularaq qəbul edilib.
Azərbaycan.-2016.- 1 oktyabr.- S.4-5.