“Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi
masa”da Azərbaycanın
bu sahədəki uğurları yüksək
qiymətləndirilib
Azərbaycan çoxkonfessiyalı
ölkə kimi dünyada özünü təsdiq edib
Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda keçirilən “dəyirmi masa”da səmərəli müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”ya rektor, akademik Urxan Ələkbərov, fizika üzrə Nobel mükafatı laureatı, Stanford Universitetinin professoru Robert Betts Laflin, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Arizona Dövlət Universitetinin (ABŞ) İqtisadi Səmərəlilik Sahəsi üzrə Perspektiv Tədqiqatlar Mərkəzinin professoru Edvard K.Preskot həmsədrlik edib.
Tədbiri açan akademik Urxan Ələkbərov “dəyirmi masa”da 22 ölkədən 40-dan çox nümayəndənin iştirak etdiyini bildirib. “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunun hazırda dünyada aktual məsələ olduğunu vurğulayan rektor qonaqlara Azərbaycanda davamlı inkişafa nail olunması və ətraf mühitin qorunması istiqamətində görülən işlər haqqında məlumat verib.
“Dəyirmi masa”da müzakirə edilən birinci mövzu “Davamlı inkişafın səmərəli idarə edilməsi modellərinin təhlili və ekoloji sivilizasiyaya transformasiya (beynəlxalq təcrübə və Azərbaycan təcrübəsi)” olub. Bu mövzu üzrə əsas məruzəçilərdən olan professor Robert Betts Laflinbildirib ki, davamlı inkişafla bağlı məsələlər çoxdur və onların hər birinin detalları fərqlidir. Onlara misal kimi tullantıların yenidən istifadə edilməsi, su təminatı və s. qeyd etmək olar. Qarşıya çıxan problemlərin aradan qaldırılması üçün iqtisadiyyat qanunlarına hörmət bəsləmək, bu işə gəncləri cəlb etmək, eləcə də keçmişin uğurlarından yararlanmaq lazımdır.
İsveçrə-Azərbaycan Ticarət Palatasının prezidenti Klod Eji qeyd edib ki, ekologiya, iqtisadi siyasət, iqtisadi inkişaf məsələləri bir-birini tamamlamalıdır. Azərbaycana dəfələrlə gəldiyini deyən Klod Eji deyib ki, bu ölkədə kəmiyyət deyil, keyfiyyət məsələsinə böyük diqqət yetirilir. Milanda keçirilmiş sərgidə Azərbaycan möhtəşəm pavilyonu ilə nümayiş etdirib ki, hökumət kənd təsərrüfatı istehsalını artırmaq niyyətindədir. Beləliklə, Azərbaycan tərəfi çox fundamental suala cavab tapıb. Klod Eji vurğulayıb ki, V Bakı Beynəlxalq Humanitar Forumunda “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda ayrıca “dəyirmi masa”nın keçirilməsi təqdirəlayiqdir. Hazırda Azərbaycanda yeni strategiya hazırlanır və ölkə çox düzgün seçim edib. Buna görə də biz Azərbaycanı dəstəkləməliyik.
Mövzu üzrə əsas məruzəçilərdən olan akademik Urxan Ələkbərov ölkəmizdə davamlı inkişaf sahəsində idarəetmə texnologiyasının tətbiqinin nəticələrindən danışıb. Bildirib ki, davamlı inkişaf mövzusu hələ 2001-ci ildən orta məktəblərdə kurrikuluma daxil edilib. Daha sonra isə ali məktəblərin bakalavr və magistratura pillələrində tədris proqramına salınıb. Davamlı inkişaf indikatorları əslində sosial indikatorlardır. Az enerjidən istifadə edilməsi iqtisadi nöqteyi-nəzərdən sərfəlidir. Keçmiş sovet ölkələri, eləcə də Avropa İttifaqına üzv olan keçmiş sovet respublikaları arasında ən yaxşı göstərici Azərbaycana məxsusdur. Dünya Bankının ən son məlumatında da Azərbaycanın indeksi yüksəkdir. Bunlara nail olunmasında innovativ idarəçilik mühüm amildir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin səyi və təşəbbüsü nəticəsində mümkün olub.
Mövzu üzrə əsas məruzəçilərdən olan Edvard Preskot bildirib ki, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan bu mövqeyindən səmərəli istifadə edir. Bu ölkə çox yüksək artım templəri ilə inkişaf edir, Qərb ölkələri ilə ayaqlaşır. Bütün bunlar Azərbaycanda həyata keçirilən iqtisadi siyasətlə bağlıdır. Təsadüfi deyil ki, 2002-2012-ci illərdə maliyyə böhranı Azərbaycandan yan keçib. Bu ölkədə insanların həyat tərzi Çindən və Rusiyadan daha yüksəkdir. Azərbaycanda 2002-ci ildən başlayaraq davamlı inkişafın yüksələn xətt üzrə təmin edilib. Azərbaycan rəqabətə davamlı və digər ölkələr üçün örnək ola bilər.
Əsas məruzəçilərdən olan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxışında davamlı inkişaf və ekoloji sivilizasiya məsələlərinə dair ölkəmizdə həyata keçirilən işlər barədə məlumat verib. Bildirib ki, bu məsələyə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında böyük yer ayrılıb. Ölkəmizin Paris prosesinə qoşulduğunu diqqətə çatdıran nazir deyib ki, Azərbaycan zərərli qazların atmosferə buraxılmasına dair beynəlxalq sənədi imzalayıb. Öhdəliyimiz ondan ibarətdir ki, 2030-cu ildə karbon birləşmələrinin atılmasını 35 faiz azaldaq. Bu, dünyada ən yüksək öhdəlik səviyyəsindədir. Hətta ABŞ kimi böyük ölkənin öhdəliyindən də yüksəkdir.
Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin genişləndiyini vurğulayan H.Bağırov bildirib: “Ölkəmizdə mazutdan istifadədən tam imtina edilib. Habelə meşə ərazilərini artırmaq istiqamətində böyük işlər görülür. Azərbaycan keçmiş sovet ölkələri ilə müqayisədə az meşə örtüyünə (ərazisinin 10-12 faizi) sahib olsa da, bu meşələr azalmır, sənaye üçün istifadə edilmir. Nəticədə meşələrin artması hiss olunur. Son 15 ildə ölkəmizdə 150-170 min hektarlıq meşələr salınıb. Onların 144 min hektarı artıq çətiri birləşmiş meşə hesab olunur və standartlara uyğundur. Ölkəmizdə günəş panelləri fabriki tikilib. Günəş enerjisi ilə təmin edilən enerji sektoru genişlənir”.
Nazir, həmçinin “Azərlandşaft” SC-nin fəaliyyəti, su təminatı, Xəzərin təmiz saxlanması, ölkəmizdə mühafizə edilən ərazilərin genişləndirilməsi, milli parkların salınması haqqında da məlumat verib, milli monitorinq sisteminin təkmilləşdirildiyini diqqətə çatdırıb.
“Dəyirmi masa”da ikinci sessiya “Davamlı inkişaf üçün zəruri insan potensialının formalaşdırılması problemləri” mövzusuna həsr olunub. Mövzu üzrə əsas məruzəçilərdən biri - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək Forumun əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, davamlı inkişafın məqsədlərinə nail olunmasında insan kapitalının böyük rolu var. Özəl və dövlət sektorlarında sanballı institutların yaradılması, səmərəli kadrların yetişdirilməsi vacib məsələlərdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bütün sahələrdə davamlı inkişaf üzrə ölkənin milli strategiyası hesab olunur. Azərbaycanda insan kapitalı ən prioritet məsələlərdən biridir. Son illər dövlətimizin başçısının rəhbərliyi ilə bu istiqamətdə böyük islahatlar həyata keçirilir.
“ASAN xidmət” üzrə 330-dan çox xidmət göstərildiyini vurğulayan İ.Kərimov bildirib ki, indiyədək 12 milyon insan bu xidmətlərdən faydalanıb. Mərkəz şəffaflıq, səmərəlilik, sosial məsuliyyət və komfort prinsipinə əsasən fəaliyyət göstərir. Eyni zamanda, səyyar avtobuslar vasitəsilə xidmətlər vətəndaşlara çatdırılır. Vətəndaşlar, həmçinin mobil xidmətlərdən də istifadə edə bilər, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini binanın özünə gəlmədən də əldə edirlər. “ASAN xidmət” mərkəzlərində müəyyən sənədləri bir saat ərzində əldə etmək mümkündür. Bu baxımdan “ASAN xidmət” nümunəvi modeldir. Təsadüfi deyil ki, qurum keçən il “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında BMT-nin birinci mükafatına layiq görülüb. “ASAN xidmət” mərkəzlərində 8 min könüllünün fəaliyyət göstərdiyini vurğulayan Agentliyin sədri onların “Yaşıl ASAN” aksiyaları təşkil etməklə ətraf mühitin mühafizəsinə töhfə verdiklərini bildirib.
Rusiya Xalqlar Dostluğu Universitetinin prorektoru Aleksandr Qladuş yüksək səviyyədə təşkil edilən Bakı Forumunda aktual məsələlərin müzakirə olunduğunu vurğulayıb. Bildirib ki, israfçılıq təbii ehtiyatların bərpa olunma qabiliyyətini məhdudlaşdırır. O, gələcək həyatın enerji mənbələrinin şaxələndirilməsindən və alternativ enerji vasitələrindən istifadədən asılı olduğunu qeyd edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlırəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Diqqətə çatdırıb ki, dünya bazarında neftin qiymətinin dəyişməsindən sonra Azərbaycanda yeni ciddi islahatlar start götürüb. Hazırda dövlət yönlü investisiyadan özəl sərmayəyə keçilməsi istiqamətində işlər görülür. Davamlı inkişafı təmin etmək üçün ölkəyə daha çox özəl investisiya lazımdır. Biz Azərbaycanın yeni strateji yol xəritəsini hazırlayır, davamlı inkişaf məqsədlərini Azərbaycan reallıqlarına uyğunlaşdıraraq müəyyən sahələr üzrə ixtisaslaşmağa çalışırıq.
İtaliyanın Bokkoni Universitetinin tədqiqat direktoru Edoardo Kroçi davamlı inkişaf və ekoloji sivilizasiyada urbanizasiya amilindən danışıb. 2005-ci ildən sonra əhali artımı üzrə əsas göstəriciləri diqqətə çatdıran E.Kroçi qeyd edib ki, böyük şəhərlərdə tullantılar ətraf mühitə ciddi zərər vurur, havanı çirkləndirir, iqlim dəyişikliyinə səbəb olur. Bunun qarşısının alınması üçün müvafiq infrastruktur formalaşdırılarkən əhali artımı, davamlı iqtisadi inkişaf və ekoloji sivilizasiya kompleks şəkildə nəzərdən keçirilməlidir.
“Dəyirmi masa”nın “Davamlı inkişaf konsepsiyasının həyata keçirilməsində vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin rolu” mövzusundakı üçüncü sessiyasının əsas məruzəçilərindən olan Kolumbiya Universitetinin (ABŞ) beynəlxalq münasibətlər və dövlət işləri fakültəsinin professoru Con Lourens bildirib ki, sivilizasiya konsepsiyası yenidən işlənilməlidir. Bəşəriyyətin mövcudluğu üçün gələcəkdə görüləcək işləri gənclərə öyrətmək lazımdır. Bu baxımdan atdığımız bütün addımlarda gələcək nəsillərin taleyi nəzərə alınmalıdır.
Azərbaycan gənclərinin keçid dövründə kifayət qədər yaxşı təsir bağışladıqlarını vurğulayan C.Lourens onların təhsilə böyük diqqət yetirdiklərini bildirib. Qeyd edib ki, Azərbaycan gəncləri öz ölkələrinə bağlıdırlar. Onlar xaricdə təhsil alıb, Vətənə qayıdırlar. Bu, başqa ölkələrlə müqayisədə yaxşı göstəricidir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədovdavamlı inkişafın insan resursları və informasiya təminatından danışıb. Bildirib ki, müvafiq prosesdə insanların bu konsepsiyaya yanaşması vacib məsələdir. Bu zaman medianın rolu aktuallaşır. Hazırda medianın əlinin çatmadığı sahə yoxdur. Davamlı inkişaf konsepsiyasının təbliğində, öyrənilməsində medianın əvəzsiz rolu var. Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur. Qlobal internet resurslarına çıxmaq üçün heç bir məhdudiyyət yoxdur. Ötən il orta məktəblər üçün davamlı inkişafa dair dərs vəsaiti hazırlanıb. Azərbaycan ərazisinin 20 faizi qonşu Ermənistan tərəfindən işğal edilib. Yəni, Azərbaycanda insan inkişafına xidmət edəcək resursların müəyyən hissəsi işğal altındadır. Davamlı inkişafa nail olmaq üçün müharibələrə son qoyulmalı, onların fəsadlarının qarşısı alınmalıdır.
Qırğızıstanın “AKİpress” İnformasiya Agentliyinin baş direktorunun müavini Venera Camankulova ölkəsində fəal vətəndaş cəmiyyətinin mövcud olduğunu qeyd edib. Bildirib ki, hökumət orqanları və kütləvi informasiya vasitələri sıx əməkdaşlıq edərsə, ekoloji problemlərin qarşısını almaq daha asan olar.
Sonra “dəyirmi masa”da dinlənilən məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdən sonra
V Bakı Beynəlxalq Humanitar Forumunun bəyannaməsi müzakirə olunaraq qəbul edilib.
Azərbaycan.-2016.- 1 oktyabr.- S.6.