Beynəlxalq
müşahidəçilər referendumun
tam demokratik keçdiyini bəyan etdilər
İnkişaf dinamikası ilə yenə dünyanın lider dövlətləri sırasında layiqli yerini tutan müasir Azərbaycan mövcud siyasi, iqtisadi, geosiyasi çağırışlara adekvat reaksiya verilməsi istiqamətində növbəti zəruri addım atdı. Xalq Azərbaycanın sabit inkişafına xidmət edəcək və ona yeni töhfələr verəcək Konstitusiya dəyişikliklərinə getdi. Bu məqsədlə sentyabrın 26-da baş tutan referendumla bağlı açıqlanan ilkin nəticələr xalqın mütləq əksəriyyətinin ölkənin baş qanununa edilən dəyişiklikləri dəstəklədiyini aydın nümayiş etdirdi.
Çünki Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasına təminat verən əsasların daha təkmil hala gəlməsinə rəvac verir. Eyni zamanda səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını, iqtisadi idarəçiliyin təkmilləşdirilməsini, dövlətin təhlükəsizliyinə, cəmiyyətdə sabitliyə əlavə təminatın yaradılmasını və bir sıra digər vacib məqamları özündə ehtiva edir. Ümumiyyətlə, dəyişikliklər müasir dövrdə cəmiyyət həyatının əsas sahələrini əhatə edir. Bu mənada xalqın dəyişiklikləri dəstəkləməsi də tamamilə təbii idi.
Azərbaycan xalqının iradəsi mütləq şəkildə əks etdirilib
Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin məlumatlardan bəlli olur ki, ümumxalq səsverməsində seçicilərin Konstitusiyaya edilən əlavə və dəyişiklikləri dəstəkləməsi ilə bağlı qeydə alınan göstəricilər 85-90 faiz arasında dəyişir. Bu da ondan irəli gəlir ki, Konstitusiyaya təklif olunan dəyişikliklər son illərdə siyasi, sosial-iqtisadi və hüquqi sahələrdə baş vermiş intensiv yenilikləri əks etdirir. Məhz sözügedən kontekstdə xalq dövlət idarəçiliyinin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılmasına, həyata keçirilən islahatların dərinləşməsinə və səmərəliliyinin təmin olunmasına səs verdi.
Şəffaflığı “exit-poll”un nəticələri də təsdiq edir
“Exit-poll”ların nəticələri də xalqın əksəriyyətinin Konstitusiyaya edilən dəyişiklikləri dəstəklədiyini göstərir. Onların açıqladığı məlumatlar Mərkəzi Seçki Komissiyasının informasiyaları ilə demək olar ki, üst-üstə düşür və bu da bir daha referendumun demokratik tələblərə uyğun keçirildiyini aydın nümayiş etdirir. Qeyd olunanların real təsdiqini ABŞ-ın “AJF Associates & İNC” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən seçki məntəqələrində təşkil edilmiş “exit poll”un nəticələrindən də görmək olar. “AJF Associates & İNC” təşkilatının prezidenti Corc Bornbaum bildirir ki, onlar tərəfindən əvvəlcədən püşkatma metodu ilə seçilmiş 100 seçki dairəsindəki 450 məntəqədə “exit-poll” keçirilib. Respondentlər sorğu prosesinə təsadüfi seçmə metoduna əsasən cəlb ediliblər.
Dünya üzrə 20-dən
artıq ölkədə seçkiləri müşahidə
etdiklərini bildirən Corc Bornbaum Azərbaycanda keçirilən referendumun peşəkarlıqla təşkil olunduğunu və keçirildiyini
yüksək dəyərləndirərək vurğulayıb:
“Referendum günü
səs verən 32 min 400 nəfər
arasında “exit-poll” keçirdik.
“Exit-poll” keçirdiyimiz
məntəqələrdə seçicilərin 88,9 faizi səsvermədə fəal iştirak edib. Onlar referendumda səsverməyə
çıxarılan məsələlərə “hə” deyərək,
dəyişikliklərin tərəfdarı olduqlarını
vurğulayıblar. Azərbaycan Respublikası ərazisində
təhlükəsizliyin və müdafiənin, insan haqlarının təmin olunması ilə
bağlı təkliflər müsbət qarşılanıb.
Sosial təminatla bağlı təkliflərə
isə seçicilərin 86,5 faizi müsbət
cavab verib. Konstitusiya ilə bağlı dəyişikliklərə
dəstək verənlərin sayı daha çox olub. “Exit-poll”a cəlb olunan seçicilərin 90
faizi referenduma çıxarılan məsələlərə
“hə” deyib”. Bunları
müqayisə etdikdə
Mərkəzi Seçki
Komissiyasının rəsmi
məlumatları az qala eyniyyət
təşkil edir.
Analoji mövqeni
Fransanın “Opinion Way” Tədqiqatlar
İnstitutunun keçirdiyi
“exit-poll”da da görmək olar. “Opinion Way” Tədqiqatlar
İnstitutunun rəsmisi
Bruno Janbart referendumda Konstitusiyaya təklif olunan 29 əlavə və dəyişikliyin 4 blok üzrə
“exit-poll”a çıxarıldığını
bildirir: “Birinci blokda təhlükəsizlik
və müdafiə məsələləri ilə
bağlı təkliflər
var idi. Bu blok üzrə vətəndaşların 89,3
faizi “bəli”, 10,7 faizi “xeyr” cavabı
verib. İkinci blokda icra hakimiyyətinin strukturu və səlahiyyətlərinə
aid təkliflər var
idi. Tədqiqatın
nəticələrinə görə,
bu təkliflərə
seçicilərin 88,9
faizi “bəli”, 11,1 faizi “xeyr” deyib.
Üçüncü blokda insan hüquq və azadlıqlarının təminatı
ilə bağlı təkliflər yer alıb. Bu blok üzrə seçicilərin
90,1 faizi “bəli”, 9,9 faizi “xeyr” deyib.
Seçkili və təyinatlı vəzifələr üçün
yaş məhdudiyyətinin
ləğv edilməsi
ilə bağlı təkliflər dördüncü
qrupda idi. “Exit-poll”un
nəticələrinə görə,
bu blok üzrə
təklif olunan dəyişiklik və əlavələrə seçicilərin
88,8 faizi “bəli”, 11,2 faizi “xeyr” cavabı verib. Bu rəqəmlər
də Mərkəzi Seçki Komissiyasının
açıqladığı məlumatlara çox yaxındır.
Səsvermə prosesini beynəlxalq
müşahidəçilər yüksək qiymətləndiriblər
Kifayət qədər şəffaf mühitdə baş tutan səsverməni izləyən beynəlxalq
müşahidəçilər də prosesi yüksək qiymətləndiriblər. Xatırladaq
ki, referendum günü
səsvermənin gedişini
Avropa Şurası Parlament Assambleyasının,
MDB Parlament Assambleyasının,
Türkdilli Ölkələrin
Parlament Assambleyasının
müşahidə missiyaları,
Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri,
xarici ölkələrin
ali seçki qurumlarının nümayəndə
heyətləri və
digərləri daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi izləyib.
Bundan əlavə, səsvermə
prosesinin müşahidəsinə
öz təşəbbüsləri
ilə və siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının,
referendum üzrə təşviqat
qruplarının təşəbbüsü
ilə akkreditasiyadan keçmiş 53 min 531 yerli
müşahidəçi qatılıb.
Avropa Xalq Partiyasının vitse-prezidenti
David Mario qeyd edir ki, Konstitusiyaya təklif edilən dəyişikliklər və
əlavələrlə bağlı
keçirilən ümumxalq
səsverməsi azad, sərbəst və ən mütərəqqi beynəlxalq standartlara cavab verib. Səsvermə Azərbaycan xalqının
iradəsini mütləq
şəkildə əks
etdirib. Onun sözlərinə görə, Avropa Xalq Partiyası ümumxalq səsverməsində
Mərkəzi Seçki
Komissiyasının dəvəti
əsasında müşahidəçi
qismində iştirak edib. Vitse-prezident deyib ki, səsvermədə
Azərbaycan vətəndaşları
təklif olunan 29 dəyişiklik və əlavəyə müstəqil
şəkildə münasibətlərini
bildiriblər: “Partiya üzvləri gün ərzində ölkə ərazisindəki müxtəlif
seçki məntəqələrində
səsvermənin gedişini
izləyiblər. Müşahidələr beynəlxalq standartlara tam uyğun aparılıb”.
AŞPA müşahidə missiyasının
rəhbəri Aleksandr
Nikoloski də prosesi yüksək qiymətləndirir: “Azərbaycan
xalqını dinc şəraitdə keçən
referendumla bağlı
təbrik edirəm. Referendum Azərbaycan qanunvericiliyinə uyğun
olaraq təşkil edilib və legitimdir. Biz xalqın iradəsinə hörmət edirik. Səsvermə prosesi şəffaf
keçib, səslərin
hesablanması zamanı
ciddi pozuntular müşahidə olunmayıb.
Nümayəndə heyəti referendumun
nəticələrinin xalqın
iradəsini ifadə etdiyini və ölkənin sabitliyi üçün addım olduğunu hesab edir”.
Avropa İttifaqının (Aİ) Regional Komitəsinin üzvlərindən ibarət müşahidə qrupu da ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bəyanat yayıb. Qrupun rəhbəri, Finlandiyadan olan Paulina Haijanen bildirib ki, 2 seçki dairəsinin 10 seçki məntəqəsində səsvermə prosesinin müşahidələri əsasında referendumun keçirilməsinin suveren Azərbaycan dövlətinin səlahiyyətlərinə aid və bu barədə qərarın verilməsinin milli qanunvericiliyə uyğun olduğu qənaətinə gəlib: “Qrupun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermə prosesinin gedişini müşahidə etdiklərinin şahidi olublar. Səsvermə prosesi texniki və təşkilati baxımdan çox yaxşı təşkil edilmişdi. Məntəqələrdə seçici fəallığı yüksək idi və səsvermə prosesi dinc şəraitdə keçdi. Hər hansı bir zərurət olmadan polisin və ya yerli icra hakimiyyəti orqanının nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarını və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Səs verənlər müstəqil və heç bir kənar müdaxilə olmadan səsvermə prosesində iştirak edərək öz iradələrini ifadə etdilər”.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin vitse-prezidenti Villyam Rasimora ölkəmizdə keçirilən ümumxalq səsverməsini Azərbaycanda siyasi sabitliyin zəmanəti kimi dəyərləndirib: “Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər vətəndaş azadlıqlarını gücləndirəcək və demokratiyanı müdafiə edəcək. Bu yeni mərhələdə ölkədə fərqli institutların sabitliyi təmin ediləcək. Müşahidə apardığımız bütün məntəqələrdə səsvermənin ədalətli və düzgün keçirildiyinin şahidi olduq. Səslərin hesablanması zamanı heç bir qanun pozuntusuna rast gəlmədik. Hesab edirik ki, referendum Azərbaycan vətəndaşlarının gözləntilərini doğruldub. Digər tərəfdən, referendum günü ölkədə ümumi vəziyyətin sakit olduğunu müşahidə etdik”.
Məhz bütün bunlar dəyişikliklərin xalq tərəfindən dəstəkləndiyini göstərməklə yanaşı, prosesin tam şəffaf mühitdə baş tutduğunu da əyani şəkildə nümayiş etdirir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2016.- 1 oktyabr.- S.8.