Rusiya Hökuməti sədrinin müavini Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında olub

Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodetsin başçılıq etdiyi nümayəndə heyəti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialında olub.

AZƏRTAC xəbər verir ki, universitetin rektoru, professor Əziz Əliyev bu ali məktəbin yaranması barədə danışıb. Qeyd edilib ki, İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, habelə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Rektor vurğulayıb ki, Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci MDTU-nun məzunu və fəxri professorudur. Rusiyanın Səhiyyə Nazirliyiuniversitetin Bakı filialının yaradılması barədə müvafiq əmr verib. Diqqətə çatdırılıb ki, 2015-ci il sentyabrın 15-də dünyanın ən nüfuzlu ali məktəblərindən birinin Bakı filialının təntənəli açılış mərasimi keçirilib. Həmin tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

Rektor Əziz Əliyev daha sonra deyib: Filial Azərbaycanda tibbi təhsilin təkmilləşdirilməsi, bu sahədə dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, habelə ölkə vətəndaşlarının Rusiyanın ali tibb məktəblərində təhsil almaq arzusunun təmin edilməsi məqsədilə yaradılıb. Mən, həmçinin İ.M.Seçenov adına Birinci MDTU-nun rektoru, professor Pyotr Qlıboçkoya da Bakı filialında tədris prosesinin təşkilində göstərdiyi dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. Bakı filialında 31.05.01 “Müalicə işi” ixtisası üzrə mütəxəssislər hazırlanır. Bu il birinci kursa 125 tələbə daxil olub, iki kursda təhsil alan tələbələrin ümumi sayı isə 225 nəfərdir. Müəllimlərin əksəriyyəti Moskvadan olan professorlardır. Onların mühazirələri ən yüksək səviyyədə keçir”.

Rektor Ə.Əliyev görüşdə vurğulayıb ki, Rusiya Tibb Universitetinin Bakı filialı Rusiya, ABŞ və Almaniyanın, habelə Azərbaycanın aparıcı klinikaları ilə müqavilələr bağlayıb. Rektor daha sonra deyib: “Sentyabrın 28-də Amerikadakı M.D.Anderson adına Onkoloji Mərkəzlə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmin sənədə uyğun olaraq, İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialının tələbələri M.D.Anderson adına Onkoloji Mərkəzdə klinik ixtisaslar üzrə praktiki rotasiya keçə biləcəklər. Təhsildə fərqlənən tələbələr həmin klinikalarda ixtisasartırma kursları keçəcəklər. Bundan əlavə, bizim ali məktəbdə V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları – 1993-cü il üçün fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatı ser Riçard Con Roberts (Böyük Britaniya), 2004-cü il üçün kimya üzrə Nobel mükafatı laureatları Avram GerşkoAaron Çexanover (İsrail) ilə görüş keçirilib”.

Sonra Rusiya nümayəndə heyətinin üzvləri Bakı filialında yaradılmış şəraitlə tanış olublar. Qeyd edilib ki, universitetin Bakı filialının muzeyində İ.M.Seçenov adına Birinci MDTU-nun tarixini əks etdirən fotoşəkillər və eksponatlar sərgisi təşkil olunub. Konfrans zalında filialın və Moskvadakı universitetin müəllimləri arasında onlayn-seminarlar, veb-konfranslar, telekörpülər keçirilir. Ali məktəbdə yaradılmış simulyasiya mərkəzi müasir texnologiyaları tətbiq etməyə imkan verən innovativ təhsil platformasıdır. Bu mərkəz tələbələrin praktiki klinik biliklərə yiyələnmələri üçün nəzərdə tutulub. Filialda həkim-mütəxəssislərin hazırlanmasında innovativ təhsil texnologiyaları tətbiq edilir, ustad dərsləri keçirilir. Filialın fizika, kimyabiologiya auditoriyaları da peşəkar mütəxəssislər hazırlanmasına xidmət edən ən müasir avadanlıqla təchiz olunub. Bu laboratoriyalarda müəllimlər və tələbələr üçün avtomatlaşdırılmış yerləri, interaktiv yazı lövhələri quraşdırılıb. Təbabət sahəsində fundamental elm sayılan anatomiyanın öyrənilməsi üçün Bakı filialında Anatomiya Zalı yaradılıb. Burada həm ənənəvi vasitələrin, həm də müasir texnologiyaların köməyi ilə insan orqanizmi haqqında biliklərə yiyələnmək olar. Zalda 3D stolu vasitəsilə virtual anatomiya tədris edilir. Burada, həmçinin insan əzələlərinin sintetik zülaldan hazırlanmış modeli vardır. Həmin modeldəki əzələlərin tərkibi insan əzələlərinin tərkibi ilə tam eyniyyət təşkil edir. Anatomiya auditoriyasında praktiki məşğələlər keçirilir.

Sonra Olqa Qolodets təhsil prosesi ilə tanış olub və Bakı filialında yaradılmış şəraitdən məmnun qaldığını bildirib.

Azərbaycan.-2016.- 1 oktyabr.- S.10.