Neftçalalılar
pambıq əkini sahələrini 10 min hektara çatdıracaqlar
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sədrliyi ilə Sabirabad rayonunda keçirilən müşavirədə pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar qarşıya yeni vəzifələr qoyulmuşdur. Əkin sahələrinin artırılması üçün pambıqçılıq rayonlarının başçılarına, əlaqədar nazirlik və təşkilatların rəhbərlərinə Prezident tərəfindən konkret tapşırıqlar verilmişdir. O cümlədən gələn il Neftçala rayonunda 10 min hektarda pambıq əkilməsi tövsiyə olunmuşdur.
Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası, strateji əhəmiyyət kəsb edən pambığın istehsalının qarşıdakı ildə daha da artırılması üçün ehtiyat mənbələrini dürüst müəyyənləşdirmək, intensiv metodlar tətbiq etməklə yüksək məhsuldarlığa nail olmaq, əhalinin məşğulluğunu artırmaq və digər məsələlərlə bağlı Neftçala Rayon İcra Hakimiyyətində pambıqçıların müşavirəsi keçirilmişdir. Müşavirədə vurğulanmışdır ki, hədəf məlumdur - gələn il Neftçalada 10 min hektar sahədə pambıq əkilməlidir.
Cari ildə rayonda 1541 hektara pambıq əkilmişdir. 228 fermer və torpaq mülkiyyətçisi hələ ilin əvvəlində 1496 hektar pambıq əkmək məqsədilə “MKT-İK” MMC-nin Salyan filialı, 6 nəfər isə 45 hektarda pambıq əkmək üçün “CTS-Aqro” MMC Salyan pambıq istehsalat və tədarükü məntəqəsi ilə müqavilə bağlamışdır. Pambıqçılar bu təşkilatlar tərəfindən toxumla, səpin və becərmə dövründə lazımi texnika, gübrə, ziyanvericilərə qarşı zəhərli kimyəvi maddələr və pul vəsaiti ilə təmin olunmuşlar.
Artıq yığıma başlanılmışdır. Bununla bağlı Neftçala rayonunun ən iri fermer təsərrüfatlarından birində olduq. Yuxarı Qaramanlı kəndi Kür çayının sol sahilində yerləşir. Fermer İmaməddin Dadaşovla görüşüb sahəyə yollandıq. Kənddən çıxıb yarı çınqıl, yarı torpaq yolla irəlilədikcə pambıq tarlaları, yoncalıqlar, taxılı biçildikdən sonra şumlanan sahələr başlayır.
- Yaxşı, münbit torpaqlardır.
Cavabında: “Torpağın pisi yoxdur, gərək üstündə zəhmət çəkəsən. Ataların yaxşı bir sözü var: “Torpaq deyir, öldür məni, dirildim səni”. İşim olmayanda da mən hər gün əkdiyimiz sahələrə baş çəkirəm”, - dedi.
Elə bu vaxt o, qarşıda sahəni hamarlayan texnikanı-skreperi göstərdi. Bir az kənarda ağ rəngli “Niva” maşını dayanmışdı. Müsahibim bayaq dediyi sözü əyani olaraq qüvvətləndirir: “Torpaq sahibidir, sahəni hamarlatdırır ki, suvarma zamanı çətinliklə qarşılaşmasın. Nahamar sahənin hər yeri yaxşı su içmir, ona görə də yaxşı məhsul vermir”.
İmaməddin Dadaşov 1974-cü ildə 8-ci sinfi bitirəndən sonra Bakı Neft Texnikumuna daxil olub. Təhsilini bitirərək əsgərliyə yollanıb. Orduda aşpazlıq peşəsini də öyrənib. Hərbi xidməti başa vurub Bakıya qayıdıb və ixtisası üzrə işləməyə başlayıb. 1985-ci ildə atasının, 40 gün sonra anasının vəfatı onu çox sarsıdıb. Həmin vaxt özündən böyük 2 qardaşı ailə qurub ata yurdundan çıxmış, kənddə yeniyetmə bir bacısı qalmışdı. Qardaşları, qohum-əqrəbası İmaməddinə məsləhət gördülər ki, kəndə qayıdıb doğulduğu ocağa sahib dursun. Çox götür-qoy edib, kəndə gələrsə, nə işlə məşğul olacağı barədə fikirləşib. Sonda qərara gəlib ki, torpaqla məşğul olsun, kolxozda işləsin, pambıq əkib-becərsin. Hərdən ürəyində öz-özünə bu sözləri də təkrarlayıb: “Nə fərqi? “Qara qızıl” olmasın, “ağ qızıl” olsun. Hər ikisi bu vətənin sərvətidir”. Günlər, aylar, illər keçib. Torpaqla ülfət bağlayıb, zəhmətkeşliyi ilə seçilib. Getdikcə İmaməddin torpağa daha möhkəm bağlanıb, əkdiyi pay torpağından yüksək məhsul götürüb. Kənddə yaşayan dayısı - həmyaşıdı Rafael Hüseynov da ona yaxından kömək edib, birgə fermer təsərrüfatı yaradıblar. Həmkəndlilərindən icarəyə torpaq sahələri götürüb təsərrüfatlarını daha da genişləndiriblər. Çəkdikləri zəhmət itməyib, əkdikləri sahələr bol məhsul yetirərək onlara yaxşı qazanc gətirib. Bacısını gəlin köçürüb, özü sevib-seçdiyi qızla ailə həyatı qurub. İndi 3 övladı var. 2 qızı ali təhsillidir, oğlu isə yanında təsərrüfat işləri ilə məşğuldur. Yaxşı aşpaz olduğu üçün kənddə toy-düyün məclislərini də yola verir.
Həmsöhbətim dedi ki, hər şey insanın özündən asılıdır: “Biz qənd-çaydan, pal-paltardan başqa, heç nəyə pul vermirik. Yanvar-fevral aylarında gedib inkubatordan 500 körpə cücə götürürəm. Həyat yoldaşım onu böyüdür. İl boyu quş əti, yumurta ilə təmin olunuruq. Hələ üstəlik satır, dost-tanışa da pay veririk. Hələlik bir inəyimiz var. Gələcəkdə fikrim var artırım. İnək hər gün 8 litr süd verir. 4 litrini satırıq, qalan 4 litr ailəmizin südə, qatığa, kərə yağına olan tələbatını ödəyir. Çöldə bir ferma yaratmışam. Hələlik orada 100 baş qoyunumuz var. Bundan başqa, 2 hektar 40 sot buğda, bir o qədər də arpa və yonca sahəmiz var. Taxılın hər hektarından 50 sentner məhsul götürmüşdük. 8 ton buğda satdım. Buğdanın qalanını özümüzə saxladım, arpanı, yoncanı heyvanlar üçün tədarük etdim”.
Uzaqdan ağ qumaşa bürünmüş kimi görünən pambıq sahələrinə çatanda dedi: “Bizim sahələrimizdir, buranı pambıqyığan maşınla yığacağam. Bir neçə gündür, defalvasiya aparmışam. 25 hektardır. Digər sahələri də göstərəcəyəm. Gördüyünüz kimi, məhsul yaxşıdır, ancaq yağışlar işimizə müəyyən qədər ziyan vurdu. Azı 5-6 sentner itirdik. Neyləmək olar? Təbiətin işidir. İnşallah, əkdiyimiz 81 hektar pambıq sahəsindən 200 ton məhsul götürməyə nail olacağıq”.
Pambığı əl ilə yığılan sahəyə yollandıq. “Ən zəif sahəm buradır. Yığım qurtarandan sonra gərək burada əməlli-başlı planlaşdırma işi aparaq”. Maşından düşüb pambıqyığan qızlara salam verib, işlərin necə getdiyini, hər gün nə qədər pambıq yığdıqlarını öyrənirik, adlarını soruşuruq. Bir neçəsi özlərini təqdim edir: Gülbəniz Qasımova, Fatma Nuriyeva, Dürdanə Quliyeva, Sevinc Əliyeva... Dürdanə Quliyeva deyir: “52 yaşım var. Ağlım kəsəndən pambıq becərməklə, yığmaqla məşğul olmuşam. Gündə 90-100 kiloqram məhsul yığıram. Amma bu cavan qızlar ki var, məndən də çox yığırlar. O qızı görürsən, adı Nərgizdir. Maşallah, od parçasıdır. Hər gün 140 kiloqramın kürəyini vurur yerə”.
Öyrəndik ki, Yuxarı Qaramanlı nümayəndəliyi ərazisində 5 nəfər torpaq mülkiyyətçisi bu il 140 hektar pambıq əkib. Ərazi nümayəndəsi Yalçın Abiyev bu işdə nümunə göstərərək 54 hektarda yüksək keyfiyyətli pambıq yetişdirib. Gələn il isə ərazi nümayəndəliyinin əhatə etdiyi 3 kənddə 800 hektar pambıq əkilməsi planlaşdırıb. Fermer İmaməddin Dadaşov bunun 120 hektarının onun payına düşdüyünü bildirdi.
Seyran CAVADOV,
Azərbaycan.-2016.- 1 oktyabr.- S.11.