Süni mayalama texniki Müşviq Muradov

Onun 9 ildə aldığı 3200 buzovdan 604 ton ət və 3000 ton süd istehsal olunub

 

Müşviq Muradovu Qarabağda yaxşı tanıyırlar. Sənətinin peşəkarı olduğu üçün sahibkarlar onu Ağdam rayonundan tutmuş Bərdə, Yevlax, Tərtər, Ağcabədi, Beyləqan rayonlarına, hətta Quba, Qəbələ, Lənkərana da dəvət edir, heyvanlarını süni mayalandırıb yüksək keyfiyyətli buzovbalaqlar alınmasını etibar edirlər.

Müşviq ali təhsilli zootexnikdir. 8 il bundan əvvəl heyvandarlıqda süni mayalama tədbirləri yenicə başlayanda birbaşa Kənd Təsərrüfatı Nazirliyinə gəldi və süni mayalama texnikləri hazırlayan kursa göndərilməsini xahiş etdi: “Mənə etimad göstərsəniz, sizin etimadınızı can-başla doğruldacağam”, - dedi.

Müşviq müsabiqədən müvəffəqiyyətlə keçib Respublika Süni Mayalama Mərkəzində təşkil olunmuş kursda iştirak etdi. Burada nəzəri və praktiki məşğələlər aparan Niderlanddan gəlmiş mütəxəssis Con Boner nazirlikdə olarkən Müşviq haqqında xoş sözlər söylədi: “Proqramı tez və mükəmməl mənimsəyib, praktikada özünü doğruldub. Gələcəkdə bu sahənin bir nömrəli mütəxəssisi olacağına inanıram”.

Kənd Təsərrüfatı Nazirliyi bütün süni mayalama texnikləri kimi Müşviqi də təmənnasız olaraq dövlət büdcəsinin vəsaiti hesabına dəyəri 1141 manat olan süni mayalama avadanlığı dəsti, 1462 manat olan yedəkli motosiklet, 168 doza heyvan toxumu və 220 litr maye azotla təmin etdi. İşə başladığı birinci ildə hər ay ona əməkhaqqı verildi.

Müşviq əvvəlcə öz doğma kəndlərində - Ağdam rayonundakı Qaradağlı kəndində işə başladı. Sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarının başçıları müstəqillik illərində ilk dəfə idi ki, heyvanların süni mayalanmasına rast gəlirdilər. Əvvəllər bu işə inam çox az idi. O, əhali arasında süni mayalamanın əhəmiyyəti və üstünlükləri barədə geniş izahat və təbliğat apardı. Müntəzəm olaraq adamlarla fərdi qaydada görüşür, ildə 800-1000 kq süd verən yerli inəklərdən süni mayalama yolu ilə alınan buzovların yetkin yaşlarında, yaxşı yemləmə şəraitində ən azı 2000-2500 kq süd verəcəyinə onları inandırmağa çalışırdı.

2009-cu ildə Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Göygöl rayonunun ərazisində Respublika Süni Mayalama Mərkəzi istifadəyə verilmişdir. Mərkəz Fransada istehsal olunan müasirinnovativ avadanlıqlarla tam təchiz olunmuşdur.

Süni mayalamaya şübhə ilə yanaşanlardan biri - Şamil Kərimovun inəyindən ilk bala alınanda Müşviqin sevincinin həddi-hüdudu yox idi. O, həmin buzovu adamların ən çox toplaşdığı kənd klubunun həyətinə gətirib nümayiş etdirdi. 36 kq çəkidə doğulan buzov hamını təəccübləndirdi. Axı, onların buzovları 17-20 kq-dan artıq olmurdu. Bununla da tilsim qırıldı. Artıq adamların özləri Müşviqi axtarmağa başladılar. Çox keçmədi ki, onu qonşu Əfətli kəndindəki “Qara inək” heyvandarlıq kompleksinə dəvət etdilər. 5 ildən çoxdur ki, Müşviq burada süni mayalama texniki işləyir. Həm də Əfətli, Qaradağlı, Evoğlu, Rzalar, Mahrızlı və diğər kəndlərdə ailə kəndli təsərrüfatlarında heyvanların süni mayalanmasını təşkil edir. Hər süni mayalama xidmətini kəndlərin yaxın-uzaqlığından asılı olaraq 15-20 manata aparır. Heyvan toxumlarını Respublika Süni Mayalama Mərkəzindən bir dozanı 2,50 manata, maye azotun litrini isə 80 qəpiyə alır.

Müşviq ildə orta hesabla 480-500 baş heyvanı süni mayalayır, onlardan 400-450 baş buzovbalaq alır. “Qara inək” heyvandarlıq kompleksində hər 100 baş süni mayalanmış inəkdən 82-85 bala əldə edir. Bu əla göstəricidir. Hətta xarici partnyorlar onun işinə həsəd aparırlar. Müşviq bu müvəffəqiyyətə ona görə nail olur ki, süni mayalama texnologiyasını əla mənimsəmişdir. Heyvanların ətlik və südlük istiqamətli olduğunu da düzgün təyin edir. Südlük inək və düyələri yalnız və yalnız holştin-friz, ətlik heyvanları isə aberdin-anqus cinsindən olan törədici buğaların toxumları ilə mayalayır. Orta hesabla bir baş heyvanın süni mayalanmasına 1,2 doza toxum sərf olunur. Son 9 ildə Müşviq 4050 baş heyvanı süni mayalayıb, bu heyvanlardan 3200 bala alınmışdır. Bu buzovlar böyüdükdən sonra 1500 inəkdən ildə 3000 ton süd, 1725 erkək heyvandan isə kökəldilərək 604 ton diri çəkidə ət istehsalına nail olmuşdur.

Müşviq çox zəhmətkeş, işgüzar, öz işini sevən adamdır. Peşəsini həvəslə oğluna da öyrədir. Müşviq Muradov söhbət zamanı dedi:

- Möhtərəm Prezidentimiz

İlham Əliyev öz çıxışlarında dəfələrlə heyvanların süni mayalanması probleminə toxunmuşdur. Biz yalnız bu yolla heyvanların cins tərkibini sürətlə yaxşılaşdırıb, məhsuldarlığını artıra bilərik. 2000 baş heyvanı süni mayalamaq uçun kifayət qədər potensial var. Buna mütləq nail olacağıq.

Respublikada yerli inək və düyələr əsasən mələz heyvanlardan ibarət olmaqla, boyları kiçik, məhsuldarlıqları isə azdır. Hər inəkdən və camışdan keçən il orta hesabla 1450 kq süd sağılmışdır. Kənd və qəsəbələrdə zootexniki standartlara cavab verən törədici heyvanlar çox az olduğundan hər 100 baş inək və camışdan 95-100 baş əvəzinə ildə orta hesabla 55-60 baş bala alınır, heyvanların 40-45 faizi qısır qalır. Mal-qara arasında təbii cütləşmə vasitəsilə bruselyoz xəstəliyi geniş yayılmışdır. Süni mayalanma həm də bu xəstəliyin kökünü kəsən başlıca vasitədir.

2009-cu ildə Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Göygöl rayonunun ərazisində Respublika Süni Mayalama Mərkəzi istifadəyə verilmişdir. Mərkəz Fransada istehsal olunan müasirinnovativ avadanlıqlarla tam təchiz olunmuşdur. Bu mərkəzin köməyi ilə heyvanların cins tərkibini yaxşılaşdırmaq və onun məhsuldarlığını artırmaq mümkündür.

Respublikada 300 nəfər süni mayalama texniki olarsa, maldarlığın əsas problemlərindən biri olan süni mayalama işini müvəffəqiyyətlə həll etmək olar.

Çingiz FƏRƏCOV,

respublikanın əməkdar kənd təsərrüfatı işçisi

Azərbaycan.-2016.- 1 oktyabr.- S.11.