Ziyalılıq nümunəsi

Tamerlan Əliyev-95

İnsan həyat tərzi, ətrafındakılara münasibəti, əməyi və əxlaqı ilə öz ömür kitabını yaradır. Bu keyfiyyətlərinə görə yaxşı insanlar həyatdan köçəndən sonra da yaddaşlarda, xatirələrdə daim yaşayır. Belə unudulmaz şəxsiyyətlərdən biri Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Tamerlan Əziz oğlu Əliyevdir. Görkəmli Azərbaycan alimiictimai xadimi Əziz Məmmədkərim oğlu Əliyevin oğlu və Azərbaycan oftalmologiya elminə dünya şöhrəti gətirmiş böyük alim Zərifə Əziz qızı Əliyevanın qardaşı Tamerlan müəllimin həyat və taleyi bu ailənin möhtəşəmliyini bir daha sübut edir.

Tamerlan Əliyev 1921-ci il oktyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Şaxtaxtı kəndində gələcəyin böyük dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atası Əziz Əliyev bütün həyatı və fəaliyyəti ilə doğma Azərbaycanımızın və Azərbaycan xalqının adına şərəf gətirən, ömrü boyu insanların qəlbində humanizm, mərhəmət, xeyirxahlıq işığı yandıran insan idi. Yaşadığı dövrün təlatümləri, qarşılaşdığı çətinliklər, ağrı-acılar və uğurlar bu böyük insanın həyatında, taleyində dərin izlər buraxmışdır.

Əziz Əliyev kimi görkəmli şəxsiyyətin ailəsində boya-başa çatan Tamerlan hələ uşaqlıq çağlarından alicənablıq, həssaslıq və ziyalılıq ruhunda tərbiyə almışdır. Tamerlan Əliyev ilk təhsilinə 1929-cu ildə Bakı şəhəri 3 nömrəli ibtidai məktəbdə başlamış, sonra Bakıdakı 176 nömrəli orta ümumtəhsil məktəbində davam etdirmişdir. 1940-cı ildə orta məktəbi əla qiymətlərlə bitirən Tamerlan Əliyev elə həmin il Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Ciddi tələbəlik həyatı keçirən gənc Tamerlan institutun bütün ictimai işlərində fəal iştirak etməklə, dərslərini də əla qiymətlərlə oxuyurdu. O, tələbəlik illərində fakültə divar qəzetinin redaktoru, institut tələbə həmkarlar təşkilatının büro üzvü olmuş, təhsildə əldə etdiyi uğurlara görə o dövrün ən yüksək tələbə mükafatı olan Stalin təqaüdünə layiq görülmüşdür. 1943-cü ildə Tamerlan Əziz oğlu Əliyev tələbə ikən təhsildə və ictimai işlərdə fərqləndiyinə görə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.

Tamerlan Əliyev müharibə illərində dərsdənkənar vaxtlarında hərbi hospitalda işləyir, yaralı əsgərlərə tibbi xidmət göstərirdi.1944-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirən gənc həkim Tamerlan Əziz oğlu Əliyev bir müddət Azərbaycan Elmi-Tədqiqat EpidemiologiyaMikrobiologiya İnstitutundasonradan Azərbaycan Tibb İnstitutunun mikrobiologiya kafedrasında çalışmışdır.

Tamerlan müəllim 1945-ci ildən əmək fəaliyyətini Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə terapiyası kafedrasının (indiki Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrası) ilə bağlayır və ömrünü bütünlüklə bu kafedranın fəaliyyətinə həsr edir. O, 1945-ci ildən fakültə terapiyası kafedrasında ordinator, 1948-1969-cu illərdə kafedranın assistenti, 1969-cu ildə dosent vəzifələrində çalışmış, 1970-1990-cı illərdə kafedranın müdiri və 1990-cı ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində olmuşdur.

Tamerlan Əliyevin çoxcəhətli elmi-tədqiqatlarının əsasını Azərbaycanın kurort amillərinin müalicəvi təsiri, endokrin sistem xəstəliklərinin patokenezinin klinikasının və müalicə üsullarının öyrənilməsi, qanın laxtalanma, əks-laxtalanma və fibrinoliz sistemində normalpatoloji şəraitdə baş verən dəyişikliklər və onların korreksiya üsulları, miokard infarktının müalicəsi və digər problemlər təşkil etmişdir. Həkimlik fəaliyyətinə başladığı ilk illərdə Naftalan neftinin orqanizmin reaktivliyinə təsirinin öyrənilməsinə böyük əmək sərf edən Tamerlan Əliyev 1954-cü ildə “Naftalan neftinin təsiri altında heyvan orqanizminin immunoloji reaktivliyinin xarakteristikasına dair materiallarmövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bundan sonrakı illər ərzində Tamerlan müəllim respublikamızda əsası fakültə terapiyası kafedrasının professorları K.H.Jeqorovİ.M.Orucov tərəfindən qoyulmuş tibbi problem-endokrinologiya sahəsində elmi tədqiqatlar aparmış və çoxillik gərgin əməyinin bəhrəsi olaraq 1969-cu ildə “Müxtəlif formalı şəkərli diabeti olan xəstəliklərdə periferik damarların vəziyyəti; metabolizm və qanın koaqulyasiyasının bəzi göstəriciləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Tamerlan Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə respublikamızda endokrinologiyaterapiya üzrə elmi-tədqiqat aparan alimlərə Moskvanın, Tbilisininkeçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elmi mərkəzləri ilə əməkdaşlıq aparmaq üçün şərait yaradılmışdır.

T.Əliyev Endokrinoloqların Ümumittifaq Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü kimi dəfələrlə cəmiyyətin iclaslarında maraqlı məruzələrlə çıxış etmiş, səyyar elmi seminar və sessiyaların keçirilməsini təşkil etmişdir. 1981-ci ildə Endokrinoloqların Ümumittifaq Cəmiyyətinin endokrin sistem patologiyasına dair səyyar elmi sessiyasının məhz Bakıda təşkil olunması və müvəffəqiyyətlə keçirilməsi professor T.Əliyevin səyi sayəsində mümkün olmuşdur. Beləliklə, Tamerlan Əliyevin geniş fəaliyyəti respublikamızda endokrinologiyakardiologiya elminin inkişafına təkan vermişdir. Tamerlan müəllim 10 ilə yaxın respublika Endokrinologiya Cəmiyyətinin əvəzsiz sədri olmuşdur.

Professor T.Əliyevin şəxsi iştirakı və səyi nəticəsində 1975-ci ildə 4 nömrəli klinik xəstəxananın bazası əsasında 90 çarpayılıq endokrinoloji şöbə yaradılmışdır. O vaxtdan bəri bu şöbədə fakültə terapiyası kafedrasının əməkdaşları 4 nömrəli xəstəxananın əməkdaşları ilə birlikdə şəkərli diabeti olan xəstələrin mərkəzləşdirilmiş formada müalicə və profilaktikasına dair əsaslı elmi işlər aparır. Onun fakültə terapiyası kafedrasına rəhbərlik etdiyi dövrdə Bakı şəhərinin müxtəlif klinika və poliklinikalarından, respublikanın rayonlarından və hətta bəzi xarici ölkələrdən (İran, Suriya, Türkiyə) endokrinologiya sahəsində təkmilləşmə məqsədilə bu kafedraya həkimlər ezam edilirdi. Eyni zamanda kafedranın yerləşdiyi F.Ə.Əfəndiyev adına 4 nömrəli Bakı Klinik Xəstəxanasının müxtəlif şöbələrində və 1, 2, 10 nömrəli şəhər poliklinikalarında endokrinoloji xəstələrə bu kafedrada hazırlanan proqram üzrə məsləhətlər verilir, diaqnostik və müalicəvi yardım göstərilirdi.

T.Əliyevin şəxsi təşəbbüsü nəticəsində kafedranın bazasında respublikada ilk intensiv kardioloji yardım şöbəsi təşkil edilmiş, xəstəxanada müasir cihaz və avadanlıqlarla (elektrokardioqraf, kardiomonitor, exokardioqraf , veloerqometr, süni tənəffüs aparatı) təmin edilmiş reanimasiyaintensiv terapiya bloku, funksional diaqnostika şöbəsi yaradılmışdır.

Keçmiş SSRİ-nin bir çox regionlarında kardioloji xidmətin inkişaf etdirilməyə başlandığı dövrdə Bakıda 4 nömrəli xəstəxananın bazasında miokard infarktı və şəkərli diabet kimi qarşılıqlı ağırlaşdırıcı xəstəlikləri olan şəxslərin distansion diaqnostikası, təxirəsalınmaz yardımı, intensiv terapiyası təşkil edilmişdir. Burada xəstələrə ardıcıl reanimasion, terapevtik, funksional bərpa və nəhayət “Bilgəh” kardioloji sanatoriyasında fərdi müalicə planı əsasında aktiv reabilitasiya tədbirləri aparılırdı. Bu növ xidmət keçmiş ittifaq üzrə ilk dəfə Azərbaycanda təşkil edilmiş, səhiyyə təşkilatçıları tərəfindən yüksək qiymətləndirilmiş və respublikamızda xəstələr arasında ölüm faizinin keçmiş SSRİ üzrə orta göstəricilərdən aşağı endirilməsinə kömək etmişdir.

Səhiyyənin belə mühüm problemlərinin həlli elmi-tədqiqat axtarışlarını genişləndirməyə, ürəyin işemik xəstəlikləri, hipertoniya, ürək çatışmazlığı, ürək aritmiyaları, şəkərli diabetonun bir sıra ağır fəsadlarının öyrənilməsinə, diaqnostikasına və müalicəsinin təşkilinə yardım göstərmişdir. Azərbaycanda kardioloji xidmət sisteminin elmi təşkili və bu sahələrdə kadrlar hazırlanması sahəsində Tamerlan Əliyevin əvəzsiz xidməti olmuşdur. İndiyə qədər fəaliyyətdə olan akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu Tamerlan Əliyevin təşəbbüsü və dəstəyi ilə yaradılmışdır. Yüksək elmi potensial sayəsində qısa müddətə T.Əliyevin rəhbərliyi altında 25 elmlər namizədi və 5 elmlər doktoru hazırlanmışdır və onlar hazırda müxtəlif kafedraların rəhbərləri, endokrinologiyakardiologiya sahəsində aparıcı mütəxəssis kimi çalışırlar. Professor T.Əliyev 250-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onlardan “Şəkərli diabet” (1979), “Klinik laborator-diaqnostik tədqiqat üsulları” (1974), “Prediabet” (1982), “Şəkərli diabet haqqında ətraflı məlumat”, “Biokimyəvi tədqiqat üsulları”, “Şəkərli diabet zamanı qan dövranı pozulmaları və onların tənzimi” (1979), “Endokrinologiya” (1993), “Karbohidrat mübadiləsinin pozulmaları və ürəyin işemik xəstəliyi” (1983) və başqaları həkimlərimizin stolüstü kitablarıdır. Bu monoqrafiyaların bir neçəsi xalq təsərrüfatı nailiyyətləri sərgisinin qızıl medalı ilə təltif edilmişdir, aliminEndokrinologiya” əsəri bu sahədə Azərbaycan dilində yazılmış ilk dərslik idi. Professor Tamerlan Əliyev Azərbaycanda tibb elminin və səhiyyənin inkişafı sahəsində apardığı uzunmüddətli səmərəli işlərinə görə “Şərəf nişanı” və “Oktyabr inqilabı” ordenləri ilə, Azərbaycan Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı və fəxri fərmanları ilə təltif edilmişdir. T.Əliyev 1981-ci ildə “Klinik laborator-diaqnostik tədqiqat üsulları” monoqrafiyasına görə respublika Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Həkim, alim və müəllim keyfiyyətlərini özündə yüksək səviyyədə birləşdirən Tamerlan Əliyev respublika Səhiyyə Nazirliyinin baş terapevti olmaqla yanaşı, uzun illər Azərbaycan Tibb Jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Dövlət Tibb İnstitutunun doktorluq dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşdırılmış Elmi Şurasının sədri vəzifələrində çalışmışdır. Görkəmli alim elmi-metodik işlərin nəticəsinə görə elmi kəşflər üzrə SSRİ Dövlət Komitəsinin üç şəhadətnaməsini almışdır. Respublikada elmi kadrların hazırlanmasında və elmin inkişafındakı xidmətlərinə görə 1985-ci ildə Tamerlan Əziz oğlu Əliyevə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı verilmişdir.

Tamerlan Əliyev tərəfindən araşdırılan şəkərli diabetin bütün aspektlərinin öyrənilməsi problemi kafedranın son 15 illik fəaliyyətində elmi-tədqiqatların əsas istiqamətlərini əhatə etmişdir. Hazırda kafedrada T.Əliyevin bir çox yetirmələri - onun işinin davamçıları fəaliyyət göstərir. Onlar şəkərli diabetin damar ağırlaşmalarının öyrənilməsi üzrə əsası Tamerlan müəllim tərəfindən qoyulan tədqiqatları indiuğurla davam etdirirlər.

T.Əliyev tərəfindən hazırlanan kadrlar Avropa Endokrinoloqlar Assosiasiyasının üzvləri, şəkərli diabet problemi üzrə dünya forumlarının, simpoziumlarının iştirakçıları, məruzəçiləri olmaqla yanaşı, digər tibb müəssisələrinin işçilərinə elmi məsləhətlərlə yardım göstərir, şəkərli diabetin müalicəsinin dünya standartları səviyyəsində yeni aspektlərini hazırlayırlar.

Tamerlan müəllim olduqca xeyirxah insan idi. O, mənim Moskvadakı elmi məsləhətçimlə xarici ölkədə bir yerdə konqresdə olmuşdu mənə lazım olan kömək etməyi ondan xahiş etmişdi. Moskvadan Bakıya gələndən sonra Tamerlan müəllim tez-tez məni öz evinə dəvət edər, hər bir sahədə öz dəyərli tövsiyələrini verərdi. Bizim tələbə-müəllim münasibətlərimiz dostluğa çevrilmişdi. Həyat yoldaşı, intellektual mədəniyyətə malik Tamella xanım, qızları Tamfira Nigar yüksək mədəniyyətli, alicənab insanlardır, məni həmişə doğmalarından biri hesab edirdilər. Nigar xanımın görkəmli musiqiçilər haqqında televiziyada çıxışı olanda Tamerlan müəllim məni xəbərdar edərdi ki, baxım. Ertəsi gün veriliş haqqında təəssüratımı, rəyimi soruşardı. Mənə göstərdiyi qardaşlıq dəstəyinin müqabilində mən öz növbəmdə çalışıb xeyirxahıma - böyük ziyalı alimə lazımi qayğı göstərməyə can atırdım. Lakin onun bu təmənnasız qayğılarının əvəzini qaytarmaq mümkün deyildi! Əldə etdiyim bütün nailiyyətlərimə görə həmişə özümü Tamerlan müəllimə minnətdar bilmişəm.

1990-cı ildə Moskvada doktorluq dissertasiyasını müdafiə edib Bakıya - Tibb Universitetinə qayıdandan bir müddət sonra mənə kafedra müdiri olmağı təklif etdi. Bu zaman etirazımı bildirdim... Sonra Tamerlan müəllim məni inandırdı ki, “artıq yorulmuşam (o zaman Tamerlan müəllimin 67 yaşı var idi) kafedra müdirliyini ürəkdən sənə məsləhət görürəm”. Tamerlan müəllimin xeyir-duası ilə mən kafedra müdiri seçildim. Bu insan haqqında saatlarla, günlərlə danışmaq olar. Tamerlan müəllim kafedramızın bütün əməkdaşlarına, 4 nömrəli xəstəxananın bütün həkimlərinə, yəni ehtiyacı olanların ona müraciət edənlərin hamısına həmişə yardım əlini uzatmışdır. Allah ona dərin zəka, müdriklik, uzaqgörənlik, insanı yaxşı tanımaq qabiliyyəti bəxş etmişdi. O, insanları, belə demək olarsa, intuisiya ilə tanıyırdı yaxşını pisdən seçirdi. O, insanları sevirdi, yaxşılıq onun əsas qayəsi idi.

Şahidiyəm ki, Səhiyyə Nazirliyinin indiki Kardiologiya İnstitutunun təşkil olunmasında onun müstəsna rolu olsa da, o, institutda heç bir vəzifə təmənnasında olmadı. Bakı şəhəri 4 nömrəli Klinik Xəstəxanasının Endokrinologiya şöbəsini (90 çarpayılıq) o, təşkil edib yaratdı. Bütün bunlar hamısı onun xalqa bağlılığından irəli gəlirdi. Olduqca sadə idi, lakin bu sadəlikdə bir böyüklük müdriklik hiss olunurdu. O, hər bir kəslə öz dilində danışmağı bacarırdı. Bunu isə böyük Yaradan hər kəsə nəsib etmir. O, mənim xatirimdə çox sadə, yüksək mədəniyyətli, təvazökar, xeyirxah, qayğıkeş, səmimi, yaxşı həkim gözəl bir insan kimi yaşayır.

Professor Tamerlan Əliyevin əməli işləri bu gün onun tələbələri tərəfindən davam etdirilir. Gözəl insan, istedadlı alim, qayğıkeş həkim olan Tamerlan Əziz oğlu Əliyev 1997-ci ildə dünyasını dəyişmişdir.

Tamerlan Əziz oğlu Əliyevin vəfatı münasibətilə ulu öndər Heydər Əliyev hökumət üzvləri tərəfindən imzalanmış nekroloqda alimin həyat yolu bir daha nəzərdən keçirilmiş, elmi-pedaqoji fəaliyyətinə bir daha yüksək qiymət verilmişdir.

Tələbkar müəllim, sadiq dost, alicənab insan Tamerlan Əliyevin işıqlı siması və unudulmaz xatirəsinə həsr olunmuş bu yazını ümummilli liderimiz Heydər Əliyevin onunla (Tamerlan müəllimlə) vida mərasimində dediyi sözlərlə yekunlaşdırmaq istəyirəm: “Əlli il müddətində mən Tamerlanı yaxşı tanımışam, onun həyatını, fəaliyyətini həmişə müşahidə etmişəm. Alicənablığı, yüksək mədəniyyəti, ziyalılığı, fədakarlığı, sadəliyi, insanpərvərliyi ilə həqiqətən o, atasının - mərhum Əziz Əliyevin xüsusiyyətlərinin əksəriyyətini özündə əks etdirirdi. Mənim üçün isə onun bütün xüsusiyyətlərindən başqa ən dəyərlisi dostluğa sədaqətli olması idi. Sədaqətli insan idi. Tamerlan bütün mərhələlərdə mərd, sədaqətli dost olubdur. Hesab edirəm ki, insan mənəviyyatının ən yüksək keyfiyyəti, ən yüksək göstəricisi səmimilikdir, sədaqətlilikdir. Tamerlan bu keyfiyyətlərə malik bir adam idi. Hətta deyə bilərəm ki, bu keyfiyyətlərə görə nümunə idi. Ona görə də Tamerlanın xatirəsi heç vaxt unudulmayacaq. O, tələbələrinin, onu tanıyanların, onunla bir yerdə işləyənlərin, şəxsən mənim qəlbimdə daim yaşayacaqdır”.

Rafiq MƏMMƏDHƏSƏNOV,

Milli Məclisin deputatı, professor, əməkdar elm xadimi

Azərbaycan.-2016.- 2 oktyabr.- S.6.