Doğma yurdlarına qayıdacaqları günü gözləyirlər

Xocavəndin işğalından 24 il keçir

Qarabağın əlçatmaz yurd yerlərindən biri də vaxtilə Dağlıq Qarabağ vilayəti yaradılanda onun tabeliyinə verilməyi bir yana, doğma adı da əlindən alınaraq erməniləşdirilən Xocavənddir. Bu, həmin Xocavənddir ki,1992-ci ildən Ermənistanın təcavüzkar siyasəti nəticəsində yolları xocavəndlilərin üzünə bağlı qalıb.

1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra MartuniHadrut rayonlarının bazasında yaradılan, ərazisi 1458 kvadratkilometr olan Xocavənd 1 şəhər, 2 qəsəbə və 81 kənddən ibarət idi.

Azərbaycanın qədim yaşayış məskəni kimi dünyada tanınan, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, Əhəngdaşı dövrünə aid Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın ərazisində yerləşir. Həmin rayonun Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşən, uzunluğu 22 metr, Əhəngdaşı dövrünə aid olan Tağlar mağarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir. Rayonun ərazisi tarixi memarlıq və arxeoloji abidələrlə zəngindir. Yuxarıda adları çəkilən, yaşı 1,5 milyon il olan Azıx, Tağlar mağaraları, V-XIII əsrlərə aid çoxlu qalalar və türbələr, Alban məbədləri, kilsələri və qəbiristanlıqları (III-VI əsrlər) və onlarca digər abidələr 24 ildir ki, erməni vandalizminin qurbanına çevrilib.

Qarabağ, xüsusən də onun dağlıq hissəsində yerləşən istənilən tarixi abidə, qədim insan məskəni sayılan Nərgiztəpə də böyük tarixi-arxeoloji əhəmiyyətə malikdir. Aparılmış araşdırmalar zamanı burada qədim mədəniyyət nümunələri aşkar olunub. Erməni işğalçı ordusunun mövqelərinə kifayət qədər yaxın bir ərazidə yerləşən Nərgiztəpə haqqında ayrıca söz açmağımız heç də təsadüfi deyil. Öncədən deyək ki, düşmən mövqeləri ilə qonşuluq bu tarixi məkanı təhlükə altında qoyur. İşğal olunmuş Azərbaycan ərazilərində, xüsusilə də yay aylarında ermənilərin törətdiyi yanğınlar bu yerlərə ciddi ziyan vurur.

Ermənilərin işğal olunmuş ərazilərimizdə “arxeoloji tədqiqatlar və axtarışlarla” məşğul olmasını da bura əlavə etsək, onların bəd niyyəti bir daha üzə çıxar. Ona görə də Nərgiztəpədə hərtərəfli arxeoloji tədqiqatların aparılmasına böyük ehtiyac var. Çünki o, tarixi əhəmiyyətlə yanaşı, həm də böyük siyasi-ideoloji mahiyyət daşıyır. Həmin abidə gələcəkdə arxeoparka çevrilərsə, əlbəttə, turist marşrutuna da daxil etmək mümkündür. Hətta yaxın gələcəkdə, Türkiyədəki kimi, bu ərazidə də Qaraca Çobanla, ümumiyyətlə, Dədə Qorqudla bağlı bayram tədbirlərinin, elmi konfransların keçirilməsi məqsədəuyğun hesab edilir.

Düşmən belə müqəddəs məkanlarımıza qənim kəsilib. Xocavənd rayonunun Bünyadlı kəndi ərazisindəki orta əsr türk qəbiristanlığındakı qəbirlərin də başdaşları sındırılıb, buradakı günbəzvari türbənin üzərindəki ərəb qrafikalı yazını zədələyərək erməni əlifbasından bir neçə hərf həkk ediblər.

Xocavənd yalnız maddi mədəniyyət və tarixi abidələrlə deyil, həm də təbii sərvətlərlə zəngin olub. Özünəməxsus təbii sərvətlərə malik olan Xocavənd rayonunda ehtiyatları 2 milyon kubmetrə çatan üzlük daşı, 989 min ton həcmində əhəngdaşı yataqları, külli miqdarda yeraltı şirin su mənbələri vardı. Qırmızı bazar qəsəbəsində yaşı iki min ilə çatan iki qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Qarakənd kəndində respublikanın “Qırmızı kitab”ına daxil edilən III minilliyin relikt növünə aid nadir azat ağacları vardı. Ümumi sahəsi 25 min hektardan artıq olan Xocavənd meşəsindəki qiymətli palıd ağacları qırılaraq talan edilib, hətta yer üzündən belə silinib.

Rayonun işğalı mərhələ-mərhələ həyata keçirilib: 1991-ci il oktyabrın 30-da azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin, noyabrın 15-də Xətai, noyabrın 19-da Xocavənd, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində vəhşiliklər törədiblər. Kənd əhalisinin böyük bir qismi xüsusi amansızlıqla qətlə yetirilib. Bu qanlı hadisə Azərbaycan tarixinə Qaradağlı faciəsi kimi yazılıb. 1992-ci il oktyabrın 2-də Əmirallar, Muğanlı və Kuropatkin, 1993-cü il iyulun 23-də isə Günəşli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən zəbt edilərək yandırılıb.

Bu ədalətsiz və elan olunmamış müharibədə xocavəndlilər yurda, torpağa bağlılıqlarını rayonun müdafiəsində dayandıqları illərdə öz canları və qanları bahasına təsdiqləyiblər. Məhz buna görə 145 xocavəndli şəhid olub. İtkilər yalnız torpaq uğrunda canlarından keçənlərlə məhdudlaşmır. Rayonun 300-dən çox sakini əlil olub, 243 uşaq valideynlərindən birini itirib. Üç uşaq ata-anadan yetim qalıb, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülən 110 xocavəndlidən 49-u erməni faşistləri tərəfindən qətlə yetirilibs.

İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə və 17 təhsil müəssisəsi, eləcə də 59 mədəniyyət ocağı, 32 körpü, 316 kilometr uzunluğunda su kəməri və digər maddi mədəni sərvətlər talan edilib.

Xocavənd rayonunda işğalçıların törətdiyi bəşəri cinayətlərin, soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması məqsədilə bir sıra işlər görülüb. Qaradağlı kəndində həyata keçirilən soyqırımı ilə bağlı sənədli filmlər çəkilib və rus, ingilis dillərinə çevrilib. Azərbaycanın ərazi bütövlüyü naminə canlarından keçən vətən övladlarının əziz xatirəsini əbədiləşdirmək məqsədilə Xocavənd rayonunun işğaldan azad edilmiş Nərgiztəpə ərazisində “Şəhidlər” abidə kompleksi ucaldılıb.

Yurd-yuvasından didərgin düşmüş xocavəndlilər 24 ildir Qarabağdan, doğma oba-oymaqlardan uzaqdır. Əsasən Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndlilər üçün burada 500 ailəlik qəsəbə salınıb ki, rayonun bütün icra strukturları, idarə və müəssisələri, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, müasir tipli ATS, poçt şöbəsi, xəstəxana, mədəniyyət evi fəaliyyət göstərir. Xocavəndlilər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Onlar doğma yurd həsrəti ilə yaşayırlar, lakin inanırlar ki, işğal altındakı bütün ərazilərimiz tezliklə düşmən tapdağından azad ediləcək.

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2016.- 2 oktyabr.- S.7.