Roma Papası Fransİsk:
“Mən Azərbaycana bu torpağın zənginliyinə
qəlbimdəki vurğunluqla gəlmişəm”
Oktyabrın 2-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə
olan Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində
ictimaiyyətin nümayəndələri qarşısında
çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
-Zati-müqəddəsləri,
hörmətli Roma Papası Fransisk həzrətləri.
Hörmətli
qonaqlar, xanımlar və cənablar.
İlk
növbədə, Zati-müqəddəsləri, Sizi Azərbaycanda
səmimiyyətlə salamlayıram. Sizə və nümayəndə
heyətinizə “Xoş gəlmisiniz” deyirəm.
Keçən
il Vatikanda görüşərkən mən Sizi Azərbaycana
dəvət etdim və çox şadam ki, Siz dəvəti qəbul
edib bu gün ölkəmizə səfər edirsiniz. Bu səfərin
çox böyük mənası var. Bu, tarixi bir səfərdir.
Bu səfər Vatikan-Azərbaycan əlaqələrinin
inkişafına böyük töhfə verəcək. Bu səfər
bütün bəşəriyyət üçün önəmlidir.
Çünki bu səfər bir daha onu göstərir ki,
sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir
və biz çalışırıq ki, bu dialoqa yeni təkan
verək.
Vatikan-Azərbaycan əlaqələri artıq 24 ildir ki, uğurla inkişaf edir. Qeyd etdiyim kimi, qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər həyata keçirilibdir. 2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilmişdir. İlk müsəlman ölkəsinin sərgisi məhz Azərbaycan sərgisi idi. Bizim əlaqələrimiz, eyni zamanda, ictimai təşkilatlar tərəfindən dəstəklənir. Keçən ilin fevralında Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın San Marçellinio və Pietro katakombalarının əsaslı təmir və bərpa işlərindən sonra açılışı olmuşdur. Bu gözəl hadisə bir daha onu göstərir ki, həm bizim ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir, eyni zamanda, dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsi reallıqdır.
Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşamışlar, bu gün də belədir. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bizim diyarımızda həmişə sivilizasiyalar qovuşub, həmişə Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayıbdır. Bu, həm coğrafi, eyni zamanda, mənəvi körpüdür. Azərbaycanda bütün dinlərin tarixi abidələri qorunub bərpa edilir. Azərbaycan çox qədim diyardır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri – 743-cü ildə tikilmiş Şamaxı Cümə Məscidi Azərbaycanda yerləşir. Eyni zamanda, bölgəmizin ən qədim kilsələrindən biri – Qafqaz Albaniyası Kilsəsi də Azərbaycanda yerləşir. Bakıda qədim Atəşpərəstlər Məbədi vardır. Eyni zamanda, pravoslav, katolik kilsələri, sinaqoqlar dövlət tərəfindən qorunur və bərpa edilir.
2008-ci ildə Vatikan-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar hadisə baş vermişdir. Biz 2008-ci ildə Bakıda Katolik Kilsəsinin açılışını qeyd etmişdik. Bakıda Katolik Kilsəsi 1912-ci ildə inşa edilmişdir. Ancaq 1934-cü ildə sovet hakimiyyəti tərəfindən o kilsə dağıdılmışdır. Digər dini abidələr kimi, məscidlər, pravoslav kilsələri, sinaqoqlar da dağıdılmışdır. Müstəqil Azərbaycan dövləti qərar qəbul etdi ki, Bakıda Katolik Kilsəsi yenidən tikilsin və bu gün səhər, Zati-müqəddəsləri, Siz o kilsədə dini mərasim keçirmisiniz. Bu, əlamətdar hadisədir. İlk növbədə, biz tarixi ədalətsizliyi aradan qaldırdıq. Digər tərəfdən, bu, Azərbaycanda yaşayan katoliklər üçün çox böyük hədiyyə olmuşdur.
Bu gün ölkəmizdə dinlərarası, xalqlararası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Bunu təkcə biz demirik. Azərbaycan reallıqları ilə tanış olan bütün xarici nümayəndələr də bunu qeyd edirlər. Biz bir çox təşəbbüsləri irəli sürmüşük. Onların arasında “Bakı prosesi” artıq dünyada böyük şöhrət qazanmışdır. “Bakı prosesi” 2008-ci ildə başlamışdır. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzvdür. 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına biz müsəlman ölkələrinin mədəniyyət nazirlərini dəvət etdik. Tarixdə ilk dəfə idi ki, iki qurum arasında əlaqə yarandı və bu əlaqəni biz yaratdıq. 2009-cu ildə isə Bakıda müsəlman ölkələrinin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından nazirləri dəvət etdik. Beləliklə, bu prosesə “Bakı prosesi” adı verildi. Bu gün ölkəmizdə “Bakı prosesi” çərçivəsində bir çox beynəlxalq tədbirlər keçirilir. Onların içində Dünya Dini Liderlərinin Zirvə görüşünü qeyd etmək olar. İki gün bundan əvvəl V Bakı Beynəlxalq Humanitar Forumu öz işini başa vurdu və bu Forumun əsas mövzularında biri multikulturalizmdir. İki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
Bu təşəbbüslərin bir məqsədi var ki, bütün dinlərin nümayəndələri bir-biri ilə əməkdaşlıq etsinlər, qarşıdurmaya yol verilməsin. Bizim bu sahədəki uğurlu fəaliyyətimizi nəzərə alaraq BMT qərar qəbul etmişdir ki, bu beynəlxalq qurumun Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Bakıda keçirilsin. Biz bu il bu Forumu Bakıda böyük müvəffəqiyyətlə keçirdik.
Belə tədbirlərin keçirilməsi ilk növbədə bizim özümüzə, insanlarımıza lazımdır. Çünki bu, bizim cəmiyyətimizə göndərilən çox müsbət bir mesajdır. Digər tərəfdən, bu, bütün dünyaya lazımdır. Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində dini, milli zəmində müharibələr, münaqişələr, qarşıdurmalar güclənir. Biz isə belə təşəbbüsləri irəli sürərək göstəririk ki, birgə yaşamaq mümkündür, bir-birinə hörmət etmək lazımdır. Öz dininə hörmət edən mütləq başqasının dininə də hörmətlə yanaşmalıdır.
Bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Bizim üçün multikulturalizm həm həyat tərzidir, həm dövlətimizin apardığı siyasətdir.
Multikulturalizm ideyalarının
təbliği işində
Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır. Əfsuslar olsun, bəzi xadimlər, siyasətçilər,
liderlər multikulturalizmlə
bağlı bədbin
fikirlər söyləyirlər
ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, çox təhlükəli və yanlış fikirlərdir.
Biz isə Azərbaycanda
sübut edirik ki, multikulturalizm yaşayır, inkişaf edir və ölkəmizi
irəliyə aparır.
Multikulturalizmin ünvanlarından
biri Azərbaycandır.
Fəxr edirik ki, biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik.
Azərbaycanda bütün
dinlərin nümayəndələri
ləyaqətlə yaşayırlar.
Onlar ölkəmizin dəyərli vətəndaşlarıdır
və bizim ümumi inkişafımıza
böyük töhfələr
verirlər.
Biz, ümumiyyətlə, humanitar
sahədə böyük
işlər görürük,
təhsilə böyük
diqqət göstərilir.
Azərbaycanda savadlılığın
səviyyəsi təxminən
yüz faizdir. Savadlılıq ekstremizmə,
radikalizmə, nadanlığa
qarşı bir səddir. Ona görə, Azərbaycanda
təhsilin inkişafına
böyük diqqət
göstərilir.
Azərbaycan zəngin mədəni
irsə malikdir və bu, bizim
cəmiyyətimizin əsasıdır.
Biz milli mənəvi dəyərlərimizə çox
sadiqik. Eyni zamanda, biz müasir, dünyəvi ölkəyik.
Azərbaycan bu bölgədə müasirlik
və inkişaf baxımından fərqlənən
ölkələrdəndir.
Əfsuslar olsun ki, bizim xalqımız humanitar fəlakətlə
üzləşmişdir. 1990-cı illərin əvvəllərində
Ermənistanın Azərbaycana
hərbi təcavüzü
nəticəsində tarixi
torpağımız olan
Dağlıq Qarabağ
və onun ətrafında yerləşən
yeddi rayon erməni silahlı qüvvələri
tərəfindən işğal
edilmişdir. Bizim vətəndaşlarımız - bir milyon azərbaycanlı
öz doğma torpağında qaçqın-köçkün
vəziyyətinə düşmüşdür.
Torpaqlarımızın 20 faizi
işğal altındadır,
bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır.
Xalqımıza qarşı
Xocalı soyqırımı
törədilmişdir ki,
bu gün 10 ölkə bu soyqırımını rəsmən
tanıyıb. ATƏT işğal
edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya
göndərib. O missiyaların
məruzələri insanı
dəhşətə gətirir.
Bizim bütün tarixi, dini abidələrimiz
Ermənistan tərəfindən
dağıdılıb. Bizim
məscidlərimiz, qəbirlərimiz
dağıdılıb, muzeylərimiz
talan edilib. Biz isə Bakıdakı erməni kilsəsini bərpa etdik. Bu kilsədə erməni dilində beş mindən çox kitab saxlanılır. Bax, fərq bundan ibarətdir. Bu, onların hərəkətləri,
bu da bizim
münasibətimiz. Ona
görə, təsadüfi
deyil ki, Azərbaycanı dünyada
multikulturalizmin mərkəzi
kimi tanıyırlar.
Ermənistan-Azərbaycan münaqişəsinin
həllinə gəldikdə,
bu münaqişə beynəlxalq hüquq çərçivəsində həll edilməlidir. BMT Təhlükəsizlik Şurası
- dünyanın ali qurumu bu münaqişə
ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni
silahlı qüvvələrinin
torpaqlarımızdan dərhal
və qeyd-şərtsiz
çıxarılması nəzərdə
tutulur. Əfsuslar olsun ki, bu
qətnamələr yerinə
yetirilmir və iyirmi ildən çoxdur torpaqlarımız
işğal altındadır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
bütün başqa münaqişələr kimi,
ölkələrin suverenliyi
və ərazi bütövlüyü çərçivəsində
həll olunmalıdır.
Qeyd etdiyim kimi, bu münaqişədən
ölkəmiz, xalqımız
böyük əziyyət
çəkir. 1990-cı illərin
əvvəllərində əhalimiz
8 milyon nəfər idi ki, onlardan
bir milyonu qaçqın-köçkün vəziyyətinə düşüb.
Yəni, o humanitar fəlakəti biz öz gücümüzə həll
etdik və həll edirik. Buna baxmayaraq, ölkəmiz inkişaf edir. Bu ay biz müstəqilliyimizin bərpasının
25 illiyini qeyd edəcəyik. Bu illər
ərzində Azərbaycan
böyük və şərəfli yol keçib. Biz beynəlxalq
aləmdə böyük
hörmətə malikik.
Bir neçə il bundan əvvəl
dünyanın 155 ölkəsi
Azərbaycana səs verib, bizi BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçib.
Son 13 il ərzində
iqtisadiyyatımız üç dəfə artıb. Yoxsulluq,
işsizlik 5 faizə düşüb. Azərbaycanda bir
çox sosial layihələr icra edilir. Biz müasir dövlət
qurmuşuq. Bu gün Azərbaycan müstəqilliyinin bərpasının
25 illiyini nikbinlik əhval-ruhiyyəsində
qarşılayır. Çünki biz dünyaya sübut etdik
ki, azad, müstəqil ölkə kimi yaşaya bilərik,
uğurla yaşaya bilərik. Azərbaycan ölkəmizdə
yaşayan bütün xalqların doğma vətənidir. Azərbaycan
möhkəm ayaqda durur. Biz müasir, dünyəvi, inkişaf
edən, əməkdaşlığa açıq olan ölkəyik.
Zati-müqəddəsləri,
Sizin Azərbaycana səfəriniz bizim üçün tarixi
hadisədir. Bu, bizim üçün böyük şərəfdir.
Siz bu gün səhər Katolik Kilsəsində dini mərasim
keçirmisiniz. Bu görüşdən sonra Siz ölkəmizin
ən böyük məscidi olan Heydər məscidinə gedəcəksiniz.
Siz Bakıdan bütün dünyaya çox
açıq-aydın mesaj göndərirsiniz ki, multikulturalizm,
dinlərarası dialoq, xoş niyyət, xoş münasibət
zəfər çalmalıdır, üstünlük təşkil
etməlidir.
Mən
bugünkü görüşümüzdə Sizə minnətdarlıq
bildirərkən dedim ki, Siz öz səfərinizlə
bütün dünyanın diqqətini Azərbaycana cəlb
etmisiniz. Bütün qitələrdə Sizin
davamçılarınız, Sizi dəstəkləyənlər
bu gün Bakıya baxırlar, ölkəmizlə, şəhərimizlə
tanış olurlar, görürlər ki, dünyada, müsəlman
aləmində müasir, dünyəvi, inkişaf edən
ölkə var. Görürlər ki, bütün dünya
katoliklərinin rəhbəri, Zati-müqəddəsləri
Fransisk bu gün Bakıdadır. Buna görə bir daha
bütün Azərbaycan xalqı adından Sizə minnətdarlığımı
bildirmək istəyirəm. Sizə
cansağlığı, yeni uğurlar arzulayıram. Sağ
olun.
Azərbaycan.-2016.- 4 oktyabr.- S.3-4.