Dünya mediasının diqqəti Bakıya yönəldi

Roma Papasının Azərbaycan səfərinə beynəlxalq  KİV geniş yer ayırıb

Müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında ahəngdar əməkdaşlığın hökm sürdüyü, multikulturalizmin əsas dəyərlərdən birinə çevrildiyi müasir Azərbaycanda bu sahədə əldə olunan nailiyyətlər artıq dünya miqyasında da xüsusi maraq doğurur. Elə bunun nəticəsidir ki, ölkəmizdə mövcud tolerantlıq mühitinin xarakterik cəhətlərinin öyrənilməsi istiqamətində artıq çoxsaylı tədqiqatlara start verilib, eyni zamanda Azərbaycanın bu sahədə təcrübəsinin digər ölkələrdə tətbiqi gündəmə gətirilib.

Ölkəmizə təşrif buyuran çoxsaylı xarici qonaqlar da Azərbaycanda tolerantlıq mühitinin müstəsna əhəmiyyətini qabardaraq bunun müxtəlif din və mədəniyyətlərin təmsilçilərinin birgəyaşayışının mümkünlüyünə dair çox gözəl nümunə olduğunu qeyd edirlər.  Məsələn, ölkəmizdə səfərdə olmuş Roma Papası Fransisk Azərbaycanda katolik icmasına yaradılan şəraitdən, onların cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlardan, digər dinlərin təmsilçiləri ilə qurulan münasibətlərdən məmnunluğunu ifadə edərək bu xüsusda bildirir: “Katolik icmasının müsəlman, pravoslav və yəhudi icmaları ilə səmimi münasibətləri saxlamasından xüsusi olaraq məmnunam və arzu edirəm ki, dostluq və əməkdaşlıq telləri daha da artsın. Bu cür yaxşı münasibətlər və sülh şəraitində yan-yana yaşama dünyada sülh üçün xüsusi əhəmiyyət kəsb edir və göstərir ki, müxtəlif dini konfessiyaların mənsubları arasında səmimi əlaqələr, hörmət və hamının rifahı üçün əməkdaşlıq mümkündür”.

Elə Roma Papası Fransiskin Azərbaycana səfərinin özüdini tolerantlıq  sahəsində  nümunə yaradan ölkəmizə olan yüksək ehtiramın göstəricisi hesab edilə bilər. Eyni zamanda  Vatikan da daxil olmaqla dünyada etiraf edilir ki, Azərbaycan ənənəvi dəyərləri olan katolik dünyası üçün həm də  Şərq dəyərləri ilə Qərb prinsiplərinin vəhdət təşkil etdiyi unikal ölkə kimi əhəmiyyətlidir. Roma Papasının səfəri isə bir daha göstərdi ki, Azərbaycana Şərqin İslam mədəniyyəti ilə Qərbin katolik kilsəsi tərəfindən mühafizə edilən ənənəvi dəyərlərin ideal sintezinin yaşandığı bir ölkə kimi baxılır.

Roma Papasının Azərbaycana səfərinə dünyanın aparıcı media orqanları da geniş yer ayırıb. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

New-York Times” qəzeti: “Bazar günü Azərbaycana səfərini başa vuran Roma Papası Fransisk bu ölkədə dini tolerantlıq mühitindən razılığını ifadə edib.  Roma Papası Dağlıq Qarabağ münaqişəsindən də bəhs edərək bu problemin sülh yolu ilə həllinin zəruri olduğunu dilə gətirib”.

“CNN” teleşirkəti: “Roma Papası Bakıya gələndən dərhal sonra katolik kilsəsində olub. Bakıda bu kilsəyə təqribən 500 katolik dua etməyə gəlir. Xüsusi olaraq qeyd edək ki, Azərbaycan yeganə ölkədir ki, burada sünnilərlə şiələr bir yerdə dua edirlər”.

Reutersagentliyi: “Azərbaycan Xəzər sahilində yerləşən multikulural mədəniyyətə malik ölkədir”.

Euronews”: “Roma Papası Azərbaycanda yaşayan və fəaliyyət göstərən katolik icmasının üzvləri ilə görüşdü”.

“The Guardian” qəzeti: “Papa Qafqaza sülh üçün gəlib”.

“Deutsche Welle” radio: “Roma Papası Fransisk oktyabrın 2-də Azərbaycana səfəri çərçivəsində dini mərasim keçirmək üçün Bakıdakı katolik kilsəsinə gəlib burada Azərbaycan katoliklərini birliyə çağırıb”.

Anadoluxəbər agentliyi: “Roma Papası Fransisk Azərbaycanda dini mərasimə qatılıb”.

İhlasxəbər agentliyi: “Papa Fransisk: Regionda sülhün bərqərar olmasını istəyirəm”.

Milliyətqəzeti: “Papa Fransisk Azərbaycanda”.

“Radio Vaticano”: “Dünya katoliklərinin lideri Prezident İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşdü”.

“Papa.cancaonova.com” saytı: “Roma Papasının Azərbaycana səfərinin bir çox maraqlı detalları var”.

“Atlanticbb.net” agentliyi: “Papa Fransisk Azərbaycanda torelantlığın yüksək səviyyədə olduğunu bildirdi”.

“Catholicherald.co.uk” agentliyi: “Papa Bakıda 300 nəfərin iştirakı ilə kilsədə mərasimə qatıldı”.

“Associated Press”: “Papa Qafqaza səfərini Azərbaycanda başa vurdu”.

“Religion News Service”: “Roma Papası Bakıdakı katolik kilsəsində messa - dini mərasim keçirtdi”.

“Catholic News Agency”: “Papa Fransisk: Bütün insanlar birlik, dostluq şəraitində yaşamalıdırlar”.

“ABC.ES” portalı: “Roma Papası Fransisk Azərbaycandakı katoliklər üçün dua mərasimi keçirib. Azərbaycanda dinlər arasındakı harmoniya dünyaya nümunədir”.

Famigliacristiana.it” portalı: “Roma Papasının Azərbaycana səfəri çox yüksək səviyyədə keçdi”.

İtaliyanın məşhur xəbər agentlikləri “romereports.com” və “lastampa.it” Papanın ölkəmizə səfərinə geniş yer ayırıb, Azərbaycanda dini durum haqqında oxuculara məlumat verilib.

Bütün bunlar fonunda o qənaətə gəlmək olar ki, dünyada  mədəni körpü rolu oynayan ölkəyə çevrilən Azərbaycan Qərb dəyərlərinin, Şərq müdrikliyinin sintezindən ibarət sosial siyasət yürütməyə müvəffəq olub. Bu, eyni zamanda Azərbaycanda digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə yüksək dözümlülük nümayiş etdirilməsinə də gətirib çıxarıb. Qeyd olunan xüsusda  Azərbaycan modeli artıq başqa ölkələrə də əsl nümunədir.

Elçin CƏFƏROV,

Azərbaycan.-2016.- 4 oktyabr.- S.6.