Azərbaycanın
və İranın Daxili İşlər
nazirlikləri arasında əməkdaşlığın böyük potensialı var
Azərbaycan Respublikasının və İran İslam Respublikasının Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın böyük potensialı var.
Bu fikir oktyabrın 3-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ilə ölkəmizdə səfərdə olan İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli arasında keçirilən görüşdə səslənib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb.
Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd mübarizlərin məzarlarını da ziyarət edib, “Əbədi məşəl” kompleksinin önünə əklil qoyublar.
Görüşdə R.Usubov Azərbaycanın müstəqilliyinin bərpasından sonra təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm dostluq və qonşuluq münasibətlərinin iki ölkənin prezidentləri tərəfindən daha da genişləndiyini bildirib. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanmış sənədlər nəticəsində əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi, cari ilin avqustunda Bakıda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşünün keçirilməsinin bunun bariz nümunəsi olduğu qeyd edilib. Belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığı, transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanıb.
Qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında məlumat verən R.Usubov müstəqilliyimizin bərpasından ötən 25 ildə cəmiyyət həyatının bütün sahələrində qazanılan uğurlarla yanaşı, qarşılaşdığımız çətinliklər, xüsusən Ermənistanın hərbi təcavüzü və onun doğurduğu nəticələr barədə danışıb. Söhbət zamanı, həmçinin xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiqi və müasir texniki vasitələrin alınması, demokratik prinsiplərin möhkəmləndirilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb. Nazir respublikamızda yaradılmış əmin-amanlıq, təhlükəsizlik şəraitindən vətəndaşlarımızla yanaşı, əcnəbilərin də yararlandıqlarını, iqtisadiyyatımıza xarici investorların və sərmayənin cəlb olunmasında bu amilin həlledici rol oynadığını xüsusi qeyd edib. Bildirilib ki, ölkəmizin hüquq mühafizə orqanları cinayətkarlığa, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı sıx, qarşılıqlı əlaqədə kompleks tədbirlər həyata keçirir.
İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli qarşılıqlı səfərlərin ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da inkişafına xidmət etdiyini bildirib. Qonaq regionda qeyri-sabit situasiyanın hökm sürdüyünü, istər ikitərəfli, istərsə də çoxtərəfli formatda əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin bölgədəki vəziyyətə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
Görüşdə tərəfləri
maraqlandıran digər məsələlər də
müzakirə edilib.
Azərbaycan.-2016.- 4 oktyabr.- S.7.