Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva Jan Fransua Manselin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb
Oktyabrın 3-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva fransalı qonaqları ölkəmizdə görməkdən şad olduğunu bildirdi. Heydər Əliyev Fondunun prezidenti Fransa Milli Assambleyasının deputatlarının son günlərdə Azərbaycanın ictimai-siyasi həyatında baş verən iki mühüm hadisədə - V Bakı Beynəlxalq Humanitar Forumunda və Roma Papası Fransiskin ölkəmizə səfəri ilə bağlı tədbirlərdə iştirak etdiklərini məmnunluqla qeyd etdi. Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin ölkəmizə yeni dostlar gətirdiyindən məmnunluğunu ifadə edən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva onların paytaxtımızla daha yaxından tanış olacaqlarına əminliyini bildirdi. Azərbaycanın birinci xanımı Assosiasiya üzvlərinin sayının getdikcə artdığını və bunun Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğuladı. Heydər Əliyev Fondunun prezidenti iki ölkə arasında əlaqələrin bütün sahələrdə çox uğurla inkişaf etdiyini dedi, humanitar və təhsil sahələrində əməkdaşlığı xüsusi vurğuladı. Mehriban Əliyeva son zamanlar Azərbaycanın və Fransanın şəhərləri və regionları arasında əlaqələrin gücləndiyini bildirdi, şəhərlərimiz arasında imzalanan qardaşlaşma sazişlərinin əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar açdığını diqqətə çatdırdı, oktyabr ayında Fransanın Konyak şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin abidəsinin ucaldılacağını bildirdi. Mehriban Əliyeva Assosiasiyanın əsas məqsədinin Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaq olduğunu vurğulayaraq bu baxımdan belə səfərlərin təşkilinin böyük əhəmiyyət daşıdığını bildirdi.
Fransada Azərbaycanın
Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel
görüşə görə minnətdarlığını
bildirdi, Parisdə Azərbaycan şəhərciyinin
açılışını ikitərəfli əlaqələrin
gücləndirilməsi istiqamətində mühüm
addım kimi dəyərləndirdi. Qeyd etdi ki,
Fransa Milli
Assambleyasının bir həftə ərzində
Azərbaycan paytaxtında olan
deputatları Bakı ilə tanışlıq imkanı
qazanıblar. Paytaxtımızda keçirilən
tədbirlərin əhəmiyyətini qeyd
edən qonaq bildirib ki, bu cür
təmaslar müxtəlif dinlərin, mədəniyyətlərin
nümayəndələrinin sülh şəraitində
birgə yaşamasının mümkünlüyünə dair bütün dünyaya bir ismarıcdır.
Azərbaycan.-2016.- 4 oktyabr.- S.7.