Bakıda İslam
Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin
Jurnalistləri Assosiasiyasının niyyət konfransı
keçirilib
Oktyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov açaraq qurumun fəaliyyəti, qarşıya qoyduğu məqsədlər barədə məlumat verib.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.
Konfransın
işinə uğurlar arzulayan professor Əli HƏSƏNOV
deyib:
-İslam Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin jurnalistlərini birləşdirəcək
və informasiya sahəsində vahid platforma kimi
çıxış edəcək yeni qurumun yaradılması
bir neçə ildir ki, ən müxtəlif səviyyələrdə
müzakirə olunur. Sevindirici haldır ki, artıq bu təşəbbüsün
reallaşdırılması üçün praktiki
addımlar atılır və qarşıdan gələn
dövrdə onun həm də İslam Əməkdaşlıq
Təşkilatı tərəfindən ciddi şəkildə
dəstəklənəcəyinə ümid edirik.
İslam
Əməkdaşlıq Təşkilatının müsəlman
ölkələrinin uğurlu birlik modeli kimi beynəlxalq
münasibətlər sistemində, üzv dövlətlər
arasında qarşılıqlı faydalı əlaqələrin,
siyasi, iqtisadi və mədəni əməkdaşlığın
genişlənməsindəki roluna toxunan Əli Həsənov
bildirdi ki, İƏT həm də ölkələrimizi narahat
edən mürəkkəb qlobal və geosiyasi prosesləri,
mövcud problemləri müzakirə etmək,
çıxış yolları axtarmaq, mövcud təhdid və
təzyiqlərə qarşı vahid mövqe
formalaşdırmaq üçün olduqca vacib platformadır
və bu sahədə kifayət qədər böyük təcrübə
toplayıb.
Hazırda
dünyada, o cümlədən bir çox müsəlman
ölkəsində sabitliyə zərbə vuran müxtəlif
mənfi proseslərin getdiyini, İslam dini haqqında
yanlış rəy formalaşdırmaq cəhdlərinin
şahidi olduğumuzu vurğulayan və bu prosesdə transmilli
medianın rolundan danışan Prezidentin köməkçisi
dedi: “Qərbin islamofob dairələri və transmilli
mediası müsəlman dünyasında baş verən hadisələri,
prosesləri birtərəfli və əsasən qərəzli
formada təqdim edirlər. Nəticə etibarilə,
maddi və mənəvi zənginliyə malik olan İslam
ölkələri, tolerant və multikultural xarakteri ilə
seçilən müsəlman xalqları, həm də
sülh və barışıq dini olan İslam haqqında beynəlxalq
ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür
yaradılır. İslamı terrorla eyniləşdirmək,
hər bir müsəlmanı potensial terrorçu obrazında
təqdim etmək, İslam dəyərlərini ümumbəşəri
dəyərlərdən ayıraraq yad və zərərli
element kimi qələmə vermək cəhdləri haqlı
olaraq bütün İslam aləmində ciddi etirazlar
doğurur”.
Bütün
ərəb dünyasını sarsıdan siyasi hadisələr
və hərbi əməliyyatlardan, Ermənistanın Azərbaycana
hərbi təcavüzündən danışan Əli Həsənov
vurğulayıb: “Məlum olduğu kimi, 20 ildən
artıqdır ki, Ermənistan Dağlıq Qarabağ da daxil
olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal edib. Azərbaycanın tarixi torpaqlarında bütün
infrastrukturla yanaşı, milli, mədəni və dini abidələr
də dağıdılıb. Həmin ərazilərin
işğaldan azad olunması ilə bağlı BMT, ATƏT,
Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam
Əməkdaşlıq Təşkilatı və digər
nüfuzlu beynəlxalq qurumlar tərəfindən müvafiq qərar
və qətnamələr qəbul edilib. Təəssüf
ki, bütün bunların konkret nəticəsi olmayıb.
Ermənistan nəinki beynəlxalq qanunları, nüfuzlu təşkilatların
qərarlarını qulaqardına vurur, həmçinin öz
haqsız mövqeyini əsaslandırmaq üçün
işğalçı siyasətinə dini rəng verərək
İslam dəyərlərini gözdən salmağa, xristian həmrəyliyi
amilindən, Qərbin islamofob dairələrinin, aparıcı
media resurslarının imkanlarından yararlanmağa
çalışır və bəzi hallarda buna nail olur. Oxşar problemləri olan digər müsəlman
ölkələri də mütəmadi olaraq belə hallarla
rastlaşırlar. Bu faktlar İslam həmrəyliyinin
gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində
qarşılıqlı əlaqələrin genişləndirilməsinə
böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq
edir”.
Bu istiqamətdə
hələ 2012-ci ildə Qabonun paytaxtı Librevildə,
2014-cü ildə isə İranın paytaxtı Tehranda
İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin
müvafiq olaraq 9-cu və 10-cu toplantılarında informasiya
sahəsində əməkdaşlığın gücləndirilməsi
məqsədilə ciddi qərarlar qəbul edildiyini
xatırladan Əli Həsənov bildirib: “Hesab edirik ki,
İƏT-ə üzv ölkələrin KİV-ləri
arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsi,
virtual dünya məkanında birgə fəaliyyətin əlaqələndirilməsi,
vahid media qurumunun və internet resurslarının
yaradılması istiqamətində tədbirlərin həyata
keçirilməsinə ciddi ehtiyac var”.
Azərbaycan
Respublikasının dünyada İslam həmrəyliyinin
gücləndirilməsi, müsəlman ölkələri
arasında əməkdaşlığın və
qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi
işinə həmişə töhfə verdiyini və verəcəyini
vurğulayan Prezidentin köməkçisi deyib: “2017-ci ildə
Bakıda keçirilməsi nəzərdə tutulan IV
İslam Həmrəyliyi Oyunları da ümumi mənafelərimizə
xidmət edəcək. Artıq Azərbaycan mühüm beynəlxalq
tədbirlərə ev sahibliyi etməkdə
böyük təcrübə qazanıb. Çalışacağıq
ki, IV İslam Həmrəyliyi Oyunları həm də
bütün İslam dünyasının zəngin
potensialının, müsəlman ölkələri
arasında dostluq və həmrəyliyin təcəssümü
kimi bütün dünyanın diqqətini özünə cəlb
etsin. İnanırıq ki, bu, bütün
müsəlman ölkələrinin media nümayəndələri
üçün də əlverişli fürsət olacaq.
Bu amili, habelə müsəlman ölkələri arasında
informasiya mübadiləsinin səviyyəsinin yüksəldilməsi,
İslam həmrəyliyinə kənar və mənfi xarakterli
təsirlərin aradan qaldırılması, İslam dininin,
müsəlman dünyasının yüksək mənəvi
dəyərlərinin daha səmərəli təbliği və
digər məsələlərin uğurla həllini təmin
etmək üçün İslam Əməkdaşlıq Təşkilatına
üzv Dövlətlərin yeni yaradılmış Jurnalistlər
Assosiasiyası dəstəklənməli, onun məqsədyönlü
fəaliyyətinə hərtərəfli yardım göstərilməlidir”.
Azərbaycan
Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov
çıxışını bu fikirlərlə bitirib:
“İƏT-ə üzv ölkələrin səfirlərinin,
jurnalistlərinin bu konfransda iştirakını yeni təşəbbüsə
dəstəyin ifadəsi kimi dəyərləndiririk. Bir daha ümidvar olduğumuzu bildiririk ki, İslam
Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin
informasiya nazirlərinin növbəti toplantısında bu təşəbbüs
fəal müzakirə olunacaq və Assosiasiyanın səmərəli
fəaliyyətinin təşkili ilə bağlı müvafiq
qərarlar qəbul ediləcək”.
Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed
ƏL-HAQ çıxışında deyib ki, media bu gün
prioritet sahələrdən birinə çevrilib. İslam
mediası isə dinimizin dəyərlərini möhkəmləndirməyə
xidmət etməlidir. Mədəniyyətin,
ənənələrin yayılmasında medianın rolu əvəzsizdir.
İslam dini sülh, tolerantlıq dinidir. İslam mediası da bu meyillərin yayılmasına
xidmət etməlidir. Həmçinin media
İslamla, şəriətlə bağlı məlumatlar
yayarkən diqqətli olmalıdır. Ümumiyyətlə,
KİV sahəsində çevik siyasət xüsusi önəm
kəsb edir və Assosiasiya bu işə yaxşı töhfə
verə bilər.
Səudiyyə
Ərəbistanı Krallığının Azərbaycandakı
səfiri Musaid bin İbrahim bin Abdullah ƏL-SƏLİM qeyd
edib ki, hazırda informasiya və kommunikasiya
texnologiyalarının sürətli inkişafı, habelə
dünyada baş verən siyasi, ictimai dəyişikliklər
mediadan daha mütəşəkkil fəaliyyət tələb
edir. İslam ölkələrinin mediası
baş verən hadisələrin düzgün, peşəkar
şəkildə dünyaya çatdırılmasında fəal
iştirak edə bilər. Medianın hər
zaman güclü ictimai təsirə malik olduğunu deyən səfir
qeyd edib ki, KİV ictimai rəyi istiqamətləndirən ən
əsas vasitədir. Bu vasitədən
İslam həmrəyliyinin dəstəklənməsində
istifadə etmək vacibdir və bu işdə yeni Assosiasiya
mühüm rol oynaya bilər.
İranın Azərbaycandakı səfirinin müavini
Davud ÇƏRMİ bildirib ki, bu Assosiasiya İslam ölkələri
arasında informasiyanın düzgün yayılmasına,
müsəlman aləmində sülhün və təhlükəsizliyin
bərqərar olmasına imkan yaradacaq. O qeyd edib ki, İran
İslam ölkələri arasında bu innovativ təsisatın
yaradılmasını dəstəkləyir. Bu
Assosiasiya İslam ölkələri arasında məlumat
mübadiləsinin aydın və düzgün qaydada
aparılmasına şərait yaradacaq. Bu,
həmçinin islamofobiya meyillərinin aradan
qaldırılmasına xidmət edəcək.
Türkiyənin Azərbaycandakı müvəqqəti
işlər vəkili xanım Meral BARLAS diqqətə
çatdırıb ki, texnologiyanın sürətli
inkişafı düzgün və dəqiq informasiyanın
yayılmasının önəmini daha da artırıb. Bu baxımdan
jurnalistika əhəmiyyətli rol oynayır. Ancaq çox mənbədən gələn xəbərlərin
dəqiqləşdirilərək, doğruluğu
araşdırılaraq yayımlanması vacibdir. Jurnalistikanın etik davranış kodeksləri də
buna əsaslanır. Əminəm ki, yeni
Assosiasiya bu işdə mətbuat üçün faydalı
olacaq.
İndoneziyanın ölkəmizdəki səfiri
Hüsnan bəy FANANİ bildirib ki, bu gün KİV-lərin əlində
böyük güc var. Ona görə də KİV hər
zaman dördüncü hakimiyyət adlandırılır. Bu gün
KİV həm də dövlətlər arasında
körpü qurmaq işində mühüm rola malikdir. KİV geniş ictimaiyyətin fikrini hökumətə
çatdırmaq rolunu da oynayır. KİV
demokratiyanın onurğa sütunudur. Son
illərdə isə multikulturalizmə və demokratiyaya bəzi
dairələrdə KİV vasitəsilə hücumlar olur.
Yeni Assosiasiya bu məsələni xüsusi diqqətdə
saxlamalıdır.
İraqın Azərbaycandakı müvəqqəti
işlər vəkili Fazil ƏŞ-ŞUVEYLİ qeyd edib ki,
Azərbaycan tolerantlıq ənənələrinin təbliğində
böyük işlər görür. İslam
mediasının üzərinə düşən əsas vəzifə
ondan ibarətdir ki, İslam dininə qarşı mövcud
olan mənfi meyillərlə mübarizə aparsın. Media, həmçinin cəmiyyətlər
arasında körpünün qurulmasında, əlaqələrin
inkişafında önəmli rola malikdir. İslam
Dövlətləri Jurnalistləri Assosiasiyası da bu məqsədə
xidmət edəcəkdir.
Sonra Fazil ABBASOVUN İslam Əməkdaşlıq Təşkilatına
üzv Dövlətlərin Jurnalistləri
Assosiasiyasının yaranma zərurəti, məqsədi və
vəzifələri ilə bağlı məruzəsi dinlənilib. O qeyd edib ki, regional, dini
baxımdan bir çox jurnalist təşkilatları, birlikləri
yaradılıb. Bu təşkilatlar əsasən
onların öz maraqlarını ifadə edir. Bununla da jurnalist peşəkarlığı,
doğru, dəqiq xəbər yayılması ilə
bağlı hüquqlar pozulur. Bundan ən
çox zərər çəkənlərin isə İslam
ölkələrinin olduğunu desək səhv etmərik.
İslam ölkələrinə yönələn
bu siyasətə qarşı fəaliyyət göstərən,
haqq səsini ucaldan media qurumu isə yox dərəcəsindədir.
İordaniyalı jurnalist Omar ARMUTİ belə bir
Assosiasiyanın yaradılmasından məmnunluğunu bildirib. Diqqətə
çatdırıb ki, bu qurum vasitəsilə İslam ölkələri
arasında müxtəlif məsələlərlə
bağlı informasiya mübadiləsi üçün imkanlar
yaranacaq.
AZƏRTAC-ın baş direktoru Aslan ASLANOV tədbirdə
çıxış edərək deyib ki, İslam Əməkdaşlıq
Təşkilatına üzv Dövlətlərin Jurnalistləri
Assosiasiyasının niyyət konfransının keçirilməsi
təşəbbüsü həqiqətən təqdirəlayiqdir. Baş direktor
əminliyini bildirib ki, bu sahədə görüləcək
işlər müsəlman dünyası üçün
çox xeyirli və faydalı olacaq.
Qeyd edilib
ki, yeni Assosiasiya İslam ölkələrinin peşəkar
jurnalistlərini, aparıcı xəbər agentliklərini,
beynəlxalq və regional media təşkilatlarını bir
araya toplayaraq həqiqəti əks etdirən informasiya
mübadiləsi aparmağa, qloballaşan dünyada İslam aləminin
üzləşdiyi yeni təhdidlərə qarşı
mübarizədə birlik və həmrəyliyə nail
olmağın yollarını tapmağa imkan verəcək
nüfuzlu platformaya çevriləcək.
Diqqətə çatdırılıb ki, İslam
ölkələri jurnalistlərinin birliyi və həmrəyliyi
indi həmişəkindən daha aktual və vacibdir. Çünki
son illərdə dünyanın bir çox yerlərində,
xüsusilə də İslam ölkələrinin bir
çoxunda siyasi-iqtisadi təbəddülatlar, terror
hücumları, hərbi toqquşmalar baş verir. Yaxın Şərqdə böyük qaçqın
kütləsi yaranıb. Həll
olunmamış problemlər, münaqişələr təkcə
həmin ölkələr üçün deyil, həm də
bütövlükdə region üçün ciddi təhlükə
törətməkdədir.
Assosiasiyanın yaradılması istiqamətində bir
sıra çox mühüm işlərin
görüldüyünü deyən Aslan Aslanov qeyd edib ki,
qurumun saytının yaradılması və orada Azərbaycan,
ingilis və ərəb dillərində informasiyaların və
videoxəbərlərin yerləşdirilməsi təqdirəlayiq
haldır.
Assosiasiyanın
gələcək fəaliyyəti ilə bağlı bir sıra
təkliflərini səsləndirən AZƏRTAC-ın baş
direktoru deyib: “Assosiasiyaya üzv qəbul olunan və olunacaq
ölkələrin media qurumlarının hər birindən hər
gün bütövlükdə İslam dünyasının
ictimai, siyasi, iqtisadi, mədəni həyatının aktual məsələlərini
özündə əks etdirən 8-10 informasiya və videoxəbər
alınaraq sayta yerləşdirilsin”.
Assosiasiya çərçivəsində İslam
ölkələri jurnalistlərindən ibarət çevik
qrupun formalaşdırılmasının vacibliyini qeyd edən
A.Aslanov bildirib ki, bu, üzləşdiyimiz və üzləşəcəyimiz
hadisələr haqqında vaxtaşırı informasiya
mübadiləsinə, ictimai rəyin düzgün istiqamətə
yönəldilməsinə imkan verər.
Qırğızıstanın “Akipress” İnformasiya
Agentliyinin baş direktorunun müavini xanım Venera JAMALKULOVA
bu cür əməkdaşlıq platformasının
yaradılmasının önəmini vurğulayıb. O, bu əməkdaşlıq
çərçivəsində İslam dini ilə
bağlı mənfi meyillərə qarşı birgə
mübarizə aparılmasının da vacibliyini qeyd edib.
Venera Jamalkulova, həmçinin İslam dövlətlərini
təmsil edən jurnalistlərin Avropa ölkələrində
olan həmkarları ilə birgə müzakirələr
aparmalarını təklif edib.
“APA-Holdinq”in prezidenti Vüsalə MAHİRQIZI
çıxış edərək deyib ki, hər bir dövləti
təmsil edən media qurumu öz ölkəsi ilə
bağlı mühüm informasiyaları
işıqlandırır. İƏT-ə
üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının
yaradılması ölkələrimiz üçün strateji
əhəmiyyət daşıyan xəbərləri ilk mənbədən
mübadilə etməyimiz üçün transmilli media
orqanlarının manipulyasiyasının
qarşısının alınmasında mühüm rol oynaya
bilər. Assosiasiyanın yaradılması
bu baxımdan vacibdir. Həmçinin
Assosiasiya vasitəsilə jurnalistlərin bir-birinin ölkələrini,
cəmiyyətlərini tanıması,
qarşılıqlı səfərlərin təşkili də
mümkündür.
Sonra “İrşad” Dini Araşdırmalar Mərkəzinin
direktoru Rafiq ƏLİYEV “Dünyada islamofob meyillərin
artması və İslam ölkələrinə tətbiq edilən
ikili standartlara qarşı mübarizədə jurnalistlərin
rolu” mövzusunda məruzəsində bu cür platformanın
yaradılmasının vacibliyini qeyd edib. Bildirib ki, bir
sıra ölkələrdə yayılan islamafobiya meyillərinin
artdığı bir dövrdə İslam ölkələrinin
jurnalistlərinin üzərinə çox böyük bir vəzifə
düşür. İslam dininin dəyərlərinin,
onun mahiyyətinin dünya ictimaiyyətinə
çatdırılması çox önəmli məsələdir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin
deputatı Hikmət MƏMMƏDOV deyib ki, təəssüflər
olsun, bu gün islamofobiya İslam dünyasına qarşı
siyasi mexanizmə çevrilib. İslam ölkələrinin
media mənsubları bunu düzgün şərh etməlidirlər.
Əgər bunu dərk etməsələr, o
zaman o transmilli media axınında boğularaq, heç nəyi
dərk edə bilməyəcəyik. Ona
görə də məsələyə qlobal kontekstdə
yanaşmaq və birgə zəruri addımlar atmaq
lazımdır. Yeni Assosiasiya da bu işə
xidmət edəcək.
“Əl-cəzirə” qəzetinin baş redaktoru Xalid
AL-MALİK belə bir konfransın keçirilməsinin, bu
formatda Assosiasiyanın yaradılmasının vacibliyini diqqətə
çatdırıb. O, gələcəkdə bu cür əməkdaşlıq
çərçivəsində qeyri-İslam ölkələrinin
jurnalistləri ilə əlaqələrin qurulmasının əhəmiyyətli
olacağını bildirib. Qeyd edilib ki, bu
platforma İslam ölkələri ilə bağlı
doğru, dəqiq informasiyaların yayılması işinə
töhfə verəcək.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Müşfiq ƏLƏSGƏRLİ diqqətə
çatdırıb ki, əgər İslam dininin
daşıyıcısı olan ölkələrin media mənsubları
səylərini birləşdirərlərsə,
hazırladıqları informasiyaların müxtəlif
aparıcı dillərdə internet resursları vasitəsilə
yayılmasını təmin edərlərsə, bu, bir
sıra mənfi halların qarşısını ala bilər. Yeni Assosiasiya
bu məsələlərə ciddi önəm verməlidir.
Türk Xalqları Ümumdünya Konqresinin prezidenti Yəhya
ƏLİYEV də İslam ölkələrinin jurnalistləri
arasında həmrəyliyin vacibliyindən danışıb.
Sonra türkiyəli araşdırmaçı jurnalist
Dursun ÖZDENİN “İslam həmrəyliyinə mənfi təsir
göstərən amillər və onların aradan
qaldırılmasında medianın üzərinə
düşən vəzifələr” mövzusunda məruzə
ilə çıxış edib.
İƏT-in İİNA agentliyinin xəbər departamentinin müdiri Zayet Sultan ABDULLA informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bu cür Assosiasiyanın yaradılmasının önəmli olduğunu ifadə edib. Bildirib ki, hər bir məsələ ilə bağlı düzgün informasiyaların çatdırılması, cəmiyyətlərdə məlumatlandırmanın düzgün şəkildə aparılması vacibdir.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin MİRZƏBƏYLİ dünyada İslam dininə qarşı ayrı-ayrı mənfi təzahürlərin formalaşdığı bir dövrdə İslam ölkələri jurnalistlərinin belə bir Assosiasiyada birləşməsi addımını yüksək dəyərləndirib. O, İslam dininin humanist dəyərlərinin, mədəniyyətinin təbliğinin də aparılmasının önəmini qeyd edib.
CPF saytının rəhbəri Malik Ayub SUMBAL və misirli jurnalist Əhməd RAQİB də İslam dininə qarşı mənfi meyillərin aradan qaldırılmasında Assosiasiyanın önəmli rol oynayacağından danışıblar.
Sonda konfransın yekun Bəyanatı oxunub və imzalanıb.
Konfrans çərçivəsində misirli tədqiqatçı
Əhməd Əbdoh Tarabikin “Qarabağ – Qafqazda sülh yolu” və
iordaniyalı məşhur ictimai xadim, tarixçi və
yazıçı Ömər əl-Armutinin “Dağlıq
Qarabağ münaqişəsi və beynəlxalq hüquq (Azərbaycan
Respublikası)” kitablarının təqdimatı olub.
Azərbaycan.-2016.- 4 oktyabr.- S.8.