Əli Həsənov:
İƏT üzv Dövlətləri
Jurnalistləri Assosiasiyasının yaradılması Azərbaycan
hökumətinin təşəbbüsüdür
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması ideyası çoxdandır ki, müzakirə olunurdu. Bu haqda İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri informasiya nazirlərinin Qabonda, daha sonra İranda keçirilən görüşlərində təşəbbüs qaldırılıb və onun təsis edilməsi ilə bağlı o dövrdən bu günə qədər, təxminən beş ilə yaxındır ki, təşkilati işlər aparılıb. Bu təşəbbüsü ilk dəfə Azərbaycan hökuməti irəli sürüb. Tehran toplantısında mən bu haqda çıxış etdim və həmin təşəbbüsü irəli sürdüm ki, Azərbaycan bu təşkilatın yaranması ilə bağlı bütün məsələləri öz üzərinə götürməyə, qurumun gələcək katibliyinin Bakıda yerləşdirilməsinə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 3-də İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Bakıda keçirilən niyyət konfransı çərçivəsində jurnalistlərə müsahibə verən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
İslam ölkələri arasında jurnalistlərin həmrəyliyi, birliyi ideyasının çox aktual olduğunu bildirən professor Əli Həsənov müasir dünyada cərəyan edən proseslərin fonunda, xüsusən də son zamanlar İslam dininə, İslam ölkələrinə, İslam mədəniyyətinə qarşı ciddi təzyiqlərin və ədalətsiz təbliğatın aparıldığını vurğulayaraq deyib: “Dünyada islamafob meyillər getdikcə güclənməkdədir. Biz İslam dünyasının həqiqi reallıqlarını, mədəniyyətini, İslam xalqlarının tolerant və humanist xarakterini, o cümlədən İslam ölkələrində yaşanan proseslərin real mənzərəsini dünyaya çatdırmaq üçün ilk növbədə öz gücümüzdən istifadə etməliyik, İslam ölkələrinin jurnalistlərinin səylərini birləşdirməliyik. Beşinci Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni bir daha qaldırdı ki, Qərbin və dünyanın müxtəlif guşələrində son zamanlar ciddi şəkildə qızışdırılan anti-İslam təbliğatının, o cümlədən islamafob meyillərin qarşısını almaq üçün biz İslam həmrəyliyi nümayiş etdirməliyik”.
“Düşünürəm ki,
bugünkü niyyət konfransı kifayət
qədər aktualdır. Bu gün burada İslam ölkələrini təmsil edən
jurnalistlər, o ölkələrin rəsmi
nümayəndələri, səfirlər iştirak
edirlər. Biz tədbirdən sonra konfransın Bəyannaməsini və
müraciətini İslam Əməkdaşlıq
Təşkilatının katibliyinə, İslam
ölkələrinin informasiya nazirlərinə
göndərəcəyik. Düşünürük
ki, 2017-ci ildə Bakıda bu
Assosiasiyanın ilk təsis
konfransını keçirək, onun katibliyini yaradaq”, - deyə
Əli Həsənov əlavə edib.
Azərbaycan.-2016.- 4 oktyabr.- S.8.