İLHAM
ƏLİYEV “Tolerantlığın Azərbaycan modeli”ni dünyanın ən
mükəmməl nümunəsinə çevirdi
Roma Papası Fransiskin
səfərinin nəticələri ölkəmizin dinlərarası
qlobal dialoq və əməkdaşlıq
platforması olduğunu növbəti dəfə
təsdiq etdi
Dünyanın qanlı-savaşlı, ədalətsiz gərdişindən əsrlər boyu çıxış yolu arayan insanlar adətən belə yekun qənaətə gəliblər ki, qlobal kataklizmlərin əsas səbəbi dinlərarası qovğalar, məzhəb ayrılıqlarıdır. Bəşəriyyətə “xilas resepti” hazırlayan mütəfəkkirlərin fikrincə, səmavi dinlər arasında ideya vəhdətinin, əməl birliyinin yaranacağı təqdirdə münaqişələr aradan qalxa, problemlər əsaslı şəkildə azala bilər. Bu yönümdə təşəbbüslərin sayı-hesabı yoxdur. Amma hələ ki tək bir nəticə mövcud deyil...
Yaradanın vahidliyi və mütləqliyi məqamında (əsas da budur!) birləşib, fəqət müəyyən inanclarda, rituallarda fərqliliyi süni yolla qabardıb yüzilliklərdir milyonlarla məzlumun faciəsinə rəvac vermək - tarixin də, elə günümüzün də acı gerçəkliyidir...
Papa Fransiskin Azərbaycan vurğunluğu
Amma başqa seçim də var: Tanrıya bir olan inancı üç dinə bölüb, sonra isə süni yolla təriqətlərə parçalayan təfəkkürü aradan qaldırmaq əvəzinə, bu yanaşmaları, ruhani-fəlsəfi dünyagörüşləri səmərəli əməkdaşlıq və qarşılıqlı anlaşma formatında bir araya gətirmək, onlar arasında etimad mühiti formalaşdırmaq mümkündür.
Buna nail olmaq sülhün, təhlükəsizliyin, rifahın bərqərar edildiyi dünyanın quruculuğuna böyük töhfə olar. Azərbaycan artıq bunu bacarıb!
Dünyanın siyasi xəritəsində coğrafi ərazisi kiçik nöqtə ilə həkk olunan məmləkətimizin kainatın tolerantlıq atlasındakı hüdudlarının miqyası bəlkə də yüz min dəfə artıqdır! Roma Papası Fransiskin Bakı səfəri isə bu faktın ali səviyyədə qəbulunun növbəti təsdiqi idi.
“Tolerantlığın Azərbaycan modeli” dünya miqyasında qəbul edilən, öyrənilən və tədris olunan mükəmməl örnəkdir. Bu barədəki həqiqətlər tam danılmaz səciyyə daşıyır. Dünyanın dörd bir bucağında teoloqlar dinlərarası səmimi dialoq və tam etimad arzusundan bəhs edərkən, xəyalı gerçəyə çevirən respublikamızı xatırlayırlar. Təsadüfi deyil ki, dünya dinlərinin liderləri öz zirvə görüşlərini məhz Azərbaycanda keçirirlər. Bu mövzuda ölkəmizdə baş tutan beynəlxalq forumların, konfransların sayı isə həqiqətən də artıq çoxluğundan unudulub.
Nəinki dinlərarası, hətta bir dinin təriqətləri arasında qanlı savaşların getdiyi bir zamanda Azərbaycan nümunəsi xüsusən nəzərə çarpır. Fərqli dinlərin ruhanilərinin öz təbəələrini açıq qarşıdurmaya, savaşa çağırdığı bir dönəmdə ölkəmizdə tam fərqli bir mənzərə var: Prezidentin süfrəsində Şeyxülislamla xristian və yəhudi icmalarının rəhbərləri bərabər əyləşir. Ramazanı, Pasxanı, Roş-ha-Şananı hər üç səmavi dinin təmsilçiləri birgə qeyd edir. Qafqazın ən böyük məbədi olan Heydər Məscidi bütün dini konfenssiyaların səmimi dialoq və faydalı əməkdaşlıq mərkəzinə çevrilib. Həm də sünnisindən şiəsinədək, “Əhli Beyt” aşiqlərindən vəhabilərə qədər bütün islami məzhəblər vəhdət halında dünyada yalnız Heydər Məscidində namaz qılırlar.
Tanrıya duaların ərəb, latın, yəhudi dilində səslənməsi heç bir fərq yaratmır. Əsas odur ki, Azərbaycanda Ulu Yaradana bir avazda - sevgi, etimad, sülh, ədalət dilində tapınırlar!
Odlar yurdunun tarixi həm də ən müxtəlif inancların, dinlərin minilliklər boyu dinc və bərabərlik şəraitində dialoqunu, qarşılıqlı ehtiramını əks etdirən etiqad salnaməsidir. Ən qədim atəşpərəstlik, xristianlıq və islam məbədləri ərazimizdə hələ də öz tarixi dəyərini yaşadır. Və indi dövlətin təşəbbüsü ilə inşa olunan kilsələrin, sineqoqların əhalinin dini tərkibinə görə say nisbəti heç də məscidlərdən az deyil.
Bu müsbət fərq ölkə hüdudlarından kənarda nə qədər möhtəşəm və bənzərsiz görünsə də, əslində, sadə azərbaycanlılar üçün bir o qədər sıradan hadisədir. Çünki dünyanın “multikulturalizm”, “tolerantlıq” adı verdiyi bu terminləri bəzən çətin tələffüz edən həmvətənlərimiz üçün onlar sadəcə azərbaycanlı kimi yaşamağın adi həyat tərzidir...
İudaizm ravvinləri “Biz İsraildən kənarda yalnız Azərbaycanda rahat ibadət edə bilirik, təqibdən qorxmuruq, antisemitizmdən narahat deyilik” söyləyirlər. Provaslav keşişləri tarixin bütün dövrlərində Azərbaycan xalqının dözümlü münasibətini və ehtiramını gördüklərini, azad etiqadlarına heç bir zaman maneə olmadığını Həştərxandan Vladivastokadək vəsf edirlər. Katoliklərin münasibətini isə Roma Papasından daha yaxşı kim izah edə bilər ki: “Sizin ölkədə dini azadlıqlar tam təmin edilib... Mən Azərbaycana bu torpağın zənginliyinə qəlbimdəki vurğunluqla gəlmişəm”.
Vatikan-islam dünyası əməkdaşlığında Bakı əsas istinad nöqtəsinə çevrilir
Roma papalarının səfərləri pastoral xarakterli olur və müxtəlif ölkələrdəki təbəələri, missionerləri ruhlandırmağa, mənəvi cəhətdən gücləndirməyə yönəlir. Son dövrlərdə isə bu səfərlər katolik kilsəsinin daxili görüşləri hüdudlarını aşıb və daha çox Vatikanın dünya siyasətində oynadığı rolu fəallaşdırmağa, ikitərəfli əlaqələri möhkəmləndirməyə hesablanır.
Roma Papası planetin
şəriksiz ən nüfuzlu din xadimidir. O, dünyanın
ən böyük məzhəbinin başçısı,
1 milyard 300 milyondan artıq insanın mənəvi lideri, “Müqəddəs Taxt-Tac”
adlı həm rəsmi, həm də rəmzi bir səltənətin sahibidir. Papa Fransisk
səfərlərə çox
vaxt ayırır, amma sadə dillə desək, hər yerə getmir. Onun qarşıdakı üç illik səfər qrafikinə heç çoxmilyonlu katolik icmasına mənsub dövlətlər
hələ də düşə bilməyib.
Bu baxımdan, cəmi 700 nəfərlik katolik icmasına malik Azərbaycana belə bir qüdrətli
nüfuz sahibinin ziyarəti adi səfər sayıla bilməz. Demək, ölkəmizə səfərin mahiyyətində
dayanan əsas məqam məhz Azərbaycanın dünya
miqyasındakı əhəmiyyətli
mövqeyi və sivilizasiyalararası dialoq təşəbbüsündə öncüllüyüdür.
Bu ziyarəti labüd edən faktorlardan biri də demokratik,
dünyəvi, açıq
cəmiyyət quruculuğu
sahəsində müsəlman
dövlətləri arasında
öndə olan Azərbaycan vasitəsilə
Vatikanın islam
dünyası ilə təmasları daha da möhkəmləndirmək
arzusudur. Dünyanın ən böyük
dini birliyi olan Katolik kilsəsi
müsəlman aləmi
ilə artıq zərurətə çevrilən
əməkdaşlıq münasibətlərində
əsas platforma kimi Azərbaycanı da görür. Roma Papası Bakıdakı mesajları ilə əslində, ən demokratik islam
ölkələrinin birindən
bütün müsəlman
dünyasına səsləndi
və dolayısı ilə özünə, kilsəsinə qarşı
etimadın yaranmasına
çalışdı.
Azərbaycanın dünyanın ən
tolerant ölkələrindən biri olması gerçəkliyini Papa Fransisk
bütün tədbirlərdə
- Prezidentin qəbulunda,
Azərbaycan ictimaiyyəti
ilə görüşündə,
Katolik kilsəsində
və Heydər Məscidindəki təmaslarında
dönə-dönə vurğuladı.
Heydər
Məscidində Roma Papasının
islam, provaslav,
yəhudi dini liderlərlə çəkilən
fotosu, əslində, dünyanın həsrətində
olduğu dinlərarası
dialoq və əməkdaşlığın gerçəyə çevrilməsinin
rəmzi təsdiqi idi!
Bakıda
bütün səmavi
dinlərin nüfuzlu liderləri bəşəriyyəti
insanları ayıran fərqlərə yox, birləşdirən dəyərlərə
sahib çıxmağa səsləyən
qlobal çağırışa
imza atdılar!
Və bu təşəbbüsün
məhz Heydər Məscidində - dünyada
sülhün və dinlərarası əməkdaşlığın
yaranmasına böyük
töhfələr vermiş
şəxsiyyətin adını
daşıyan Tanrı
Evində gerçəkləşməsi
həm də Azərbaycanın tolerantlıq
modelinin banisinin ruhuna böyük ehtiramının nümayişi
idi!
İlham Əliyevin sivilizasiyalararası
dialoq üçün
çox böyük əhəmiyyət kəsb
edən səfər kimi dəyərləndirdiyi
ziyarətin olduqca müsbət nəticələri,
şərh olunası
çoxsaylı əlamətdar
məqamları var. Əlbəttə,
bu səfər hələ uzun müddət müzakirə
olunacaq, gündəmin
əsas mövzusuna çevriləcək. Həmçinin səfərin dünyanın
70-dən artıq ölkəsinin
nüfuzlu KİV-ində
əsas xəbərlər
silsiləsində qeyd
olunması Prezident İlham Əliyevin “Siz öz səfərinizlə
bütün dünyanın
diqqətini Azərbaycana
cəlb etmisiniz.
Bütün qitələrdə
Sizin davamçılarınız,
Sizi dəstəkləyənlər
bu gün Bakıya baxırlar, ölkəmizlə, şəhərimizlə
tanış olurlar, görürlər ki, dünyada, müsəlman aləmində müasir, dünyəvi, inkişaf edən ölkə var” fikrinin real isbatı oldu.
İlham
Əliyevin qəbulunda
Roma Papası ənənəvi
xristian təəssübkeşliyinə
yox, ədalətə
və haqqa sahib çıxdı
Bütün pozitiv, təqdirəlayiq məqamlar arasından yalnız birini xüsusi vurğulamağa
ehtiyac var. Bir müddət öncə
Papa Fransisk Ermənistana
səfər etmiş və Qarabağ münaqişəsi ilə
bağlı müəyyən
anlaşılmaz, qeyri-konkret
ifadələr işlətmişdi. Bu fikirlər isə əslində, nə işğalçını, nə
də Azərbaycanı
qane etmişdi. Amma Bakı səfərində
Papa Fransisk mövqeyini
çox konkret, aydın izah etdi, bütün müəmmalara son qoydu.
Şəhidlər Xiyabanını ziyarəti
ilə Qarabağ fədailərinə ehtiramını
bildirdi, torpaqlarımızın
bütövluyü uğrunda
aparılan ümummilli
missiyaya dəstəyini
və rəğbətini
nümayiş etdirdi.
Qaçqın və məcburi
köçkünlərə xitabən deyilmiş “qanlı münaqişə
səbəbindən öz
torpaqlarını məcburiyyət
qarşısında tərk
etmiş, əziyyət
çəkən bu qədər şəxslərə
böyük vəchlə
yaxınlığımı bildirmək istəyirəm”
duası isə bir milyondan artıq
həmvətənimizin acısından
Roma Papasının tam məlumatlı
olduğunu və onların faciəsini dünya miqyasında ictimailəşdirdiyini sübut
etdi.
Siyasətdə dünən - tarix,
sabah isə
müəmmadır, gerçək
yalnız bu gündür. Günümüzün həm də
ən böyük siyasətçilərindən olan
Roma Papası Fransiskin
Qarabağ münaqişəsinə
mövcud münasibəti
isə doğrudur, Azərbaycanı qane edən səviyyədədir.
İlham
Əliyevin qəbulunda
Roma Papası ənənəvi
xristian təəssübkeşliyinə
yox, ədalətə
və haqqa sahib çıxdı!
Bu, İlham Əliyev diplomatiyasının, siyasətinin, liderliyinin növbəti zəfəridir!
Papa Fransiskin Azərbaycana çox müsbət münasibətinin formalaşmasında şəxsi əlaqələrin də rolu inkaredilməzdir. Onun Prezident İlham Əliyevlə, o cümlədən Mehriban xanım Əliyeva ilə sıx ünsiyyəti, fəal əməkdaşlığı yaranıb. Ötən ilin martında Azərbaycan rəhbəri Papanın qonağı olub və ikitərəfli münasibətlərin yeni inkişaf istiqamətləri müəyyənləşib. Həmçinin Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vatikanın San Marçellinio, Pietro katakombalarının təmiri və bərpası aparılıb. Yəni Vatikanda Azərbaycanı çox yaxından tanıyır, onun rəhbərini dost sayırlar.
Roma Papası Prezident İlham Əliyevin “qlobal sülh və əməkdaşlıq” hərəkatına verdiyi böyük dəstəyi, daha doğrusu, bu hərəkatın önündə olduğunu da bilir və yüksək qiymətləndirir.
Əsrlərdir bəşəriyyətin “müqəddəs missiya” saydığı tolerantlıq təşəbbüsləri Azərbaycan miqyasında öz real təsbitini tapıb və təkmil modelə çevrilib. İndi bunu artıq dünya da görür, dəyərləndirir və sivilizasiyalararası, yəni həm də dinlərarası əməkdaşlığın ən uğurlu örnəyi kimi qəbul edir.
Roma Papası Fransiskin Bakı səfərinin nəticələri isə bu faktın ali səviyyəli növbəti rəsmiləşməsinə həm də “Müqəddəs Taxt-Tac” imzasını qoydu...
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.-2016.- 5 oktyabr.- S.1.