Azərbaycanın İranla dini və mədəni
səviyyədə ortaq cəhətləri var
Oktyabrın
4-də Azərbaycan Respublikası Milli Məclisinin sədri
Oqtay Əsədov İran İslam Respublikasının daxili
işlər naziri Əbdülrza Rəhmani Fəzlinin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-İran əlaqələrinə dair geniş fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri İran nümayəndə heyətinin bu səfərinin əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirib. O qeyd edib ki, Azərbaycanla İranın tarixi, dini və mədəni səviyyədə ortaq cəhətlərinin olması iki ölkə arasındakı münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə şərait yaradır. Sədr iki dost ölkə arasında yüksək səviyyəli əlaqələrin mövcud olduğunu deyib. Vurğulanıb ki, yüksək səviyyəli rəsmi şəxslərin, xüsusən də dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələri getdikcə gücləndirir.
Oqtay Əsədov bildirib ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi qənaətbəxş olsa da, hər iki ölkənin potensialına uyğun deyil. İntensiv qarşılıqlı səfərlər bu istiqamətdə də inkişafa təkan verəcək.
Görüşdə parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparılıb. Milli Məclisin sədri qeyd edib ki, beynəlxalq hüququn normalarına hörmətlə yanaşan Azərbaycan gec-tez öz ərazi bütövlüyünü təmin edəcək. İran İslam Respublikası da hər zaman münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normalarına uyğun şəkildə həllinin tərəfdarıdır.
İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli ölkələrimiz və xalqlarımız arasında möhkəm əlaqələrin olduğunu vurğulayıb. O deyib: “Bizim müştərək tariximiz var, ortaq bağlılıqlarımız çoxdur. Bu imkanlardan istifadə edib ümumi əlaqələri daha da möhkəmlətməyə çalışmalıyıq”. Nazir vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İranla əlaqələr yüksələn xətlə inkişaf edir. Hazırda siyasi, iqtisadi, ticari və mədəni sahələrdə əməkdaşlıq davam edir, müştərək layihələr icra olunur. Bununla yanaşı, özəl sektorda da əlaqələri genişləndirmək məqsədəuyğundur.
Görüşdə regional təhlükəsizliyin təmin edilməsi
barədə də söhbət aparılıb.
Əbdülrza Rəhmani Fəzli bildirilib
ki, həm İranda, həm
də Azərbaycanda təhlükəsizlik qorunur,
hər iki ölkədə sabitlik təmin olunur. İran İslam
Respublikası regional təhlükəsizliyə
ciddi önəm verir.
Rəsmi Tehran Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinə
tərəfdardır. İran bu istiqamətdə Azərbaycana lazımi dəstəyi
verməyə hazırdır.
Mənsimov Elgün.
Azərbaycan.-2016.- 5 oktyabr.- S.3.