Quruculuğun və
inkişafın uğurlu nümunəsi
Prezident İlham ƏLİYEV:
“Sumqayıtın sənaye potensialı ölkəmizi gücləndirir.
Sumqayıt artıq bu gün nəinki Azərbaycanın,
Cənubi Qafqazın ikinci sənaye mərkəzidir”
İnkişaf etmiş dövlətlərin tarixi təcrübəsi göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, məşğulluq ənənələrinin qorunub saxlanması vacib şərtlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması da məhz bu reallığa əsaslanmışdır.
Davamlı və sabit inkişaf nəticəsində təkcə paytaxtın deyil, respublikanın bütün şəhər və rayonlarının inkişafına verilən dəstək regionların həyatında keyfiyyətcə yeni mərhələ açmışdır. Regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığa geniş meydan verilməsi yaşanan tərəqqinin bütün ölkə üzrə proporsional qaydada müşahidə olunması, vətəndaşların həyatında öz əksini tapması nəticə etibarı ilə respublikamızı daha qüdrətli dövlətə çevirib. Ölkəmizin iqtisadi tərəqqisində rolunu davamlı şəkildə artıran, əhəmiyyətli proseslərdə özünəməxsus rol oynayan şəhərlərdən biri də Sumqayıtdır.
Respublika iqtisadiyyatında xüsusi çəkiyə malik olan Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir. Son illərin inkişafı Sumqayıtın simasında aydın müşahidə olunur.
Xarüqələr diyarına çevrilən və əzəmətli görkəmini yenidən bərpa edən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərləri sırasında yer alan Sumqayıt sürətli inkişafın əsas ünvanlarından biridir. Sumqayıtın sabaha hesablanan inkişaf prosesləri məqsədyönlü proqram əsasında aparılır. Sumqayıtda fəaliyyətə başlayan müəssisələrin açılışında ölkə başçısının iştirak etməsi isə onun bu şəhərə göstərdiyi diqqət və qayğının barizliyidir.
“Son illər ərzində Sumqayıtda çox böyük işlər görülüb”
Bu şəhərin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Azərbaycana rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət göstərilir. Sumqayıtın əvvəlki şöhrətinin özünə qaytarılması və sakinlərin sosial problemlərinin həlli həmişə dövlət başçısının diqqət mərkəzindədir.
Bu il sentyabrın 27-də dövlət başçısının Sumqayıta növbəti səfəri bunu bir daha təsdiqlədi. Prezident şəhərin Heydər Əliyev parkında, Sülh və Sahil küçələrində, Sumqayıt Dövlət Dram Teatrının binasında həyata keçirilmiş yeniliklərlə tanış oldu, bir sıra obyektlərin açılışını etdi. Bütün bunlar Prezidentin gəlişindən fərəh və qürur duyan sumqayıtlıların həm də bir növ hesabatı idi.
Sumqayıtın inkişafı yeni, ümumi
inkişaf konsepsiyası əsasında aparılır. Son bir ilin
inkişafı şəhərdə həmişə problem
yaradan giriş yollarından başlayıb. Şəhərin
hər iki istiqamətdə yolları genişləndirilərək
yenidən qurulub, yaşıllıq zolaqları salınıb,
milli memarlıq üslubunda qala divarları çəkilib.
Şəhərin
əsas giriş qapısı olan Sülh küçəsi 4,2 kilometr məsafədə hər iki tərəfə
iki dəfədən artıq genişləndirilib. Mövcud yolun asfalt örtüyü 90 min kvadratmetrə
çatdırılıb və nəqliyyat vasitələrinin
rahat hərəkəti üçün ideal şərait
yaradılıb. Giriş yolunun hər iki tərəfində
uzunluğu 7 kilometr olan yağış sularının qəbuledicisi,
su, kanalizasiya, kommunikasiya xətləri çəkilib. Həmin ərazidə 100 min kvadratmetr sahəyə
yaşıl örtük salınıb və təkcə bu ərazidə
120 mindən çox ağac və dekorativ kollar əkilib.
Giriş yolunun ətrafına 16 min kvadratmetr
uzunluğunda hasar çəkilib. Yollarda
gecə işıqlandırma sistemləri yaradılıb, 110 ədəd
müasir işıq dirəkləri
quraşdırılıb. Şəhərin
giriş yolunun başlanğıcında əzəmətli
Bayraq meydanı yaradılıb.
Sumqayıtın ikinci giriş yolu olan Sahil küçəsi
də yenidən qurulub. Xəzər dənizi sahili boyu və Novxanı kəndi
istiqamətində 7,5 kilometr uzunluğunda
yol əsaslı təmir edilib. Standartlara
uyğun olmayan yolun eni iki dəfə genişləndirilərək
13 metrə çatdırılıb. Həmin
ərazidə 112 kvadratmetr sahəyə asfalt döşənib.
Sahil küçəsi boyu hər iki tərəfdə
əhalinin sərbəst şəkildə hərəkəti
üçün piyada yolu yaradılıb və səkiyə
7000 kvadratmetr daşlar döşənib.
Elə bu küçədə kommunikasiya xətləri
çəkilib. Yolun bəzi yerlərində əhalinin
istirahəti üçün guşələr
yaradılıb. Yayda istirahətə gələnlər
bu parklarda rahat istirahət edə biləcəklər. Sahil küçəsi boyu dekorativ ağaclar əkilib
və yaşıllıqlar salınıb. Həmin
küçədə 5 kilometr uzunluğunda istinad divarları
çəkilib. Həmin divarlar isə bəzəkli
aqlay daşları ilə üzlənib.
Sahil küçəsində dənizkənarı istiqamətdə
yerləşən istirahət obyektləri müasir qaydalara
uyğun təmir olunub. Həmin yolun üstündə yerləşən
Corat qəsəbəsində də sakinlərin istirahəti
üçün parklər salınıb, həmin yerlərdə
xüsusi yeni işıqlandırma sistemi
quraşdırılıb.
Sumqayıtın üçüncü giriş
qapısı hesab olunan Memarlıq küçəsində də
böyük tikinti-quraşdırma işləri
aparılıb. Bu küçədə də müasir tələblərə
uyğun genişmiqyaslı abadlıq işləri
görülüb. Şəhərin mərkəzi
yollarında, mikrorayon və məhəllədaxili ərazilərdə,
qəsəbə və bağlar massivlərində asfalt
çəkilib. Həmin küçə
və yollara asfalt döşənib ki, bu da özlüyündə
200 kilometrə bərabərdir. Həmçinin
həmin yollarda yerləşən piyada keçidlərinə
50 min poqonmetr səki daşları düzülüb. Şəhər planına əsasən, digər
küçə və yollarda abadlıq və təmir işləri
bundan sonra da aparılacaqdır. Prezident
İlham Əliyevin Sumqayıtda olarkən yolun rəmzi
açılışını bildirən lenti kəsməsi
şəhər sakinlərini qürurlandırdı.
“Sumqayıt
bulvarı, hesab edirəm ki, bir möcüzədir”
Sumqayıtda həyata keçirilən layihələrin
hədəfləri gələcəyə hesablanıb. Ümumiyyətlə, son
dövrlərdə Prezident İlham Əliyevin
tapşırığı ilə Bakı ilə
yanaşı, bütün şəhər və rayonlarda yeni
parkların, xiyabanların, istirahət guşələrinin
yaradılması, mövcudlarının isə əsaslı
şəkildə yenidən qurulması istiqamətində
olduqca mühüm layihələr icra edilir. Bu məsələyə
Sumqayıtda da xüsusi diqqətlə yanaşılır.
Həmin istiqamətdə
reallaşdırılan ən mühüm layihələrdən
biri də Sumqayıt Dənizkənarı bulvarın və
şəhər çimərliyinin yaradılmasıdır.
Xəzər dənizinin göy sularının
çırpıldığı Sumqayıt sahillərində
belə bir bulvarın salınması ölkəmizdə
görülən sosial layihələrin ardıcıl və məqsədyönlü
şəkildə həyata keçirildiyini nümayiş etdirir.
Xəzərin sahilindəki bu kompleks
Sumqayıtın simasının daha da gözəlləşdirilməsi
baxımından olduqca əhəmiyyətlidir.
Sumqayıt
bulvarının ümumi sahəsi 106 hektardır və onun
uzunluğu 4,2 kilometrdir. Bulvarın ərazisi
dəniz səviyyəsindən 2,5 metr
yüksəklikdə salınıb. Bulvarın
salınması üçün həmin əraziyə 3 milyon
kubmetr torpaq daşınıb. 4,2
kilometr uzunluğunda, 1,5 metr hündürlüyündə
istinad divarı tikilib. Bulvarda 55 hektar ərazidə
yaşıllıq zolağı salınıb. 160 mindən çox ağac və dekorativ kol, 2 milyon
ədəd gül və çiçək əkilib.
Bulvar kompleksində edilən yeniliklərdən biri də
avtomat suvarma sistemidir. Bu da yaşıllıq zolaqlarının
qorunmasında əvəzsiz rol oynayacaqdır. Həmçinin 76 hektar ərazidə kommunikasiya xətləri
çəkilib. 1500 ədəd müxtəlif
ölçülü işıq dirəkləri və
işıqlandırma sistemləri quraşdırılıb.
Sakinlərin rahat istirahəti üçün
600-dən artıq oturacaq qoyulub. Bulvarın
ərazisində müxtəlif yerlərdə 50 kölgəlik
yaradılıb, 5 ədəd rəngli fontan inşa edilib.
Bulvarın ərazisində velosipedçilər
üçün xüsusi hərəkət zolağı və
piyada yolu salınıb. 4,2 kilometr yola asfalt, 30 hektar əraziyə
daş döşənib.
Ərazidə Bayraq meydanı tikilib, sahildə gəzinti
gəmilərinin yan alması üçün dənizin
içərisinə doğru 500 metr uzunluğunda tərsanənin
tikintisi aparılıb.
Bulvarda kiçik ölçülü gəzinti
avtobusları və avtomobil yolu salınıb. Bununla
yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri,
attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay
musiqi səhnəsi, ticarət və uşaqlar
üçün əyləncə mərkəzləri
yaradılıb. Burada 500-dən çox yeni iş yeri
açılacaq.
Sumqayıt bulvarını fərqləndirən cəhətlərdən
biri də onun çimərliyə birbaşa
çıxışının olmasıdır. Burada
yaradılan şərait bir daha sübut edir ki, Azərbaycan
dövləti vətəndaşların istirahətlərini mənalı
təşkil etmək, asudə vaxtlarını səmərəli
keçirmək üçün bütün zəruri
addımları atır. Bu həm də
dünyada hökm sürən iqtisadi böhran dövründə
ölkəmizdə sosial layihələrin ardıcıl və
məqsədyönlü şəkildə həyata
keçirildiyini nümayiş etdirir. Xəzərin
sahilindəki bu kompleks Sumqayıt şəhərinin
simasının daha da gözəlləşdirilməsi
baxımından da olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası bir daha sübut
edir ki, Sumqayıtın abadlaşdırılması istiqamətində
görülən işlər davamlıdır, onlar yüksək
keyfiyyətlə və vaxtında yerinə yetirilir. Bir sözlə, müasir üslubda, orijinal dizaynda
yaradılan həmin istirahət məkanı Sumqayıtın
görməli yerlərinə daha bir ünvanın da əlavə
edilməsi deməkdir.
“Cəmi
8-9 ay ərzində möhtəşəm Heydər Əliyev Mərkəzi
yaradılıb”
Ulu öndərin adını daşıyan parkda da yenidənqurma
işləri aparılıb. Parkın ərazisi 8
hektardan 10 hektara qədər genişləndirilib. Burada
200-dən çox müasir işıq dirəkləri,
oturacaqlar quraşdırılıb, 5 mindən çox
ağac, dekorativ kol əkilib, 20 min kvadratmetrdən çox sahədə
yaşıllıq zolağı salınıb, 30 min kvadratmetr
daş döşənib. Parkda həmçinin
rəngli fontan kompleksi və Bayraq meydanı tikilib, uşaqlar
üçün əyləncə mərkəzi inşa
olunub.
Şəhərə ötən səfərlərinin
birində “Sumqayıt bu gün parklar və bağlar şəhəridir”
- deyən Prezident İlham Əliyevin sözləri
sumqayıtlıları doğma şəhərlərini daha
da gözəlləşdirməyə ruhlandırıb. Parkın ərazisində
ümumi sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli Heydər
Əliyev Mərkəzi inşa edilib. Bu
möhtəşəm mərkəz gənclərin daim
toplaşacağı, öz maraqlarına uyğun məşğuliyyətlərini
tapacağı məkana çevriləcək. Mərkəz eyni zamanda sumqayıtlı gənclərin
ənənələrə sədaqət, torpağa sonsuz məhəbbət
və vətənpərvərlik ruhunda tərbiyə
olunmalarında müstəsna rol oynayacaq.
Mərkəzdə
ümummilli liderin həyat və fəaliyyətini əks etdirən
eksponatlardan ibarət muzey, 400 yerlik iclas, 500 yerlik konfrans, rəqs,
sərgi və kompüter zalları, elektron kitabxana,
xalçaçılıq dərnəyi, rəsm və
linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər
üçün diskussiya zalları fəaliyyət göstərəcək.
Bunlardan əlavə, dördüncü mərtəbədə
nikah mərasimləri zalı yerləşəcək. Ailə quran hər bir sumqayıtlı gənc
üçün ulu öndərin həyat və fəaliyyəti
örnək olacaq. Nikah və qeydiyyat idarəsi
də bu binada yerləşdirilib və nikah bağlanması
üçün bütün şərait yaradılıb.
Parkın ərazisində eləcə də müasir
memarlıq üslubunda 1500 kvadratmetr sahəsi olan 2 mərtəbəli
şahmat məktəbi tikilib. Burada 4 mərtəbəli
uşaq incəsənət məktəbi də inşa edilib.
2400 kvadratmetr sahəsi olan bu məktəbdə
43 sinif otağı fəaliyyət göstərəcək,
700-dən çox şagird təhsil alacaq və 210 müəllim
çalışacaq.
“Sumqayıtın
mədəni həyatına yeni töhfə...”
Şəhərdəki digər yeniliklər də ürəkaçandır. Məsələn,
Sumqayıt Dram Teatrının binası 1956-cı ildə
istifadəyə verilib. Ötən ilin
dekabrında burada yenidənqurma işlərinə
başlanılıb. Əsaslı təmir
və yenidənqurma tədbirləri zamanı binanın
bütün mühəndis-texniki qurğuları tamamilə
yenidən qurulub. Binanın 500 yerlik
tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla
təchiz olunub. Burada tamaşaları bədii
və texniki cəhətdən yüksək səviyyədə
təqdim etmək üçün 360 dərəcə hərəkət
edən səhnə, müasir akustika və
işıqlandırma sistemləri, digər avadanlıqlar
quraşdırılıb.
Teatrın interyerinin daha cəlbedici görünməsi
üçün milli memarlıq ənənələrindən
geniş istifadə edilib. Binanın bütün
xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib
olunub, mebellər tətbiqi sənətin qədim növü
olan oyma üsulu ilə işlənib. Teatrın
köhnə parket döşəməsi sökülərək
monolit dəmir-beton plitələrlə əvəzlənib,
binadakı sütunlar isə mərmərlə üzlənib.
Binanın müasir üslubda yenidən qurulması sakinlərin
teatra marağının artmasına, şəhərin mədəni
həyatının daha da canlanmasına təkan verəcək.
Teatrın qarşısındakı meydanda 15 min
kvadratmetr sahəyə mərmər döşənib, iki yeni
fəvvarə və monitor quraşdırılıb.
Yenidənqurma işləri Sumqayıt Dövlət Dram
Teatrının 150 nəfərlik kollektivinə işlərini
günün tələbləri səviyyəsində qurmaq
üçün maksimum şərait yaradır. Ümumilikdə,
teatrın binasının əsaslı təmiri və yenidən
qurulması Azərbaycan dövlətinin mədəniyyət
sahəsinin inkişafına göstərdiyi diqqət və
qayğını təcəssüm etdirir. Bu layihənin icrası son dövrdə Sumqayıtda
gedən sürətli sosial-iqtisadi inkişafa təkan verməklə
yanaşı, şəhərin ümumi
görünüşünə də əlavə çalarlar
qatır.
“Sumqayıtın
inkişafı daim diqqət mərkəzində olacaq”
Sumqayıt şəhərində yeni binalar tikilməklə
yanaşı, köhnə binaların görkəmi və
kommunal şəraiti diqqətdən yayınmır. Dövlət
tərəfindən ayrılmış vəsait hesabına 323
çoxmənzilli yaşayış binasının dam
örtükləri yenidən qurulub və hazırda bu işlər
davam etdirilir. 200 çoxmənzilli
yaşayış binasının isə liftləri dəyişdirilərək
yenisi ilə əvəz olunub. 250 çoxmənzilli
yaşayış binasının istiliklə təmin
olunması üçün müvafiq işlər
görülüb, qazanxanalar mövsümə tam
hazırlanıb. Hazırda 18-ci mikrorayonda
20 yaşayış binasını istiliklə təmin edəcək
yeni qazanxananın tikintisi işləri aparılır. Şəhərdə daha 600 yaşayış
binasının istiliklə təchiz olunması
üçün də müvafiq tədbirlər görülməsi
nəzərdə tutulur.
Yeniliklərdən biri də avtomobillə şəhərdaxili
sərnişindaşınma xidmətinin şəhər icra
hakimiyyətinin tabeliyinə verilməsidir. Bu iş pilot layihə olaraq
əhaliyə nəqliyyat xidmətinin lazımi səviyyədə
qurulmasını təmin edəcək. Hazırda bu məqsədlə
növbəti il ərzində şəhərə
150 ədəd müasir avtobusların gətirilməsi
üçün tədbirlər görülür.
Şəhərdə məktəb, uşaq
bağçaları ilə bağlı problemlərin aradan
qaldırılması sahəsində də müəyyən
işlər görülüb. Səhiyyə
ocaqları da diqqətdən kənarda qalmayıb, cari ildə
5 xəstəxana və poliklinikada təmir işləri
aparılıb.
Qarşıda həlli vacib bir çox məsələlər dayanır. Planlaşdırılır ki, əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün yaxın dövrdə Kimyaçılar və İnşaatçılar yaşayış sahəsindəki ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddətini başa vurmuş, kommunal şəraiti olmayan və qəzalı vəziyyətə düşən 100-ə yaxın taxta konstruksiyalı yaşayış binalarının sökülməsi və əhalinin köçürülərək yeni mənzillərə yerləşdirilməsi məsələsi həll edilsin. Həmçinin mərhələli şəkildə 100-dən çox yataqxana binasının əsaslı təmiri, 120 kilometr uzunluğunda şəhərdaxili yolların, 1,5 milyon kvadratmetr məhəllə və mikrorayondaxili sahələrin yenidən qurulması, 40 minə yaxın əhalinin yaşadığı ərazidən keçən, əhalinin və sənaye müəssisələrinin kanalizasiya xətti kimi istifadə etdiyi 7,5 kilometr uzunluğunda Acıdərə kanalının boruya alınması vacib işlər kimi qarşıda durur.
Sənaye zonasında yerləşən superfosfat, alüminium, kompressorlar zavodlarının, Xovlu İplik Fabrikinin fəaliyyətini bərpa etmək, şəhərin perspektiv inkişafı və genişləndirilməsi, sosial obyektlərin tikintisi üçün şəhər ərazisində fəaliyyətsiz qalmış onlarca idarə və təşkilatların 100 hektarlarla torpaq sahələrindən səmərəli istifadə etmək nəzərdə tutulur.
Bunlar son bir ilin özündə Sumqayıtda görülmüş işlərin yalnız bir hissəsidir. Sumqayıtlılar Prezident İlham Əliyevin şəhərə budəfəki səfərindən ruhlanaraq ürəkaçan yeniliklərin sayını daha da artırmaq əzmindədirlər.
Akif
ƏLİYEV,
Azərbaycan.-2016.- 5 oktyabr.- S.5.