Hər könüldə yeri var

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərar UNESCO tərəfindən1966-cı il oktyabrın 5-də verilmişdir. Həmin vaxt təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. Artıq oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Azərbaycanda bu günün qeyd olunması ulu öndər Heydər Əliyevin 1993-cü il tarixli sərəncamı ilə reallaşmışdır.

Hazırda ölkəmizin aliorta ixtisas məktəblərində 166 mindən çox müəllim çalışır. “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” - deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalıb. “Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilironu qiymətləndirməlidir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam” - deyən ulu öndərin belə kəlamları hər bir azərbaycanlının həyat kredosuna çevrilib. Bir faktı xatırladaq ki, respublikamızda 1969-1982-ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatdırılıb. O dövrdə respublika rəhbəri Heydər Əliyevin imzaladığı “Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçmək haqqında” qərarı da xalqına böyük töhfəsi idi.

Ekspertlərin, tanınmış pedaqoq-mütəxəssislərin də fikrincə, müəllim əməyinə, müəllim zəhmətinə verilən yüksək dəyər, təhsil quruculuğunun inkişafına xüsusi diqqət bugünkü uğurlara etibarlı zəmin yaratmışdır.

Ulu öndərin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə qayğı ilə yanaşır. 2004-cü ildə “2005-2008-ci illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi ilə bağlı sərəncam imzaladı. 2005-ci ildə 372,5 milyon manat təşkil edən təhsil xərcləri 2015-ci ildə 1 milyard 553,9 manata yüksəldi. Son 13 ildə 3 mindən çox məktəb binası tikilmiş və əsaslı təmir edilmişdir. Əksər məktəblərdə çoxnövbəlilik aradan qaldırıldı, beşgünlük həftəsinə keçildi.

Azərbaycan Prezidenti İlham Əliyev yeddi il bundan öncə (30 sentyabr 2009-cu il) “Azərbaycan Respublikasında təhsilin inkişafında və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında” sərəncam da imzalamışdır. Bu sərəncama əsasən son illərdə onlarla təhsil işçisi “Əməkdar müəllim” fəxri adına, “Tərəqqi” medalına layiq görülmüşdür.

2008-ci ildən etibarən Prezidentin sərəncamı ilə hər il ölkədə “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllim” nominasiyaları üzrə ümumrespublika müsabiqəsi keçirilir, qalib məktəblər və müəllimlər mükafatlandırılır. Bu müsabiqələrin keçirilməsi müəllimlər arasında sağlam rəqabəti gücləndirmiş, onların yaradıcılıq və təşəbbüskarlıq meyillərini artırmışdır. Belə müsabiqələrin keçirilməsi həm də təhsilin keyfiyyətinin yüksəlməsinə münbit şərait yaratmışdır.

Müəllimlərin və əmək şəraitinin yaxşılaşdırılmasında, təhsil infrastrukturunun yeniləşdirilməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəbləri” proqramları çərçivəsində son 10 ildə 330-dan çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi tikilib istifadəyə verilmiş, əsaslı və ya cari təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Peşə ixtisas məktəblərində son 25 ildə ilk dəfə texniki avadanlıqlarla, ləvazimatlarla təmin edilməsi məsələləri həll olunmuşdur. Belə ki, həmin təhsil müəssisələrinə təlim avtomobilləri, müasir kənd təsərrüfatı texnikası, əyani və texniki təlim vasitələri verilmişdir. Bu sahədə əsas yeniliklərdən biriyerli və beynəlxalq təşkilatların dəstəyi ilə peşə təhsili müəssisələrinə rəhbər pedaqoq kadrların hazırlanması üzrə xüsusi kursların təşkilidir.

Azərbaycanda müəllim kadrlarının hazırlanması və onların təkmilləşdirilməsi də həmişə diqqət mərkəzində olmuşdur. Bir neçə aliorta ixtisas məktəbi müəllim kadrları hazırlamaq sahəsində böyük təcrübəyə malikdir. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti ilə yanaşı, son illər Azərbaycan Müəllimlər İnstitutu, onun filialları və digər bu yönümlü kolleclər də yüksək ixtisaslı müəllim kadrları hazırlayırlar. Bu yüksəlişdə Azərbaycan hökumətinin 2004-cü ilin noyabrında təsdiq etdiyi “2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı” mühüm rol oynamışdır.

Respublika Təhsil Nazirliyi də müəllimlərin seçilməsi və işlə təmin edilməsi sahəsində dünyada sınaqdan keçirilmiş mexanizmlərin tətbiqi istiqamətində bir sıra əhəmiyyətli addımlar atır.

Son statistikaya görə, ölkədə 4546 təhsil müəssisəsində 1 milyon 700 mindən artıq şagirdin təlim-tərbiyəsi ilə 166 min 764 nəfər pedaqoji işçi məşğul olur.

Ucqar rayonlardakı dağ kəndlərində problemlərin aradan qaldırılması üçün dövlət və aidiyyəti qurumlar tərəfindən davamlı olaraq tədbirlər həyata keçirilir. Bu problemin həlli ilə əlaqədar müəllimlərin attestasiya yolu ilə işə qəbulu, habelə ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi, ilk növbədə, ehtiyac duyulan məktəblərdə işsiz müəllimlərin sevib-seçdikləri ixtisas üzrə işlə təmin olunmaları, şəffaflığın, təlim və tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Boş yerlərə göndərilən müəllimlərə həm də dövlət tərəfindən müəyyən güzəştlər edilir.

Son illər müəllimlərin peşəkarlığının artırılması, təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində digər tədbirlər də həyata keçirilmişdir. Bu prosesdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, o cümlədən Britaniya Şurası, UNISEF və digər qurumlarla Təhsil Nazirliyinin əməkdaşlığı faydalı olmuşdur.

Rəhman SALMANLI,

Azərbaycan.-2016.- 5 oktyabr.- S.7.