Qəlblərdə
yaşayır
5 oktyabr
Beynəlxalq Müəllimlər Günüdür
Filosof, ictimai xadim, akademik Aslan Aslanovla ilk tanışlığım 1949-cu ildə olub. Həmin il Gədəbəydə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmaq niyyətində idim. Rus dilindən “3”, qalan imtahanların hamısından yüksək qiymət alıb universitetə qəbul olundum.
O vaxtlar “3” qiymət alanlara təqaüd verilmirdi. Maddi vəziyyətim isə çox ağır idi... Müəllimlərim kömək edirdi.
Onların arasında Aslan
Aslanov da var idi. O zaman Aslan müəllim
estetika fənnindən
bizə dərs deyirdi.
O vaxtlar Kolodeznaya 21-də (Kəhriz küçəsi)
yerləşən yataqxanada
qalırdım. Aslan müəllim
universitetin ictimai işlərində çox
fəal iştirak edirdi. Böyük hörmət və
nüfuz sahibi idi. Yaşadığımız yataqxananın küçəyə
baxan tərəfində
ona da bir
otaq vermişdilər.
Tanışların hamısı
bilirdi ki, Aslan Aslanov ailənin tək oğludur. Özü də Ağstafanın
Poylu kəndindəndir.
“Eloğlu”luqdan və müəllimim olmağından istifadə
edərək hərdən
yataqxanada ona baş çəkirdim.
Bir dəfə gördüm ki, Aslan müəllimin
anası yanındadır.
Ana-oğul məni
çox mehriban qarşıladılar, yemək
təklif etdilər.
O vaxtlar rayondan gələn qohumlardan bəziləri Bakı restoranlarında da bizə qonaqlıq verərdilər.
İllər keçdi, fəlsəfə
şöbəsini fərqlənmə
diplomu ilə bitirib 1954-cü ilin sentyabr ayından universitetin Fəlsəfə
kafedrasında laborant kimi fəaliyyətə başladım. Laboratoriya müdiri çox
nüfuzlu professor Mehbalı
Qasımov idi. İş mühitimin yaradıcıları cavan,
enerjili müəllimlər
- Firudin Köçərli,
Aslan Aslanov, Məqsəd Səttarov, Şəmsəddin Cəfərov,
Ənvər Əhmədov,
Qədim Mustafayev, Fuad Qasımzadə, Həsən Şirəliyev
və başqaları
idilər. Onların hər biri sonralar
geniş təfəkkürlü,
müstəqil düşüncə
tərzinə malik, görkəmli filosof alim kimi tanındılar.
Az sonra
Aslan Aslanov yeni yaradılmış Estetika kafedrasına müdir təyin olundu. Bununla da Azərbaycanda
estetika elmi vətəndaşlıq hüququ
qazandı. Xalq artisti, professor Mehdi Məmmədov, Asif Əfəndiyev, Camal Mustafayev, Rəhim Nağıyev bu kafedrada estetikadan dərs deyib daha da püxtələşdilər.
Aslan müəllimin rəhbərliyi
ilə Estetika kafedrası Azərbaycanda estetika üzrə alim və müəllim
kadrlarının hazırlanmasında
müstəsna xidmətlər
göstərdi. Çox keçmədi
ki, Aslan müəllimin sayəsində
Bakı Dövlət Universitetinin Estetika kafedrası Moskva Dövlət Universitetinin,
o cümlədən digər
ittifaq respublikalarından
olan estetika mütəxəssisləri tərəfindən
tanındı. Yaxşı yadımdadır,
görkəmli estetik akademik Fedoseyevlə akademik Aslan Aslanov arasında çox ciddi əməkdaşlıq əlaqələri
vardı.
Aslan Aslanovun yetirmələri
hazırda respublikamızda
müxtəlif elm və
tədris ocaqlarında,
o cümlədən Gürcüstanda,
Özbəkistanda və
Türkmənistanda da
uğurla çalışırlar.
Aslan Aslanov doktorluq dissertasiyasını
müdafiə edib
professor adını aldıqdan
sonra bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə
və Hüquq İnstitutunda direktor vəzifəsində çalışdı. Onun buradakı kabinetində də alimlərlə,
əməkdaşlarla, kənardan
dəvət olunan mütəxəssis filosoflarla
Azərbaycan fəlsəfi
fikir tarixinə aid problemlər müzakirə
olunardı. Aslan müəllim elmi
fikir mübadiləsində
həm mülayim, həm də qətiyyətli idi. Az keçmiş
professor Aslan Aslanov
AMEA-nın müxbir üzvü, sonra da akademik seçildi.
Akademik Aslan Aslanovun böyük nüfuza, idarəçilik qabiliyyətinə
malik olması nəzərə alınaraq,
ona AMEA-nın humanitar elmlər üzrə akademik-katib vəzifəsi etibar olundu. O, bu vəzifədə də çox uğurla çalışdı. Təəssüf ki, qəfil ölüm onu aramızdan tez apardı.
Aslan müəllim
Bakı Dövlət Universitetində o vaxtlar çox nüfuzlu və məsuliyyətli vəzifələrdən sayılan
partiya komitəsinin katibi vəzifəsində
işləmişdi. O, bu vəzifəyə 1975-ci ilin
noyabr ayında seçilmişdi. Bundan az sonra
Azərbaycan Dövlət
İncəsənət Universitetinin
rektoru vəzifəsinə
təyinat aldı və tez bir
zamanda bu təhsil ocağında sevindirici uğurlara imza atdı, həm də rektoru olduğu ali məktəbi şöhrətləndirdi.
Aslan Aslanov klassik estetik ədəbiyyatın nadir tərcüməçilərindən idi. Onun Aristoteldən Azərbaycan dilinə tərcümə etdiyi “Poetika” əsəri indi də mütəxəssis estetiklərin və filosofların stolüstü kitabıdır. “Qısa estetika lüğəti”ni (Bakı, 1970, 464 səh.) Aslan müəllimlə birlikdə Azərbaycan dilinə tərcümə etmişik. Lüğətin elmi redaktoru məşhur ədəbiyyatşünas alim Əkbər Ağayev idi. “Qısa estetika lüğəti” oxucular tərəfindən çox rəğbətlə qarşılanmışdı. Estetikaya dair anlayış və kateqoriyaların düzgün ifadə edilməsi o vaxtlar böyük əhəmiyyət daşıyırdı. Görünür, elə bunun nəticəsidir ki, həmin lüğətə maraq indi də qalmaqdadır.
Akademik Aslan Aslanovun incə, qəlbləri riqqətə gətirən, könül oxşayan zəngin poetik dünyası var idi. Onun şeirləri bulaq suyu kimi “pıçıldaya-pıçıldaya” axıb gəlirdi.
Aslan müəllimin çoxlu dostları, həmkarları ilə yanaşı, ən yaxın ünsiyyət saxladığı, dərdini də açıb söyləyəndə düzgün başa düşüləcəyinə tam əmin ola biləcəyi yaxınları var idi. Bunlar görkəmli filosof alimlərimiz Firudin Köçərli, Məqsəd Səttarov, Şəmsəddin Cəfərov idi. Həm mülayim, həm xeyirxah, həm də qətiyyətli şəxsiyyət idi. Qəlbi və könlü büllur kimi təmiz idi. Elə bu cür insani keyfiyyətləri ilə bu gün də unudulmur, xatirəsi onu tanıyanların qəlbində yaşayır.
İzzət
RÜSTƏMOV,
Bakı Dövlət
Universitetinin Sosiologiya
kafedrasının müdiri,
fəlsəfə elmləri doktoru, professor
Azərbaycan.-2016.- 5 oktyabr.- S.7.