NDU-nun müəllimi dünya çempionatında gümüş medal qazandı

Bu günlərdə Finlandiyanın Seynyajoki şəhərində veteranlar arasında yunan-Roma güləşi üzrə növbəti dünya çempionatı başa çatmışdır. Dairəvi sistem üzrə keçirilən yarışlarda ən çox qələbə qazanan idmançı qalib elan olunurdu. Yarışlarda 44 ölkədən 250 güləşçi 7 dəst mükafat uğrunda mübarizə aparmışdır.

Ölkəmizi dünya çempionatlarının 7 qat mükafatçısı Əlisahib Əliabbasov (76 kq), Məmməd Əliyev (85 kq) və Rövşən İsmayılxanlı (130 kq) təmsil etmişlər.

Bundan əvvəlki çempionatlarda olduğu kimi, bu dəfə də azərbaycanlı pəhləvanlar vətənə əliboş qayıtmamışlar. Hüquq mühafizə orqanlarının sabiq əməkdaşı, hazırda Naxçıvan Dövlət Universitetinin  müəllimi Rövşən İsmayılxanlı yer aldığı D qrupunda gümüş medal qazanmışdır. O, ardıcıl olaraq macarıstanlı güləşçi Ferents Kirali, fin pəhləvanı Juha Mikkonen və belaruslu idmançı Sergey Kudryavtsevi məğlubiyyətə uğratmışdır. Həlledici görüşdə Rövşən İsmayılxanlının rəqibi ikiqat olimpiya çempionu polşalı Andcey Vronski idi. Bu qarşılaşma rəqibin xeyrinə bitmiş və azərbaycanlı güləşçi dünya çempionatının gümüş medalına layiq görülmüşdür.

Qeyd edək ki, Rövşən İsmayılxanlı bundan əvvəlki çempionatlarda iki dəfə bürünc medal qazanmışdı.

Digər təmsilçilərimizə gəldikdə F qrupunda yer alan Əlisahib Əliabbasov ilk görüşündə İsveç təmsilçisi Eduin Tuomistoya, A qrupunda güləşən Məmməd Əliyev almaniyalı Andreas Kiferə qalib gələrək yarışa qələbə ilə başlamış, lakin sonradan aldıqları zədə ucbatından medalların bir addımlığında mübarizəni dayandırmalı olmuşlar.  

Azərbaycan.-2016.- 5 oktyabr.- S.7.