Beynəlxalq elektron TAX FREE sisteminin tətbiqi
turizm sektorunun
inkişafına xidmət edir
Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər dövlət qurumlarının birgə iştirakı ilə “Azərbaycanda elektron TAX FREE sistemi”nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib. Öncə son illər vergi sistemində aparılan islahatlar, o cümlədən Prezidentin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust tarixli sərəncamı və bu sərəncam çərçivəsində görülən işlər barədə ətraflı danışılıb.
Sonra ölkəmizdə TAX FREE sisteminin tətbiqi, onun faydaları, bununla bağlı inzibatçılıq məsələləri və s. barədə ətraflı məlumat verilib. Təqdimatla çıxış edən nazirliyin baş idarə rəisi S.Musayeva qeyd edib ki, dövlət başçısının müvafiq fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilib, eyni zamanda Prezidentin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust tarixli sərəncamı ilə ölkəmizi turistlər üçün cəlbedici məkana çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Vergilər Nazirliyinə həvalə edilib: “TAX FREE sistemi ölkədə turizm sektorunda son illər ərzində görülən işlərin davamlılığının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədi daşıyır. Bu sistem ilkin olaraq beynəlxalq hava limanlarında tətbiq edilməyə başlanıb və gələcəkdə respublikanın digər sərhəd-buraxılış məntəqələrində tətbiq olunması nəzərdə tutulur. Proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra bu sistem tədricən bütün sərhəd-buraxılış məntəqələrində tətbiq olunacaq”.
Dünyada ƏDV tətbiq edən 130 ölkənin TAX FREE sisteminə qoşulduğunu deyən S.Musayeva bildirib ki, bu sistemin tətbiqi xarici turistlərin ölkəyə cəlb edilməsinə və onların ölkə ərazisində daha çox mal almaqla pərakəndə ticarətdə satış dövriyyəsinin artırılmasına, ixrac yönümlü istehsalın stimullaşdırılmasına, xarici valyutanın ölkəyə axınının artmasına gətirib çıxarmalıdır. TAX FREE sisteminin tətbiqi şərtlərinə toxunan S.Musayeva qeyd edib ki, turistin mal alan zaman şəxsiyyətini təsdiq edən sənədi üzərində olmalıdır, alınan mal şəxsi istehlak məqsədi daşımalıdır, bir alışda əldə edilmiş malın ƏDV daxil olmaqla dəyəri 300 manatdan az olmamalıdır. Turist həmçinin təqdim edilmiş elektron vergi hesab fakturası və malın alışını təsdiq edən sənədləri özündə saxlamalıdır.
Qaydalara əsasən, ƏDV-nin qaytarılması aksizli mallara, ərzaq mallarına, dərman preparatları və tibbi ləvazimatlara, ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət daşıyan mallara, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara, ixracı üçün lisenziya tələb olunan mallara, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlara, külçə şəklində qiymətli metallara, müşayiət olunmayan baqajla Azərbaycan Respublikasının ərazisindən aparılan mallara, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə, poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallara şamil olunmur.
TAX FREE sisteminin tətbiqi üzrə statistik məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, TAX FREE sisteminin tətbiqinə başlanmasından ötən 3 ay ərzində ölkəmizə gələn əcnəbi turistlər ona böyük maraq göstəriblər və ümumilikdə 3262 turist ödədikləri 487,4 min manat əlavə dəyər vergisinin geri qaytarılmasını tələb edib.
Sonda qeyd
olunub ki, Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində TAX FREE bölməsi
istifadəyə verilib, rəsmi internet səhifəsində həmin bölməyə
keçid yerləşdirilib. Azərbaycan,
rus və ingilis dillərində
hazırlanmış məlumatlar nazirliyin
rəsmi internet saytında və “Facebook” səhifəsində yerləşdirilib.
Azərbaycan.-2016.- 5 oktyabr.- S.8.