Tarlalar örpəyə bürünüb

Tərtər kəndlisi böyük zəhmət bahasına bol məhsul yetişdirib

 

Prezident İlham Əliyevin sədrliyi ilə Sabirabadda keçirilən ümumrespublika müşavirəsi pambıqçılığın inkişafında dönüş nöqtəsi kimi tarixə çevrilmişdir. Dövlət başçısının müşavirədəki nitqində kənd təsərrüfatında ənənəvi sahə olan pambıqçılığı inkişaf etdirmək, bu sahədəki köhnə şöhrəti qaytarmaq üçün zəruri tədbirlər görmək mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.

Bu günlər Tərtər rayonunda keçirilən müşavirədə bu vəzifələr təcrübəli pambıqçıların, mütəxəssislərin, torpaq mülkiyyətçilərinin iştirakı ilə geniş təhlil olunmuş, həyata keçirilməsi vacib olan cariperspektiv tədbirlər müəyyən edilmişdir. Müşavirədə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov pambıqçılığı inkişaf etdirmək üçün rayonda böyük potensialın olduğunu vurğulamış, bütün imkanları, mövcud ehtiyat mənbələrini səfərbərliyə alıb dövlət başçısının pambıqçılığın inkişafı sahəsində qarşıya qoyduğu vəzifələrin icrasına yönəltmək zərurətini qeyd etmişdir.

Tərtər ölkəmizin torpağı münbit, insanları əməksevər və fədakar olan bölgəsidir. Yaxın keçmişdə rayonda kənd təsərrüfatı yüksək inkişaf səviyyəsində idi. Ana torpaq çəkilən zəhmətin, axıdılan alın tərinin əvəzini birə min qaytarır, bərəkətli düzlərin barı-bəhəri aşıb-daşırdı. Bu o zaman idi ki, ulu öndər Heydər Əliyevin qayğısı ilə araya-ərsəyə gələn Sərsəng dəryaçasının suyu bölgənin münbit torpaqlarına can verir, yüksək məhsuldarlıq əldə edilirdi. Zəmilərin bol “sarı kəhrəba”sını, tarlaların göz qamaşdıran “ qızıl”ını yığıb-yığışdırmaq olmurdu.

Ermənilərin başladığı ədalətsiz müharibədə təkcə igid oğullarımız şəhid olmadı, yalnız kəndlərimiz, şəhərlərimiz viran edilmədi. Ərazilərimizin 20 faizini işğal edən Ermənistan təxribatlarını insanlığa sığmayan bir formada davam etdirdi. Ermənilər Sərsəng su anbarının qapılarını bağlamaqla 10 min hektarlarla əkin sahələrini suya həsrət qoydu və quraqlıqdan torpağın bağrı cadar-cadar oldu. Bəzən isə xain qonşularımız dəryaçada suyun səviyyəsini tənzimləmək üçün ərazilərimizdə əkinlərin suya ehtiyacı olmadığı qış aylarında, erkən yazda qapıları gen-bol açıb Tərtər çayının yatağına suyu normadan dəfələrlə artıq buraxır, real sel təhlükəsi yaratmaqla qayğılarımızı artırırlar. Bax, əsl erməni xisləti də elə budur.

Tərtər rayonunun təsərrüfatları üçün yaranmış ciddi su problemini həll etmək üçün təbii ki, dövlət öz qayğısını əsirgəmir. Rayonda əkin sahələrinin suvarma suyuna olan tələbatını ödəmək məqsədilə təkcə son 3 ildə 41 subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Bu il isə daha 14 subartezian quyusunun qazılmasına başlanmışdır. Həyata keçirilən bütün tədbirlər Tərtər kəndlisində hədsiz razılıq, böyük minnətdarlıq doğurur.

Ancaq reallıq budur ki, pambıqçılığı inkişaf etdirmək üçün qarşıya qoyulan vəzifələrin icrası əkinlərin su təminatını yaxşılaşdırmağı şərtləndirir. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bizimlə söhbətində bu məsələyə böyük önəm verərək qeyd etdi ki, rayon ərazisindən keçən və yaz-yay aylarında bol suyu olan İncə çayının üzərində 5 milyon kubmetr tutumlu su anbarı tikilərsə, yaxınlıqdakı “Qarabağ” kanalından su götürəcək iki pilləli nasos stansiyası qurularsa və həmin suyun R-5 kanalına tökülməsi təmin edilərsə  rayonda suvarmada olan mövcud problemlər öz həllini tapar. Rayon rəhbərliyi bu aktual problemlə əlaqədar artıq respublikanın əlaqədar təşkilatları qarşısında məsələ qaldırmışdır.

Tərtər kəndlisi üzləşdiyi çətinliklərə, xain qonşularımızın yaratdığı süni problemlərə baxmayaraq, torpaqla doğma münasibətini saxlayır, minbir həvəslə əkib-becərir, öz halal zəhməti ilə təhnəsinin bol çörəyini qazanır. Keçən il rayonda 550 hektar sahədə pambıq əkilmiş, hər hektarın məhsuldarlığı 16,2 sentner olmuşdur. Bu il isə pambıq əkinləri genişləndirilərək 1035 hektara çatdırılmışdır. Aqrotexniki tələblərə ciddi əməl edilməsi hesabına tarlalarda bol məhsul yetişdirilmişdir. İndi məhsul yığımının qızğın çağıdır. İndiyədək 200 tondan çox pambıq tədarük edilmişdir. Hər hektardan 20-25 sentner məhsul gözlənilir. Bu il pambıqçılıqda çalışanların sayı 4200 nəfərdir. Bu, öz növbəsində kənd əhalisinin faydalı məşğulluğunun təmin edilməsində irəliyə doğru böyük addımdır.

İndi Tərtərdə pambıq yığımını davam etdirməklə yanaşı, gələn il əkin sahələrini daha da genişləndirmək qayğısına da qalırlar. Bu istiqamətdə torpaq mülkiyyətçiləri ilə söhbətlər aparılır, mütəxəssislərlə məsləhətləşmələr edilir, pambıq əkiləcək ərazilər müəyyənləşdirilir.

 

Lazım QULİYEV,

Azərbaycan.-2016.- 6 oktyabr.- S.1.