Azərbaycan ilə
İran arasında münasibətlər ən
yüksək səviyyədədir
Səfir Cavad CAHANGİRZADƏ: “Prezident
Həsən Ruhani deyib ki, onun ən yaxın dostlarından və
qardaşlarından biri Prezident İlham Əliyevdir”
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də
İran İslam Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Cavad Cahangirzadənin etimadnaməsini qəbul edib.
AZƏRTAC
xəbər verir ki, səfir Cavad Cahangirzadə fəxri qarovul
dəstəsinin qarşısından keçdi.
Cavad
Cahangirzadə etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra
Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Azərbaycan
ilə İran arasında münasibətlərin ən
yüksək səviyyədə olduğunu məmnunluqla qeyd
edən dövlətimizin başçısı əlaqələrimizin
bütün sahələrdə sürətlə inkişaf
etdiyini bildirdi. Bunun da öz növbəsində hər iki
dövlət başçısının niyyətinin
göstəricisi olduğunu vurğulayan Prezident İlham
Əliyev İran və Azərbaycan prezidentlərinin
qarşılıqlı səfərlərinin və bu səfərlər
zamanı əldə olunan razılaşmaların önəmini
qeyd etdi, ölkəmizin İranla dostluq və qardaşlıq
münasibətlərinin daha da möhkəmləndirilməsində
maraqlı olduğunu dedi. Cavad Cahangirzadəyə ölkəmizdəki
diplomatik fəaliyyətində uğurlar arzulayan dövlətimizin
başçısı səfirin Azərbaycan-İran ikitərəfli
əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində
səylərini əsirgəməyəcəyinə ümidvar
olduğunu bildirdi.
Səfir
Cavad Cahangirzadə İran İslam Respublikasının
Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin
başçısına çatdıraraq bildirdi ki, Prezident Həsən
Ruhani onun ən yaxın dostlarından və
qardaşlarından birinin Prezident İlham Əliyev olduğunu
dedi. Azərbaycan ilə İran arasında əlaqələrin
daha da inkişaf etdirilməsi istiqamətində hər iki
ölkənin prezidentinin siyasi iradəsini əsas götürəcəyini
deyən Cavad Cahangirzadə bunun üçün ölkəmizdəki
diplomatik fəaliyyəti dövründə səylərini əsirgəməyəcəyini
və bu baxımdan Prezident İlham Əliyevin hərtərəfli
dəstəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə
ikitərəfli əməkdaşlıq əlaqələrinin
müxtəlif sahələrdə, xüsusən təhlükəsizlik,
nəqliyyat, infrastruktur layihələri, kənd təsərrüfatı,
turizm kimi sahələrdə daha da genişləndirilməsi
ilə bağlı məsələlər müzakirə
olundu.
Prezident
İlham Əliyev İran İslam Respublikasının
Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını İran İslam
Respublikasının Prezidentinə çatdırmağı
xahiş etdi.
Azərbaycan.-2016.- 6 oktyabr.- S.2.