Heydər Əliyev Mərkəzində “Əli və Ninofilminin premyerası olub

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak edib

 

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində “Əli və Ninofilminin premyerası olub.

AZƏRTAC xəbər verir ki, yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən filmin premyerasında ekran əsərinin yaradıcı heyəti də iştirak edib.

Premyera filmdə rol almış məşhur aktyorların qırmızı xalı üzərindən keçidi ilə başlayıb.

Filmin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti, layihənin rəhbəri və icraçı prodüseri Leyla Əliyeva iştirak ediblər.

Filmin nümayişindən əvvəl baş rolun ifaçısı Adam Bakrinin videomüraciəti göstərilib. O, Bakıdakı təqdimat mərasimində iştirak edə bilmədiyi üçün təəssüfləndiyini vurğulayıb. Adam Bakri filmdə yaratdığı roldan zövq aldığını deyib. Azərbaycan dilində çıxış edən aktyor bildirib: “Mən Azərbaycanda çox gözəl vaxt keçirdim və sizinlə görüşmək mənim üçün şərəfdir”.

Sonra film nümayiş olunub.

Birinci Dünya müharibəsinin başlanmasına, dünya neft ehtiyatının 50 faizinin Azərbaycanın payına düşməsinə, ölkəmizin Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşməsinə dair sözlərlə başlayan film elə ilk kadrlarından tamaşaçıda böyük maraq yaradır. Qədim Bakının mənzərələrini göz önündə canlandıran, istiqanlı və məğrur bir xalqın nümayəndəsi olan Əlinin obrazında sərhəd tanımayan, heç bir mənsəbə məhəl qoymayan ülvi bir eşq hekayəsini böyük ustalıq və peşəkarlıqla təqdim edən filmin gələcək uğurlarını bu gündən aydın görmək mümkündür.

Çəkilişləri 2015-ci il ərzində aparılan “Əli və Ninofilminin süjet xətti Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində ölkəmizin bolşeviklər tərəfindən işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgi hekayəsi üzərində qurulub.

Filmin prodüseri Kris Tikye, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustanda, Xınalıqda, Gəncə və Gədəbəydə aparılıb. Baş rollarda Adam Bakri (Əli) və Mariya Valverdenin (Nino) çəkildikləri 104 dəqiqəlik ekran əsərində, həmçinin Fəxrəddin Manafov, Halit Ergenç, Mendi Petinkin,  Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar rol alıblar.

“Əli və Ninoilk dəfə 2016-cı il yanvarın 27-də ABŞ-ın nüfuzluSundance” beynəlxalq film festivalı çərçivəsində nümayiş olunub. Ekran əsəri festivalda 3 gün ərzində “Premyera” kateqoriyasında təqdim edilib. İctimaiyyətə ilk dəfə təqdim olunan bu film artıq dünya mediasının da gündəmindədir. Xarici media “Əli və Ninonun musiqisini və kinematoqrafiyasını yüksək dəyərləndirir. Mətbuat materiallarında filmin musiqisinin nostalji, eyni zamanda, romantik, kədərli, bununla yanaşı, ümidverici olduğu qeyd edilir. Filmin çox hissəsinin orijinal əsərə uyğun çəkildiyi, ekran əsərinin iki gəncin münasibətlərinin mənfi və müsbət tərəflərini, eləcə də kənardan göstərilən təzyiqləri əks etdirdiyi bildirilir. Qeyd olunur ki, Adam BakriMariya Valverde öz obrazlarının sentimental cəhətlərini məharətlə canlandıra, həmişə, hətta ən çətin anlarda belə soyuqqanlıqlarını qoruya biliblər.

Nümayişdən sonra prodüser Kris Tikye çıxış edərək deyib: “Əslində, bu gün “Əli və Ninofilminin dünya premyerasıdır”. O, filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

“Şəxsən mən ilk dəfədir ki, Azərbaycan dilinə dublyaj olunmuş filmi seyr edirəm. Ümidvaram ki, film çox böyük uğur qazanacaq. Bizə bu ölkədə film çəkmək çox xoş oldubiz sizin ölkənizi çox sevdik”, - deyən Kris Tikye çəkiliş zamanı filmin icraçı prodüseri Leyla Əliyevanın işə vurğunluğunu, yaradıcı ideyalarını, işin ümumi prosesinə verdiyi dəstəyi xüsusi qeyd edib.

Daha sonra Kris Tikye Leyla Əliyevanı, Kristofer Hemptonu, Mariya ValverdeniNuman Akarı səhnəyə dəvət edib.

Qeyd edək ki, müxtəlif dövlətlərin, millətlərin nümayəndələrinin yer aldıqları film barədə kinoşünasların da zəngin təəssüratları var.

Filmin ssenari müəllifi Kristofer Hemptonun fikrincə “Əli və Ninoqeyri-adi bir əsərdir. Film ona Azərbaycanı yaxından tanımağa imkan yaradıb. “Maraqlıdır, ölkənin ərazisi böyük olmasa da fərqli coğrafi mövqeyi, iqlimi, meşələri var. Xalqınız çox mehribandır. Burada çox gözəl vaxt keçirdim”, - deyə Kristofer Hempton vurğulayıb. Bir çox layihələrdə işlədiyini qeyd edən Kristofer Hempton diqqətə çatdırıb ki, bu layihə istər çəkiliş prosesi, istərsə də mövzu baxımından onun üçün çox maraqlı olub.

Film Azərbaycanda oktyabrın 6-dan başlayaraqCinemaPluskinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.

Oktyabrın 24-dən başlayacaq Asiya Dünya Film Festivalı isə “Əli və Ninofilmini açılış mərasimində nümayiş olunacaq ekran əsəri kimi seçib.

 

AZƏRTAC

Azərbaycan.-2016.- 6 oktyabr.- S.4.