Sülhə, ədalətə çağırış

Roma Papasının  mesajları həm də Azərbaycan Prezidentinin yürütdüyü siyasətə Vatikan tərəfindən dəstəyin ifadəsi idi

 

Ötən həftəsonu Bakı mühüm bir qonağı qarşıladı. Roma Papası Fransiskin ölkəmizə qısamüddətli səfəri dünya ictimaiyyətinin diqqətini bir daha Azərbaycana yönəltdi. Bu, müstəqilliyin bərpasından sonra katoliklərin liderinin respublikamıza ikinci səfəri idi.

Xatırladaq ki, Azərbaycan ilə dünya katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti arasında diplomatik münasibətlər 1992-ci ilin mayında yaradılıb. Bundan on il sonra - 2002-ci il mayın 22-də həmin dövlətin başçısı, 264-cü Roma Papası II İohann Pavel ilk dəfə olaraq Azərbaycana rəsmi səfərə gəlib. 14 ildən sonra isə Papa Fransisk Azərbaycana səfər edərək bir sıra mühüm görüşlərdə iştirak edib. Prezident İlham Əliyevlə görüşdən sonra iki ölkənin rəhbəri Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxış ediblər.

Günün müzakirə mövzusuna çevrilən məsələ ilə bağlı siyasətçilər, ekspertlər Papa Fransiskin səfərinin əhəmiyyətindən danışaraq qeyd etdilər ki, Azərbaycan bütün dinlərə qucaq açan, dünyəvi bir dövlət kimi dünyada sivilizasiyaların qovuşduğu bir dövlət kimi tanınır. Ölkəmizdə yalnız məscidlər deyil, atəşpərəstlərin qədim dini məbədi, pravoslav, katolik kilsələri, sinaqoqlar dövlət tərəfindən qorunur, bərpa edilir. Dinindən, əqidəsindən asılı olmayaraq, bütün dinlərin nümayəndələri ölkəmizdə ləyaqətlə yaşayır. Bu il Azərbaycanda “Multikulturalizm ilielan olunması çoxmillətli ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, müasir, dünyəvi dövlət  kimi inkişafımızın sübutudur. Roma Papası Fransiskin bu tarixi səfəri çərçivəsində Bakıdakı katolik kilsəsində dini mərasim keçirməsi, daha sonra isə Azərbaycanın ən böyük məscidi olan Heydər məscidini ziyarət etməsi bütün dünyada maraqla qarşılandı.

Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Vatikanla ölkəmiz arasında əlaqələr gündən-günə inkişaf edir. Roma Papası Fransiskin ölkəmizə səfəri isə bu əlaqələrin gücləndirilməsinə böyük töhfədir: “Roma katolik kilsəsi son dövrlərdə bütün dünya ilə əlaqələrini genişləndirməyə çalışır. Bu, Roma Papasının Azərbaycana ikinci səfəridir. 14 il əvvəl Roma Papası II İohann Pavel Azərbaycana səfər etmişdi. Ümumiyyətlə, Azərbaycan müsəlman ölkəsidir, ənənəvi islam ölkəsi kimi xristian aləminin hər zaman diqqətini cəlb edir. Ölkəmiz yeganə islam dövlətidir ki, XX əsrdə burada katolik kilsəsi tikilib”.

A.Mirzəzadənin fikrincə, Roma Papasının bu səfəri eyni zamanda, Vatikanla ölkəmiz arasında münasibətləri möhkəmləndirmək, Odlar yurdunu yaxından tanımaq məqsədi daşıyır: “Hesab edirəm ki, onun Azərbaycana səfəri şəxsən Roma Papasının özü üçün yeniliklərlə zəngin oldu. O, qarşısında müasir, inkişaf edən, özünü sivil dünyanın bir hissəsi hesab edən və bütün dünyaya açıq münasibətdə olan bir ölkə gördü. Fikrimcə, bu tarixi səfər dinlərarası, mədəniyyətlərarası dialoqun daha da güclənməsinə təkan olacaq”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə də Roma Papası Fransiskin Azərbaycana səfərinin böyük əhəmiyyətinin olduğunu deyir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyada sivilizasiyalararası dialoq davam edir. Ölkəmiz bu istiqamətdə aparıcı dövlətlərdən biridir. Roma Papasının Bakıya səfəri də məhz bu dialoqun həyata keçirilməsi deməkdir: “Azərbaycan tarixən sivilizasiyalararası dialoq, əməkdaşlıq təcrübəsinə malik olan ölkədir. Min illərlə Azərbaycanda fərqli dinlərin etnik mənsubiyyətinə malik olan xalqlar qardaşlıq, əməkdaşlıq şəraitində yaşayıb. Bu gün bu dəyərimizin dünya üçün böyük önəmi var. Roma Papası öz çıxışında bunu xüsusi vurğulayıb. Mənə elə gəlir ki, Papanın söylədiyi bu sözlər dünyada təbii olaraq hamının diqqətini cəlb edir. Eyni zamanda, onun  mesajları  Azərbaycan Prezidentinin yürütdüyü siyasətə Vatikan tərəfindən dəstəyin tərənnümü idi”.

Deputatın fikrincə, Roma Papasının çıxışında sülhə çağırış çox önəmli addım idi. O, Cənubi Qafqazda hamını sülhə birgə dəstək verməyə çağırıb. Təbii ki, Azərbaycanın da ən böyük istəyi tezliklə sülhə nail olmaq və bölgədə əməkdaşlığını genişləndirməkdən ibarətdir: “Azərbaycan öz dəyərlərini dünya ilə bölüşərək əslində, çox mühüm bir missiyanı öz üzərinə götürüb. Elə keçirilən görüşlərdə də Azərbaycanda multikulturalizmin, çox mədəniyyətliliyin olması vurğulandı. Bir çox məsələlərdə olduğu kimi, multikulturalizm məsələsində də Azərbaycan dünyaya nümunədir - deyə fikirlər söylənildi. Roma Papasının Azərbaycana səfəri, müxtəlif dinlərə Azərbaycanın hörmətinin təzahürüdür və əlamətdar bir tarixi hadisə sayılır”.

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2016.- 6 oktyabr.- S.4.