Əsas diqqət əhalinin
sosial müdafiəsinə yönəlib
İqtisadi sektorda orta aylıq əməkhaqqı
6,6 faiz artıb
Əhalinin sosial müdafiəsinin ən etibarlı formalarından biri isə vətəndaşların işlə təmin olunmasıdır. Bu istiqamətdə Azərbaycanda göstərilən səylər müsbət nəticəsini verir. 2004-2015-ci illər ərzində ölkəmizdə 71 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bunun nəticəsində 1,5 milyon vətəndaş işləmək imkanı qazanıb.
Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icra müddətini əhatə edən 1 yanvar 2014-cü ildən 1 iyul 2016-cı il tarixinə qədər olan dövr ərzində ümumilikdə 336,3 min olmaqla 269,1 min daimi iş yerləri yaradılıb. Cari ilin birinci yarım ili ərzində isə ölkədə 93,1 min yeni, o cümlədən 173,1 min daimi iş yeri açılıb. Bu dövrdə yaradılan iş yerlərinin 63,7 faizi qeyri-dövlət sektoruna aiddir. Daimi iş yerlərinin 9,7 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 25,1 faizi mövcud müəssisə və təşkilatlarda, 1,1 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 64,1 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən təmin edilib.
Cari ilin sentyabrın 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4 milyon 970,7 min nəfər olub. Onlardan 4 milyon 724,6 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğuldur. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, cari ilin avqustun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 521,1 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 888,8 min, qeyri-dövlət sektorunda 632,3 min nəfərdir. İqtisadiyyatın neft sektorunda 34,6 min, qeyri-neft sektorunda 1 milyon 486,5 min nəfər çalışır. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23 faizi məhsul istehsalı sahələrində işləyir.
İşsizliyə gəldikdə isə, DSK-nın məlumatına görə, cari ilin sentyabrın 1-i vəziyyətinə məşğulluq orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 34,4 min nəfər olub. Onların 37,8 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 241,8 manatdır.
İş yerləri ilə bağlı digər faktlara nəzər salaq: cari ilin yanvar-iyul aylarında sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 190,9 min nəfər təşkil edib ki, onların da 34 min nəfəri mədənçıxarma, 100,5 min nəfəri emal, 26,8 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 29,6 min nəfəri su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışır. Həmin dövrdə sənayedə işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artaraq 885 manata çatıb. İnşaat sektorunda isə həmin dövrdə işçilərin orta siyahı sayı 96,1 min nəfər olub. Orta aylıq əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 21 faiz artaraq 804,8 manat təşkil edib. İxtisaslaşdırılmış tikinti işlərində çalışanların əməkhaqqı 25,9, binaların tikintisində işləyənlərin əməkhaqqı 13,2, mülki təyinatlı inşaat işlərində çalışanların əməkhaqqı 6,5 faiz artıb.
Yeri gəlmişkən qeyd edək ki, bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artaraq 489,3 manata çatıb. Orta əməkhaqqı neft sektorunda 2712,1, qeyri-neft sektorunda 436,5, dövlət müəssisələrində 369,7, özəl bölmədə 660,5 manatdır. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elm və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində isə orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksəkdir.
Bu sırada başqa mühüm fakt: cari ilin yanvar-avqust aylarında ölkə əhalisinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,6 faiz artaraq 28 milyard 972,4 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirləri orta hesabla 3011,7 manat təşkil edərək ötən ilə nisbətən 7,4 faiz artıb.
Sosial sahədə ən mühüm məsələlərdən biri də əmək pensiyaçılarının sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasıdır. Bu məqsədlə ölkəmizdə müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sistemi formalaşdırılaraq beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub. Başqa sözlə desək, Azərbaycanda müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial-sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar sistemi yaradılıb. Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanmasının nəticəsidir ki, ölkəmizdə pensiyaların orta aylıq məbləği hər il artırılır. Məsələn, 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 29,8 manat təşkil edirdisə, ötən ilin 1 aprel tarixində 174,4 manat olub. Bu fakt bir daha onu göstərir ki, dövlət imkanı daxilində daim əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması barədə zəruri addımlar atır. Bu tendensiyanın qarşıdakı illərdə də davam etdiriləcəyinə heç kim şübhə etmir.
Rüstəm KAMAL,
Azərbaycan.-2016.- 6 oktyabr.- S.6.