Qədim “Muğan mədəniyyəti”nin kəşf olunduğu məkan

Azərbaycan çoxəsrlik qədim tarixə malik olan bir diyardır. Yurdumuzun ərazisində mövcud olan yüzlərlə tarixi-arxeoloji abidələr qədim zamanlardan başlayaraq burada məskunlaşmış tayfaların həyat tərzi, onların maddi və mənəvi mədəniyyəti, etnomədəni əlaqələri baxımından kifayət qədər məlumat verir. Bu cür zəngin abidələr kompleksi cənub bölgəsində də cəmləşmişdir.  Respublikamızın cənub bölgəsinin arxeoloji cəhətdən öyrənilməsinin son 100 ildən artıq bir tarixi vardır. XIX əsrin sonlarından elmə məlum olan bir çox abidələr sonrakı illərdə də davamlı olaraq qeydə alınmış və bir qismində müəyyən tədqiqatlar aparılmışdır. Cənub bölgəsinə daxil olan Cəlilabad, Masallı, Lənkəran, Yardımlı və Lerik rayonları özünün tarixin müxtəlif dövrlərinə aid arxeoloji abidələri ilə çox sıx və zəngindir. Bunlar arasında Cəlilabad rayonu müstəsnalıq təşkil edir. Çünki bu rayon Muğan düzü ilə Talış dağları arasında yerləşməklə qədim tayfa birlikləri üçün intensivmühüm yaşayış məskənlərindən olmuşdur. Ərazinin mülayim iqlimi, məhsuldar torpaqları yay aylarından başqa ilin qalan fəsillərində də insanların təsərrüfat həyatı üçün olduqca əhəmiyyətli olmuşdur. Orta əsr ərəb coğrafiyaşünası Yaqut Həməvinin verdiyi məlumata görə, Muğanda çoxlu kəndlər və şəhərlər olmuşdur. Məhz bu günMuğan düzündə günümüzə qədər salamat qalmış yaşayış yerləri, şəhər qalıqları tarixçi və coğrafiyaşünasların mənbələrdə verdikləri xəbərləri təsdiq edir.

Qeyd etdiyimiz kimi, Cəlilabad rayonunun tarixi-arxeoloji abidələri neolit-eneolit dövründən başlayaraq son orta əsrlərə qədər mövcud olan yaşayış yerlərindən, qəbiristanlıqlardan ibarətdir. Lakin bu arxeoloji dövrlər içərisində daha zənginliyi ilə seçilən 2500-3000 illik tarixə malik son tunc - erkən dəmir dövrü abidələridir. Tarixin son tunc - ilk dəmir dövrü arxeoloji mədəniyyətləri olan “Xocalı-Gədəbəy mədəniyyəti” və “Naxçıvan mədəniyyəti”nin ardından Cəlilabad rayonundakı abidələrin mövcudluğu ilə ilk dəfə elmə gətirilən “Muğan mədəniyyəti” terminidövrün elmi problemləri ilə məşğul olan alimlərin nəzər-diqqətini cəlb etmişdir. Belə ki, 1941-ci ildə Bakı-Astara dəmir yolu xəttinin çəkilişi zamanı Cəlilabad rayonu ərazisində, Uzuntəpə kəndi yaxınlığında təsadüfən böyük bir abidə aşkar edilmişdir. Həmin ilin yazında SSRİ EA Azərbaycan filialına Uzuntəpə kəndi yaxınlığında maddi mədəniyyət nümunələrinin tapılması haqqında məktub daxil olmuşdur. Filialın rəyasət heyəti Azərbaycan Xalq Tarixi Muzeyinin rəhbərliyinə abidədə elmi-tədqiqat işləri aparmaq üçün ezamiyyə əmrini vermiş və tapıntıların yeri, xarakteri, təyinatı barədə məlumatların Bakıya çatdırılması işi tapşırılmışdır. İlk dəfə abidəyə muzeyin elmi əməkdaşı B.M.Qukasov ezam edilmişdir. O, 1941-ci il aprelin 11-də abidədə ilkin tədqiqat işlərinə başlayıb və aprelin 17-də iki qəbirin qazıntısını aparıb. B.M.Qukasov bu qəbirlərdən çoxlu sayda arxeoloji materiallar  - tuncdan hazırlanmış alət və silahlar, gil qablar, müxtəlif növ bəzək-zinət əşyaları aşkarlayıb və topladığı materialları muzeyə təqdim edib. Azərbaycan Xalq Tarixi Muzeyi tapılmış əşyaların tarixi əhəmiyyətini nəzərə alaraq öz əməkdaşı İ.A.Xanumovu da abidəyə ezam edib. Muzey əməkdaşlarının Uzuntəpə abidələr kompleksində apardıqları qısamüddətli arxeoloji kəşfiyyat işləri zamanı üzə çıxarılan çoxlu sayda maddi mədəniyyət nümunələri bölgənin tarixinin öyrənilməsi üçün olduqca əhəmiyyətli idi.

Lakin Uzuntəpə abidələrinin əsas xüsusiyyətləri və yeni bir arxeoloji mədəniyyətin - “Muğan mədəniyyəti”nin kəşfi Azərbaycan arxeologiya elminin banilərindən biri, görkəmli alim İshaq Cəfərzadənin adı ilə bağlıdır. Buradan əldə edilən arxeoloji materialların “Muğan mədəniyyəti”nə aid olmasını söyləməklə bərabər, İ.M.Cəfərzadə onun izlərinin Cənubi Qafqazın bir çox yerlərində, Talış dağlarında və İranın şimal-şərq rayonlarında müşahidə edildiyini qeyd edir. Alim arxeoloji materialların müqayisəli təhlili əsasında abidəni ilk dəmir dövrünə (e.ə. VIII-VII əsrlər) aid etmişdir. Məhz bu Uzuntəpə tapıntıları Muğanın maddi mədəniyyətinin növbəti tədqiqatları üçün açar rolunu oynamışdır. İ.M.Cəfərzadə Uzuntəpə abidəsindən əldə edilən materiallarda Xocalı-Gədəbəy, Qızılburun və Yaloylutəpə mədəniyyətlərinin də təsirinin açıq-aydın olduğunu göstərir. Sonrakı illərdə Cəlilabad rayonunda arxeoloji tədqiqatlar aparmış Fərman Mahmudovun fikrincə, bu oxşarlıq xüsusiyyətləri dağlıq və düzən zonada yaşamış tayfalar arasındakı qarşılıqlı əlaqədən daha çox həmin ərazilərdə tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərində eyni mədəniyyətin Talış və Muğan ərazilərində yayıldığını göstərir. Bu mədəniyyət üçün dağlıq hissədə iri dolmenvari sərdabələr, daş qutu qəbirlər və kurqanlar, düzəndə isə kurqanlartorpaq qəbirlərdən ibarət qəbiristanlıqlar səciyyəvidir. “Muğan mədəniyyəti” abidələrinin belə iki lokal qrup halında olması ehtimal ki, təbii-coğrafi şərait və başqa səbəblərdən doğmuşdur.

Cənubi Qafqazda son tunc - ilk dəmir dövründə cəmiyyətin inkişaf səviyyəsini əks etdirən Muğan arxeoloji mədəniyyətinin yayılma arealı çox geniş olub Muğan düzü, Lənkəran düzənliyi və Talış dağlarını əhatə edir. Bu mədəniyyətə aid edilən abidələr e.ə. II minillikdə təsərrüfatın başlıca sahələrinin inkişaf istiqamətlərini və bu prosesin necə getdiyini əyani olaraq özündə nümayiş etdirir. Belə ki, əgər 5000 il öncə təsərrüfatda əsasən əkinçilik üstünlüyə malik idisə, artıq e.ə. II minillikdə - yəni, 4000 il bundan əvvəl yarımköçəri və köçəri maldarlıq təsərrüfatı başlıca sahəyə çevrilmişdir. Bu dövrdə insanların iqtisadi həyatında əkinçiliklə yanaşı, maldarlıq da xüsusi mövqe tuturdu. Maldarlığın yüksək inkişaf səviyyəsi ilə əlaqədar olaraq hələ ilk tunc dövründən başlayaraq yüksək dağlıq ərazilərin məskunlaşması prosesi daha geniş vüsət almışdır. 1959-cu ildə Cəlilabad rayonu ərazisində, Göytəpə çayının sağ sahilində, Hacı Cavad kəndinin qərbində, Talış dağlarının şərq ətəklərindəki alçaq təpəliklər üzərində yerləşən “Yurd yeri” adlı böyük bir sahədə də tunc dövrünə aid zəngin maddi mədəniyyət qalıqları tapılmışdır. Bu tapıntılar içərisində tunc qılınclar xüsusi əhəmiyyətə malik olmuşdur. 1973-cü ildə Muğan düzündə, Cəlilabad rayonunun Cəfərxanlı kəndi yaxınlığında eyni adlı yaşayış məskəni tapılmışdır. Bu abidə dağətəyi bölgəyə yaxın, İncəçayın sağ sahilində, Cəfərxanlı kəndinin qərb tərəfində yerləşir. Aşkarlanmış arxeoloji materiallara əsasən, Cəfərxanlı yaşayış yeri Cənubi Qafqazın şərqi üçün orta tunc dövrü monoxrom (bir rəngli) boyalı saxsı qablar istehsalının mərkəzlərindən biri hesab edilmişdir.

Arxeoloji ədəbiyyatda “Muğan mədəniyyəti” adı ilə məşhur olan ilk dəmir dövrü abidələrinin əsas səciyyəvi xüsusiyyətləri məhz silah nümunələrində əks olunmuşdur. Cəlilabad rayonu ərazisindəki qədim yaşayış məskənləri və qəbiristanlıqdan tapılan zəngin arxeoloji artefaktların ən nəfisi də məhz özünü silah istehsalı nümunələrində aydın büruzə verir. Uzun zaman boyunca, ibtidai icma quruluşunun başa çatmasına qədər olan bir müddətdə silah istehsalı güclü metal olan tunca əsaslanmış və sənətkarlar yüksək bədii zövqlə silahlar hazırlamışlar. Dəmirin kəşfi ilə isə yenidaha keyfiyyətli bir metal insanların həyatına daxil olmuşdur. Tarix elmləri doktoru Nəcəf Müseyiblinin fikrincə, Xocalı-Gədəbəy, Naxçıvan və Muğan mədəniyyətlərinə aid abidələrdən aşkarlanmış tunc və dəmirdən hazırlanan çoxsaylı silahlar - xəncərlər, təbərzin baltalar, nizə və ox ucluqları, qılınclar və s. silah növləri heç şübhəsiz ki, artıq geniş əraziləri əhatə etmiş, müəyyən silahlı güc strukturları olmuş erkən dövlət qurumlarının mövcudluğunu sübut edir.

Muğan düzünün zəngin abidələrini özündə cəmləşdirərək xalqımızın qədim maddi mədəniyyətini və mənəvi irsini özündə birləşdirən Cəlilabad rayonunun arxeoloji abidələrinə qısa nəzər yetirməklə bu torpaqların bölgənin qədim tarixinin öyrənilməsində mühüm rola malik olduğunu müşahidə etdik. Ümid edirik ki, qədim tariximizin öyrənilməsinə dövlətimizin diqqət və qayğısı hər zaman olduğu kimi, Cəlilabad rayonunun abidələrinin araşdırılması üçün də davamlı olacaq və yaxın gələcəkdə bu rayon ərazisində irimiqyaslı arxeoloji qazıntıların aparılmasına şərait yaradılacaqdır.

 

Anar AĞALARZADƏ,

AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Azərbaycan.-2016.- 6 oktyabr.- S.7.