Xəzər-Qafqaz
bölgəsinin sabitləşdirici ölkəsi
Azərbaycan Qərblə Şərq
arasında təkcə coğrafi deyil, həm də mənəvi
körpü rolunu oynayır
Beynəlxalq birliyin etibarlı tərəfdaşı olan Azərbaycan dövləti daxili imkanları hesabına həm böyük iqtisadi, maliyyə və digər resurslar tələb edən layihələr həyata keçirir, həm də beynəlxalq forumlara, konfranslara, idman festivallarına yüksək səviyyədə evsahibliyi edir. Bunun da ən başlıca səbəbi ölkədə təmin olunan sabitlikdir.
Həm yerləşdiyi regionda, həm də dünya miqyasında sabitlik məkanı adlandırılan Azərbaycan investisiya qoyulan ölkədən investisiya yatıran, xüsusilə strateji əhəmiyyətli layihələri reallaşdıran nümunəvi ölkəyə çevrilib. Dünya ölkələrində müşahidə edilən iqtisadi problemlərə və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb. Bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir.
Prezident İlham Əliyevin söylədiyi kimi, bu gün nəinki regionda, dünya miqyasında da Azərbaycanın təcrübəsi öyrənilir: “Azərbaycanda görülən işlər həm ölkəmiz, həm də region üçün çox vacibdir. Çünki bu gün Azərbaycan bu bölgədə, Xəzər-Qafqaz bölgəsində sabitləşdirici ölkədir. Regionda bizim siyasətimizdən çox şey asılıdır. Bizim daxili siyasətimiz də, xarici siyasətimiz də bir məqsədi güdür ki, bölgədə sülh olsun, qarşıdurma olmasın, insanlar rahat yaşasınlar, ölkələr bir-biri ilə dostluq etsinlər. Bizim siyasətimiz budur. Məhz buna görə bu gün Azərbaycan bu alovlanan bölgədə bir sabitlik adasıdır”, - deyə dövlət başçısı vurğulayıb.
Cəmi 25 il müddətində bu dəyərlərə sahib çıxan Azərbaycan qısa dövrdə nəinki azadlığını əldə etmiş digər postsovet ölkələrin qibtə edəcəyi, hətta yüzillərdir müstəqil yaşayan bəzi dövlətlərin əldə edə bilmədiyi uğurlara imza atıb. Tarixən özünün tolerantlıq ənənələri ilə məşhur olan və multikulturalizmi dövlət siyasətinə, həyat tərzinə çevirən Azərbaycan ona xoş niyyətlə yanaşan hər bir ölkəni özünün dostu hesab edir. Dünyada cərəyan edən hadisələr, dini zəmində baş verən toqquşmalar, dözümsüzlük halları, diskriminasiya və radikalizm meyillərinin gücləndiyi bir zamanda Azərbaycanda sabitlik, dayanıqlı inkişaf təmin olunub. Bunu biz demirik. Bu faktları nüfuzlu beynəlxalq təşkilatların vaxtaşırı hazırladıqları hesabatlar, ölkəmizdə keçirilən forumlara qatılan tanınmış ictimai-siyasi xadimlərin, xarici dövlətlərin rəhbərlərinin, Nobel mükafatı laureatlarının verdikləri açıqlamalar da təsdiqləyir.
Son iki ay ərzində beynəlxalq qurumların
açıqladıqları hesabatlara diqqət
edək. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası
tərəfindən hazırlanan “Doing Business 2016” hesabatında Azərbaycan mövqeyini 17 pillə
yaxşılaşdıraraq 63-cü pilləyə yüksəlib.
Ölkəmiz hesabatın “Biznesə başlama”
göstəricisi üzrə 5 pillə, “Tikinti
üçün icazələrin
alınması” göstəricisi üzrə 36 pillə,
“Kiçik investorların
maraqlarının qorunması” göstəricisi üzrə 15
pillə, “Elektrik təchizatı şəbəkələrinə
qoşulma” göstəricisi üzrə 49
pillə və “Xarici ticarətin
aparılması” göstəricisi üzrə 72 pillə irəliləyib.
Bununla da Azərbaycan “Doing Business 2016” hesabatında
dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub.
MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı məlumata
əsasən, 2006-cı ilin
10 ayı ərzindəki
iqtisadi inkişafa görə Azərbaycan
MDB məkanında liderdir. Ötən ilin
həmin dövrü ilə müqayisədə
Azərbaycanda 38 faiz iqtisadi inkişaf qeydə alınıb.
Ümumdünya İqtisadi Forumunun
2016-2017-ci illər üzrə
qlobal rəqabətqabiliyyətlilik
hesabatında isə Azərbaycanın adı xüsusi olaraq vurğulanıb. Ölkəmiz 138 dövlət arasında
40-cı pillədən 38-ci pilləyə yüksəlib.
Sənədə əsasən, Azərbaycan
iqtisadiyyatı 2015-ci ildə
olduğu kimi, MDB dövlətləri, türkdilli
ölkələr və
BRICS ölkələri (Çin
Xalq Respublikası istisna olmaqla) arasında ən rəqabətli iqtisadiyyat kimi qiymətləndirilib.
2016-2017-ci illər üzrə qlobal rəqabətqabiliyyətlilik hesabatına
istinadən qeyd edilir ki, dünya
bazarlarında neft qiymətlərinin azalması
fonunda neft ixracatçısı ölkəsi
sayılan Azərbaycanın
makroiqtisadi mühitində
çətinliklər yaransa
da, aparılan islahatlar nəticəsində
sahibkarlıq mühitində
və ticarətdə
effektivliyin artırılması
ölkənin iqtisadiyyatına
müsbət təsir
edib. Habelə biznes mühiti
üçün zərərli
faktor sayılan korrupsiyaya qarşı mübarizədə Ümumdünya
İqtisadi Forumu Azərbaycanın fəaliyyətini
yüksək qiymətləndirib.
Subindikatorların tərkibinə əsasən,
Azərbaycan Respublikasında
sahibkarlığa başlamaq
üçün prosedurlara
görə 3-cü, sahibkarlığa
başlamaq üçün
tələb olunan vaxta görə 9-cu, qadınların əmək
bazarında fəaliyyətinə
görə 18-ci, makroiqtisadi
mühitə görə
39-cu, investorların təhlükəsizliyi
baxımından 36-cı yerdə
qərarlaşıb.
V Bakı Beynəlxalq
Humanitar Forumu və Roma Papası Fransiskin ölkəmizə
səfəri Azərbaycanın
həm sabitlik adası, həm də multikultural dəyərlərə sadiq
nümunəvi ölkə
olduğunu bir daha təsdiqləyən faktorlar idi. Bakı
Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə
maraq doğuran qlobal xarakterli məsələlərə dair
geniş spektrli dialoqlar, fikir mübadilələri və
müzakirələr aparmaq
məqsədilə hər
il tanınmış dövlət xadimlərini,
elmin müxtəlif sahələri üzrə
Nobel mükafatı laureatlarını
və nüfuzlu beynəlxalq təşkilatların
rəhbərlərini, o cümlədən,
dünyanın siyasi, elmi və mədəni
elitasının görkəmli
nümayəndələrini bir araya toplayan
mötəbər tədbirdir.
80-ə yaxın ölkədən 400-dən çox
nümayəndənin iştirak
etdiyi foruma evsahibliyi edən Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa
həmişə böyük
diqqət verib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin
sayının çoxalması
həm də ölkənin qlobal əhəmiyyət daşımasının
göstəricisidir və
bütün bunlar Azərbaycanın dünyaya
inteqrasiyasının önəmini
artırır.
Azərbaycanın beynəlxalq siyasətinin təməlində isə dünyanı bir araya gətirməklə müxtəlif dini milli konfessiyalar arasında dostluq yaratmaq, dünyaya multikulturalizm nümunəsini təqdim etmək, dünyada baş verən haqsızlıq və ədalətsizliklərə qarşı birgə səyləri ortaya qoymaqda təşəbbüskar olmaq durur. Ölkəmizdə səfərdə olan dünya katoliklərinin dini rəhbəri, Roma Papası Fransisk də Azərbaycanın timsalında bir daha şahidi oldu ki, dünyada multikultural dəyərlərin, tolerantlığın mövcud olduğu, dini və etnik fərqliliyin zənginlik kimi qəbul edildiyi müsəlman ölkəsi var və bu, nümunə olmağa layiq təcrübədir. Bunlar dünya ictimaiyyəti üçün verilən vacib mesajlar idi.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanın planetin ən etibarlı sülh və səmərəli tərəfdaşlıq platforması mövcuddur. Respublikamız bu sahədə həm öz təkmil təcrübəsini nümayiş etdirir, həm də sivilizasiyalararası əməkdaşlığın mükəmməl nümunəsi kimi birləşdirici faktora çevrilir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2016.- 7 oktyabr.- S.1.