Yeni park
Bakının simasını daha da gözəlləşdirir
Prezident İlham Əliyev Bakının
Nəsimi rayonunda yeni “Qızılgül bağı”
parkında yaradılan şəraitlə tanış olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun
vitse-prezidenti Leyla Əliyeva oktyabrın 6-da Bakının Nəsimi
rayonunda yeni salınan “Qızılgül bağı”
parkında yaradılan şəraitlə tanış oldular.
AZƏRTAC
xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev
dövlətimizin başçısına və
xanımına yeni salınan parkda görülən işlər
barədə məlumat verdi.
Yeni
park “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin uzun müddət istifadə olumayan Radio Mərkəzinin
1906-cı ildə inşa edilən binasının ərazisində
salınıb. Ümumi sahəsi 6300 kvadratmetr olan istirahət
parkı dünyanın məşhur şirkətinin
dizaynı əsasında layihələndirilib. Təmir işləri
yüksək keyfiyyətlə, müasir tələblər səviyyəsində
və qısa vaxtda həyata keçirilib. Əvvəllər
Radio Mərkəzinin binası kimi fəaliyyət göstərən
tikili də yenidən qurulub. İndi bura kafe kimi fəaliyyət
göstərəcək. Təmir zamanı qədim binanın
tarixi element və fiqurları yüksək keyfiyyətlə bərpa
edilib. Bu isə binanın xarici
görünüşünün qorunub saxlanılmasına,
eyni zamanda, müasir memarlıqla uzlaşdırılmasına
geniş imkanlar yaradıb. İstirahət məkanı orijinal
elementlər və formalarla daha da zənginləşdirilib, bu
da parka xüsusi yaraşıq verir.
Yeni salınan
parkda Bakı sakinlərinin, şəhərin
qonaqlarının mənalı istirahəti və asudə
vaxtlarının səmərəli təşkili
üçün hər cür şərait var. Park
yaradılarkən balacalar da yaddan çıxmayıb. Onlar
üçün xüsusi istirahət guşəsi, müxtəlif
attraksionlar qurulub. Bu istirahət məkanında yaradılan
meydança və fəvvarə ərazinin gözəlliyini
daha da artırır.
Parkda
aparılan abadlıq-quruculuq işləri çərçivəsində
həyata keçirilən geniş yaşıllaşdırma
işləri də diqqəti cəlb edir. Bu işlər
görülərkən ərazidə mövcud olan
çoxillik ağaclar saxlanılıb. Bundan başqa, parkda
200-dən çox müxtəlif növ yeni ağaclar, gül
və bəzək kolları əkilib.
Bu
cür yeni müasir istirahət ocağının
yaradılması Prezident İlham Əliyevin
tapşırığı ilə Bakıda parkların əsaslı
şəkildə yenidən qurulması və yeni parkların
salınması işinə bir töhfədir. Bu cür layihənin
həyata keçirilməsi həm də ümumilikdə
paytaxtımızın simasının gündən-günə
gözəlləşməsini bütün dünyaya
nümayiş etdirmək baxımından mühüm əhəmiyyət
daşıyır.
Azərbaycan.-2016.- 7 oktyabr.- S.1.