Azərbaycan
Respublikasının Dayanıqlı İnkişaf
üzrə Milli Əlaqələndirmə
Şurasının yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Minilliyin Bəyannaməsinə qoşulmuş ölkəmizdə yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edilmiş və uğurla icra olunmuşdur. Azərbaycan ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə etmişdir.
Respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.
Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə qərara alıram:
1. Aşağıdakı tərkibdə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılsın:
Şuranın sədri
Əli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müavini
Şuranın sədr müavini
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Şuranın üzvləri:
Tahir Budaqov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
Hicran Hüseynova - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
Mahmud Məmməd-Quliyev - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
İdris İsayev - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Ceyhun Bayramov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin
müavini
İntiqam Babayev - Azərbaycan
Respublikası gənclər
və idman nazirinin müavini
Seyfəddin Talıbov - Azərbaycan
Respublikası kənd
təsərrüfatı nazirinin
müavini
Toğrul
Musayev - Azərbaycan Respublikası ədliyyə
nazirinin müavini
Fuad Hüseynov - Azərbaycan Respublikasının Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsi sədrinin
müavini.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikasının
Dayanıqlı İnkişaf
üzrə Milli Əlaqələndirmə Şurasının
(bundan sonra - Şura) əsas məqsədi 2030-cu ilədək
Azərbaycan üçün
əhəmiyyət kəsb
edən, qlobal məqsəd və hədəflərə uyğun
milli prioritetləri və onlara dair göstəriciləri
müəyyən etməkdən,
ölkədə sosial-iqtisadi
sahələri əhatə
edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı
İnkişaf Məqsədləri
ilə uzlaşdırılmasını
təmin etməkdən,
habelə Dayanıqlı
İnkişaf Məqsədlərinə
nail olunması ilə
əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir;
2.2. Şura öz fəaliyyətinə yerli
və xarici ekspertləri, mütəxəssisləri,
beynəlxalq təşkilatları
və elm müəssisələrini
cəlb edə bilər, habelə ayrı-ayrı istiqamətlər
üzrə işçi
qruplar yarada bilər.
3. Şuranın fəaliyyətinin
təmin edilməsi məqsədilə Şuranın
Katibliyi yaradılsın
və Katibliyin funksiyasının həyata
keçirilməsi Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyinə həvalə
edilsin.
4. Mərkəzi və yerli icra hakimiyyəti
orqanları və səhmlərinin (paylarının)
nəzarət zərfi
dövlətə məxsus
hüquqi şəxslər,
Şuranın müraciəti
əsasında ildə
bir dəfə, Dayanıqlı İnkişaf
Məqsədlərinə nail olunmasına dair göstəricilər üzrə
statistik məlumatların
Azərbaycan Respublikasının
Dövlət Statistika
Komitəsinə, görülən
işlər barədə
hesabatın isə Şuraya təqdim edilməsini təmin etsinlər.
5. Azərbaycan Respublikasının
Dövlət Statistika
Komitəsi Dayanıqlı
İnkişaf Məqsədlərinə
müvafiq olaraq müəyyən edilmiş
göstəricilər üzrə
statistik məlumatların
işlənilməsini və
onların ildə bir dəfə Şuraya təqdim olunmasını təmin etsin.
6. Şura Dayanıqlı İnkişaf Məqsədlərinə
nail olunması üzrə
görülmüş tədbirlər
barədə hesabatın
ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə
təqdim olunmasını
təmin etsin.
7. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin
təklifləri əsasında
bu fərmanın
3-cü hissəsinə əsasən
yaradılan Katibliyin fəaliyyətinin təşkili
ilə bağlı xərclərin maliyyələşməsini
təmin etsin.
8. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər Şuranın fəaliyyətinə lazımi kömək göstərilməsini, onun müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etsinlər.
9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
9.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
9.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
6 oktyabr 2016-cı il
Azərbaycan.-2016.- 7 oktyabr.- S.2.